Gələcəyi
keçmişdə axtaranlar
Bir daha doğma dilə ögey münasibət barədə
Doğrusu, bu mövzuya qayıtmaq fikrimiz yox idi. Özü də təkcə ona görə yox ki, bəzi azərbaycanlıların Azərbaycan (həm də dövlət) dilinə əcaib münasibəti və münasibətdən doğan əcaib reallıqlar haqqında bir müddət əvvəl yazmışdıq. Həm də o səbəbə ki, bu və bu mövzu ilə bağlı digər yazıların həmin münasibət və reallıqları dəyişmək iqtidarında olduğuna inanmırdıq və əslinə qalsa, elə indi də inanmırıq!
Görünür, dil xəstəliyimiz elə sadə mərəz deyil ki, onu maarifləndirmək, anlatmaq, başa salmaq kimi üsullarla müalicə etmək mümkün olsun. Yəqin onun, türklər demiş, nədənini mövcud zaman, məkan və tələbatdan irəli gələn obyektivlikdən daha çox, genetik koda, milli qürura və yüksək savada bağlı olan subyektivlikdə axtarmaq lazımdır. Onları isə sən demə, sözün müdaxiləsi ilə dəyişdirmək nəinki qəliz məsələ, hətta heç mümkün deyilmiş. Olsaydı, müstəqillikdə yaşadığımız bu 25 ildə olardı. O 25 il ki, saylarını bilərəkdən az göstərmək üçün işlətdiyimiz “bəzi” (əslində isə sıraları gündən-günə genişlənən) azərbaycanlılar üçün sanki yoxdur, elə bil, onlar hələ də qırmızı imperiyanın tərkibində yaşayırlar və yaşaya-yaşaya gələcəklərini həmin keçmişdə axtarırlar. Axtaransa həmişə tapmır, itirdiyi zaman da olur və həmin zaman heç vaxt geri qayıtmır.
...Bir qonşumuz var. Deməsə də, kənd adamı olduğu idimindən tökülür. Bu yaxınlarda uşağını 1-ci sinfə qoymaq üçün tanış axtarırdı. Təəccüblənib tanışın nəyə görə lazım olduğunu soruşanda cavabı gözlənilməz və bir o qədər də acı təəccüb doğuran oldu: “Uşağı rus bölməsinə qoymaq istəyirəm, hansı məktəbə müraciət edirəmsə, deyirlər bütün yerlər dolub, Azərbaycan bölməsinə istəyirsinizsə problem yoxdur”. Bunun davamı olan başqa bir fakt: sözün bütün mənalarında klassik Azərbaycan ailəsi tanıyırıq ki, ilkin övladına, özü də qız uşağına təhsili məlum dildə vermək üçün neçə ildir dəridən-qabıqdan çıxır. Çünki nəinki ailələrində, hətta nəsillərində belə, nə rusca danışan olub, nə də təhsil alan! Belə bir mühitdə körpə qızcığazın vəziyyətini təsəvvür edirsinizmi?! Bu yerdə yaxın bir tanışımızın rayonda yaşayan qardaşının orta məktəbin rus bölməsində 1-ci sinfə gedən oğlunun valideynlərinə verdiyi sual yada düşür. Deməli, uşaq atasından “şurşit” sözünün tərcüməsini soruşub və ardınca da bildirib ki, o bu sözü əvvəl “şit şor” kimi başa düşüb.
Tam səmimiyyətlə bildiririk ki, bu faktların heç biri uydurma deyil. Axı, hamının hər gün rastlaşdığı, müşahidə etdiyi, adlarına “bəzilər” dediyimiz çoxlarınınsa yaşadığı bu acınacaqlı reallığı göstərmək üçün uydurma faktlara nə ehtiyac?! Adam çaşıb qalıb, bilmir kimi, nəyi qınasın - özümüzdən asılı olmayan zəmanənimi, yoxsa zəmanədən asılı olan özümüzümü?! Amma bütün hallarda doğma dilə bu səviyyəsizlikdə ögey münasibətə heç cür bəraət qazandırmaq mümkün deyil. Çünki dil təkcə ünsiyyət vasitəsi yox, həm də milli varlıqdır! Boş yerə deməyiblər ki, əgər bir xalqı məhv etmək istəyirsənsə, əvvəlcə onun dilini əlindən al! Bəs, biz nə edirik - dilimizi əlimizdən özümüz veririk, baxmayaraq ki, onu bizdən istəyən yoxdur. Yad dildə təhsil almaq, yəni, “Dədə Qorqud” əvəzinə, “İqor polku haqqında dastan”ı oxumaq, Nizami, Füzuli, Sabirin yerinə Puşkin və Lermontovu əzbərləmək, Ağqoyunlu və Qaraqoyunlunu kənara qoyub Velikorusun tarixini öyrənmək dili və deməli, həm də xalqı əldən vermək deyil, bəs nədir? Biz Puşkinin, Lermontovun əleyhinə deyilik. Amma gəlin əvvəlcə özümüzü oxuyaq, öyrənək, sonra başqalarını. Evdə, küçədə, bağda, bağçada balası ilə ana dilində danışmayan, bəlkə də bunu özünə yaraşdırmayan, şit şorla böyüyən kənd çocuğunu “şurşit”in tərcüməsini axtarmağa məcbur edən, onsuz da ömrünün sonunacan gözündən kənar qoymayacaq qız övladına təhsili perspektivsiz bir dildə verən valideynlərin bu hərəkəti vətənə, millətə nankorluq deyil, bəs nədir?!
