Dünya Azərbaycanlılarının IV Qurultayı nümayəndələrinin
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə
MÜRACİƏTİ
Zati-aliləri!
Dünya Azərbaycanlılarının IV Qurultayının təşkilinə göstərdiyiniz yüksək diqqət və dəstəyə görə Sizə bütün qurultay iştirakçıları adından dərin minnətdarlığımızı bildiririk. İlk dəfə on beş il öncə keçirilmiş dünya azərbaycanlılarının qurultayı çoxmilyonlu Azərbaycan xalqı və dövlətinin həyatında mühüm ictimai-siyasi məzmun kəsb edən tarixi ənənəyə çevrilmişdir. Əminik ki, bu qurultay Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin əsasını qoyacaq, milli birlik və həmrəyliyin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
Biz - xaricdə yaşayan azərbaycanlılar dünyada gərginliyin və böhranların artdığı bir dövrdə Sizin ardıcıl fəaliyyətiniz sayəsində Azərbaycanın siyasi, iqtisadi və sosial sahədə qazandığı mühüm uğurları alqışlayırıq. Qlobal miqyaslı təlatümlərin geniş vüsət aldığı zamanda ölkəmiz müstəqillik, davamlı və sabit inkişaf yolu ilə inamla irəliləyir. Doğma Vətənimizin bütün sahələrdə əldə etdiyi uğurlar hər birimizin qəlbində böyük iftixar hissi doğurur, xalqımızın işıqlı gələcəyinə ümidlərimizi daha da artırır.
Dünya Azərbaycanlılarının III Qurultayından ötən dövr ərzində diasporumuzun fəaliyyətində də bir sıra mühüm keyfiyyət dəyişiklikləri baş vermiş, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın cəmiyyətə inteqrasiyası, ictimai-siyasi fəallığının artırılması, hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği sahəsində uğurlu layihələr həyata keçirilmişdir. Azərbaycanla bağlı anti-təbliğat kampaniyalarının qarşısının alınmasında “hücum taktikası”na keçən diaspor təşkilatlarımız bu sahədə yeni təbliğat mexanizmlərindən geniş istifadə edir, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə, kütləvi informasiya vasitələri ilə əlaqələr qurmağa çalışır. Azərbaycana dost münasibəti bəsləyən bir sıra xalqların müxtəlif ölkələrdəki milli icmaları, o cümlədən türkdilli xalqların diaspor təşkilatları ilə əməkdaşlıq əlaqələrinin qurulması, həmçinin fəaliyyətin daha mütəşəkkil koordinasiya olunması məqsədilə ortaq strategiya müəyyənləşdirilmiş, bir sıra əhəmiyyətli görüşlər və forumlar keçirilmişdir.
Cənab Prezident!
Qurultay nümayəndələri Zati-alinizin yürütdüyü çoxşaxəli siyasət nəticəsində Azərbaycanın qısa müddət ərzində modern ölkəyə çevrilməsindən qürur hissi duyur. Bu gün dövlət müstəqilliyinin 25-ci ildönümündə olan Azərbaycan dünyanın siyasi xəritəsində öz layiqli yerini tutmuş, regionun lider dövlətinə çevrilmiş, beynəlxalq aləmdə yeni dostlar qazanmış və etibarlı, dayanıqlı tərəfdaş kimi tanınmışdır. Məhz bunun nəticəsidir ki, dünya birliyi ilə əməkdaşlıq yolunda inamla irəliləyən Azərbaycanla sıx münasibətlər qurmağa çalışan ölkələrin sayı ildən-ilə artır. 2015-ci ildə ilk Avropa Oyunlarının ölkəmizdə müvəffəqiyyətlə keçirilməsi bütün dünyada geniş ictimai rezonans doğurdu. Bununla yanaşı, hər il ölkəmizdə keçirilən Qlobal Bakı Forumu, 2016-cı ildə təşkil olunmuş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və s. tədbirlər təhlükəsizliyin, sabitliyin, sülhün tərəfdarı kimi Azərbaycanın artıq beynəlxalq aləmi narahat edən aktual məsələlərin müzakirə olunduğu mühüm məkana çevrildiyinin bariz göstəricisidir.
Biz Zati-alinizin beynəlxalq miqyasda ölkəmizin yüksək imicinin formalaşdırılması, Azərbaycan Respublikasının milli mənafeyinin təmin olunması, doğma Vətənimizin inkişafı, milli birlik və həmrəyliyimizin möhkəmlənməsinə yönəlmiş siyasətini qətiyyətlə dəstəkləyirik. Torpaqlarımızın iyirmi faizinin Ermənistanın işğalı altında olması və dünya birliyi tərəfindən təcavüzkar dövlətə qarşı qəti addımların atılmaması hər bir azərbaycanlını narahat edir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonda oyuncaq rejim yaradan Ermənistan rəhbərliyinin qoşunların təmas xəttində törətdiyi diversiya aktları, dinc əhalinin qətlə yetirilməsi təcavüzkar dövlətə qarşı qəti cavab tədbirləri görülməsinin vacibliyini bir daha ortaya qoyur.
Cari il aprelin ilk günlərində düşmənin hərbi təxribatlarının qarşısını qətiyyətlə alaraq, əks-həmlə ilə onu geri oturdan Azərbaycan Ordusunun döyüş qabiliyyəti ölkəmizin yüksək hərbi-iqtisadi potensialının və vətənpərvərlik ruhunun göstəricisi kimi bizi çox sevindirir.
Dünya Azərbaycanlılarının
IV Qurultayının nümayəndələri problemin
həlli istiqamətində göstərdiyiniz səy və təşəbbüsləri
birmənalı şəkildə dəstəkləyir. Biz inanırıq ki,
münaqişənin ədalətli həlli sahəsində
atdığınız addımlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin
bərpa olunması ilə nəticələnəcək. Bu gün hər birimizin ən böyük
arzusu qələbədir, işğal
olunmuş torpaqlarımızın, doğma Qarabağımızın geri qaytarılması, azad
olunmasıdır. Bu yolda hər an
Sizin yanınızda olduğumuzu bir daha bəyan edirik.
Cənab
Prezident!
Dünya
azərbaycanlıları Sizin inamlı siyasətiniz nəticəsində
Azərbaycanın müstəqil
bir dövlət kimi dünya siyasi səhnəsində öz yerini daha da möhkəmləndirməsi
üçün qlobal
proseslərin fəal iştirakçısına çevrilməsindən
qürur hissi duyur.
Sizi əmin
edirik ki, Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılması,
mili-mədəni irsimizin
yaşadılması və
təbliği, həmçinin
doğma Vətənin
milli maraqlarının
təmin olunması naminə dünya azərbaycanlılarının daha
mütəşəkkil qaydada
təşkilatlanmaları istiqamətində
bundan sonra da bütün imkan və bacarığımızı
səfərbər edəcəyik.
Müraciət Dünya Azərbaycanlılarının
IV Qurultayında
qəbul edilmişdir.
Azərbaycan Respublikası, Bakı
şəhəri,
4 iyun 2016-cı il.
AZərbaycan.- 2016.- 9 iyun.- S. 6.