Prezidentin
yeni islahatlar kursunun mühüm istiqaməti
Güclü
özəl sektor dayanıqlı sosial-iqtisadi inkişafın təminatçısıdır
“Sahibkarlığın
inkişafı dövlət siyasətidir və dövlət
siyasəti kimi qalacaqdır”
İlham
ƏLİYEV
Tarixən
böyük sahibkarlıq ənənələrinə malik
olmuş, lakin SSRİ-nin qurulması və dövlət
mülkiyyətinə əsaslanan planlı təsərrüfat
sisteminin tətbiqi ilə 70 ildən artıq bir müddətdə
bu ənənələrdən uzaq düşmüş Azərbaycanda
sahibkarlığın yenidən formalaşması və inkişafı
yalnız dövlət müstəqilliyinin bərpasından
sonra mümkün olmuşdur. Xalqın tələbi
ilə 1993-cü ildə hakimiyyətə qayıdan
ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi
irimiqyaslı iqtisadi islahatların başlıca istiqamətlərindən
biri də məhz sahibkarlığın inkişafı idi.
Sahibkarlığın
inkişafı iqtisadi strategiyanın prioritetlərindəndir
“Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst
iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının
yaradılması bizim strateji yolumuzdur” - deyən ulu öndər
digər sahələrdə olduğu kimi,
sahibkarlığın formalaşması və genişlənməsi
ilə bağlı taleyüklü qərarlar qəbul
etmiş, bu sahəni tənzimləyən qanunvericilik
bazasının formalaşdırılması istiqamətində
mühüm işlər görmüşdür.
Ulu öndərin siyasi kursunu inamla və böyük
uzaqgörənliklə davam etdirən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin də iqtisadi
strategiyasının prioritet istiqamətlərindən biri
sahibkarlığın inkişafıdır. Bu gün
dövlət başçısının “Ölkəmizin gələcək
inkişafı sahibkarlığın inkişafından
asılıdır” strateji xəttinə uyğun olaraq Azərbaycanda
sahibkarlığın inkişafına xüsusi diqqət
göstərilir, sistemli və kompleks tədbirlər həyata
keçirilir. Biznes və investisiya mühitinin davamlı
olaraq yaxşılaşdırılması, bu sahədə
qanunvericilik bazasının təkmilləşdirilməsi,
inzibati prosedurların sadələşdirilməsi, səmərəli
fəaliyyət göstərən dövlət dəstəyi
sistemi, o cümlədən vergi güzəştlərinin tətbiqi,
subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin şəbəkəsinin
genişləndirilməsi, investisiya layihələrinin güzəştli
şərtlərlə kreditləşdirilməsi, dövlətlə
birgə maliyyələşdirmə və risklərin
bölüşdürülməsi, sənaye parkları və
məhəllələrinin, aqroparkların,
biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlərin,
biznes forumların və sərgilərin təşkili və
digər tədbirlər sayəsində ölkəmizdə
güclü sahibkarlar ordusu formalaşmış, sahibkarlıq
iqtisadi inkişafın aparıcı qüvvəsinə
çevrilmişdir.
Bu gün iqtisadiyyatın şaxələndirilməsi, ərzaq
təhlükəsizliyinin möhkəmləndirilməsi,
özünütəminat səviyyəsinin yüksəldilməsi,
məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının
ixracının artırılması, idxaldan
asılılığın azaldılması və digər
strateji vəzifələrin həllində özəl sektor həlledici
rola malikdir. Təsadüfi
deyildir ki, ÜDM-də özəl bölmənin payı 80, məşğulluqda
isə 74 faizi ötmüş, 2004-2015-ci illərdə 71 mindən
çox müəssisə, 1,5 milyona yaxın iş yeri
açılmışdır. Artıq Azərbaycan iş
adamları ölkəmizlə yanaşı, xarici ölkələrdə
həyata keçirilən layihələrdə fəal
iştirak edir, müxtəlif sahələrə investisiya
yatırır, xaricdə etibarlı tərəfdaş kimi
tanınırlar.
Azərbaycan
Respublikası Prezidentinin 21 aprel 2016-cı il
tarixli sərəncamı ilə hər il aprelin 25-nin
“Sahibkarlar günü” kimi qeyd olunması ölkənin
sosial-iqtisadi inkişafında məhz sahibkarların fəaliyyətinə
dövlət başçısı tərəfindən verilən
yüksək qiymətin göstəricisidir.
