Cəbhəboyu zonada səhra hospitalı və hərbi şəhərcikdə yeni yaşayış kompleksi istifadəyə verilib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun rəhbərliyi hərbi qulluqçuların döyüş, eləcə də atəş və taktiki hazırlıqlarının yüksəldilməsi məqsədilə nəzərdə tutulan təlim poliqonu ərazisində cəbhə xəttindəki vəziyyətin modelləşdirilməsi, təlimlərin real döyüş şəraitinə uyğun keçirilməsi və digər praktiki məşqlərlə bağlı görülən işlərlə maraqlanıb.

Sonra ərazidəki komanda məntəqəsinə baxış keçirilib, çöl şəraitində yaradılmış düşərgədə təlim keçən şəxsi heyətlə görüş olub. Şəxsi heyətin peşəkarlığının və döyüş qabiliyyətinin artırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Hərbi şəhərciyin ərazisində yeni inşa edilmiş yaşayış kompleksinin açılış mərasimində məlumat verilib ki, hər biri üç otaqdan ibarət 52 xidməti mənzil hər cür şəraitlə təchiz olunub. Müasir standartlara cavab verən təmirli otaqlar mebel və digər avadanlıqla təmin edilib. Yaşayış kompleksinin həyətində yaşıllıq və abadlıq işləri görülüb, hərbi qulluqçular və onların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

Hərbi qulluqçular və ailə üzvləri yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.

Həmin gün cəbhəboyu zonada yeni istifadəyə verilən səhra hospitalının da açılışı olub.

Bildirilib ki, təxirəsalınmaz və ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan səhra hospitalı ən müasir tibbi avadanlıqla təchiz edilib.

Sonra tədbir iştirakçıları hospitalın əməliyyat, reanimasiya, müayinə, intensiv terapiya, rentgen, laboratoriya otaqları və palataları ilə tanış olublar.

Azərbaycan.- 2016.- 9 iyun.- S. 8.