Azərbaycan
biz rusların da doğma yurdudur
Azərbaycanın ətirli güllərlə, göz
oxşayan meyvə bağları ilə, sünbülündən
ovuc dolan bərəkətli taxıl zəmiləri ilə əhatə
olunmuş cənnətməkan bir guşəsində -
Muğanın axar-baxarlı Privolnoye kəndində (Cəlilabad
rayonu) dünyaya göz açmışam. Valideynlərim
də, ulu babalarım da bu torpaqda doğulmuşlar və bu
torpağın qoynunda uyuyurlar. Babalarımız 200 il əvvəl buraya Rusiyadan
köçürülmüşlər.
İndiki nəsil bir vaxt babalarının Azərbaycana
sürgün edilməsini qəzavü- qədər saysa da, bu
gözəl, tolerant diyarda doğulmasını,
böyüyüb boya-başa çatmasını, azərbaycanlılarla
bir ailə kimi qaynayıb-qarışmasını tale töhfəsi
kimi dəyərləndirir. Biz - Muğan rusları
Allahımızdan, bizlərə öz doğma balası kimi
qucaq açan müstəqil Azərbaycan dövlətindən,
mərd, qonaqpərvər Azərbaycan xalqından hədsiz dərəcədə
razıyıq. Bəlkə də xatırlamaq
heç yerinə düşməz, amma həqiqət naminə
deməliyəm ki, 1990-cı illərin əvvəllərində
araqarışdıranlar, xüsusən də burada qulluq edən
sovet ordusunun zabitləri bizdə qorxu, xof yaradıb, bu yerlərdən
köçməyə təhrik edirdilər. O vaxtlar
köçüb gedənlər də oldu. Müharibə,
işsizlik təsirsiz qalmadı. Ulu öndər
Heydər Əliyev xalqın çağırışı ilə
siyasi hakimiyyətə gələndən sonra hər şey
yenidən qaydaya düşdü.
O vaxtdan
qayğısız, rahat, firavan yaşayırıq. Rayon mərkəzindən 21 kilometr cənubda, dağ
ətəyində, kiçik bir çayın sahilində yerləşən
Privolnoye (bu sözün tərcümədə mənası
“geniş, açıq, sərbəst, firavan yer” anlamına gəlir)
kəndində yaşayan ruslar özlərinin əzəli vətənlərindən
çox-çox uzaq müsəlman əyalətində məhz
istədikləri kimi yaşamaq imkanı qazanıblar. Bu
xeyir-bərəkətli diyarda, ağsaqqal sözünə,
ağbirçək öyüdünə böyük önəm
verildiyi, dinindən, etiqadından asılı olmayaraq Allah bəndəsinə,
Uca Tanrının yaratdığı insana xətir-hörmət
bəslənildiyi bu mehriban diyarda kimsə bizə güldən
ağır bir söz deməyib. Biz yerli əhali ilə can
deyib, can eşitmişik,
qaynayıb-qarışmışıq. Zaman-zaman
qohumluq əlaqələrimiz yaranıb. Burada
yaşayan əhalinin üz-gözü bir-birinə elə
alışıb ki, elə qonşuluq münasibətləri
qurulub ki, ayrı-seçkilikdən söz belə gedə bilməz.
Biz milli bayramlarımızı da, demək olar ki, bir yerdə
keçiririk.
Pasxa bayramında kulis (yağlı kökə),
Maslenitsa (Pəhriz) bayramında isə blin (fəsəli)
bişirir, bir yerə toplaşıb şənlənirik.
Azərbaycanlı qonşularımıza bayram
sovqatı göndəririk. Bu təntənələri
Novruz bayramında da yaşayırıq, onu azərbaycanlılarla
birgə keçiririk, sevincimizi bölüşürük.