Əlverişli biznes mühitinin
formalaşdırılması istiqamətində aparılan
islahatlar beynəlxalq təşkilatların hesabatlarında da
öz əksini tapır. Ölkələrin biznes mühitini qiymətləndirən
və ən mühüm hesabatlardan olan “Doing Business 2016”
hesabatında Azərbaycanın mövqeyi 17 pillə
yaxşılaşaraq 189 ölkə arasında 63-cü pilləyə
yüksəlmiş, dünyada 3 və daha çox islahat aparan
24 ölkədən biri olmuşdur. “Qlobal Rəqabət
Qabiliyyəti 2015-2016” hesabatında Azərbaycan iqtisadiyyatı
rəqabət qabiliyyətlilik səviyyəsinə görə
140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq
MDB məkanında 7-ci ildir ki, lider mövqeyini qorumuş,
“G-20” yə üzv olan 8 ölkəni qabaqlamışdır.
Ölkədə sahibkarlığın
inkişafını təmin edən
düşünülmüş siyasətin bəzi məqamları
üzərində xüsusi dayanmaq istərdik.
İnstitusional
dəstək mexanizmləri
Müasir dövrdə sahibkarlığın
inkişafında institusional dəstək mexanizmlərinin
yaradılması mühüm rol oynayır. Bu baxımdan
zəruri infrastruktura çıxış imkanının təmin
olunması və daha əlverişli şəraitin
yaradılması üçün sənaye parklarını və
məhəllələrini xüsusi vurğulamaq
lazımdır.
Sənaye
parklarında müxtəlif güzəştlər tətbiq
edilir, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi
üçün infrastruktur yaradılır, işin səmərəli
təşkili üçün müxtəlif xidmətlərin
göstərilməsi, güzəştli kreditlərin verilməsi
və s. kimi tədbirlər nəzərdə tutulur.
Bundan
başqa, sənaye parklarının rezidentləri qeydiyyata
alındığı tarixdən 7 il müddətinə mənfəət,
əmlak və torpaq vergilərindən, həmçinin
istehsal məqsədilə idxal olunan texnika, texnoloji
avadanlıqlar və qurğulara görə ƏDV və
gömrük rüsumundan azaddırlar.
Həyata keçirilən tədbirlər ölkədə
sahibkarlıq fəaliyyətinin genişlənməsinə,
iqtisadiyyatın ixrac və rəqabətqabiliyyətliliyinin,
idxalı əvəz edən məhsul istehsalının, məşğulluğun
səviyyəsinin artırılmasına və sənaye sahələrinin
şaxələnməsinə xidmət edir.
Hazırda
Sumqayıt Kimya Sənaye, Balaxanı, Mingəçevir və
Qaradağ sənaye parklarında, Pirallahı və Mingəçevir
Yüksək Texnologiyalar parklarında, Neftçala Sənaye Məhəlləsində
müvafiq işlərin görülməsi davam etdirilir. Yerli potensial nəzərə alınmaqla digər
regionlarda da sənaye parkları və məhəllələrinin
yaradılması imkanları araşdırılır.
Sumqayıt Kimya Sənaye Parkının
yaradılmasından qısa zaman keçməsinə baxmayaraq,
hazırda 7 şirkətə rezident statusu verilmişdir. Bu rezidentlərin layihələri
əsasında cəlb edilmiş investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edəcəkdir.
Bu ilin aprel ayında İran nümayəndə heyətinin
ölkəmizə səfəri çərçivəsində
“Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun
Holdinq” MMC və İranın “Darou Pakhsh” şirkəti
arasında imzalanmış Anlaşma Memorandumuna əsasən,
sənaye parkının ərazisində əczaçılıq
məhsullarının istehsalı da həyata keçiriləcəkdir.
İlkin mərhələdə müəssisədə
50-dən çox adda dərman preparatının istehsalı nəzərdə
tutulur. Növbəti mərhələdə
istehsal genişləndirilməklə daha çox dərman
vasitəsini əhatə edəcəkdir.
Tullantıların
təkrar emalı sahəsində regionda ilk sənaye parkı
olan və ölkəmizdə “yaşıl biznes”in
inkişafında əhəmiyyətli rola malik Balaxanı Sənaye
Parkında işlənmiş mühərrik
yağlarının, plastik qabların, avtomobil şinlərinin,
çap-poliqrafiya məhsullarının emalı sahələri
üzrə artıq 4 rezident qeydiyyata alınmışdır.
