Sosial dövlətdə idarəetmə və dövlət qulluğu: mahiyyət və məqsəd prizmasında

 

Dövlət qulluğunun və idarəetmənin funksiyalarının mürəkkəbləşdiyi müasir dövr adekvat idarəetmə modelini, dövlət orqanlarının və dövlət qulluqçularının innovativ fəaliyyət üslubunu və xidməti fəaliyyətin qiymətləndirilməsinin optimal meyarlar sistemini tələb edir. Sosial strukturların mürəkkəbləşməsi, vətəndaş cəmiyyətinin təşəkkülü, dövlət idarəetmə orqanları ilə vətəndaşlar arasındakı münasibətlərin mütərəqqi inkişafı, dövlət orqanlarının fəaliyyətində səmərənin artırılması üçün yeni mexanizmləri müəyyənləşdirmək zərurətini üzə çıxarır. Beləliklə, modernləşmə idarəetmə sisteminə də təsirsiz ötüşmür. Lakin yeni idarəetmə modelinin və dövlət qulluğu konsepsiyasının formalaşmasını tələb edən əsas amil ölkədə yürüdülən dövlət siyasəti, mövcud siyasi rejim və dövlətin ali məqsədidir.

Ailəni “kiçik dövlət” kimi təsəvvür etsək, hər ailədə olduğu kimi dövlətin idarəetmə sisteminin də zamanla müəyyən problemlərlə üzləşməsi və onun zamanın tələblərinə uyğunlaşdırılması təbiidir. Bu problemləri aradan qaldırmaq üçün onları inkar etməmək, əksinə, qəbul etmək lazım gəlir ki, vəziyyətin optimal həll yolları hazırlana bilsin. Qeyd edək ki, bu cür vəziyyətdən çıxış yolunu hər dövlət öz mahiyyətinə, ali məqsədinə və yürütdüyü siyasətə uyğun qaydada müəyyənləşdirir.

Əgər dövlət sosial dövlətdirsə siyasətin də, islahatların da mərkəzində məhz vətəndaş və onun məmnunluq faktoru durur. İdarəetmə, dövlət qulluğu, dövlət xidmətləri sahəsindəki islahatlar məhz bu yönümdə aparılır. Çünki sosial dövlət - cəmiyyətdə sosial ədalətə, sülhə və əməkdaşlığa söykənən münasibətlərin yaranmasına çalışan, xalqa xidmət edən, hər bir vətəndaşa bərabər imkanlar yaradan, resursları və göstərdiyi xidmətlər hər kəsə əlçatan və rahat olan dövlətdir. Təsadüfi deyil ki, mükəmməl sosial qanunvericilik bazası olan, sosial proqramlar həyata keçirən, vətəndaşların sosial müdafiəsini təmin edən və layiqli həyat səviyyəsi üçün hər kəsə bərabər şərait yaradan dövlətdə dövlət qulluğu mühüm sosial institut kimi qəbul olunur. Sosial institut kimi müasir dövlət qulluğu mexanizminin əsas təyinatı cəmiyyətin artan sosial tələbatının, vətəndaşların dövlət orqanlarının göstərdikləri xidmətdən və dövlət qulluqçularının şəxsi keyfiyyətlərindən, peşəkarlıqlarından və fəaliyyət üslublarından məmnunluğunu, hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Bu isə müvafiq idarəetmə modelinin qurulmasını və dövlət qulluğunun sosial yönümlü konsepsiyasının işlənib hazırlanmasını tələb edir.

Təbii ki, bunun üçün ilk növbədə sabit siyasi sistem, iqtisadi və demokratik inkişaf təmin olunmalıdır. İdarəetmə modelində sosial dövlət quruculuğu istiqamətində müvafiq islahatlar aparılmalı, dövlət orqanlarının və vəzifəli şəxslərin, bütövlükdə dövlət qulluğu mexanizminin mahiyyəti “xalqa xidmət” konsepsiyası üzərində qurulmalıdır. Bunun üçün isə islahatların əsas məqsədi vətəndaşın rifahının, ictimai mənafelərin, vətəndaş məmnunluğunun təmin olunmasından ibarət olmalıdır.

Sosialyönümlü dövlətdə ilk növbədə sosial tələbatların təhlili aparılır. İslahatlar da məhz vətəndaşların daha çox ehtiyacı olan sahələrdən başlayır. Bu ehtiyac sanki sosiumun sifarişi kimi yeni idarəetmə modelini formalaşdırmaq üçün zəminə çevrilir. Tələbatların təhlili əsasında müvafiq siyasi-hüquqi baza, infrastruktur yaradıldıqdan sonra silsilə islahatlar həyata keçirilir. Bir islahatın məntiqi davamı kimi yeni islahat paketi hazırlanır. Bütün bunlar isə yaradılan yeni idarəetmə modelini təkmilləşdirməyə xidmət edir.