Biz, yerli ruslar ata-babalarımızın ənənələrinə
sadiq qalaraq Novruz bayramı, axırıncı çərşənbə
günləri azərbaycanlılar kimi həyətdə tonqal
qalayır, “ağırlığım-uğurluğum burda
qalsın” deyə odun üstündən atılır, səməni
göyərdir, bayram aşı
bişiririk. Bir də görürsən ki,
axır çərşənbə axşamları azərbaycanlı
uşaqlar rus qonşularının evlərinə papaq atıb
hədiyyə alırlar. Bu uşaqların
çoxu mənim öz balalarım, rəhbəri olduğum
“Günəş” uşaq bağçasının yetirmələridir.
Yeri gəlmişkən qeyd etmək istəyirəm
ki, bizim “Günəş” uşaq bağçasında azərbaycanlı
və rus millətindən olan 60-a yaxın uşaq tərbiyə
alır. 1980-ci ildən bu bağçaya rəhbərlik
edirəm. Uşaqların təlim-tərbiyəsi
ilə ixtisaslı pedaqoqlar məşğul olur. Mən özüm Bakı Slavyan Universitetinin məzunuyam.
Bu ali təhsil ocağının rus dili və
ədəbiyyatı fakültəsini bitirmişəm. Tələbə yoldaşlarımın çoxu azərbaycanlılardır.
Mehriban bir ailənin üzvləri kimi bir-birimizə
hayan idik. Azərbaycanlı tələbə
yoldaşlarım məni öz doğma bacıları qədər
əzizləyirdilər. Aradan xeyli vaxt
ötsə də, keçmiş tələbə
yoldaşlarımla əlaqəni kəsməmişəm.
Onların bir çoxu ilə əlaqə
saxlayıram. Yaxşılıq, insanpərvərlik
gördüyüm o Azərbaycan övladlarını necə
unuda bilərəm?! Gənclik dostlarım
tolerant, beynəlmiləlçi Azərbaycan xalqının ən
gözəl insani dəyərlərinin
daşıyıcılarıdır.
Azərbaycan xalqından öyrənib əxz etdiyim mənəvi
keyfiyyətləri, xüsusən tolerant xüsusiyyətləri
rəhbərlik etdiyim bağçada rus, azərbaycanlı
uşaqlarına təlqin etməyə
çalışmışam. Xoşbəxtəm ki,
pedaqoji kollektivimizin zəhməti hədər getməyib.
Beynəlmiləlçilik ruhunda tərbiyə
etdiyimiz məzunlarımızın xoş sorağı ürəyimizi
qürurlandırır. Onlar öz xeyirxah əməlləri
ilə bir vaxt təlim-tərbiyə aldıqları
bağçamızın adını yüksəklərə
qaldırırlar. Heç uzağa getmək
istəmirəm, mənim öz övladlarım,
bağçamızın məzunları olan oğlum Oleq,
qızlarım Natalya, Olqa fəaliyyət göstərdikləri
əmək kollektivlərində xeyirxahlıq gördükləri
Azərbaycanı ləyaqətlə təmsil edirlər.
Oleq mühəndisdir, Moskvada yaşayır, Olqa Stavropolda
müəllimlik edir, Natalya isə ixtisasca texnoloqdur, Krasnodarda
yaşayır.
Onlar özlərini azərbaycanlı hesab edirlər.
Suyu, havası, duz-çörəyilə
böyüyüb boya-başa çatdıqları Azərbaycanı
heç vaxt unutmurlar. Yaşadıqları
ərazilərdə fəaliyyət göstərən Azərbaycan
təşkilatları ilə sıx əlaqə saxlayır,
onların tədbirlərində fəal iştirak edirlər.
Mənfur qonşularımız tərəfindən
vətənimizin 20 faizdən çox ərazisinin
işğal edildiyini dilə gətirir,
torpaqlarımızın azad ediləcəyi günü
gözləyirlər.