Qaradağ
Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma
Zavodunda dəyəri 40 mln dollar olan ilk sifariş yerinə
yetirilib və hazırda dəyəri 400 mln dollardan yuxarı
olan sualtı tikinti və üç sərnişin gəmisinin
tikintisi aparılır. “Şahdəniz-2” layihəsinin
sualtı qurğularını quraşdırmaq
üçün layihələndirilən “Xankəndi”
sualtı tikinti gəmisi artıq Bakı Gəmiqayırma
Zavodunun yanalma körpüsündə suya endirilib. Gəminin tikintisi üzrə işlərin 80 faizdən
çox hissəsi başa çatdırılıb. Bütövlükdə isə gəminin
inşası 2017-ci ilin aprel ayında “Şahdəniz”
yatağının işlənməsinin ikinci mərhələsi
üzrə sualtı quraşdırma işlərinin
başlanacağı vaxtadək başa catdırılacaq.
Mingəçevir Sənaye Parkı tekstil sahəsində
fəaliyyət göstərəcək və hazırda
parkın təşkili işləri davam etdirilir.
Tikintisi başa çatmaqda olan Neftçala Sənaye Məhəlləsi
iqtisadiyyatın prioritet istiqamətlərindən olan
kiçik və orta sahibkarlığın inkişafı
baxımından əhəmiyyətlidir. Qeyd edək
ki, sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində
fəaliyyət göstərmək üçün 17 layihə
təqdim edilmişdir. İlkin mərhələdə
ümumi investisiya məbləği 20 milyon manatdan çox
olan 7 layihə icra olunacaq və 380 iş yeri
açılacaqdır. Bu yaxınlarda Azərbaycanın
“Azevrocar” şirkəti ilə İranın “İran Khodro”
şirkəti arasında imzalanmış Anlaşma Memorandumuna
əsasən, Neftçala Sənaye Məhəlləsinin ərazisində
minik avtomobilləri və onların ehtiyat hissələri
istehsal olunacaq.
Hazırda
iqtisadiyyatın davamlı inkişafı və rəqabət
qabiliyyətinin artırılması, Azərbaycanın
logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin
gücləndirilməsi, ölkəmizin çoxşaxəli
nəqliyyat infrastrukturunun yaradılması məqsədi ilə
dövlət başçısının müvafiq sərəncamına
uyğun olaraq, Qaradağ rayonunun Ələt qəsəbəsində
yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi
daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi
zonanın təşkili istiqamətində işlər
görülür.
Dövlət-özəl
sektor əməkdaşlığı
Yerli və
xarici investorlarla birgə investisiya qoyuluşu vasitəsilə
ölkə iqtisadiyyatının qeyri-neft sektorunun
inkişafına dəstək mexanizmlərindən olan Azərbaycan
İnvestisiya Şirkəti indiyədək tikinti
materiallarının istehsalı, gəmiqayırma, kənd təsərrüfatı
məhsullarının istehsalı və emalı, logistika və
s. sahələr üzrə ümumi dəyəri 1,1 milyard
dollardan artıq olan layihələrdə iştirak
etmişdir. Bu layihələrə 450 milyon dollar
birbaşa xarici investisiya cəlb olunmuşdur. Layihələr çərçivəsində
İsveçrə, Almaniya, Sinqapur, Türkiyə və digər
ölkələrin qabaqcıl texnologiya və təcrübəsi
tətbiq edilmişdir.
Özəl sektora həm də maliyyə dəstəyi göstərilir,
sahibkarlara güzəştli kreditlər verilir. İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu müvəkkil
kredit təşkilatları vasitəsilə
sahibkarlığın inkişafına güzəştli
kreditlər ayırmaqla yanaşı, həm də sahibkarlara məsləhət
xidməti göstərir, regionların potensialına uyğun
nümunəvi investisiya layihələri təqdim edir. Bu
ilin ötən dövrü ərzində 851 sahibkara 54,8 milyon
manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən
istifadə etməklə investisiya layihələrinin
reallaşdırılması 1800-dən çox yeni iş
yerinin açılmasına imkan yaradır. 2016-cı
ildə əsas hissəsi geri qaytarılmış vəsaitlər
olmaqla sahibkarlara 250 milyon manat həcmində güzəştli
kreditin verilməsi planlaşdırılır.
Ümumiyyətlə,
qeyri-neft sektorunun prioritet sahələrinə, o cümlədən
iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin daha da
gücləndirilməsi məqsədi ilə
Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə
indiyədək 31 min sahibkara 1,8 milyard manat güzəştli
kredit verilmişdir. Verilmiş kreditlərdən istifadə etməklə
investisiya layihələrinin reallaşdırılması 142
mindən çox yeni iş yerinin açılmasına imkan
yaradır. Güzəştli kreditlər
hesabına rəqabətqabiliyyətli və
ixracyönümlü məhsullar istehsal edən müəssisələrin
yaradılması sahibkarlığın inkişafında
mühüm rol oynamaqla yanaşı, ərzaq və sənaye
məhsullarına olan tələbatın yerli istehsal
hesabına ödənilməsində, ölkənin ixrac
potensialının artırılmasında böyük əhəmiyyətə
malikdir.
