Təbiətin gətirdiyi gəlir
Azərbaycanın mövcud turizm potensialından səmərəli istifadə olunması bu sahənin inkişafının əsas şərtidir
Azərbaycan xarici
və yerli turistlərin istirahətinin təşkili
üçün hər cür potensiala malikdir. Yanar
dağ, çoxsaylı şirin su gölləri, dağ
çayları, şəlalələr, palçıq
vulkanları, mineral və termal sular, müalicəvi Naftalan
nefti, əlverişli iqlim, əsrarəngiz təbiət, Xəzərin
qumlu çimərlikləri, tarixi, dini, zəngin mədəni
abidələr hər ölkəyə nəsib olmur.
Bunların hesabına Azərbaycanı dünyanın
inkişaf etmiş turizm ölkələrindən birinə
çevirmək mümkündür.
Turizm hər
il dünyada 1,5 trilyon dollar gəlir gətirir.
Bunu nəzərə alaraq Azərbaycanda da bu sahənin
inkişafına son illər xüsusi diqqət yetirilir. Sovet hakimiyyəti illərində respublikada turizm məhdud
biznes sahəsi kimi yalnız Bakı şəhərində və
Abşeronda inkişaf etsə də, Azərbaycanın
ayrı-ayrı bölgələrində bu sahəyə diqqət
yetirilmirdi. Bu gün isə demək olar, Azərbaycanın
bütün bölgələrində çoxsaylı turizm
obyektləri tikilib istifadəyə verilmiş, müasir
infrastruktur yaradılmışdır. Buna
baxmayaraq, hələ də ölkəmizdə turizmin istənilən
səviyyəyə çatdığını söyləyə
bilmərik. Məsələn, əhalisinin sayına və
ərazisinə görə Azərbaycanla təxminən eyni
olan Belçika, Macarıstan, Avstriya və digər ölkələr
hər il turizmdən 20-25 milyard ABŞ
dolları civarında gəlir götürür. Halbuki həmin ölkələrin turist rekreasiya
resursları tərkibinə və müxtəlifliyinə
görə Azərbaycandan qat-qat azdır. Əvəzində
hotel, iaşə və digər xidmət sahələri ucuz və
yüksək səviyyədədir.
Bəs, Azərbaycanda bu səviyyəyə çatmaq
niyə mümkün olmur? Öncə onu qeyd edək
ki, turizmin inkişafı digər amillərlə
yanaşı, reklamdan da çox asılıdır.
Turizmin inkişaf etdiyi ölkələrdə hər il reklama milyonlarla vəsait sərf edilir. Reklam isə əvəzsiz qalmır, çəkilən
xərclərin tezliklə əvəzini qaytarır,
özü də artıqlaması ilə. Əfsuslar
olsun ki, Azərbaycanda bu vacib işə elə də ciddi əhəmiyyət
verilmir. Məsələn, ölkəmizdəki
Qalaaltı, Suraxanı, Naftalan, Masallıdakı istirahət və
müalicə mərkəzlərini reklam edən, orada göstərilən
xidmətlər haqqında dolğun məlumatlar verən
bukletlərə, qəzet reklamlarına, videoçarxlara rast gəlmək
olmur. Obyekt sahiblərindən bunun səbəbini
soruşduqda cavabında bir qayda olaraq “Tanıyanlar, bilənlər
gəlib bizi tapırlar” cavabını eşidirsən. Yaxşı, biz tanıyırıq, bəs xaricdə
necə, xəbərləri varmı? Təbii ki, yox!
Yaxud başqa misal: UNESCO-nun tarixi abidələr
siyahısına salınmış Qobustan qayaüstü rəsmlər
təbiət abidəsini götürək. Bu
nadir abidə haqqında yerləşdiyi Qobustan qəsəbəsi
ərazisində kiçik daş lövhə qoyulsa da, o,
heç də onun əhəmiyyətini tam şəkildə əks
etdirmir. Elə Azərbaycanda turizm mərkəzləri
kimi tanınan Qubanın, Qusarın, Xaçmazın,
Masallının, Şəkinin və s. rayonların girəcəyindəki
reklam xarakterli xəritə-sxemlər də primitivdir. Bu sxemlərdə
rayonda olan termal, mineral bulaqlar, məşhur hotel və kempinqlər,
təbiət, dini ziyarətgahlar və s. haqqında məlumatlar
yoxdur. Belə primitiv reklamlar əsasən yerli
turistlər üçün nəzərdə tutulduğundan
onların xarici qonaqlar üçün heç bir əhəmiyyəti
yoxdur. Bundan əlavə, hər bir inzibati
rayonda olan turist obyektlərinin internet saytları
olmalıdır. Amma bir neçə turist
obyekti və hotel istisna olmaqla digərləri internetin bu
imkanından istifadə etmirlər.
Hazırda
dünyada çoxsaylı turizm sahələri mövcuddur və
hər il də yeniləri yaranır.