Xalqların, mədəniyyətlərin bir-birinə
yaxınlaşıb qovuşmasında musiqinin, rəqsin,
folklorun təsir imkanları böyükdür. Rəhbərlik etdiyim
“Ruçeyek” rus folklor ansamblı həm rus, həm də Azərbaycanın
milli bayramlarında maraqlı konsert proqramları ilə, məzəli,
yumorlu “çastuşka”larla zəhmətkeşlər, məktəblilər
qarşısında çıxış edərək
onların əziz günlərini təbrik edir,
tamaşaçılara xoş ovqat bəxş edir. Ansamblımızın oxuduğu nəğmələrdə
dostluq, qardaşlıq, mehriban qonşuluq hissləri, müstəqil
dövlətimizə, hökumətimizə, möhtərəm
Prezident İlham Əliyevə dərin minnətdarlıq
duyğuları ifadə olunur. Kollektivimiz
1987-ci ildə ulu öndər Heydər Əliyevin diqqət və
qayğısı sayəsində Moskvada keçirilən
Ümumittifaq xalq yaradıcılığı
festivalının laureatı olmuş, 1993-cü ildə dahi rəhbərimizin
andiçmə mərasimində çıxış
etmişdir. Ulu öndərin şəninə
qoşduğumuz “çastuşka”lar o zaman
televiziya vasitəsilə bütün dünyaya
yayımlandı. Heç vaxt unutmaram, andiçmə mərasimində
verilən konsertdən sonra ulu öndər Heydər Əliyev
səhnə arxasına gəlib uğurlu
çıxışı münasibətilə
ansamblımızın üzvlərini təbrik etdi,
hamımıza yaradıcılıq uğurları arzuladı,
gələcəkdə proqramımızı daha da zənginləşdirməklə
bağlı kollektivin rəhbəri kimi mənə bir sıra
dəyərli tövsiyələr verdi. Çox keçmədi
ki, ulu öndərin xeyir-duası ilə mən “Əməkdar
mədəniyyət işçisi” fəxri adına
layiq görüldüm. O böyük insan bizi heç vaxt
unutmurdu. Hər dəfə Cəlilabad rayonuna gələndə
vaxt tapıb rus icmasının nümayəndələri ilə
görüşərdi. Bu görüşlərin birində
ulu öndərə dedim: “Heydər Əliyeviç, mənim
atam yoxdur, Siz mənə ata əvəzi olmusunuz...”
Azərbaycan
xalqının ümummilli lideri, xatirəsini həmişə
əziz tutduğumuz ulu öndər Heydər Əliyev təkcə
mənə yox, ümumilikdə bütün privolnoyelilərə,
həm də respublikamızda yaşayan azsaylı xalqların
nümayəndələrinə: rus, yəhudi, talış, ləzgi,
tat və digər icmaların təmsilçilərinə həmişə
atalıq qayğısı göstərib, Azərbaycanda
multikultural dəyərlərin tərəqqisinə
yaxından kömək edib. Dərin iftixar hissi
ilə qeyd etmək istəyirəm ki, bu mütərəqqi ənənə
bu gün Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı möhtərəm Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Mənim rəhbərlik etdiyim rus icmasına - 100 nəfərdən
çox üzvü olan bu qurumun təşkilatlanmasına, səmərəli
fəaliyyətinə göstərilən diqqət və
qayğı buna canlı misaldır. İcmanın
irəli sürdüyü məsələlərə,
qaldırdığı təşəbbüslərə rayon
rəhbərliyi həmişə isti münasibət bəsləyir,
yaxından dəstək verir. Kəndimizdən xeyli
aralı olan Livit su mənbəyinin 3 kilometr boru xətti təzələnib,
nasoslar dəyişdirilib, 1 saylı orta məktəbin dam
örtüyü yenisi ilə əvəzlənib, 2 saylı məktəb
təmir edilib. Kənd bütünlüklə
sayğaclaşdırılıb, elektrik enerjisi daimidir. Rus icmasının üzvləri bu işlərin
görülməsində yaxından kömək ediblər.