2014-cü ildə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində
yaradılmış biznes inkubator sahibkarlara göstərilən
dövlət dəstəyinin gücləndirilməsi, gənclərin
sahibkarlıq təşəbbüsünün dəstəklənməsi,
yeni biznes və məşğulluq imkanlarının genişləndirilməsi
baxımından əhəmiyyətlidir. Biznes
inkubatorda sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq istəyən gənclər üçün hər
cür şərait yaradılmışdır. Belə ki, biznes inkubatorda gənclərə
sahibkarlıq fəaliyyətinə başlamaq
üçün nəzəri və praktik məlumatlar verilir,
biznesin planlaşdırılması və idarə edilməsi,
investisiya layihələrinin və biznes planların
hazırlanması, marketinq araşdırmalarının
aparılması, biznes tərəfdaşlarla əlaqələrin
qurulması və digər məsləhət xidmətləri
göstərilir. Hazırda 45 gənc üçün
biznes inkubatorda kənd təsərrüfatı, turizm, İKT,
xalçaçılıq, dizayn, emal, xidmət və s. sahələr
üzrə treninqlər keçirilir və onlar sahibkar kimi
formalaşırlar. Bundan başqa,
Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində
xalçaçılıq üzrə təlim mərkəzi
fəaliyyət göstərir ki, burada gənclərə
xalçaçılıq sənətinin sirləri öyrədilir.
Aran iqtisadi rayonunda sahibkarlığın
inkişafına dəstək məqsədilə Yevlaxda
inşa olunan analoji mərkəzin tikinti işləri başa
çatdırılıb və yaxın zamanlarda
sahibkarların istifadəsinə veriləcək. Digər
iqtisadi rayonlarda da bu cür mərkəzlərin
yaradılması nəzərdə tutulur.
Ölkə daxilində və xaricdə təşkil edilən
tədbirlər Azərbaycanın biznes mühitinin və
iqtisadi potensialının təbliği ilə yanaşı,
yerli sahibkarların işgüzar əlaqələrinin daha da
genişləndirilməsinə, sahibkarların istehsal etdiyi məhsul
və xidmətlərin satışının dəstəklənməsinə
xidmət edir.
Bu baxımdan Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkə
sahibkarlarının ixrac potensialının
artırılmasında, investisiya imkanlarının genişləndirilməsində,
potensial tərəfdaşların tapılmasında və birgə
əməkdaşlıq layihələrinin həyata
keçirilməsində sahibkarlara yaxından dəstək
verir. Təkcə 2015-ci ildə AZPROMO tərəfindən
Azərbaycanda və xarici ölkələrdə 261 biznes
forum, işgüzar görüş, sərgi və s. tədbirlər
keçirilmişdir. Yerli və xarici iş adamları Azərbaycanda
iş qurmaq, xarici bazarlara çıxmaq üçün
AZPROMO-nun məsləhət xidmətlərindən də
istifadə edə bilərlər.
Özəl sektorun inkişafına dövlət dəstəyinin
vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsidir. Sahibkarların və
sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin
maarifləndirilməsi, o cümlədən onlara metodiki
köməkliyin göstərilməsi, informasiya təminatı,
məsləhət və marketinq xidməti sahəsində
biliklərin verilməsi məqsədilə mütəmadi
olaraq Bakıda və regionlarda treninqlər, “dəyirmi masa”lar,
konfrans və seminarlar keçirilir, azərbaycanlı sahibkar və
gənc menecerlər Almaniyada ixtisasartırma kurslarında
iştirak edir, təcrübə mübadiləsi aparmaqla
yanaşı, biznes əlaqələrini genişləndirirlər.
İndiyədək 277 sahibkar və gənc
menecer Almaniyanın müxtəlif şəhərlərində
ixtisasartırma kurslarında iştirak etmişdir. Daha 18 nəfərin bu ilin oktyabr-noyabr aylarında
Almaniyaya ixtisasartırma kursuna göndərilməsi nəzərdə
tutulur.
