Berlində
Azərbaycan-Almaniya İqtisadi Forumu keçirilib
Xəbər verdiyimiz kimi, iyunun 7-də Berlində,
Almaniyanın İqtisadiyyat və Enerji Nazirliyində Azərbaycan-Almaniya
İqtisadi Forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Forumun açılışında iştirak edib.
Almaniya
Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji
naziri Ziqmar QABRİEL Azərbaycan Prezidenti İlham Əliyevi
salamladı və bu Forumun keçirilməsindən məmnun
olduğunu bildirərək dedi:
-Azərbaycan-Almaniya–2016
İqtisadi Forumuna xoş gəlmisiniz.
Cənab
Prezident, hörmətli nazir, xoş gəlmisiniz.
Cənab
Prezident, Sizi İqtisadiyyat və Enerji Nazirliyində görmək
bizim üçün şərəfdir. Bir
neçə dəqiqə əvvəl Siz dediniz ki, bu bina Sizi
heyran edib. Bu bina əvvəllər hərbi
həkimlər üçün təlim akademiyası olub.
Bu, Böyük Fridrixin dövründə idi.
Bu gün artıq burada insanları müalicə
etmirik, onun əvəzinə dünyadakı mümkün qədər
çox insana faydalı olacaq iqtisadi siyasət
hazırlamağa çalışırıq.
Bu gün burada Azərbaycan-Almaniya İqtisadi Forumunun
keçirilməsi bizim üçün qürurvericidir. Bir neçə
gün sonra milyonlarla avtoyarış həvəskarı nəzərlərini
Azərbaycana yönəldəcək – ölkəniz ilk dəfə
“Formula-1” yarışı keçirəcək. Əminəm ki, Bakı diqqət mərkəzində
olacaq. Bir çox almaniyalının bilmədiyi
bir məqam var ki, o da yarış yolunun alman mühəndis tərəfindən
hazırlanmasıdır. O yarış yolunu tərtib edərkən
televiziyadan yarışı izləyənlərin Bakı mənzərəsini
mümkün qədər çox görməsinə
xüsusi diqqət yetirib. Bu, çox möhtəşəm
bir məsələdir.
Əlbəttə, ölkələrimiz uzunmüddətli
ikitərəfli əlaqələr ənənəsi yarada bilər. Yüz il
əvvəl dünyanın ən uzun boru kəməri tikilib.
O vaxt alman şirkəti “Mannesmann”ın borularından istifadə
olunmuşdu. O zamanlar Bakının ətrafındakı sahələr
dünyada neft çıxarılan ən böyük ərazi
idi. Biz bunu birlikdə inşa etdik. Əlbəttə, bu, hamısı deyil. Xəzər hövzəsindən nefti Avropaya gətirən
yeni boru kəmərləri var. Bu, bizim enerji təchizatımıza
çox yaxşı bir əlavədir, bizə şaxələndirmə
imkanı verir.
2020-ci ildə Avropa İttifaqının ölkələri
Xəzər dənizinin qazını əldə etmək
üçün “Cənub Qaz Dəhlizi”ndən istifadə edə
biləcək.
Bu nəhəng layihənin icrası bir qədər
əvvəl - mayın 17-də başladı. “Siemens” və “Salskitta” kimi alman şirkətlərinin
bu layihədə iştirakı bizi sevindirir.
Xanımlar və cənablar, Azərbaycan davamlı tərəqqi
edən bir ölkədir. Onun inkişafı bəzən
ikirəqəmli ədədlərlə ifadə olunur. 2006-cı ildə Siz dünyada ən sürətli
inkişaf edən iqtisadiyyata malik idiniz. Cənab Prezident,
əlbəttə, xammal qiymətlərinin kəskin
düşməsi Sizin ölkəniz
üçün böyük
çağırışdır. İqtisadiyyatınızın
xammaldan asılılığını azaltmaq
üçün səyləriniz təqdirəlayiqdir. Siz iqtisadiyyatı müasirləşdirməyə,
şaxələndirməyə
çalışırsınız, əsas sektorlara,
xüsusilə sənayeyə daha çox diqqət yetirirsiniz.
