Kənd turizmi: daha sərfəli, daha keyfiyyətli

Gədəbəydə turizmin bu istiqamətinin inkişafı üçün geniş imkanlar var

 “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” ölkəmizdə bu gəlirli sahənin inkişaf etdirilməsi üçün yeni imkanlar açdı. Dövlət proqramına əsasən turizm infrastrukturu yüksək tələblər səviyyəsində quruldu, daxilixarici investisiyalar bu sahəyə cəlb edildi, turizm sektorunun təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsi beynəlxalq standartlara uyğunlaşdırıldı.

Söz yox ki, turizmin inkişafı iqtisadiyyatın güclənməsi, əhalinin gəlirlərinin artması, ən əsası regionların sosial-iqtisadi inkişafı deməkdir. Bu baxımdan flora və faunası zəngin olan Azərbaycanın bölgələri kənd turizmi üçün geniş imkanlar açır. Belə bölgələrdən biri Gədəbəy rayonudur. Əlverişli coğrafi mövqeyi, gözəl təbiəti, zəngin heyvanat aləmi, mədəni-tarixi irsi, özünəməxsus mətbəxi, eləcə də yüksək qonaqpərvərliyi ilə seçilən Gədəbəy əvvəllər olduğu kimi, indiyerlixarici turistlərin maraq dairəsindədir. İndi birmənalı demək olar ki, rayonun hər yerində, həmçinin ucqar dağ kəndlərində infrastrukturun yenilənməsi kənd turizminin inkişafı üçün zəmin yaratmışdır.

Kənd turizmi on illərlə mövcud olsa da, bu gün onun müasir standartlara uyğunlaşdırılması qarşıya mühüm vəzifələr qoyur. Yaşayış məntəqələrinin dağətəyi ərazilərdə yerləşməsi Gədəbəydə bu sahənin inkişafını önə çəkir. Dolanışıqları əsasən əkinçilikdən və heyvandarlıqdan çıxan rayon sakinləri əlavə gəlir mənbəyi kimi turizmin inkişafına da böyük əhəmiyyət verirlər. Təbii kənd evlərində yaşayıb istirahət etmək, şəhər mühitindən uzaqlaşmaq, ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə qidalanmaq qonaqların da az əhəmiyyət vermədiyi istirahət növüdür. Təmiz dağ havası, buz bulaqlar, meşələr, hündür dağ zirvələri, şəlalə və gur axan çaylar, eləcə də mineral bulaqlar kənddə dincəlib istirahət edən hər kəsdə xoş ovqat oyadır. Turistlərin kəndlərə üstünlük verməsinin bir səbəbi də şəhərlərdə hotel və mehmanxanaların çox baha olmasıdır. Ancaq kəndlərdə qiymətlər olduqca münasibdir - bir günə 10-30 manat turistlər üçün çox sərfəlidir.

Gədəbəy həm də milli-mənəvi dəyərləri, tarixi abidələri ilə zəngin olan turist məkanlarındandır. Qonaqlar xüsusi marşrutlarla bu abidələrə səyahətlər edir, rayonun tarixi haqqında məlumat toplayırlar. Rayon digər bir özəlliyə də sahibdir: bu, zəngin tarixi və heyrətdoğurucu təbiət abidələri ilə bağlıdır. Rayon mərkəzinə yaxın “Qız qalası”nı, Söyüdlü kəndindəki Mahrasa məbədini, Böyük Qaramurad kəndindəki məbədi, Gədəbəy şəhərindəki kilsəni, Əyrivəng kəndindəki Vəng abidəsini, Çanaqçı ərazisindəki kilsəni və məbədi, Qaraməmmədli, Novoivanovka, Çaldaş, Kilsəli kəndlərindəki məbədləri misal göstərmək olar.

Bir çox tarixi məqamları özündə yaşadan rayon albanalman tarixi izlərinin də qovuşduğu məkandır. Rayona gələn turistlər içərisində çoxluq təşkil edən almanlar 1864-1914-cü illərdə Gədəbəydə fəaliyyət göstərmiş Simens qardaşları şirkətinə məxsus olan mis mədənlərinə, misəritmə zavodlarına, elektrik stansiyalarının qalıqlarına böyük maraqla baxır, onları qoruyub saxlayan Azərbaycan xalqına minnətdarlıq edirlər.