Belə bir sual yarana bilər ki, islahatlar nəticəsində sosial dövlətin idarəetmə modelində, dövlət qulluğunda hansı dəyişikliklər baş verir? Bu sualın çox geniş cavabı olsa da, əsas məqamları bu cür müəyyənləşdirmək olar:

- Müasir, innovativ və demokratik idarəetmə modeli qurulur;

- Şəffaf və səmərəli dövlət qulluğu mexanizmi yaradılır;

- Dövlət qulluğunun təyinatı “xalqa xidmət” prinsipində ifadə olunur və bu xidmətin keyfiyyət göstəriciləri müəyyən olunur;

- Dövlət qulluqçusunun əsas vəzifəsi “peşəkar, nəzakətli, mədəni, çevik və şəffaf xidmət” göstərməkdən ibarət olur;

- Vəzifəli şəxslə vətəndaş arasındakı düşüncə tərzi, vəzifəli şəxslərin fəaliyyət üslubu dəyişir;

- Vətəndaş dövlət qulluqçularından dövlət xidmətlərinin sadəcə təqdim olunmasını deyil, həm də əlçatanlığını, rahatlığını və keyfiyyətini tələb etmək imkanına malik olur;

- Ölkədə ictimai-siyasi sabitlik və xalq-iqtidar birliyi təmin olunur;

- İctimai nəzarət, vətəndaş müraciəti ən yüksək səviyyədə dəstəklənir;

- İdarəetmədə sağlam rəqabət prinsipi tətbiq olunur, yəni, vətəndaşa məhz xidmətindən razı qaldığı quruma müraciət imkanı verilir;

- Dövlət orqanlarının işi vətəndaş məmnunluğunun səviyyəsi ilə qiymətləndirilir;

- Sosial proqramlar həyata keçirilir, əhalinin rifahının yüksəldilməsi üçün tədbirlər görülür, sosial infrastruktur yaradılır;

- Regionların sosial-iqtisadi inkişafı təmin olunur və s.

İndi isə Azərbaycan Respublikasında yürüdülən siyasət və aparılan islahatlar müstəvisində formalaşdırılan bugünkü dövlət qulluğu mexanizminin və idarəetmə modelinin mahiyyətinə nəzər salaq. İslahatların kökündə duran mahiyyət, yaradılan müasir idarəetmə modelinin təyinatı nədən ibarətdir?

Bildiyimiz kimi, idarəetmə dövlət qulluğu mexanizmi vasitəsilə həyata keçirilir. Dövlət qulluğu dövlətin məqsəd və funksiyalarını həyata keçirən mexanizmdir. Məhz buna görə də qanunvericilikdə dövlət qulluğuna Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsi kimi anlayış verilir. Dövlət qulluqçuları iqtisadi, sosial-mədəni və inzibati-siyasi sahələrdə idarəetməni həyata keçirir, dövlətçiliyin möhkəmləndirilməsi və cəmiyyətdə demokratiyaya və hüquqa əsaslanan islahatlar aparılması üçün fəaliyyət göstərirlər. Onlar cəmiyyətin inkişafı üçün zəruri olan əsasların yaradılmasını təmin edən sosial funksiyaları yerinə yetirirlər. Bu baxımdan onların fəaliyyətini peşəkarlıqla həyata keçirilən sosial fəaliyyət kimi də xarakterizə etmək olar. Səmərəli dövlət qulluğu mexanizmi sosial funksiyaların, dövlət xidmətlərinin peşəkarlıqla, şəffaflıqla, rahat və mədəni şəkildə təqdim olunması üçün dövlət qulluqçularının peşəkarlığının fasiləsiz artırılmasını da təmin edir. Bunun nəticəsində isə idarəetmə funksiyalarının ixtisaslaşdırılmış və inteqrasiya olunmuş formada peşəkar dövlət qulluqçuları tərəfindən həyata keçirilməsi təmin olunur.