Biz Almaniyada iqtisadiyyatda uğurlar əldə etmək
üçün araşdırma və inkişafın ən əhəmiyyətli
amil olduğunu bilirik. Alman şirkətləri bu istiqamətdə
güclü tərəfdaşlardır, xüsusilə, enerji
səmərəliliyi, yenilənən enerji sahələrində
öndə olan alman şirkətləri. Federal
Hökumət alman şirkətlərinin xarici ticarət təşviqini
bir çox üsullarla dəstəkləyir. Buna ixracat zəmanətləri, almanlar
üçün investisiya zəmanətləri, birbaşa
investisiyalar daxildir. Xaricdə sərgilərdə
iştirak edən şirkətləri dəstəkləyirik,
faktaraşdırma missiyaları təşkil edirik və
menecer təlim proqramımız var. Bu üsullar 2012-dən bəri
Bakıdakı Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən
dəstəklənir. Diplomatik
qurumlarımıza daxil olmasa da, iqtisadi nümayəndəliyə
yaxın qurumumuz var. Bu, hökumətin bir hissəsi deyil.
Onlar özəl sektorun əsl nümayəndələridir.
Nazirliyimizin köhnə əməkdaşlarından
biri indi Dünya Ticarət Təşkilatının üst
qrupunun sədridir.
Xanımlar və cənablar, bilirik ki, bu, ancaq
iqtisadiyyatla əlaqəli deyil. Ölkənizdə
müsbət inkişafa mane olan böyük təhlükə
var. Bu, Dağlıq Qarabağ münaqişəsidir. Bu hadisələri böyük narahatlıqla izləyirik.
Atəşkəsin sabitləşməsi və
danışıqların yenidən başlaması
üçün bütün tərəflərə müraciət
etmişik. Həmkarım, eyni zamanda,
ATƏT Komitəsinə həmsədrlik edən federal nazir
Frank-Valter Ştaynmayer bu danışıqları dəstəkləmək
üçün səylərini əsirgəmir.
Cənab
Prezident, Siz mayın 16-da Vyanada erməni həmkarınızla
görüşdünüz. Bütün
dünya bu görüşdən nikbinlik qazandı. Bu münaqişəni sona çatdırmaqda Sizi dəstəkləmək
istəyirik. Bilirik ki, Dağlıq
Qarabağ münaqişəsi ölkənizin üzləşdiyi
çağırışlardan biridir. Hökumətlər,
investorlar və şirkətlər əmindirlər ki,
inkişaf təhlükəsizlik və sabitlik olan yerdə
mümkündür. Qanunun aliliyi, insan
hüquqlarının qorunması da sabitlik yaradan amillərdir.
Ümidvarıq ki, Siz Almaniya ilə ölkəniz
arasında güclü əlaqələr yaradacaqsınız
və Sizə güclü tərəfdaşlıq təklif
edirik. Azərbaycan-Almaniya əlaqələrini
davam etdirmək niyyətindəyik. Ümid edirik ki, Sizin səfəriniz və bu Forum əlaqələrimizə
töhfə verəcək. Almaniyaya,
İqtisadiyyat və Energetika Nazirliyinə xoş gəlmisiniz.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev Forumun
açılışında çıxış etdi.
Prezident
İlham Əliyevin
çıxışı
-Cənab
vitse-kansler.
Xanımlar və cənablar.
İlk növbədə bu gün bizimlə birlikdə
olduğunuza görə sizə təşəkkür etmək
istərdim. Cənab vitse-kanslerin dediyi kimi, bu bina məndə
böyük təəssürat yaratdı. Lakin təkcə bu bina deyil, həm də auditoriya məndə
böyük təəssürat yaratdı. Bu, onu göstərir ki, bizim ölkələrimizin
biznes dairələri arasında bizneslə məşğul
olmağa, əməkdaşlığımızı
genişləndirməyə böyük maraq var. Əminəm
ki, Biznes Forumun nəticələri ölkələrimiz və
şirkətlərimiz arasında daha çox əməkdaşlığa
yol açacaq.
Almaniya və Azərbaycan yaxşı tərəfdaşlardır. Biz bir
çox sahələrdə əməkdaşlıq edirik.
Bizim aramızda çox fəal siyasi dialoq
mövcuddur. Mən ötən il
Almaniyaya səfər etmişəm, indi də səfərdəyəm.