Azərbaycanın digər bölgələri kimi, Gədəbəy rayonu da sürətlə inkişaf edir. İnsanların maddi vəziyyəti yüksəldikcə onların mənzil-məişət problemləri də həll olunur. İndi hansı kəndə getsən, ikimərtəbəli evlərlə rastlaşar, infrastrukturun tamamilə yenidən qurulduğunun şahidi olarsan. Təbiətin füsunkar qoynunda yerləşən bu kəndlərə yeni yollar, təbii qaz çəkilmiş, onlar fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşlar.

Slavyanka kəndinin sakini Azad İsmayılov neçə illərdir ki, evində turistləri qəbul edir. Eyni vaxtda 10 nəfər turistin qalması üçün üç otaq ayıraraq burada hər cür şərait yaradıb. Səliqə-sahmana söz ola bilməz. Hər il turizm mövsümü başlamazdan əvvəl həmin otaqları təmir etdirir. Səhər yeməyində bal, süd, yumurta, çay və təndir çörəyi verir. Əgər turistlər milli mətbəximizin yeməklərindən dadmaq istəyirlərsə, xanımlar onların istəyinə uyğun xörəklər də hazırlayırlar. Azad İsmayılov deyir ki, bu xörəklərin qiymətləri həmin ərazidəki istirahət mərkəzlərindən 3-4 dəfə ucuzdur. Yeri gələndə turistlərin piyada, yaxud da atla gəzintilərinə də kömək göstərən ev yiyəsi qonaqları kənd ərazisindəki tarixi eramızdan əvvələ gedib çıxan kurqanlarla tanış edir.

Novosaratovka kəndində yaşayan Nikolay Bıçkov isə deyir ki, hər il evində onlarca turist saxlayır. Evi səliqə-sahmanlı olduğundan xarici turistlər də qonağı olur. Əslində, onun üçün turistin xariciyerli olması o qədər də fərq etmir. Hamısına eyni gözlə baxan Nikolay həyətində muzey də yaradıb. Deyir ki, əsas vəzifəsi qonaqpərvərliyini göstərməkdir.

Slavyanka kəndinin digər sakini Zahid Rüstəmovun qənaətinə görə, turistləri ən çox maraqlandıran təbiətə daha yaxın olmaq istəyidir. Onlar qaldıqları müddətdə əsl kənd həyatını yaşamaqla yanaşı, göstərilən xidmətin də yüksək olmasını istəyirlər.

Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Ramiz Məmmədov kənd turizminin inkişaf etdirilməsi ilə bağlı görülən işlər barədə dedi ki, Gədəbəydə dincəlmək istəyən bütün turistlər qeydiyyata alınır və onlar üçün yaradılan şəraitin, göstərilən xidmətlərin səviyyəsi diqqət mərkəzində saxlanılır: “Yeri gələndə xarici turistlər üçün tərcüməçilər, eləcə də turist marşrutları üçün bələdçilər ayrılır. Hətta onlar rayon mərkəzində keçirilən kütləvi tədbirlərə də cəlb edilirlər. Gedəndə isə rayon haqqında, onlara göstərilən xidmətin səviyyəsi barədə fikirləri öyrənilir. Söz yox ki, bütün bunlar kənd turizminin inkişafına imkan yaradır”.

Şöbə müdiri onu da əlavə etdi ki, hər il mövsümlə əlaqədar turist qəbul edəcək ev sahibləri arasında maarifləndirici söhbətlər aparılır, onların məsuliyyətləri bir daha nəzərlərinə çatdırılır. Lakin kənd turizmi ilə məşğul olan insanları bir məsələ narahat edir. O da fəaliyyət dairələrini genişləndirmək üçün maddi sıxıntı çəkmələridir. Şöbə müdirinin sözlərinə görə, həmin ev sahibləri güzəştli kreditlə təmin edilsələr, bu sahədə daha böyük uğurlara nail olmaq mümkündür.

Hazırda Gədəbəydə çox sayda istirahət mərkəzləri fəaliyyət göstərir. Hər il müasir tələblərə cavab verən “Eldoradoda, “Aşağı Narzanda, “Şırxan” istirahət və əyləncə mərkəzində, eləcə də digər istirahət məkanlarında yüzlərlə yerlixarici turist dincəlir. Qonaqlar daha çox əlverişli olduğu üçün kəndlərə üz tuturlar. Lakin kəndlərdəki bugünkü imkan tələbatı tam ödəmir. Odur ki, kənd turizminin inkişaf etdirilməsi üçün müvafiq orqanlar məqsədyönlü tədbirlər həyata keçirməlidirlər.

Sabir ƏLİYEV,

Azərbaycan.- 2016.- 8 iyun.- S. 2;8.