Ramazan - on bir ayın sultanı
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə
vacib olduğu kimi, sizə də vacib edildi”
(Quran, Bəqərə, 183)
Bu gün hicri-qəməri
təqvimin doqquzuncu ayı - müsəlman dünyasının səbirsizliklə
gözlədiyi Ramazan
ayı başlayır. Ramazanda
oruc tutmaq hər bir müsəlman
üçün vacibdir,
çünki oruc islamın beş
fərzindən biridir.
Möminlər bir ay ərzində
Tanrının buyruğunu
yerinə yetirib günün işıqlı
vaxtında oruc tutaraq yemək-içməkdən
və cinsi əlaqədən uzaq olacaqlar.
Ramazana əbəs
yerə on bir ayın sultanı demirlər. Bütün müqəddəs kitablar, o cümlədən
Qurani-şərif bu ayda nazil olmuşdur.
Allahın sonuncu elçisi
Məhəmməd salavatullaha
peyğəmbərlik bu
ayda verilmişdir.
Müsəlmanlar Məkkəni bu
ayda fəth etmişlər. Savab cəhətdən
min aydan daha xeyirli olan Qədr
gecəsi bu aya təsadüf edir.
Bir mühüm
məqamı da qeyd etmək lazımdır ki, oruc islamın zühuru ilə başlamamışdır; insanlar
islamdan əvvəl də oruc tutmuşlar. Qurani-kərimdə
deyilir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən
əvvəlki ümmətlərə
vacib olduğu kimi, sizə də vacib edildi
ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz!.. (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir.
(Bu günlərdə) sizdən xəstə və ya səfərdə
olanlar tutmadığı
günlər qədər
başqa günlərdə
oruc tutmalıdırlar.
Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər
kəs könüllü
xeyir iş görərsə (həm oruc tutub, həm
də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” (Bəqərə,
183-184).
Bu mübarək ayələrdən
açıq-aşkar görünür
ki, uca Yaradan
möminlərə oruc
tutmağı buyurmaqla
onları pis əməllərdən çəkindirir. Oruc insanda,
hər şeydən əvvəl, nəfsə
hakim olmaq vərdişi
aşılayır, eləcə
də səbir, iradə və təmkin tərbiyə edir. Ramazan ayında oruc tutmağı buyuran Tanrı insanı sınağa çəkir:
varlı kasıbın
sosial vəziyyətini
anlayır, ona münasibətdə xeyirxah
olmağın vacibliyini
yadına salır. Eyni zamanda orucun böyük əxlaqi-mənəvi,
sosial əhəmiyyəti
var. Hədisi-şərifdə deyilir ki, “oruc
sipərdir”, yəni müsəlmanı pis əməllərdən qoruyan
gizli silahdır.
Oruc tutan insan qeybət
qılmaqdan, söyüş
söyməkdən, dava-dalaş
salmaqdan çəkinməlidir.
Adamlar arasında bir-birinə məhəbbət, hörmət,
şəfqət, dostluq,
qardaşlıq, həmrəylik
kimi duyğular hökm sürməlidir.
Orucluq ayında
möminlər düşmənçiliyə,
umu-küsüyə son qoymalı,
bir-birinə münasibətdə
mərhəmətli olmağı,
bir-birini bağışlamağı
bacarmalıdırlar. Allah-təala oruc tutmağı buyurmaqla bütün insanların dinc, mehriban şəraitdə yaşamasının
zəruriliyini xatırladır.
İlin bir ayı ərzində
müsəlmanlar eyni cür qidalanır, eyni cür həyat
tərzi keçirir, nəfsini, şəhvətini
cilovlamaq məcburiyyətində
qalırlar ki, bu da hər
bir insan, bütövlükdə cəmiyyət
üçün olduqca
vacibdir.
Digər tərəfdən, orucluq xoş əməllər ayı olmaqla müsəlman cəmiyyətində ümumi vəziyyətə müsbət təsir göstərir. Bu ayda pis əməllər nəzərəçarpacaq dərəcədə azalır, cinayətkarlığın səviyyəsi açıq-aşkar aşağı düşür. Müsəlman ölkələrində aparılmış çoxsaylı araşdırmalar buna dəlalət edir.
Eyni zamanda bir ay oruc tutmaq insanın sağlamlığında mühüm rol oynayır. Axı oruc tutmağı vacib edən Allah-təala bəndəsinə faydalı olmayan heç nəyi əmr etməz! Orucda böyük ilahi hikmət var. Peyğəmbərimiz Məhəmməd salavatullah buyurmuşdur: “Oruc tutun ki, sağlam olasınız!” Qədim zamanlardan başlamış günümüzədək oruc insan sağlamlığını möhkəmlətmək, müxtəlif xəstəlikləri müalicə etmək üçün təbii vasitə kimi nəzərdən keçirilir. Hələ islamdan çox-çox əvvəl böyük mütəfəkkirlər müəyyən müddət ac qalmağı, yəni oruc tutmağı tövsiyə etmişlər. Elə müasir dövrdə də oruc vasitəsilə bir çox xəstəliklərə əlac tapmaq mümkün olur. Bu gün həkimlər təsdiqləyirlər ki, oruc tutmaq hamı üçün, hətta sağlam adamlar üçün həyati zərurətdir. İnsan qida qəbul edərkən, nəfəs alarkən həm də külli miqdarda toksin maddə qəbul edir. Bu zərərli maddələri bədəndən oruc tutmaqla kənarlaşdırmaq mümkündür.
İnsan oruc tutarkən mədə, bağırsaqlar, qaraciyər və həzm prosesində iştirak edən digər orqanlar istirahət edir. Bu isə həzm sisteminin yaxşılaşmasına gətirib çıxarır. Qan təmizlənir, beyin daha yaxşı işləyir. İnsanın cismində zəif, xəstə, yaxud zədələnmiş hüceyrələr yeniləri ilə əvəzlənir. Ümumiyyətlə, insan orqanizminin elə bir üzvü yoxdur ki, orucun müsbət təsirinə məruz qalmasın.
Qeyri-müsəlman ölkələrində aparılmış və on minlərlə xəstəni əhatə etmiş araşdırmalar sübut etmişdir ki, oruc bir çox digər xəstəliklərin, o cümlədən yüksək qan təzyiqinin, qaraciyər, dəri xəstəliklərinin, xüsusilə allergiya və xroniki ekzemanın və s. müalicəsinə kömək edir. Bundan başqa, oruc bir çox insanların əziyyət çəkdiyi köklükdən və onun doğurduğu xəstəliklərdən qurtulmaq üçün təsirli vasitədir. Eyni zamanda oruc pis vərdişləri (siqaretə, narkotik maddələrə bağlılıq və s.) tərgitməyə kömək edir.
Beləliklə, insan oruc tutmaqla həm ruhunu, həm də bədənini tərbiyə edir. Axı sağlam ruh yalnız sağlam bədəndə olur!
Bununla belə, Ramazanda oruc məhz Allahın buyruğunu yerinə yetirib Onun rizasını qazanmaq üçün tutulur. Bu mübarək ayda Tanrıya edilən dualar daha tez qəbul olunandır. Vətən torpağının düşmən tapdağından qurtulması, didərgin soydaşlarımızın yurd-yuvalarına qayıtması üçün dua edək! Allah orucunuzu və müqəddəs ayda edəcəyiniz duaları qəbul eləsin! Amin!
Allahverdi MEHDİYEV,
Azərbaycan.- 2016.- 7 iyun.-
S. 8.