Bu, onu göstərir ki, bizim aramızda iqtisadi əlaqələrin
də inkişafı üçün vacib olan çox fəal
siyasi əlaqələr var. Sabitlik və təhlükəsizlik
digər ölkələr kimi, bizim iqtisadiyyatımız və
ölkəmizin gələcək inkişafı
üçün ən vacib məsələlərdən
biridir. 1994-cü ildə Azərbaycan ilə
Ermənistan arasında atəşkəs rejimi əldə
olunandan bəri biz sülh şəraitində
yaşayırıq. Lakin bu sülh kövrəkdir
və təmas xəttindəki son hadisələr göstərir
ki, Ermənistan və Azərbaycan arasındakı
münaqişə dondurulmuş deyil və bu münaqişə
həll olunmalıdır.
Aprelin əvvəlində Ermənistan Azərbaycana
qarşı hərbi təxribat törətdi. Biz cavab verməli,
mülki əhalimizi, şəhərlərimizi, kəndlərimizi
və hərbi mövqelərimizi müdafiə etməli olduq.
Apreldəki toqquşmaların nəticələri
göstərdi ki, Ermənistan artıq vəziyyətə nəzarət
etmək və status-kvonu dəyişməz saxlamaq
iqtidarında deyil. Status-kvo mümkün qədər
tez bir zamanda dəyişdirilməlidir. ATƏT-in
Minsk qrupu bu məsələ ilə məşğul olur.
Minsk qrupuna həmsədrlik edən ölkələrin
- ABŞ, Fransa və Rusiyanın prezidentləri status-kvonun qəbuledilməz
olması ilə bağlı dəfələrlə
açıq bəyanat yayıblar. ATƏT-in
sədri kimi Almaniya da bu bəyanatla çıxış edib.
Nazir Ştaynmayer status-kvonun dəyişdirilməli
olduğunu çox açıq şəkildə bəyan
edib. Bu, nə deməkdir? Status-kvonun dəyişdirilməsi Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış ərazilərinin
işğaldan azad olunmasının başlanması deməkdir.
Azərbaycanın torpağı olan
Dağlıq Qarabağ və digər 7 rayon 20 ildən
artıqdır ki, işğal edilib. Hər şey
dağıdılıb, biz etnik təmizlənməyə məruz
qalmışıq, bütün azərbaycanlılar o ərazilərdən
qovulub, torpaqlarımızın təxminən 20 faizi
işğal altındadır, bir milyondan artıq insan
qaçqın və məcburi köçkünə
çevrilib.
İndi biz bir çox Avropa ölkələrində
miqrantlarla bağlı böyük narahatlığın
şahidi oluruq. Siz təsəvvür edə bilərsinizmi
ki, müstəqilliyimizin ilk illərində, biz yoxsul,
qeyri-mütəşəkkil olanda, inkişaf üçün
heç bir vəsaitimiz olmayanda belə humanitar fəlakətlə
üzləşmişdik. Həmin dövrdə
sayı 8 milyon olan əhalinin bir milyonu evsizə
çevrilmişdi. Beynəlxalq təşkilatlar
miqrant məsələsi ilə məşğul olur, biz bunu dəstəkləyir
və qiymətləndiririk.
BMT Təhlükəsizlik Şurası Ermənistan
qoşunlarının ərazilərimizdən
çıxarılmasını tələb edən dörd qətnamə
qəbul edib.
Lakin onlara əməl edilmir və əməlolunma
mexanizmi yoxdur. Təəssüf ki, Təhlükəsizlik
Şurasının qətnamələrinə əməl etmədiyinə
görə Ermənistana sanksiyalar tətbiq olunmur. Biz burada ikili standartlar siyasəti ilə üzləşirik.
Çünki bəzi hallarda Təhlükəsizlik
Şurasının qətnamələri bir neçə
gün ərzində həyata keçirilir. Bizə gəldikdə isə onlar 20 ildən
çoxdur kağız üzərində qalır.
