Qobustan rayonu iqtisadi inkişafın yeni mərhələsindədir

Qobustan rayonunda ilin yanvar-mart  aylarında rayon üzrə  25 milyon 921,7 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib ki, onun da 30,8 faizi istehsal sahələrinin payına düşür.

Bu dövrdə sənaye məhsullarının həcmi və göstərilmiş xidmətlər ümumi məhsul istehsalının 1,6,  kənd təsərrüfatı 30,8, tikinti və nəqliyyat sektorlarının hər biri 1,7, poçt    rabitə xidmətləri 0,3, ticarət və ictimai iaşə 63,9 faizini təşkil edib. Ümumilikdə ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 12,4 faiz artıb.

Rayonda həm suvarılan, həm də dəmyə əkin sahələri var. Taxılçılıq, üzümçülük, meyvə-giləmeyvə, tərəvəzçilik, kartofçuluq, bostançılıq daha çox inkişaf edən  sahələrdir. Bundan başqa, Qobustanda sənaye də inkişaf edir. Bu sektor üzrə sözügedən dövrdə 1 milyon 340 min manatlıqdan çox məhsul istehsal edilib. Ümumi istehsalın 17,6 faizi qeyri-dövlət, 82,4 faizi dövlət müəssisələrinin payına düşüb.

Rayon üzrə 2015-ci ildə əsas kapitala bütün mənbələrdən 39 milyon manatdan çox investisiya qoyulub ki, bu da əvvəlki ilə nisbətdə 15,7 faiz çoxdur. Keçən il 2014-cü illə müqayisədə tikinti-quraşdırma işlərinə 34 milyon 166,4 min manat (20 faiz çox) sərf edilib. Bunun əsas səbəbi Qobustanda irimiqyaslı tikinti-abadlıq işlərinin sürətləndirilməsi olub. Hazırda rayon mərkəzi xəstəxanası üçün yeni binanın tikintisinə başlanıb. Kəndlərdə məktəb binalarının tikintisi isə başa çatıb.

Kənd təsərrüfatında görülən işlərə gəldikdə, bu ilin məhsulu üçün 24 min 625 hektar sahədə payızlıq  taxıl əkilib. Onun 14 min 383 hektarı buğda, 10 min 242 hektarı arpadır. Bundan başqa, 103 hektar sahədə kartof, 64,5 hektarda tərəvəz, 3 hektarda bostan, 78,5 hektarda noxud, 22 hektarda yonca, 20 hektarda yazlıq arpa əkilib.

Rayonda nəqliyyat xidmətinin də həcmi artır. Belə ki, 2015-ci ildə bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 1 milyon 758,8 min manatlıq müxtəlif xidmətlər göstəriblər ki, bu da əvvəlki ilin göstəricisindən 6,6 faiz çoxdur. Göstərilmiş nəqliyyat xidmətlərindən 964,7 min manatlığı sərnişin, 794,1 min manatlığı yük daşınmasının payına düşüb. Ötən il rabitə müəssisələri tərəfindən 252,7 min manatlıq xidmət göstərilib və bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 9 faiz çoxdur. Göstərilən rabitə xidmətlərinin 73,7 faizi əhalinin, 26,3 faizi müəssisələrin payına düşür.

Qobustanda 2015-ci ildə yeni ticarət obyektlərinin istifadəyə verilməsi, eyni zamanda pərakəndə ticarətin və iaşə müəssisələrinin inkişafı sayəsində əhaliyə satılan istehlak mallarının real həcmi 2014-cü ilə nisbətən 5,2 faiz artıb. İstehlak mallarının 18,1 faizi hüquqi, 81,9 faizi fiziki şəxslərin ticarət şəbəkələrində satılıb. Pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində dövlət müəssisələrinin payı cəmi 0,1 faiz təşkil edib. Həmin dövrdə əhaliyə göstərilən məişət xidmətlərinin həcmi də artaraq 5,1 faizə çatıb.

 

Şəhriyar QAYIBOV,    

Qobustan Rayon Statistika İdarəsinin rəisi

Azərbaycan.- 2016.- 8 iyun.- S. 5.