Bütün
bunlarla yanaşı, Azərbaycan məhsullarının xarici
bazarlara ixrac edilməsində istehsalçılara dəstək
göstərən İxracatçılar klubunun, sahibkarlar
arasında daimi ünsiyyət platformasını
formalaşdıran, eləcə də dövlət
qurumları və sahibkarlar arasında körpü rolunu oynayan
Azərbaycan Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının, Qadın
Sahibkarlar Assosiasiyasının və digər ictimai birliklərin
rolunu qeyd etmək lazımdır.
Yeni
islahatlar kursu
Qlobal və regional səviyyədə mürəkkəb
siyasi və iqtisadi proseslərin davam etdiyi, iqtisadiyyata xarici
neqativ təsirlərin gücləndiyi hazırkı şəraitdə
sahibkarlığın inkişaf etdirilməsi, biznes
mühitinin davamlı olaraq
yaxşılaşdırılması ilə bağlı
ölkəmizdə həyata keçirilən sistemli tədbirlər
xüsusilə böyük əhəmiyyət kəsb edir.
Bu baxımdan, Prezident İlham Əliyevin iqtisadi islahatlar
paketi çərçivəsində ötən ilin
sonlarından etibarən sahibkarlığın inkişafı
ilə bağlı qəbul etdiyi qərarlar iqtisadiyyatın
davamlı inkişafının təmin olunması
baxımından strateji xarakter daşıyır və
sahibkarlığın inkişafı üçün yeni
dövrün başlanğıcı olmuşdur. Dövlət
başçısının qeyd etdiyi kimi:
“Sahibkarlığın inkişafı Azərbaycanın
ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik
verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar,
qanunlar, verilmiş sərəncamlar bu məqsədi
güdür ki, sahibkarlara heç kim mane
olmasın, süni əngəllər aradan
götürülsün, sahibkarlar maksimum dərəcədə
sərbəst, rahat şəraitdə işləsinlər,
ölkəmizə vəsait qoysunlar, iş yerləri
yaratsınlar və Azərbaycanda biznes mühiti daha da
yaxşılaşsın”.
İnzibati
prosedurların sadələşdirilməsi
İnzabati prosedurların sadələşdirilməsində
“ASAN xidmət”in rolunu və əhəmiyyətini ayrıca
qeyd etmək lazımdır. Burada xidmətlərin
yüksək keyfiyyətlə, şəffaf və operativ
göstərilməsi vətəndaşların
rahatlığını təmin etməklə bərabər,
sahibkarların da əvvəllər üzləşdikləri
bir sıra problemlərin həllini təmin etmişdir.
“Sahibkarlıq
sahəsində aparılan yoxlamaların
dayandırılması haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən, vergi yoxlamaları,
insanların həyat və sağlamlığına, dövlətin
təhlükəsizliyinə və iqtisadi maraqlarına
mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar
istisna olmaqla, sahibkarlıq sahəsində aparılan
bütün yoxlamalar 2 il müddətinə
dayandırılmışdır. Nəticədə
2015-ci ilin noyabrından indiyədək cəmi 49 yoxlama (vergi
yoxlamaları istisna olmaqla) keçirilmişdir. Müqayisə üçün qeyd edək ki, ötən
ilin müvafiq dövründə 33336 yoxlama
aparılmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi
və yerli icra hakimiyyəti orqanlarında apelyasiya
şuralarının yaradılması da sahibkarların hüquqlarının
daha etibarlı qorunmasına xidmət edir.
Sahibkarlığın
inkişafı, bu istiqamətdə əlverişli şəraitin
yaradılması məqsədilə ölkə
başçısının müvafiq fərmanlarına əsasən,
lisenziya tələb olunan fəaliyyət növlərinin
sayı 59-dan 37-yə endirilmiş, indiyədək verilmiş
və qüvvədə olan lisenziyalar müddətsiz elan
olunmuş, yeni verilən lisenziyalar isə müddətsiz
verilir, lisenziyanın verilməsinə görə ödənilən
dövlət rüsumunun məbləği təxminən 2 dəfə,
regionlar üzrə 4 dəfə azaldılmış, lisenziya
verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilmişdir.
Bununla yanaşı, ötən ilin noyabr
ayından dövlət təhlükəsizliyi ilə
bağlı hallar istisna olmaqla lisenziyalar İqtisadiyyat Nazirliyi
tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə
verilir. İndiyədək “ASAN xidmət” mərkəzləri
vasitəsilə sahibkarlara ən çox lisenziya verilən
özəl tibb, əczaçılıq,
tikinti-quraşdırma, layihələndirmə, mühəndis-axtarış,
baytarlıq preparatlarının satışı, bitki
mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin
idxalı, təhsil, sürətli poçt rabitə xidməti,
maye və təbii qaz təsərrüfatı obyektlərinin
quraşdırılması, dağ-mədən işlərinin
aparılması, yanğından mühafizə fəaliyyət
sahələri də daxil olmaqla 1750-dən çox lisenziya
verilmişdir.