Başqa sözlə, münaqişənin Helsinki Yekun
Aktı, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə əsasən, Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
tez bir zamanda həlli Cənubi Qafqaz regionunun sabitliyinə,
proqnozlaşdırıla bilməsinə və iqtisadi
inkişafına xidmət edəcək. Bu
ağır yükə baxmayaraq, Azərbaycan uğurlu
inkişafa nail oldu. Bu il 25 illiyini qeyd
edəcəyimiz müstəqillik onu göstərir ki, biz
öz dəyərlərimiz, baxışımız, ənənələrimiz
və güclü, müstəqil, suveren dövlət
yaratmaqla bağlı planlarımıza əsasən yaşaya
bilirik. Bu illər transformasiya – siyasi və
iqtisadi transformasiya illəri oldu.
Biz siyasi və iqtisadi islahatlar siyasəti həyata
keçiririk.
Azərbaycanda bütün fundamental
azadlıqlar, o cümlədən media azadlığı təmin
olunur. Bizdə internet azaddır, senzura
yoxdur. Ölkə əhalisinin 75 faizdən
çoxu internet istifadəçisidir, azad siyasi fəaliyyət,
sərbəst toplaşma və din azadlığı. Bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunub və
Azərbaycan müxtəlif dini və etnik qrupların nümayəndələrinin
sülh şəraitində birgə yaşayışına
yaxşı nümunədir.
Əlbəttə ki, iqtisadi transformasiya. İqtisadi müstəqillik
olmadan biz siyasi müstəqilliyə nail ola
bilməzdik. Əgər biz başqa ölkələrdən
asılı olsaydıq və iqtisadi cəhətdən
müstəqil olmasaydıq, müstəqil siyasət həyata
keçirmək üçün imkanlarımız çox məhdud
olardı. Bu səbəbdən də biz Azərbaycanın
inkişafına böyük sərmayə yatırdıq.
Biz Ermənistanla atəşkəs
dövründən ölkəni inkişaf etdirmək
üçün istifadə etdik və düşünürəm
ki, çox yaxşı nəticələr əldə etdik.
Hazırda Azərbaycan müasir, inkişaf edən,
iqtisadi cəhətdən müstəqil, iqtisadiyyatı
şaxələndirilmiş, qlobal enerji və nəqliyyat layihələrinin
həyata keçirilməsinə rəhbərlik edən və
dünyada çox yaxşı nüfuza malik bir ölkədir.
BMT-nin
üzvü olan 155 ölkə bir neçə il
bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçdi. Bu, bizim etdiklərimizə verilən beynəlxalq dəstək
və qiymətləndirmədir. Son 10-12
ildə əsasən neft hasilatının artması
hesabına, - lakin təkcə buna görə yox, -
iqtisadiyyatımız sürətlə inkişaf etdi. 2004-cü ildən bəri Azərbaycanda iqtisadiyyat
300 faiz artıb. Biz yoxsulluq və işsizlik səviyyəsini
əhəmiyyətli dərəcədə azaltmağa nail
olmuşuq. Hazırda hər iki göstərici 5
faizə yaxındır. Neft
satışından əldə olunan gəlirləri qeyri-neft
sektoruna yatırmağa başladığımızdan
iqtisadiyyatımızın rəqabətliliyi artıb. Davos Dünya İqtisadi Forumunun hesablamalarına
görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti
indeksinə görə dünyada 40-cı yerdədir.
Əlbəttə ki, enerji sektorunun inkişafı və
enerji amili bizim üçün, həm də təkcə
bizim üçün deyil, digər ölkələr
üçün də vacibdir. 1994-cü ildən Azərbaycan
nəhəng enerji layihələri - ilk növbədə Azərbaycanı
Qara dəniz və Aralıq dənizi ilə birləşdirən
neft kəmərlərinin tikintisini həyata keçirir.