Ölkə başçısının 13 iyul 2012-ci il tarixli fərmanı ilə “Asan xidmət” idarəetmə modelinin və bu model daxilində səmərəli dövlət qulluğunun standart və şərtlərinin formalaşdırılması vətəndaşla dövlət qulluqçusu arasındakı münasibətlərin inkişafı, vətəndaşlara dövlət xidmətlərinin asan şəkildə müyəssər olması, dövlət qulluğunun müsbət imicinin artırılması üçün mühüm əhəmiyyət kəsb edir. Ayrı-ayrı dövlət xidmətlərini vahid məkanda, əlaqələndirilmiş şəkildə təqdim edən “Asan xidmət”-in yaradılması ilə dövlət idarəetmə sistemində “rəqabət” prinsipinin tətbiqinə başlandı. İdarəetmədə sağlam rəqabət dövlət orqanları arasında fəaliyyətin səmərəsinin, əmək məhsuldarlığının, şəffaflığın və çevikliyin artırılması vasitəsilə vətəndaş məmnunluğunu ən yüksək səviyyədə təmin etməyə yönəldir. Belə ki, əgər eyni xidmətləri göstərmək hüququna bir neçə dövlət orqanı eyni zamanda malik olursa, aralarında sağlam rəqabət mühiti yaranır ki, bu da korrupsiya hallarının qarşısını almaqla yanaşı, onların fəaliyyətində çevikliyin, şəffaflığın təmin olunmasının təzahürü kimi vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsinə və büdcə vəsaitlərinə qənaət olunmasına zəmin yaradır.

Vəzifəli şəxslə vətəndaş arasındakı münasibətlərdə keyfiyyətcə yeni müstəviyə keçidin, dövlət orqanlarının yeni fəaliyyət üslubunu, səmərəli xidmətin standartlarını və prinsiplərini nəzərdə tutan milli idarəetmə modelində vətəndaş məmnunluğu xidməti fəaliyyətin əsas qiymətləndirmə mexanizmidir. Model dövlət qulluğunun peşəkarlıqla və yüksək şəxsi keyfiyyətlərlə, nəzakət və məsuliyyətlə həyata keçirilməsini nəzərdə tutur. Bu məqsədlə xidmətə gələn hər yeni əməkdaş üçün təlim krediti keçirilir və onun ilkin hazırlıqdan sonra il ərzində keçəcəyi kurslar müəyyənləşdirilir. Peşəkar, milli-mənəvi və korporativ dəyərlərə sadiq, sosial cəhətdən həssas, yaradıcı kadr potensialını formalaşdırmaq modelin kadrların inkişaf strategiyasının tərkib hissəsi olan təlim strategiyasının əsas məqsədlərindən biridir. Təlim tələbatlarının müəyyənləşdirilməsi üçün diaqnostik metodlar, anketlər, psixoloji testlər tətbiq olunur, səmərəli təlim modelinə və müasir təlim texnologiyalarına əsaslanan kursların keçirilməsi üçün illik proqramlar hazırlanır. Gənc kadrların peşəkarlığının və fərdi keyfiyyətlərinin inkişafını, idarəetmə və təhlil qabiliyyətlərini, xarici dil və İKT biliklərini və s. inkişaf etdirən, etik davranış qaydalarını, korporativ mədəniyyəti aşılayan təlimlər və kurslar keçirilir.

Dövlət xidmətlərinin şəffaf, asan, mədəni olmaqla yanaşı, həm də peşəkarcasına təqdim olunması ölkədə yürüdülən dövlət siyasətinin əhali tərəfindən daha da dəstəklənməsinə, xalqın dövlət qulluğunun işinə etimadının yüksəlməsinə səbəb olur. Çünki vətəndaşlar dövlətin dəstəyini, qayğısını və onlara “xidmət” etdiyini anlayırlar. Hakimiyyətin idarəetmə fəlsəfəsinə əsasən, dövlət qulluğunda olmaq dövlətin, xalqın, cəmiyyətin qulluğunda olmaqdır. Dövlət qulluğu dövlətçiliyinin inkişafı və mükəmməl vətəndaş cəmiyyətinin formalaşması ilə qırılmaz surətdə bağlıdır. Vətəndaş ona lazım olan xidmətləri alarkən məmnun qalırsa, dövlətin idarəetməsində iştirak edə bilirsə, sərbəst müraciət edə, ictimai nəzarəti həyata keçirə bilirsə, sosial proqramlar icra olunursa, rifah səviyyəsinin yüksəldilməsi, sosial infrastrukturun yaradılması üçün real işlər görülürsə təbiidir ki, ölkədə xalqla iqtidar birliyi hökm sürəcək. Bu cür birliyin olduğu ölkədə isə ictimai-siyasi sabitlik mövcud olacaq və dövlətçilik güclənəcək. Məhz bu səbəbdəndir ki, Azərbaycan Respublikasında ictimai-siyasi sabitlik, milli həmrəylik hökm sürür.

