Əliyev Sarkisyana növbəti dərs verdi

 

Türkiyə mətbuatı Azərbaycan liderinin Ermənistan prezidentinin yalanlarını ifşa etməsini geniş işıqlandırıb

 

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə verdiyi aprel dərsləri düşmən ölkədə hələ də böyük rezonans doğurmaqda, ermənilərin rahatlığını pozmaqdadır. Serj Sarkisyan iqtidarı isə aprel olaylarından sonra daha pis duruma düşüb və vəziyyətdən çıxış yolu kimi xalqa, erməni lobbisinə getdikcə daha çox yalan sırımağa çalışır. Amma necə deyərlər, yalanın ömrü az olur. Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin Astana sammitində də Sarkisyanın söylədiyi yalanların ömrü uzun çəkmədi. Erməni prezidentin aprelin əvvəllərində təmas xəttində yaşananlarla bağlı Azərbaycanı ittiham etməsi də səmərəsiz oldu.

Burada bir daha bəlli oldu ki, Sarkisyan sözün əsl mənasında, abır-həya etmədən yalan danışmağa vərdiş etdiyindən Astanada Avrasiya İqtisadi  İttifaqı ölkələrinin sammiti ətrafında müzakirələr aparmaq əvəzinə, bəyanat verdi ki, Azərbaycan aprel ayında döyüş əməliyyatını dayandırmaq üçün Moskvaya müraciət edib. Bu qədər mənasız və yalan danışmaqla, o, heç xalqı qarşısında da məsuliyyət daşımadığını, riyakarlığa alışdığını bir daha göstərdi.

Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimində söylədiyi nitq zamanı isə  Prezident İlham Əliyev Sarkisyanın bu yalanlara görə, “Ginnesin rekordlar kitabı”na salına biləcəyini bildirdi və erməni prezidentin yalanlarını bir-bir ifşa etdi.  Ermənistan prezidentinin bu yaxınlarda Avrasiya İqtisadi İttifaqının zirvə görüşündə çıxışına toxunan dövlət başçısı bildirdi: “Onun sözləri təxminən bundan ibarət idi ki, Azərbaycan apreldə bu əməlləri edib, “Dağlıq Qarabağ ordusu” vəziyyəti nəzarətə alıb və Azərbaycan Rusiyadan xahiş edib ki, döyüşlər dayandırılsın. Bax, bu cümlədə bu adam dörd dəfə yalan danışıb. Birincisi, aprel döyüşlərini törədən Ermənistandır... İkinci yalan odur ki, “Dağlıq Qarabağ ordusu” vəziyyəti nəzarətə alıb. Birincisi, bu, necə nəzarətdir ki, özləri etiraf edirlər, onlar 800 hektar torpağı itiriblər. Bu, çox qəribə bir nəzarətdir. Birincisi, onu qeyd etməliyəm ki, Azərbaycan Ordusu 800 hektar deyil, 2000 hektardan çox torpağı işğalçılardan azad edib... Üçüncü yalan odur ki, “Dağlıq Qarabağ ordusuyoxdur. Bu, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün bir mifdir... Dördüncü yalan isə ondan ibarətdir ki, guya Azərbaycan Rusiyadan xahiş edib ki, bu döyüşlər dayandırılsın. Bu, yalandır. Azərbaycan belə bir xahiş etməyib. Bu təxribat törədiləndən sonra Azərbaycan əks-hücum əməliyyatı keçirib və dərhal lazımi mövqelərə sahib çıxıb... Yəni, budur reallıq. Mən bir cümlədə dörd dəfə yalan danışan ikinci prezident tanımıram. Bu, mütləqGinnesin rekordlar kitabı”na salınmalıdır, amma antirekord kimi. Heç olmasa, Ermənistan dünyada hansısa bir sahədə birinciliyi əldə edər”.

Həqiqətən yalançılığa görə, Ermənistan prezidentinin  Ginnesin rekordlar kitabı”na salınması tamamilə mümkündür. Onun yalanları dünya, məsələn, qardaş Türkiyənin mediasında da məsxərə obyektinə çevrilib.

Habertürk”,”Ajanshaber”, “Karar”, “Sondakika.com”, “Medyaspot.com”, “Meydangazetesi.com.tr”, “Ensonhaber.com” portalları Prezident İlham Əliyevin nitqinə diqqət çəkərək Sarkisyanın yalanlarını öz geniş auditoriyalarına çatdırırlar. “Sabah” Sözcüqəzetləri isə Prezident İlham Əliyevə istinadən yazır ki, Serj Sarkisyan yalanları iləGinnesin rekordlar kitabı”na salına bilər ki, bununla da Ermənistan hansısa sahədə birinciliyi əldə elə bilər.

Doğan Xəbər Agentliyi”, “Türkiyə qəzeti”, “Qazetmercek”, “Hilalhaber digər media orqanlarının da bu məsələ ilə bağlı yazılarında eyni mövqeyi görmək mümkündür. Bununla da Ermənistan prezidenti yalanları ilə təkcə ölkəsində yox, artıq dünyada məsxərə obyektinə çevrilib.

 

Elçin CƏFƏROV,

Azərbaycan.- 2016.- 7 iyun.- S. 6.