Hazırda bəzi Avropa ölkələri enerji
balanslarındakı neftin təxminən 30 faizini Azərbaycandan
alırlar. 2012-ci ildən biz qonşu
ölkələrə və Avropaya qaz kəmərinin tikintisi
layihəsini həyata keçiririk. Artıq
bizim Gürcüstan, Türkiyə, Rusiya və İran kimi
qonşu ölkələrə qaz ixrac etməyə imkan verən
bir neçə kəmərimiz var. Biz hər dörd istiqamətdə
təbii qaz ixrac edirik. Hazırda biz tərəfdaşlarımızla
birlikdə “Cənub Qaz Dəhlizi” layihəsini həyata
keçiririk. Bu, 2012-ci ildə Azərbaycan
və Türkiyənin Trans-Anadolu kəmərinin tikintisinə
dair Sazişin imzalanması ilə başladı. O vaxtdan
bir çox başqa layihələrə, o cümlədən
cənab vitse-kanslerin qeyd etdiyi layihəyə start verilib. “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi
olan Trans-Adriatik kəmərinin tikintisinə bu ilin mayında
başlanılıb. “Cənub Qaz Dəhlizi” layihəsi
dörd layihədən ibarətdir - dünyanın ən
böyük qaz yataqlarından biri olan “Şahdəniz”dən
qazın hasil olunması, Azərbaycanı Gürcüstan və
Türkiyə ilə birləşdirən kəmərin
tikintisi, sonra Türkiyənin şərq sərhədindən
qərb sərhədinə kəmər - bu, TANAP adlanır və
Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya kəmər
- bu, TAP – Trans-Adriatik kəmər adlanır.
Bütün bu layihələr tərəfdaşlarımızla
razılaşdırılmış şəkildə həyata
keçirilir.
Bu layihələrdə yeddi ölkə
iştirak edir, onlardan üçü Avropa
İttifaqının üzvüdür. Avropa
Komissiyası bizim təşəbbüslərə
güclü dəstək verir. Ötən il və bu il biz Bakıda Cənub Qaz Dəhlizi
Məşvərət Şurasının iclaslarını
keçirmişik. Orada Azərbaycanın
aparıcı rolu yüksək qiymətləndirilib. Planlarımıza əsasən Azərbaycan və
Türkiyəni birləşdirən kəmər iki ilə
istismara veriləcək və 2020-ci ilədək Azərbaycan
qazı ilk dəfə olaraq Avropa bazarlarına
çıxarılacaq. Bizim
üçün bu, təchizat marşrutlarını şaxələndirmək
imkanıdır. Tranzit ölkələr
üçün bu, pul qazanmaq və tikintiyə və sonra
layihənin texniki təminatına minlərlə insanı cəlb
etmək imkanıdır, istehlakçılar üçün
isə alternativ enerji mənbəyidir. Layihəmizin
üstünlüyü ondadır ki, bu, təkcə
marşrutların deyil, mənbələrin şaxələndirilməsidir.
Bu, daha vacibdir.
Bizim
böyük qaz ehtiyatlarımız var. Azərbaycanın təsdiqlənmiş
qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Əminəm ki, vaxt keçdikcə yeni kəşfiyyat
layihələri ilə biz mütləq bu göstəriciləri
daha da artıracağıq. Lakin enerji amili
bizim üçün artıq prioritet deyil. Biz iqtisadiyyatı şaxələndirməklə əsas
diqqəti qeyri-enerji sektoruna cəmləşdirmişik. Bu gün enerji amili ümumi daxili məhsulda cəmi
30 faizdən bir qədər artıq, gəlirlərimizdə
yarıdan aşağıdır. Lakin bir
nömrəli məsələ ixrac potensialımızın
şaxələndirilməsidir və biz şəffaflıq,
düzgün idarəetmə, ixracın
stimullaşdırılması, investisiya mühitinin
yaxşılaşdırılması ilə bağlı
mühüm iqtisadi islahatların həyata keçirilməsini
davam etdirmək üçün beynəlxalq maliyyə
institutları ilə sıx şəkildə işləyirik.
1995-ci ildən bəri Azərbaycana 200 milyard dollar
investisiya yatırılıb, bunun yarısı xarici
investisiyalardır. Bizim hazırda prioritet hesab etdiyimiz sahələr
arasında kənd təsərrüfatı birinci yerdədir.
Çünki əhalinin demək olar ki,
yarısı kənd yerlərində yaşayır və bunun
üçün yaxşı iqlim şəraiti mövcuddur.
Yüksək texnologiyalar - İKT sektoru kifayət
qədər inkişaf edib. Azərbaycan kosmik sənayesi
olan ölkəyə çevrilib, iki peyki orbitə buraxıb
və bu proses davam etdiriləcək.