Belələrinin özlərinə bəraət
qazandırmaq üçün yalnız bir arqumenti var:
əlavə dil bilməyin nəyi pisdir ki... Bunu
biz də danmırıq. Xüsusən, indiki zamanda əlavə, yəni,
xarici dil bilməyin nəinki
lazım, hətta vacib olduğunu
danan yalnız nadanlar olar. Bizim dediyimiz
başqadır: gəlin təhsil almaqla əlavə
dil öyrənməyi
qarışdırmayaq. Birincisi millilik, vətənpərvərlik, soya, kökə bağlılıqdırsa, ikincisi dünyaya
açılan pəncərədir. Birincisi
özümüzü təsdiq, ikincisi nümayiş etdirmək
üçün vasitədir. Birincisi qürur mənbəyimiz,
ikincisi intellekt səviyyəmizdir.
Göründüyü kimi,
hər iki haldakı amillər təkcə
bir-biri ilə sıx bağlı deyil, həmçinin bir-birinin
davamı və tamamıdır. Başqa
sözlə desək, kamil və müasir olmaq istəyən
şəxs ilk növbədə öz ana dilini,
sonra isə bir-iki
aparıcı xarici dili
bilməlidir. Bir daha təkrar edirik: aparıcı xarici dili, daha
nostalji dilini yox! Çünki Azərbaycan bu
gün bütün dünyaya inteqrasiya olunur. Bunun üçünsə dünyanın dilini öyrənmək, bilmək
lazımdır, özü
də bütün mənalarda.
Övladlarına məlum dildə
təhsil verənlərin
bir bəhanəsi də var: guya
məktəblərin Azərbaycan
bölməsində təhsilin
səviyyəsi aşağıdır.
İnandırıcı deyil!
Ən azından o səbəbə
ki, ölkədə təhsilin səviyyəsinin
bölmədən və
ərazidən asılı
olaraq dəyişməsi
sadəcə mümkünsüzdür.
O ki, qaldı savada, onun da
hansı dildə təhsil almağa dəxli yoxdur! Müşahidələrimiz göstərir ki,
bu gün dünyanın Harvard, Kembric
kimi aparıcı universitetlərində təhsil
almış yüksək
ixtisaslı mütəxəssislərimizin
əksəriyyəti orta
məktəbi ana dilində bitirənlərdir.
Yaxud keçmiş sovet dövrünü götürək.
Həmin
illərdə də bizimkilər xüsusən
Bakıda kütləvi
surətdə rus dilində təhsil alırdılar. Halbuki o zaman
qonşu respublikalarda nəinki həmin dildə təhsil almağa, hətta danışmağa pis baxırdılar. Nəticəsi nə oldu? Bu gün Rusiyanın
əksər sahələrində
məşhur adamların,
aparıcı mütəxəssislərin,
alimlərin çoxu həmin qonşu xalqların nümayəndələridir.
Bizimkiləri isə saymaq
üçün əlimizdəki
barmaqlar da çoxdur. Haqlı sual yaranır: hanı o yüzminlərlə
rusdillilər?! Deməli,
əsas olan kəmiyyət yox, keyfiyyətdir! Yəni, gəlin özümüzü
aldatmayaq, rus dilində təhsilə bugünkü axının
səbəbinin hansısa
uğurlu perspektiv yox, uğursuz tələbat olduğunu etiraf edək.
Bu baxımdan Təhsil
Nazirliyinin üzərinə
ciddi məsuliyyət düşür. Müasir gəncliyin və gələcək nəslin
savadına, dünyagörüşünə,
bir az
da dərinə getsək, əqidəsinə
cavabdeh olan bu nazirlik indiki
kimi lüzumsuz və kortəbii tələbatın arxasına
düşməməli, əksinə,
həmin tələbatı
özü müəyyənləşdirməli
və bu istiqamətdə tədbirlər
görməlidir.
Raqif MƏMMƏDOV,
Azərbaycan.- 2016.- 7 iyun.-
S. 7.