“Qardaşlaşmış məktəblər” həm də “bilik körpüsüdür

Ana vətəni tanıyaq və tanıdaq” layihəsi əsasında respublikanın əksər bölgələrinə məktəblilərin tur şəklində ekskursiya səfərləri ənənə şəklində davam etdirilir. Bu, həm də məktəblər və məktəblilər arasında əməkdaşlıq kimi vacib məsələni özündə əks etdirir. Lakin elə layihələr də var ki, birbaşa məktəblər arasında birgə tədbirlər şəklində reallaşdırılır.

Azərbaycan Respublikasının Prezidenti  yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçısı olan Bakı şəhəri Nizami rayonu 145  nömrəli tam orta məktəbində keçirilən növbəti tədbir də mahiyyət etibarilə ənənəvi olsa da, “Multikulturalizm ili”nə həsr edilmişdir.

Məktəbin direktoru Laləndər Hasilova tədbiri açaraq bildirdi ki,  2014-cü ilin sentyabr ayından start götürən Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi artıq ölkəmizin bütün bölgələrini əhatə etməklə yanaşı, beynəlxalq arenaya da çıxıb: “Layihənin məqsədi məktəblilərin biliklərini, dünyagörüşlərini, vətənimiz haqqında  bilgilərini artırmaq, şagirdlər arasında “bilik körpüsü” yaratmaqdır. Layihə çərçivəsində müxtəlif xalqların nümayəndələrinin təhsil aldığı qardaşlaşmış məktəblər davamlı olaraq qarşılıqlı səfərlər, birgə “dəyirmi masalar, disputlar, bilikidman yarışları keçirir, dostluq əlaqələrini genişləndirirlər ki, bu da Azərbaycanın dövlət başçısının yürütdüyü humanist siyasətin tərkib hissəsi olan multikulturalizmə layiqli töhfədir”.

Ə.Hüseynov adına Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Sahilə Xəlilova və Həsənli kənd tam orta məktəbin direktoru Mətanət Rəhimovanın  rəhbərliyi ilə tədbirə dəvət edilən ağstafalı şagirdlər də bura əliboş gəlməmişdilər. Əslində, bu ədəbi-bədii kompozisiya onların həm də istedadlılarının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıyırdı.

Məktəbin foyesində təşkil edilən  etnoqrafiyaya həsr edilən,  maddi mədəniyyət nümunələrindən ibarət sərgi tədbirin mahiyyətini bir qədər də açırdı. Burada müxtəlif  etniklərə məxsus milli geyimlər və onların mətbəxləri nümayiş etdirilirdi.

“Azərbaycan hamımızın vətənidir” devizi ilə  səhnəyə çıxan məktəblilərin müxtəlif xalqların  ədəbi irsini özündə əks etdirən proqramlarla çıxışları, eləcə də  Azərbaycanı xatırladan səhnədə birgəyaşayışı təmin olunmuş müxtəlif xalqların  mahnı, rəqs və bədii kompozisiyaları alqışlarla qarşılandı.

Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Azərbaycanın Rus İcmasının  sədri Mixail Zabelin, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Azərbaycan Respublikasının Prezidenti  yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və bir sıra ictimai təşkilatların təmsilçiləri də tədbirdə iştirak edirdilər.

 

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

Azərbaycan.- 2016.- 9 iyun.- S. 11.