Nəqliyyat sahəsində. Biz coğrafi
mövqeyimizdən istifadə edərək qitələri birləşdirən
çox güclü logistik və nəqliyyat infrastrukturu
yaratmışıq. Məsələn,
İpək Yolunun bərpası ilə bağlı layihəyə
2007-ci ildə - biz Türkiyə və Gürcüstan ilə
birgə üç ölkə arasında Asiya və
Avropanı birləşdirən dəmir yolunun tikintisinə
başlamağımızla start verildi. Beləliklə,
indi bu layihə demək olar ki, hazırdır və
ümidvaram, bu ilin sonunadək bu marşrut açılacaq.
Artıq Azərbaycan ərazisi ilə Çindən
Avropaya ilk sınaq konteyner qatarları keçib. Bu, Asiyadan
Avropaya və əks istiqamətdə ən qısa yol olacaq.
Ümidvaram ki, alman şirkətləri bu ilin
sonunadək reallaşacaq bu imkandan yararlanacaqlar. Eyni zamanda, Xəzər dənizində Bakıya
yaxın yerdə ən böyük dəniz limanının
tikintisi və yenə də Azərbaycan ərazisindən
istifadə etməklə Cənubdan Şimala daha bir dəhlizin
yaradılması layihələri ilə Azərbaycan nəqliyyat
nöqteyi-nəzərindən regionun coğrafi və logistik mərkəzinə
çevriləcək. Bu, nəinki iqtisadi
cəhətdən faydalı olacaq, həm də əməkdaşlığı
və qarşılıqlı əlaqələri gücləndirəcək.
Əgər biz sabit vəziyyət yaratmaq istəyiriksə,
- düşünürəm ki, regionun bütün ölkələri
bunu etmək istəyir, – bizim regionda fəal beynəlxalq əməkdaşlığa
ehtiyacımız var və ən yaxşı yol
qarşılıqlı əlaqələrdir.
Enerji layihələri bizim hamımızı bir-birimizdən
asılı edir. Biz bazarlardan asılıyıq, bazarlar təchizatdan
asılıdır. Nəqliyyatla
bağlı vəziyyət də eynidir. Bu,
ölkələr arasında proqnozlaşdırılmanı və
əməkdaşlığı artıracaq, eyni zamanda, Avropa
İttifaqı-Azərbaycan əlaqələri də daha
sürətlə inkişaf edəcək.
Bu gün bizim aramızda yaxşı əməkdaşlıq
mövcuddur. Azərbaycan Avropa İttifaqına üzv olan 8
ölkə ilə strateji tərəfdaşlıqla
bağlı sənədləri imzalayıb və ya qəbul
edib. Bu, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının
ümumi formatı üçün yaxşı əsasdır.
Turizm potensialı əməkdaşlıq sahələrindən
biridir. Cənab
vitse-kanslerin dediyi kimi, iki həftədən az
müddətdə başlayacaq “Formula-1” ölkəmizə
böyük diqqət cəlb edəcək. Beş
yüz milyon insan bu yarışı izləyəcək və
bu, şəhər halqası olduğundan onlar təkcə
stadion və avtomobilləri deyil, inkişaf etmiş Bakı
şəhərini görəcəklər. Ümid edirəm ki, hətta yarışı izləyənlərin
cəmi 1 faizi Bakıya gəlsə, bu, bizim turizm sənayesi
üçün böyük əhəmiyyət kəsb edəcək.
Turizm üçün bizim bütün
lazımi ilkin şərtlərimiz var - əlverişli
coğrafi mövqe, sabit siyasi vəziyyət, təhlükəsizlik,
qonaqpərvər insanlar, yaxşı iqlim, yaxşı qida və
çoxlu tarixi abidələr. Turistləri
cəlb etmək üçün yeganə ehtiyacımız
olan şərt bunu dünyaya, Avropaya təqdim etməkdir.
Düşünürəm ki, “Formula-1” bunu etmək
üçün ən yaxşı yoldur.
Ötən
il biz Bakıda Olimpiya Hərəkatının
tarixində ilk dəfə olaraq birinci Avropa Oyunlarına ev
sahibliyi etdik. Oyunlar çox uğurlu oldu.
2017-ci ildə biz IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyik. Bu, onu
göstərir ki, Azərbaycan İslam mədəniyyətinin
bir hissəsi olan və eyni zamanda, Avropa təsisatları və
ölkələrinə yaxından inteqrasiya etmiş bir
ölkədir.