Yeri gəlmişkən qeyd etmək istəyirəm
ki, icmamızın bütün üzvləri daimi işlə
təmin olunmuşlar. Kəndimizdə 4 min
900 nəfər əhali yaşayır. Onlar
əsasən, əkinçilik və heyvandarlıqla məşğul
olurlar. Keçən il fermerlərimiz
becərdikləri əkin sahələrindən bol taxıl,
kartof, üzüm, tərəvəz, bostan məhsulları
götürmüşlər. Bu il torpaq
mülkiyyətçilərimiz daha çox məhsul əldə
edəcəklər. Son on ildə
yaşayış məntəqələrimizin siması xeyli dəyişmişdir.
Cəlilabadın rayon mərkəzinin
görünüşü füsunkar Avropa
memarlığını xatırladır. 20-35 il bundan əvvəl xarici ölkələrə
yaşamağa getmiş rusdilli soydaşlarımız indi
qayıdıb vətənə gələrkən
gördüklərinə heyran olurlar. Keçmiş
şagirdlərimdən biri polkovnikdir, hərbçidir,
Rusiyada yaşayır. Hər il gəlib
bizi yad edir, rayonumuzda gördüklərini möcüzə
hesab edir, deyir, bura elə Avropa kimi bir yerdir. O öz doğma vətəninə
- Privolnoye kəndinə qayıdıb gəlmək istəyir.
Deyir ki, doğulduğum Azərbaycan kimi yer,
qonaqpərvər diyar heç harda yoxdur. Burada
din, təhsil və mədəniyyətlə bağlı
heç bir problem yaşanmır.
Azərbaycanın sürətli tərəqqisi, Cənubi
Qafqazda güclü dövlət kimi tanınması ulu öndər
Heydər Əliyevin uzaqgörən müdrük siyasətinin
bəhrəsidir. Möhtərəm Prezident İlham
Əliyev bu siyasəti uğurla davam etdirərək Azərbaycanı
regionun iqtisadi mərkəzinə, beynəlxalq münasibətlər
sisteminin mühüm faktoruna çevirmişdir. Qürur doğurası haldır ki, Azərbaycan
dünyada sivilizasiyaların dialoq mərkəzi kimi
tanınır. Ölkəmiz dini və
milli tolerantlıq baxımından bölgə dövlətləri
arasında liderlik edir. Azərbaycanın multikultural dəyərlərə
verdiyi qiymətdən söz açarkən Heydər
Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın bu sahədəki
çoxşaxəli fəaliyyəti, ölkə xaricində
belə fərqli dini inanclara mənsub müqəddəs məkanların,
tarixi abidələrin qorunması istiqamətində
gördüyü işlər göz önündə
dayanır.
Vətən torpağımızın 20 faizi
işğal altındadır. Suyunu içdiyimiz,
çörəyini yediyimiz vətənimizin bu ağrı-acısı
azərbaycanlı bacı-qardaşlarımız kimi, biz Azərbaycan
ruslarını da üzür. Özümüzü
azərbaycanlılardan ayrı təsəvvür etmirik. Biz rus icmasının üzvləri olaraq bədnam
qonşularımızın işğalçılıq siyasətini
pisləyirik. Və onlardan dərhal
torpaqlarımızdan rədd olub getmələrini tələb
edirik. Mən hələ 27 il bundan
öncə icma rəhbəri, “Sodrujestvo” cəmiyyətinin
üzvü kimi Azərbaycan nümayəndə heyətinin tərkibində
Moskvaya gedərkən Rusiya xalq deputatları sovetinin I
qurultayında bədnam erməni işğalı ilə əlaqədar
öz vətəndaş mövqeyimi ortaya qoymuşam. Həmin missiyanın tərkibində Dağlıq
Qarabağ hadisələri haqqında əsl həqiqəti
qurultay nümayəndələrinə
çatdırmışam. Erməni
işğalçılarının bu il
aprelin 2-dən başlayaraq törətdikləri təxribat
icmamız tərəfindən qətiyyətlə pislənilmişdir.
