Türkiyə-Azərbaycan əlaqələri
bu gün ən
yüksək zirvədədir
Prezident İlham ƏLİYEV: “Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil”
Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın qarşılıqlı etimada əsaslandığını bir daha təsdiq etdi. Yeni formalaşan hökumət üzvləri ilə ilk dəfə ölkəmizə rəsmi səfərə gələn Türkiyənin Baş naziri bununla da ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu sübuta yetirdi.
Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Binəli Yıldırımın arasında keçirilən görüşündə ölkələrimiz arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu. Bu səfərin əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edildi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi bildirildi. Türkiyə Baş nazirinin Azərbaycana rəsmi səfəri bir daha təsdiq etdi ki, ölkələrimiz arasında əlaqələr tarixi-siyasi zəmin üzərində inkişaf etməklə bütövlükdə regionun siyasi taleyinin və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynayır. Birmənalı demək olar ki, bu gün bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyil. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda təhlükəsizlik problemlərinin birgə həlli, sülh, sabitlik və iqtisadi inkişafın təmin olunması zərurəti iki türkdilli dövləti daha da sıx birləşməyə sövq edir. Türkiyə-Azərbaycan əlaqələri həm xalqlarımız, dövlətlərimiz, həm də bölgə üçün böyük əhəmiyyət daşıyır.
Türkiyənin son illər siyasi, iqtisadi, sənaye potensialı böyük dərəcədə artıb. Türkiyə bu gün “Böyük iyirmilər” sırasındadır. Cənub-Şərqi Asiya regionundan Avropaya qədər geniş bir ərazini əhatə edən iki böyük layihənin - Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin və TACIS proqramının təşəbbüskarı və iştirakçısı kimi Azərbaycan dost Türkiyə ilə əməkdaşlığın daha da genişləndirilməsinə böyük əhəmiyyət verir. Azərbaycan iqtisadi potensiala malik ölkə və sabitlik adası kimi Qərbin, ümumiyyətlə, dünyanın diqqət mərkəzindədir və etibarlı tərəfdaş kimi regionla yanaşı, dünya iqtisadiyyatına da böyük töhfələr verir. Azərbaycan və Türkiyə arasında enerji layihələri, o cümlədən “Cənub qaz dəhlizi”, TAP, TANAP layihələrinin həyata keçirilməsi bu əməkdaşlığın uğurlarından xəbər verir
Türkdilli dövlətlərin mənəvi birliyi onların siyasi birliyi ilə tamamlanmalı, dünya arenasında mütəşəkkil güc mərkəzi kimi formalaşmasını təmin etməlidir. Bu, milli-dini yaxınlıq amili və təəssübkeşlik prinsiplərindən bir qədər də irəliyə gedərək bütövlükdə türkdilli xalqların dünya siyasətindəki tarixi yerini, təsir imkanlarını, nüfuzunu təmin etməyə yönəlmiş müqəddəs amal, məsuliyyətli və əzmkar missiya kimi özünü göstərir. Bu baxımdan Azərbaycan və Türkiyə arasında əməkdaşlığın güclənməsi regionda iqtisadi tərəqqi və inkişafa, habelə demokratik idealların möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib: “Əminəm ki, Türkiyə Cümhuriyyətinin yeni hökuməti bundan sonra da Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün çalışacaq. Biz də çalışacağıq və bu əlaqələri birlikdə daha da yüksək səviyyəyə qaldıracağıq. Baxmayaraq ki, bunu etmək çox çətin olacaq. Çünki hesab edirəm ki, Türkiyə-Azərbaycan əlaqələri bu gün ən yüksək zirvədədir. Bu il mən Türkiyəyə üç dəfə səfər etmişəm, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edib. Bu gün hörmətli Baş nazir bizim qonağımızdır. Yəni, bu il artıq beş yüksək səviyyəli görüş keçirilmişdir. Bu da özlüyündə bir göstəricidir. Bu göstərir ki, Türkiyə-Azərbaycan əlaqələri inkişaf edir, yüksək səviyyədədir. Mən hesab edirəm ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil.