Mən şadam ki, Azərbaycanda 169 alman şirkəti fəaliyyət
göstərir. Əlbəttə ki, mən ölkəmizdə
daha çox alman şirkətinin fəaliyyət göstərməsini
istəyirəm. Onlar podratçı olaraq
Azərbaycanın inkişafı üçün çox əhəmiyyətli
layihələr həyata keçirirlər. Əlbəttə ki, Azərbaycandakı yaxşı
investisiya mühitini və siyasi mühiti nəzərə
alaraq, biz onları həm də investor kimi görmək istəyirik.
Düşünürəm ki, mənim qeyd
etdiyim sahələr ən cəlbedici olacaq. Yeri gəlmişkən, “Cənub Qaz Dəhlizi” layihəsinin
dəyəri 45 milyard dollardır və məndə olan məlumata
görə, bu məbləğin dörddəbiri ilə
bağlı müqavilələr bağlanıb.
Almaniyanın mühəndislik, tikinti və avadanlıq istehsal
edən şirkətlərinin burada iştirakı
üçün böyük potensial var. Nəqliyyat, yüksək
texnologiyalar, kosmik sənaye, turizm, təhsil - bütün bu
sahələr bizim üçün prioritetdir və
ümidvaram ki, bu Forumun nəticələri ölkələrimiz
arasında təkcə iqtisadi sahədə deyil, həyatımızın
digər bütün sahələrində əməkdaşlığın
genişlənməsinə yol açacaq.
Almaniya dünyanın və Avropanın aparıcı
ölkələrindən biridir. Əlbəttə ki,
biz sizin ölkənizlə daha sıx əməkdaşlıq
etmək istəyirik və bugünkü auditoriyanı nəzərə
alaraq mən sizin tərəfinizdən də eyni
yanaşmanı görə bilirəm. Foruma
uğurlar arzulayıram və biz yaxşı nəticələr
gözləyirik. Təşəkkür
edirəm.
X X X
Şərqi
Avropa İqtisadi Əlaqələr Komitəsinin idarə heyətinin
üzvü Manfred QRUNKE çıxış edərək
dedi:
-Cənab Prezident Əliyev.
Xanımlar və cənablar.
Şərqi Avropa İqtisadi Əlaqələr Komitəsi
adından Sizi salamlamaq mənim üçün şərəfdir.
Son illərin maliyyə çətinlikləri müəyyən
mənada bütün Şərqi Avropa ölkələrinə
təsir edib.
Ölkələrə təsir edən sadəcə
maliyyə nəticələri deyildi. Bu, həm
də ölkələr arasında ticari əlaqələrə
mənfi təsir göstərdi. Ümidvaram
ki, Azərbaycan bütün bunlara baxmayaraq
çıxdığı islahatlar yoluna davam edəcək və
investisiya mühitini yaxşılaşdıracaq. Eyni zamanda, Azərbaycan, əlbəttə,
qonşuları və dünya bazarı ilə yaxından əlaqədədir.
Azərbaycandakı inkişaf qonşu ölkələr
və dünya bazarı ilə əlaqədə davam edəcək.
Neftin qiymətlərinin kəskin düşməsi
Azərbaycana da təsir etdi. Azərbaycan
Almaniyanın Cənubi Qafqazdakı ən vacib ticarət tərəfdaşıdır.
Ötən il Almaniya və Cənubi Qafqaz
ölkələri arasındakı ticarətin 80 faizdən
çoxu Azərbaycanın payına düşürdü.
Keçən il mal dövriyyəsi ümumiyyətlə 2,9 milyard avro təşkil edirdi. Təəssüf
ki, bu rəqəm 2014-cü ilin göstəricisindən 10 faiz
azdır. Almaniyanın ixracatı 12 faizdən
çox, idxalatı isə 9 faiz azaldı.
Böhranlar dəyişikliklər vaxtıdır və həm
də yeni imkanlar yaradır. Azərbaycan öz səhiyyəsini
inkişaf etdirib, iqtisadiyyatında islahatlar keçirməyə
qərar verib. Bunu edərkən Almaniyaya və
alman şirkətlərinə öz tərəfdaşları
kimi etibar edə bilər. Alman şirkətləri
yerli tərəfdaşlarla işləməkdə
maraqlıdır və bununla yerli bazara, yerli biznesə töhfə
verir. Bu, böyük həcmdə ixracatdan
daha faydalıdır. Bu, uzunmüddətli
müştəri əlaqələri qurmaq deməkdir. Biz əlaqələrin bu yeni formasını dəstəkləyirik.