Sosial dövlətdə səmərəli idarəetmə yalnız mərkəzi səviyyədə aparılmır, regionların inkişafı da diqqət mərkəzində olur. Bu baxımdan respublikada 2004-cü ildən bu vaxta kimi regionların sosial-iqtisadi inkişafı üçün görülən işlər sosialyönümlü dövlətin siyasətinin bariz göstəricilərindəndir. Çünki icra olunan sosial proqramlar, çəkilmiş yollar, tikilən elektrik stansiyaları, məktəblər və xəstəxanalar regionlarda sosial infrastrukturun yaxşılaşdırılması ilə yanaşı, insanların rifah səviyyəsinin yüksəldilməsi üçün də əhəmiyyətlidir. İqtisadiyyatın inkişafı ölkənin əmək bazarında ixtisaslı işçi qüvvəsinə tələbat yaratdığından təhsilin ilk peşə-ixtisas sahələrinin inkişafı da prioritet məsələlərdən birinə çevrilmişdir. Ünvanlı sosial yardım, sosial mənzillər kimi mühüm sosial təşəbbüslər icra olunmaqla yanaşı, əmək qabiliyyətli gənclərin ələbaxımlıq meyillərinə yol verməmək üçün gənclərin işləyərək pul qazanmaq, maliyyə müstəqilliyinə, öz gələcəklərini qurmaq imkanına malik olması üçün də mühüm tədbirlər görülməkdədir. Yeni iş yerlərinin açılması ilə yanaşı, insan resurslarının şəxsi keyfiyyətlərinin və qabiliyyətlərin inkişaf etdirilməsinə xüsusi önəm verilir. Beləliklə, ölkədə yaradılan müasir idarəetmə modelinin təyinatı aşağıdakı prinsiplərdə ifadə olunur:

* Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanması, onların maraqlarının hər şeydən üstün olması;

* Şəffaf, demokratik, səmərəli və innovativ idarəetmə;

* Dövlət qulluğunun “xalqa xidmət” konsepsiyasında həyata keçirilməsi, dövlət qulluqçularının əsas vəzifəsinin insanlara xidmət etmək, onların problemlərini həll etmək, qayğı göstərmək kimi müəyyən olunması;

* Dövlət orqanlarının fəaliyyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsi;

* Vətəndaşla dövlət qulluqçusu, məmur arasındakı münasibətlərdə yeni düşüncə tərzinin formalaşdırılması;

* Dövlət qulluqçularının dövlət xidmətlərini daha keyfiyyətli, rahat və müasir innovasiyalarla təqdim etməsi;

* Dövlət qulluqçularının fəaliyyət üslubunun, vəzifəli şəxslə vətəndaş arasındakı düşüncə tərzinin dəyişməsi;

* Vətəndaş məmnunluğunun əsas qiymətləndirmə meyarı hesab olunması;

* Dövlət qulluqçularının peşəkarlığının müxtəlif təlim və kurslarla artırılması;

* Biznes mühitinin yaxşılaşdırılması üçün dövlət dəstəyinin göstərilməsi və s.

Qlobal inkişafın müasir meyilləri nəzərə alınmaqla aparılan kompleks islahatlar nəticəsində ölkədə inkişafın yüksək sürəti təmin edilməklə yanaşı, idarəetmə və dövlət qulluğu sahəsində də mühüm nailiyyətlər əldə olunmuşdur. Qürurverici haldır ki, ölkəmizin inkişaf strategiyasında dünyanın inkişaf meyilləri ilə yanaşı, milli məqsəd və mənafelər, milli ideologiya, demokratik prinsiplər əsas tutulur. Beləliklə, qeyd edə bilərik ki, dövlət idarəetməsinin sosialyönümlü olması dövlət siyasətinin hansı maraqların üzərində qurulduğundan və ölkənin inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirən prinsiplərdən asılıdır. Azərbaycanda yürüdülən dövlət siyasətinin mərkəzində vətəndaşın durması dövlət qulluğu konsepsiyasının və formalaşdırılan idarəetmə modelinin təyinatından da aydın olur. Bu modeldə xalqa xidmət, vətəndaşın maraqlarının, məmnunluğunun təmini, həmçinin sosial tələbatların ödənilməsi və sosial rifah halının yüksəldilməsi güclü və demokratik dövlətin gələcək inkişaf strategiyasını müəyyənləşdirən uğurlu siyasətin əsas prinsipləri kimi çıxış edir.

Nazənin HÜSEYNOVA,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti

Azərbaycan.- 2016.- 7 iyun.- S. 7.