Şəhidlərimizə Allahdan rəhmət
diləyirik. Dövlət
başçımıza qəbul etdiyimiz müraciətdə
səbrimizin tükəndiyini qeyd etmiş, Dağlıq
Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
olunmasını istədiyimizi bildirmişik. Bu bildiriş bizim rus icmasının ürəyinin
hökmünün ifadəsidir. Biz bu
torpağın övladı kimi vətənimizin ərazi
bütövlüyünə əl qaldıranlara “Çəkilin,
rədd olun bu torpaqdan!” deyirik. Azərbaycan torpağı
üstündə doğulub boya-başa çatan biz
privolnoyelilər heç cür razı ola
bilmərik ki, müqəddəs torpaqlarımız bədnam
daşnakların ayaqları altında inildəsin.
Məlum
olduğu kimi, 2016-cı il Prezident İlham
Əliyev tərəfindən “Multikulturalizm ili” elan
olunmuşdur. Biz bu ideyanı, nəcib
çağırışı ürəkdən bəyənir,
alqışlayırıq. Multikultural dəyərlərə
böyük hörmətlə yanaşan Azərbaycanın
tolerantlıq modeli dünya üçün bir nümunədir.
Rus icması olaraq “Multikulturalizm ili” çərçivəsində
bu dəyərli nümunənin təbliği istiqamətində
rayonumuzun əlaqədar təşkilatları ilə birlikdə
qəbul etdiyimiz tədbirlər planını uğurla həyata
keçiririk. Bu yaxınlarda bizim
“Ruçeyek” rus folklor ansamblı Lənkəran ictimaiyyəti
qarşısında “Azərbaycan - mənim doğma vətənim”
mövzusunda maraqlı konsert proqramı ilə
çıxış etmiş, şəhərin
ayrı-ayrı kollektivlərində görüşlər
keçirmişdir.
Elə bu günlərdə Privolnoye kənd mədəniyyət evində bizim icmanın təşəbbüsü ilə tolerantlıq mövzusunda “dəyirmi masa” keçirilmiş, bu tədbir kənd sakinlərinə dərin təsir bağışlamışdır. Ölkəmizdə hər zaman dini, irqi, etnik dözümlülük olduğunu, əsrlər boyu müxtəlif dinlərə və millətlərə mənsub olan insanlara tolerant münasibət bəslənildiyini diqqətə çatdıran “dəyirmi masa” iştirakçıları bu faktın müstəqil Azərbaycan dövlətinin Konstitusiyasında da öz əksini tapmasından qürur duyduqlarını dilə gətirmiş, dövlətimizə, Prezidentimizə minnətdarlıqlarını bildirmişlər. Rus icmasından olan natiqlərimiz dərin iftixar hissi ilə belə bir fikri vurğulamışlar ki, kim Azərbaycanda tolerantlığın həyat tərzinə çevrildiyini görmək istəyirsə, buyurub bizim Privolnoye kəndinə gəlsin. Tolerantlığın Privolnoye modeli Azərbaycan xalqının ürəyinin böyüklüyünün əyani ifadəsidir. Biz, rus icmasının nümayəndələri fəxr edirik ki, belə bir humanist xalqla bir ailədə yaşayırıq. Biz qürur duyuruq ki, geniş ürəkli, halal duz-çörəkli Azərbaycan bizim doğma vətənimizdir!
Lübov
DANİLOVA,
Cəlilabad
rayonundakı Privolnoye kəndi “Günəş “ uşaq
bağçasının müdiri, rus icmasının sədri,
əməkdar mədəniyyət işçisi
Mədəniyyət.- 2016.- 9 iyun.-
S. 9.