Bütün sahələrdə əməkdaşlıq, iş birliyi genişlənir, güclənir. Biz daim bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstəririk. Bu yaxınlarda Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı çox önəmli qərar qəbul edilmişdir, Kontakt qrupu yaradılmışdır. Türkiyənin bu qərarların qəbul olunmasında çox böyük rolu olmuşdur. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycanın yanındadır və biz bu dəstəyə görə minnətdarıq”.
Prezident İlham Əliyev son 13 illik fəaliyyəti ilə ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin möhkəmlənməsini təmin etmişdir. Ölkələrimiz arasında əlaqələr sadəcə enerji sahəsində əməkdaşlıqla məhdudlaşmır, digər sahələri də əhatə edir. Türk iş adamlarının Azərbaycanda bizneslə məşğul olmasına, qeyri-neft sektorunda mühüm layihələr həyata keçirməsinə bütün zəruri imkanlar yaradılmışdır. Strateji müttəfiq ölkələr müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasında ölkələrimiz vahid mövqedən çıxış edirlər. Rəsmi Ankara bütün beynəlxalq toplantılarda Azərbaycanın haqlı mövqeyini müdafiə edərək Ermənistanın işğalda saxladığı tarixi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbini irəli sürür.
Rəsmi Bakı qondarma “erməni soyqırımı” məsələsində Türkiyənin haqlı mövqeyini daim müdafiə edir. Bu günlərdə Almaniya Parlamenti tərəfindən ədalətsiz, qərəzli, tarixi yalan üzərində qəbul edilmiş qətnaməni Azərbaycan dərhal qınadı və Xarici İşlər Nazirliyi bəyanat verdi. Dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, Türkiyə və Azərbaycanın birgə fəaliyyəti, müdafiədən fəal hücum mövqeyinə keçməsi ermənilərin saxta iddialarla dünya ictimaiyyətini çaşdırmaq cəhdlərinin qarşısını alır. Zaman keçdikcə, bədnam qonşularımızın “soyqırımı” iddialarının məkrli və qərəzli kampaniya olduğunu dövlətlər başa düşür. Əminliklə demək olar ki, bu istiqamətdə həyata keçirilən siyasət müsbət səmərəsini verəcək, türkdilli ölkələrin, xüsusən də Azərbaycanla Türkiyənin sıx əməkdaşlığı regionda yeni güc mərkəzinin formalaşması ilə nəticələnəcək.
Türkiyənin Baş naziri Binəli Yıldırım Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin mövqeyini bir daha bəyan etdi: “Azərbaycanın dostu bizim dostumuzdur, düşməni də bizim düşmənimizdir. Azərbaycan torpaqlarının 20 faizini illərdir işğal edən ermənilərin hüququ kobud şəkildə pozmalarına artıq “yox” deməyin vaxtı çatıb. Bu məsələni zamana buraxaraq unutdurmaq əsla mümkün deyil. Bir sıra beynəlxalq təşkilatlar, ATƏT, Minsk qrupu toplanıb yenidən dağılışırlar. İndi artıq vaxtı uzatmaq deyil, həll yolu tapmaq zamanıdır və biz Türkiyə olaraq bunu yaxından müşahidə edirik. Onlara sərf edən məsələdə tez-tez toplanıb qərar qəbul edənlər, Azərbaycanın, Türkiyənin məsələsinə gələndə hərəkət etmək istəmirlər. Bu, ikili standartdır və əsla qəbul edilə bilməz. Nə vaxt ki, Azərbaycan torpaqlarının 20 faizi geri qaytarılsa, Azərbaycanın suverenliyi tam təmin edilsə, o zaman bu məsələ həll edilmiş olacaq. Bu baxımdan bu məsələni beynəlxalq ictimaiyyətin daha ciddi ələ almasının və ikili standartdan əl çəkməsinin vaxtı çoxdan yetişib. Biz bunu gözləyir və izləyirik”.
Türkiyənin Baş naziri Binəli Yıldırımın ölkəmizə rəsmi səfərinin yekunları bir daha göstərdi ki, bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. İki dost ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq mövcuddur və bu əlaqələr xalqlarımızın maraqlarına uyğun getdikcə möhkəmlənir. Bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişafına mühüm təkan verəcək, xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrin genişlənəcəyinə imkan yaradacaq.
Elnur HACALIYEV,
Azərbaycan.- 2016.- 7 iyun.-
S. 6.