Eyni
zamanda, bu ilin martında “Lisenziyalar və icazələr haqqında”
qanun qəbul edilmişdir ki, həmin qanuna əsasən,
sahibkarlıq fəaliyyəti növlərinə verilən
icazələrin sayı təqribən 4 dəfə
azaldılaraq 330-dan 87-yə endirilmişdir. Bundan başqa, bu
qanunda “Lisenziyalar və icazələr” portalının
yaradılması, dövlət orqanları tərəfindən
sahibkarlara lisenziya və icazə məsələləri
üzrə qanunvericiliyin tətbiqi ilə bağlı məsləhətlərin
verilməsi, “bir pəncərə” prinsipinin tətbiqi və
sahibkarların işini yüngülləşdirən digər
mütərəqqi mexanizmlər müəyyən
edilmişdir.
Qanunun qəbul edilməsi lisenziya və icazələrin
verilməsi sahəsində şəffaflığın daha da
artırılmasına, sahibkarların xərclərinin və
vaxtın əhəmiyyətli dərəcədə
azalmasına, ümumilikdə özəl bölmənin
inkişafına müsbət təsir göstərəcəkdir.
Hazırda “Lisenziyalar və icazələr”
portalının yaradılması üçün işlər
davam etdirilir.
Portalın fəaliyyətə başlaması nəticəsində
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi
üçün tələb olunan lisenziya və icazələrin
verilməsi tamamilə elektron qaydada həyata keçiriləcək,
dövlət orqanlarının informasiya sistemlərinin
uzlaşdırılması və qarşılıqlı əlaqəsi
təmin ediləcəkdir.
İnvestisiyaların
təşviqi
Aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən
biri də investisiyaların təşviqi ilə bağlı həyata
keçirilən tədbirlərdir. 2016-cı ilin 20 aprelində Azərbaycan
Respublikası Prezidentinin müvafiq fərmanları ilə
“İnvestisiya təşviqi sənədinin verilməsi
Qaydası”, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət
sahələri, investisiya layihəsinin həcmi ilə
bağlı minimal məbləğ və layihənin həyata
keçiriləcəyi inzibati ərazi vahidləri təsdiq
edilmişdir.
İnvestisiya təşviqi sənədi Vergi Məcəlləsində
və “Gömrük tarifi haqqında” qanunda nəzərdə
tutulmuş güzəştlərdən yararlanmağa imkan
verir.
İnvestisiya təşviqi sənədini almış
sahibkarlar mənfəət və gəlirin 50 faizinin vergisindən,
əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri
texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda
ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə
azad edilirlər. Bu, qeyri-neft sektoruna investisiyaların
artırılmasına, yeni iş yerlərinin
açılmasına əlverişli zəmin yaratmaqla
yanaşı, sahibkarlığın inkişafına əhəmiyyətli
töhfə verəcəkdir.
“Tikinti və
infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin
xüsusi maliyyələşmə əsasında həyata
keçirilməsi haqqında” qanunda nəzərdə
tutulmuş “Tik, idarə et, təhvil ver”
(TİT) modelinin tətbiqi də sahibkarlar üçün
geniş imkan yaradır, ölkə iqtisadiyyatına
investisiyaların cəlb olunması baxımından əhəmiyyətlidir.
Belə ki, investisiya layihələrini TİT
modelinə uyğun həyata keçirən investor dövlət
rüsumlarından və yığımlardan azaddır.
İxracın
təşviqi, xarici ticarətin liberallaşdırılması
Bu gün qarşıda duran ümdə vəzifələrdən
biri ixracın həm məhsulların çeşidi, həm də
coğrafiyası baxımından şaxələndirilməsidir. Bu məqsədlə
ixracın təşviqi, o cümlədən geri ödəmə
dəstəyinin verilməsi, “MADE İN AZERBAİJAN” brendinin
xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla
bağlı xarici ölkələrdə sertifikat və patentlərin
alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf
proqram və layihələrinə çəkilən xərclərin
bir hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi
və ixracyönümlü istehsala verilən kreditlərə
əlavə güzəştlərin tətbiqi məqsədilə
qanunvericiliyə dəyişiklik edilməsi istiqamətində
işlər aparılır.
