Dünyanın ən yalançı prezidenti

Cənab İlham Əliyev Sarkisyanı tutarlı faktlarla ifşa etdi

 Aprel ayında təmas xəttində aparılan müharibə Azərbaycanın son illər faktiki dalana dirənmiş danışıqlar prosesindəki hərbi-siyasi, psixoloji üstünlüyünü təmin etdi. ATƏT-in Minsk qrupu həmsədrləri, habelə dünyanın əsas güc mərkəzləri münaqişə ilə bağlı səylərini gücləndirdilər.

Azərbaycan qısamüddətli hərbi əməliyyatlarda qazandığı zəfərlərlə münaqişənin həllini süni şəkildə uzatmaq yolu tutmuş qüvvələrə ciddi və sərt mesaj verdi: danışıqlar prosesi sonsuz və mənasız şəkildə uzadıla bilməz, Azərbaycan beynəlxalq hüquq normalarına söykənərək ən qısa müddətdə öz torpaqlarını azad, ərazi bütövlüyünüsuverenliyini təmin etmək əzmindədir. Ən əsası, Ermənistan havadarlarının hansı mövqe tutmasından asılı olmayaraq, Azərbaycan iqtidarı xalqının və qüdrətli ordusunun köməyi ilə bu addımı atmağa qadirdir!

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradə və qətiyyətini, habelə xalqımızın böyük dəstəyi olan Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızı azad etmək əzmini göstərərək daha bir sınaqdan üzüağ çıxdı. Təmas xəttində status-kvonun dəyişməsi bölgəni təsir dairəsinə daxil etmək üçün açıq yarışa çıxmış “supergüclər”in Ermənistana yönəlik siyasətlərində də dəyişiklik müşahidə olundu. Aprel zəfərindən sonra müxtəlif ölkələr və beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ərazi bütövlüyününsuverenliyinin dəstəklənməsi bunu bir daha sübut edir. Şübhəsiz, münaqişənin təminatlı həlli istənilən halda ABŞ, RusiyaFransaüçlüyünün qarşılıqlı güzəştindən əhəmiyyətli dərəcədə asılıdır. Rusiya son illər müəyyən fəallıq göstərərək belə bir şans əldə etməyə çalışsa da, son nəticədə özünün regiondakı “for-postunun üzərinə çox getmək istəmədi. Lakin son əməliyyatlara Moskvanın gözlənildiyindən nisbətən loyal mövqeyi Ermənistanda da ciddi narahatlıqla qarşılanır və tənqid olunur.

İşğal faktı ilə barışmayacağını hər zaman bəyan edən Azərbaycan danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. Son günlər bütün dünya da xalqımızın bu qətiyyətinin əyani şahidi oldu. Söhbət ondan gedir ki, Ermənistan və Azərbaycan arasında 1994-cü il mayın 12-də atəşkəs rejiminin tətbiqini nəzərdə tutan Bişkək müqaviləsinin imzalanmasından 22 il ötsə də, Yerevanın qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən beynəlxalq birliyin münaqişəni dinc yolla tənzimləmək cəhdləri fayda verməyib. Ötən illərdə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan üzücü və gərgin danışıqlar prosesi bir neçə dəfə problemin real həll müstəvisinə yönəlsə də, Ermənistan rəhbərliyinin aşkar siyasi cığallığı və qətiyyətsizliyi üzündən sülhə gəlmək mümkün olmayıb. Ermənistan prezidenti S.Sarkisyan rejimi hakimiyyətinin ömrünü uzatmaq üçün bütün mümkün variantlardan istifadə etməklə yenə də ənənəvi ampluasında qalır və yalançı vədlər verməklə məşğuldur. Hər bir çıxışında daban-dabana zidd bəyanatlar verməklə özünü gülüş hədəfinə çevirir. Ermənistan prezidenti aprel ayında təmas xəttində baş verən əməliyyatlarla bağlı da yalan məlumatlar verməklə ictimaiyyətin diqqətini yayındırmağa çalışır. Ermənistan xalqı artıq S.Sarkisyanın əsl simasını görürdünyada da ən yalançı prezident kimi tanınan bu siyasi buqələmuna etiraz əlaməti olaraq küçələrə çıxırlar.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimində bildirib: “Çox təəccüblüdür, Ermənistan rəhbərliyi bu situasiyada da çalışır ki, öz xalqını, dünya ictimaiyyətini aldatsın. Bu gün bu, mümkün deyil. İndi isə nəticə etibarilə özünü belə gülünc vəziyyətə qoyub. Gah deyirdilər ki, onlar heç bir torpaq itirməyiblər. Gah deyirdilər ki, əksinə, onlar Azərbaycan torpaqlarını zəbt ediblər. Gah deyirdilər ki, onlar qələbə qazanıblar. Sonra deyirdilər ki, torpaqları itiriblər. Sonra deyirdilər ki, bu torpaqların əhəmiyyəti yoxdur. Daha sonra deyirlər ki, əhəmiyyəti var, Azərbaycan o torpaqları qaytarsın. Əgər əhəmiyyəti yoxdursa, Azərbaycan bunu nəyə görə qaytarmalıdır?! Yəni, özlərini tamamilə itiriblər, özlərini belə gülünc ifadələrlə ifşa ediblər.

Bunun son nümunəsini Ermənistan prezidenti bu yaxınlarda Avrasiya İqtisadi İttifaqının zirvə görüşündə ifadə edib. Onun sözləri təxminən bundan ibarət idi ki, Azərbaycan apreldə bu əməlləri edib, “Dağlıq Qarabağ ordusu” vəziyyəti nəzarətə alıb və Azərbaycan Rusiyadan xahiş edib ki, döyüşlər dayandırılsın. Bax, bu cümlədə bu adam dörd dəfə yalan danışıb. Birincisi, aprel döyüşlərini törədən Ermənistandır. Nəyə görə? Mən artıq bunu demişəm və qısaca olaraq, bir daha qeyd etmək istəyirəm ki, çünki Ermənistan sülh istəmir. Onlara təzyiq artırılır, məsələ sülh yolu ilə həll olunsun, bəyanatlar səslənir ki, status-kvo dəyişməlidir, - status-kvonun dəyişməsi isə işğalçı qoşunların torpaqlardan çıxarılması deməkdir, - təxribatlara əl atır”.

Hər bir münaqişə son nəticədə danışıqlar masası arxasında, sülh yolu ilə həllini tapmalıdır. Ancaq heç bir danışıq prosesi müddətsiz, nəticəsiz ola bilməz. Hər bir danışıqlar prosesində qarşılıqlı güzəştlər də beynəlxalq hüquqla müəyyən olunur. Əminliklə demək olar ki, Azərbaycan dövləti beynəlxalq hüquq normalarına uyğun işğal altında olan torpaqlarını ən qısa zamanda azad edəcək.

Elnur HACALIYEV,

Azərbaycan.- 2016.- 8 iyun.- S. 3.