Yaxın zamanda biznes forum təşkil edəcəyik və
onun çərçivəsində əməkdaşlıq
müqavilələri imzalanacaq. Bunlar biznes
assosiasiyaları, maliyyə təşkilatları və
şirkətlər arasında daha yaxın əməkdaşlıq
sazişləridir. Bunlar çox
güclü mesajlardır və bunlar bizi Azərbaycan ilə
daha çox əməkdaşlıq növləri yaratmağa
həvəsləndirməlidir.
Regiondakı sülh şəraitində inkişaf daim
iqtisadi əməkdaşlığın əsas şərti
olub. Bizə sabitlik və cəlbedici investisiya mühiti
lazımdır. Əgər münaqişələr
varsa, bunlar olmayacaq, münaqişələr iqtisadi inkişafa
zərər verir. Almaniya-Azərbaycan Ticarət
və Sənaye Palatası alman və Azərbaycan şirkətlərinə
kömək etməyə daim hazır olan çox əhəmiyyətli
tərəfdaşdır. Bizim komitə, həmçinin
bir çox böyük tədbirlər təşkil edir.
2015-ci il oktyabrın 1-də komitə
Bakıya faktaraşdırıcı missiya təşkil etdi və
on şirkət bunda iştirak etdi, potensial əməkdaşlıq
imkanları araşdırıldı. Ötən
ilin sentyabrında biz Düsseldorfda Almaniya-Azərbaycan biznes
konfransı təşkil etdik. Yanvarda isə
Münxen Təhlükəsizlik Konfransında Şərqi
Avropa Komitəsinin sədri ilə dövlət
başçısı Əliyev arasında görüş
baş tutdu. Mayın 17-də Azərbaycan
ilə əməkdaşlıq mövzusunda “dəyirmi masa” təşkil
edildi. Bu, əczaçılıq sənayesinə
həsr edilmişdi və Şimali Vestfaliya investisiya təşkilatı
və Şimali Vestfaliyanın İqtisadi Məsələlər
üzrə Nazirliyi tərəfindən Berlində birgə təşkil
olunmuşdu. Şərqi Əlaqələr
Komitəsi, habelə ticarət və investisiya
haqqındakı müzakirələrdə iştirak edirdi.
Biz həm də Ticarət Nazirliyi ilə
müzakirələr apardıq.
Bu gün Almaniya-Azərbaycan İqtisadi Forumunu
keçiririk.
Bu Forum İqtisadi Məsələlər və Energetika
üzrə Federal Nazirlik, ikitərəfli Ticarət və Sənaye
Palatası və Şərqi Avropa İqtisadi Əlaqələr
Komitəsi tərəfindən birgə təşkil edilib. Burada cənab Prezident Əliyev və vitse-kansler
Ziqmar Qabriel iştirak edirlər. Bu da
öz növbəsində bu tədbirin ikitərəfli
iqtisadi əlaqələr üçün əhəmiyyətinin
göstəricisidir. Bu tədbir daha
çox ölkələrimizin iqtisadi əməkdaşlıq
potensialının araşdırılması və istifadə
edilməsi məqsədini daşıyır. Hamınıza xoş təmaslar və faydalı
müzakirələr arzulayıram.
X X X
Sonra Almaniya-Azərbaycan Ticarət və Sənaye
Palatasının rəhbəri Samir Axundov
çıxış etdi. Prezident İlham
Əliyevin bu tədbirə verdiyi dəstəyə görə
minnətdarlığını bildirən Samir Axundov Forumun
Almaniya-Azərbaycan iqtisadi əlaqələrinin gələcəyi
üçün çox əhəmiyyətli olduğunu
vurğuladı. Almaniyanın Azərbaycanın əhəmiyyətli
tərəfdaşlarından biri olduğunu bildirən S.Axundov
iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi
işində Almaniya-Azərbaycan Ticarət və Sənaye
Palatasının fəaliyyəti barədə ətraflı məlumat
verdi.
Azərbaycan.- 2016.- 9 iyun.- S. 2-3.