Azərbaycan məhsullarının yeni bazarlara
çıxış imkanlarını genişləndirmək
üçün Aktau şəhərində logistika mərkəzi
artıq sahibkarların istifadəsinə verilmişdir. Növbəti
belə mərkəzin Rusiya Federasiyasının Yekaterinburq
şəhərində inşası nəzərdə tutulur.
Bununla
yanaşı, ixrac-idxal əməliyyatları zamanı elektron
gömrük xidmətlərinin daha da genişləndirilməsi,
tələb olunan sənədlərin və prosedurların
sayının minimuma endirilməsi, malların və nəqliyyat
vasitələrinin gömrük sərhədindən
keçirilməsi üçün “Yaşıl dəhliz” və
beynəlxalq təcrübədə mövcud olan digər
buraxılış sisteminin tətbiqi istiqamətində
işlər görülür. Dövlət
başçısının 21 may 2016-cı il
tarixli fərmanı ilə təsdiq edilmiş “Malların və
nəqliyyat vasitələrinin gömrük sərhədindən
keçirilməsi üçün “Yaşıl dəhliz” və
digər buraxılış sistemlərindən istifadə
Qaydaları” avqustun 1-dən tətbiq olunacaqdır. Bu, gömrük rəsmiləşdirilməsinin daha
çevik və şəffaf həyata keçirilməsinə,
məmur-sahibkar münasibətlərinin müasir idarəçilik
prinsipləri əsasında inkişafına imkan verməklə,
qeyri-neft ixracının artmasına, xarici ticarətin
coğrafiyasının genişlənməsinə, Azərbaycan
məhsullarının yeni bazarlara çıxarılmasına
imkanlar yaradacaq.
Geniş
islahat tədbirləri
Bu gün müasir, intensiv metodlara əsaslanan yeni təsərrüfatların
yaradılması ərzaq təhlükəsizliyinin təminində
əhəmiyyətli rol oynayır. Hazırda dövlətin
dəstəyi ilə iri fermer təsərrüfatlarının
və aqroparkların yaradılması istiqamətində tədbirlər
davam etdirilir. Artıq 19 rayonda 40 min hektardan artıq sahədə
30 iri fermer taxılçılıq təsərrüfatının
yaradılması başa çatmışdır və fəaliyyət
göstərən təsərrüfatlarda məhsuldarlıq hər
hektardan 58-60 sentner təşkil edir. Şəmkir
və Xaçmaz rayonlarında yaradılan aqroparklarda 1-ci mərhələ
üzrə işlər yekunlaşmaq üzrədir. Bununla yanaşı, digər regionlarda da yeni iri fermer
təsərrüfatlarının, aqroparkların
yaradılması imkanları araşdırılır.
Ərzaq təhlükəsizliyinin, istehlak bazarında
qiymətlərin sabitliyinin təmin olunmasında, kənd təsərrüfatı
məhsullarının ixracının artırılmasında
mühüm əhəmiyyətini nəzərə alaraq
dövlət başçısının
tapşırığına uyğun olaraq, 2009-cu ildən meyvə-tərəvəz,
taxıl və digər ərzaq məhsullarının tədarükü
və saxlanılması üçün müasir logistik mərkəzlər
tikilməkdədir. İndiyədək ümumi tutumu 330 min
ton olan 52 logistik mərkəzin maliyyələşdirilməsinə
161 mln manat güzəştli kredit verilmişdir. Artıq bunlardan tutumu 241 min ton olan 42 logistik mərkəz
istifadəyə verilmişdir. Bu logistik mərkəzlər
ərzaq təhlükəsizliyinin təmin olunmasına,
regionların sosial-iqtisadi inkişafına və investisiya cəlbediciliyinin
artırılmasına, kənd təsərrüfatının
intensiv inkişafına, məhsul itkisinin
qarşısının alınmasına, ixrac
potensialının artırılmasına təkan verməklə
ölkə iqtisadiyyatının inkişafına böyük
töhfələr vermişdir.
Ənənəvi sahələrin, o cümlədən
pambıqçılığın,
baramaçılığın,
tütünçülüyün,
üzümçülüyün və
çayçılığın inkişafı istiqamətində
dövlət başçısının verdiyi
tapşırıqlara uyğun olaraq müvafiq tədbirlər
həyata keçirilir. Belə ki,
pambıqçılığın və
tütünçülüyün inkişafı məqsədilə
bu sahədə fəaliyyət göstərən fermerlərə
güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən
daha geniş istifadə imkanları yaradılmış, fermerlərdən
pambıq və tütünün alış qiyməti
artırılmışdır. Ümumiyyətlə,
kənd təsərrüfatı məhsullarının
istehsalçıları və emalçıları ilə
mütəmadi olaraq görüşlər keçirilir,
onların problemləri və təklifləri öyrənilir.
