Dünya Azərbaycanlılarının IV Qurultayının
QƏTNAMƏSİ
Dünya Azərbaycanlılarının IV Qurultayı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dərin məzmunlu nitqini, plenar iclaslarda və panellərdə aparılmış müzakirələri dinləyərək qeyd edir ki, dövlətimizin diaspor quruculuğuna göstərdiyi yüksək diqqət və qayğı sayəsində son illər xaricdə yaşayan soydaşlarımızın ictimai-siyasi fəallığı artmış, doğma Vətənə, tarix və mədəniyyətimizə bağlılığı güclənmiş, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası ətrafında birləşməsi prosesi geniş vüsət almışdır.
Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər Azərbaycan Respublikasını dinamik inkişaf edən, güclü vətəndaş cəmiyyətinin formalaşdığı, insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin edildiyi bir ölkəyə çevirmişdir. Dünya Azərbaycanlılarının III Qurultayından ötən müddətdə respublikamızda müxtəlif dövlət proqramları və irimiqyaslı layihələr icra edilmiş, təhsil, səhiyyə, elm, texnologiya, mədəniyyət, sosial müdafiə, ordu quruculuğu sahəsində böyük uğurlar əldə olunmuşdur. Qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dövlət dəstəyinin artırılması, yeni iş yerlərinin açılması iqtisadi siyasət konsepsiyasının prioritet istiqamətlərini təşkil etmişdir. Qlobal güclərin diqqət mərkəzində olan Azərbaycanın “Cənub Qaz Dəhlizi”nin əsas komponentlərini təşkil edən “Şahdəniz–2”, Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) kimi nəhəng transmilli layihələrdə iştirakı onun beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirmişdir. İlk telekommunikasiya peykinin orbitə buraxılması ölkəmizdə yeni bir sahənin - kosmik sənayenin inkişafının parlaq nümunəsi kimi tariximizə həkk olunmuşdur.
“Avroviziya” musiqi yarışması və birinci Avropa Oyunları Azərbaycanın irimiqyaslı beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi etməyə qadir olduğunu nümayiş etdirmişdir. Çoxmillətli və çoxkonfessiyalı ölkəmizdə ənənəvi olaraq keçirilən Qlobal Bakı forumları, Beynəlxalq Humanitar forumlar, Mədəniyyətlərarası Dialoq forumları, 2016-cı ildə təşkil olunmuş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu doğma Vətənimizin dünya birliyində böyük siyasi nüfuza malik olduğunu, tolerantlıq və multikulturalizm məkanı kimi tanındığını təsdiqləyən danılmaz faktlardır.
Azərbaycan dövlətinin qüdrətinin artması, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi xaricdə yaşayan azərbaycanlılara da əlavə stimul verir, diaspor təşkilatlarının daha inamla fəaliyyət göstərməsi üçün yeni imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, Dünya Azərbaycanlılarının III Qurultayından sonra xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması, yaşadıqları cəmiyyətə inteqrasiyası, diaspor qurumlarının fəaliyyətinin koordinasiyası, tariximizin və milli-mədəni irsimizin təbliği istiqamətində bir sıra yaddaqalan layihələr icra edilmişdir. Təqdirəlayiq haldır ki, xaricdə yaşayan və ya təhsil alan gənclərimiz diaspor quruculuğunda xüsusi fəallıqları ilə seçilmişlər.
Ötən dövr ərzində türkdilli xalqların diaspor təşkilatları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, türk dövlətlərinin mədəni, iqtisadi və siyasi inteqrasiyasının dərinləşdirilməsi sahəsində də təsirli tədbirlər görülmüşdür.
Qurultay təəssüf hissi ilə bildirir ki, dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan Respublikası bütün sahələrdə böyük nailiyyətlərə imza atsa da, Vətənimizin taleyüklü problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmamışdır. Son dövrlər Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribatlar nəticəsində dinc sakinlərin öldürülməsi, yaşayış evlərinin və sosial obyektlərin dağıdılması etnik separatizm və davakar millətçiliyin regionda sülhə və əmin-amanlığa ən ciddi təhdid olduğunu bir daha sübut etmişdir. Dünya azərbaycanlıları ordumuzun bu təxribatlara qarşı atdığı qətiyyətli addımları yüksək qiymətləndirir, vətəndaşların təhlükəsizliyinin qorunması və ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirilən bütün tədbirləri sonadək dəstəkləyəcəklərini bəyan edirlər.
Qeyd edilənləri nəzərə alaraq, Dünya Azərbaycanlılarının IV Qurultayı qərara alır:
1. Dünya Azərbaycanlılarının III Qurultayından ötən dövrdə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, hüquq və azadlıqlarının müdafiəsi, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, müxtəlif ölkələrin ictimai və siyasi dairələri ilə əlaqələrin yaradılması istiqamətində görülmüş işlər qənaətbəxş hesab olunsun.
2. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının tərkibi 109 nəfərdən ibarət müəyyən edilsin.
3. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının icraçı katibi Nazim İbrahimov təsdiq olunsun.
4. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İcraçı Katibliyinə tövsiyə olunsun ki:
- Azərbaycan Respublikası Prezidentinin Qurultaydakı nitqində əksini tapmış tövsiyələrə uyğun olaraq, xarici ölkələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması, Azərbaycan haqqında obyektiv materialların yayılması, habelə xarici KİV nümayəndələrinin Azərbaycana səfərlərinin təşkili məqsədinə xidmət edən xüsusi fəaliyyət planı hazırlasın və onun həyata keçirilməsi istiqamətində tədbirlər görsün;
- Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə məsləhətləşmələr əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, nəticələri və nizamlanma prosesi ilə bağlı bütün məlumatların, sənədlərin, elektron informasiya ehtiyatlarının, elmi araşdırmaların, tədqiqatların, nəşrlərin və filmlərin toplandığı, həmçinin belə məhsulları istehsal edən, ayrıca büdcə ilə təmin olunmuş xüsusi mərkəz və ya fondun yaradılmasını təmin etsin;
- Müasir dövrdə virtual informasiya məkanında daha çevik və məqsədyönlü fəaliyyətin əhəmiyyətini nəzərə alaraq, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin bu sahədəki potensialından səmərəli istifadə etmək məqsədilə internet media və sosial şəbəkələrdə aparılan işin vahid mərkəzdən koordinasiyasını təmin edən koalisiyanın yaradılması üçün lazımi tədbirlər görsün;
- Dünyada və regionda baş verən prosesləri, diaspor hərəkatı və lobbi quruculuğunun yeni ictimai-siyasi məzmun kəsb etməsini, xaricdə yaşayan icmaların təmsil etdikləri ölkələrin daxili həyatına və xarici siyasətinə təsir imkanlarının artırılması zərurətini nəzərə alaraq, Azərbaycan diaspor təşkilatlarının regional koordinasiya mərkəzlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirsin;
- Qurultayda səslənən tövsiyələri nəzərə alaraq, 2016-cı il ərzində Dünya Azərbaycanlı İş Adamları Birliyinin təsis toplantısını təşkil etsin;
- Xarici ölkələrdə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olmayan soydaşlarımızın gəlişi və gedişi, müvəqqəti və ya daimi yaşayış hüququ alması, Azərbaycan Respublikası vətəndaşlığının verilməsi və ya bərpası ilə bağlı hüquqi prosedurların sadələşdirilməsi üçün aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırsın.
5. Diaspor təşkilatlarına
tövsiyə olunsun ki:
- Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması məqsədilə informasiya
texnologiyalarının və
virtual məkanın imkanlarından
daha geniş istifadə olunmasının
zəruriliyini nəzərə
alaraq, müasir informasiya portallarının
və virtual kommunikasiya
layihələrinin hazırlanmasını,
bu sahədə fəaliyyətin təkmilləşdirilməsini
təmin etsinlər;
- Azərbaycanlıların ictimai-siyasi
həyatda daha fəal iştirakının
təmin olunması, siyasi təşkilatlarda, dövlət və hökumət strukturlarında
təmsilçilik imkanlarının
genişləndirilməsi istiqamətində
fəaliyyətlərini gücləndirsinlər;
- Ötən müddət ərzində “Xocalıya ədalət” beynəlxalq
kampaniyası çərçivəsində
həyata keçirilmiş
genişmiqyaslı tədbirlərin
əhəmiyyətini yüksək
qiymətləndirərək və 2017-ci ildə Xocalı soyqırımının
25-ci ildönümünün qeyd olunacağını nəzərə alaraq, bu kampaniyanın davam etdirilməsi və genişləndirilməsi
istiqamətində səylərini
artırsınlar.
6. Qurultay xarici ölkələrdə yaşayan
azərbaycanlı iş
adamlarını Vətənimizin
maraqlarının qorunması,
soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi,
tariximizin və mədəni irsimizin təbliği, Azərbaycan
həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması
sahəsində daha fəal olmağa, bu məqsədlə irəli sürülən
təşəbbüs və
layihələri dəstəkləməyə
çağırır.
7. Qurultay Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasına üzv
ölkələrin diaspor
təşkilatları rəhbərlərinin
II forumunun 2016-cı ildə
Türkiyə Respublikasında
keçirilməsi barədə
qərarı alqışlayır,
türk xalqları arasında birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi
baxımından onun əhəmiyyətini yüksək
qiymətləndirir.
8. Dünya Azərbaycanlılarının
IV Qurultayının iştirakçıları
Almaniya Federativ Respublikası Bundestaqının
1915-ci il hadisələrini
hər hansı bir əsası olmadan “erməni soyqırımı” kimi qiymətləndirən qərarından
dərin narahatlığını
bildirir və beynəlxalq aləmi, dünya birliyini tarixdə heç zaman baş verməmiş bu cür uydurma və yalançı “soyqırımı”larından siyasi
məqsədlər üçün
istifadə etməkdən
çəkinməyə çağırır.
9. Qurultay Redaksiya
Komissiyasına tövsiyə
edir ki, səslənmiş fikir və təklifləri ümumiləşdirərək, Azərbaycan Respublikasının
müvafiq dövlət
orqanlarına və diaspor təşkilatlarına
təqdim etsin.
10. Qurultay Azərbaycan
Respublikasının Diasporla
İş üzrə
Dövlət Komitəsindən
xahiş edir ki, qurultayın materiallarının ayrıca
kitab halında nəşr olunmasını
və nümayəndələrə
göndərilməsini təmin
etsin.
11. Dünya Azərbaycanlılarının
IV Qurultayı bütün
dünya azərbaycanlılarına
müraciət edərək,
milli maraqlarımızın
qorunması naminə səy və bacarıqlarını səfərbər
etməyə, müstəqil
Azərbaycan dövlətinin
ətrafında daha sıx birləşməyə
çağırır.
Qətnamə Dünya Azərbaycanlılarının
IV Qurultayında
qəbul olunmuşdur.
Bakı şəhəri, 4 iyun
2016-cı il
Azərbaycan.- 2016.- 9 iyun.- S. 7.