Hazırda bu təkliflərin reallaşdırılması
üçün tədbirlər görülür.
Bununla
yanaşı, aparılan islahatlar çərçivəsində
şəffaf və ədalətli dövlət
satınalmalarının təmin edilməsi, həmçinin
“Dövlət satınalmaları haqqında” qanunda bu ilin yanvar
ayında edilmiş dəyişikliyə əsasən, yerli
şirkətlərə 20 faizlik güzəştin tətbiqi
də sahibkarlığın inkişafına müsbət təsir
edəcəkdir.
Azərbaycan
Respublikasının Tranzit Yükdaşımalar üzrə
Koordinasiya Şurasının yaradılması, dəmir
yolları, dəniz nəqliyyatı, dəniz limanları və
terminalları vasitəsilə tranzit yüklərin
daşınması sahəsində vahid, çevik və şəffaf
tarif siyasətinin həyata keçirilməsi, sərhədkeçmə
prosedurlarının və daşıma proseslərinin
asanlaşdırılması, habelə bu sahədə fəaliyyət
göstərən dövlət qurumları arasında əlaqələndirmə
işlərinin təmin edilməsi müvafiq sahələrdə
sahibkarlıq fəaliyyətinə əlverişli şərait
yaradır. Bu yaxınlarda Şimal-Cənub beynəlxalq nəqliyyat
dəhlizinin önəmli həlqələrindən olan Astara
çayı üzərində dəmir yolu
körpüsünün təməlinin qoyulması Azərbaycan
və İran dəmir yollarının əlaqələndirilməsi
ilə yanaşı, iqtisadi, ticarət və
yükdaşımalar sahəsində əməkdaşlığın
inkişafında əhəmiyyətli olacaqdır ki, bu da
sahibkarlara böyük fayda gətirəcəkdir.
Dövlət
başçısının islahatlar paketi çərçivəsində
19 may 2016-cı il tarixində imzaladığı
“Dövlət əmlakının özəlləşdirilməsi
prosesinin təkmilləşdirilməsi sahəsində əlavə
tədbirlər haqqında” fərmanla müəyyənləşdirilmiş
tapşırıqlar ölkədə sahibkarlığın
inkişafı üçün əlavə stimul olmaqla yeni
imkanlar açır.
“Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının
Qanununun tətbiqi ilə bağlı ölkə
başçısının imzaladığı 20 may
2016-cı il tarixli fərmanı ilə
iqtisadi amnistiyanın həyata keçirilməsi də
sahibkarlığın inkişafı baxımından
xüsusi önəm kəsb edir.
Qeyd etmək lazımdır ki, digər sahələrdə olduğu kimi, sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən kompleks islahatlar da davamlı xarakter daşıyır. Azərbaycan Respublikası Prezidentinin dediyi kimi: “Bu, yalnız başlanğıcdır. Biz işimizi davam etdirməliyik. Bu, hər hansı bir kampaniya deyil. Bu, bizim siyasətimizdir və o, davam etməlidir”.
Beləliklə, möhtərəm Prezident İlham Əliyevin hərtərəfli qayğısı ilə əhatə olunan, iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsində aparıcı qüvvəyə çevrilmiş, ölkəmizin ictimai-siyasi və sosial həyatında fəal iştirak edən Azərbaycan sahibkarları Vətənimizin tərəqqisinə mühüm töhfələr verir.
Heç şübhəsiz ki, Azərbaycan sahibkarları dövlət başçısının hərtərəfli diqqət və qayğısına bundan sonra da qeyri-neft sektorunun inkişafında, əhalinin daimi iş yerləri ilə təmin olunmasında, ölkəmizin ixrac potensialının artmasında və sosial layihələrin icrasında daha fəal iştirakla, əməli işlə cavab verəcək, yaradılmış əlverişli şəraitdən geniş istifadə edərək bütün səylərini Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə, ölkəmizin daha da qüdrətlənməsinə səfərbər edəcəklər. Dövlət başçısının qeyd etdiyi kimi: “Dövlət siyasəti bir tərəfdən sahibkarların vətənpərvərliyi, məsuliyyəti və işgüzarlığı, digər tərəfdən ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir”.
Şahin
MUSTAFAYEV,
Azərbaycan
Respublikasının iqtisadiyyat naziri
Azərbaycan.- 2016.- 7 iyun.- S. 1.