Bunlara kənd turizmi, dağ-xizək, ovçuluq,
balıqovlama, mədəni-tarixi, elmi, dini və s. sahələrə
dair ixtisaslaşmış turist sahələri daxildir. Xarici turizmin yüksək dərəcədə
inkişaf etdiyi ölkələrdə müxtəlif istiqamətli
turist ekskursiyalarından gələn gəlirlər milyard
dollarlarla ölçülür. Avropa
ölkələrində bu cür ekskursiyaların qiymətləri
adambaşına 50-200 avro arasında dəyişir. Pendir
və şərab zavodlarına, heyvandarlıq,
atçılıq fermalarına, tarixi, mədəni, dini abidələrə
təşkil edilən ekskursiyalar öz ölkələrinin
tarixini, bu gününü, inkişaf etmiş ən
mühüm təsərrüfat sahələrini yaxşı
bilən, yüksək biliyə malik, ingilis, alman və s. dilləri
kamil bilən bələdçilər tərəfindən
idarə olunur. Azərbaycanda da turizmin inkişaf
etdirilməsi üçün bu təcrübədən
istifadə oluna bilər. Məsələn,
Macarıstandakı kimi. Bu ölkədə
turizm təsərrüfatı yüksək dərəcədə
inkişaf edib. 9 milyon əhalisi olan Macarıstana hər
il 9,5 milyon xarici turist gəlir. Onlara 9 mindən çox hotel, mehmanxana, kempinq xidmət
edir. Hər biri də beynəlxalq
standartlara cavab verir. Ölkədə turizmin belə
yüksək dərəcədə inkişaf etməsinin bir səbəbi
də Macarıstanda çoxsaylı termal suların olması
və onlardan il boyu səmərəli
istifadə edilməsidir. Budapeştdə
mövcud termal suların bazasında hotel kompleksləri fəaliyyət
göstərir. Belə hotellərdə
açıq və örtülü tipli “hovuzlar” var. Bu
hovuzların hər birinin illik gəliri 15 milyon avroya bərabərdir.
Yeri gəlmişkən bir faktı da nəzərə
çatdıraq: Macarıstanın illik ümumi daxili məhsulu
134 milyard dollara bərabərdir ki, onun da 35 faizə qədəri
turizm sektorunun payına düşür.
İndi isə qayıdaq Azərbaycana. Əhali uzun
müddət Bibiheybət termal kükürdlü müalicə
suyunun bazasında yaradılmış 5 mərtəbəli
müalicə-istirahət kompleksindən müxtəlif xəstəliklərin
müalicəsi üçün istifadə edirdi. Əfsuslar olsun ki, sonralar həmin şəfa mənbəyinin
yaxınlığında - Xəzərin sahilində restoran,
mehmanxana, istirahət kompleksləri tikilmiş və şəfa
mənbəyinin binası təmir adı ilə
bağlanmışdır. Müalicə kompleksinin bu vəziyyətə
düşməsi isə heç kimi maraqlandırmır!
Tək bu fakt olsaydı, dərd yarıydı. Hazırda Xəzər dənizinin
Abşeron yarımadasındakı sahillərində nəhəng
sənaye, nəqliyyat və s. obyektlər tikilir. Halbuki dünyanın dəniz və okean sahillərindən
yalnız çimərlik kimi istifadə olunur. Üstəlik,
Xəzərin hər il yüz minlərlə
xarici turistin və yerli əhalinin istirahət edə biləcəyi
sahillər sürətlə daş hasarlara alınır. Bundan sonra Xəzərin qumlu çimərliyi
hansı xarici qonağı özünə cəlb edər?!
Azərbaycanda
bu gün 536 mehmanxana və hotel var. Onların
31-i 5, 70-i 4, 29-u 3 ulduzludur. Amma
müşahidələrimiz göstərir ki, bu hotellərə
ulduzlar əksər hallarda qiymətləri artırmaq
üçün verilir. Məsələn,
Bakıdakı 169 hotelin 137-si 4 və 5 ulduzlu olmasına
baxmayaraq, onların arasında beynəlxalq standartlara cavab verənlərin
sayı azdır. Amma nə olsun, qiymətlərinə
baxın: 3-4 ulduzlu hotellərin səhər naharı ilə
birlikdə bir gecəsi 100-150, 5 ulduzlu hotellərin isə xidmətdən
asılı olaraq 80-120, 120-180, 180-500 manatdır. Baxmayaraq ki, bizim 5 ulduzlu hotellərdə xidmətin səviyyəsi
xarici ölkələrdə olan 3, 4 ulduzlu hotellərdəki
ilə eynidir.
İaşə xidmətimiz də üz qarasıdır. Bizdə yeməklərin
qiymətləri ad və dadlarına görə yox, iaşə
obyekti sahibinin kefinə uyğun müəyyənləşir.
Həcmi və keyfiyyətinə də heç kim
söz verə bilməz. Çünki bizim
turizm iaşə obyektlərində sifarişi müştəri
versə də, şərtləri obyekt sahibi diktə edir.
Qiymətlər də ki, necə deyərlər, ceyran belində...
Bundan əlavə,
ölkəmizə gələn xarici turistlər dünya əhəmiyyətli
Qalaaltı, Suraxanı, Naftalan və s. kimi min bir dərdin dərmanı
olan müalicə mərkəzlərindən istifadə edirlərmi?
Təəssüf ki, yox! Çünki bu mərkəzlər
haqqında onlara ətraflı məlumatlar verilmir. Bu gün məsələn, Fransada, ABŞ-da və
ya Avstraliyada yerləşən istirahət və müalicə
mərkəzləri haqqında mövcud olan bütün məlumatları
asanlıqla əldə etmək mümkündür. Amma Azərbaycandakı 1000-dək termal və mineral
bulaqlar barədə ətraflı məlumat əldə etmək
çətin məsələdir. Halbuki 50 il öncə
görkəmli sovet geoloqu, professor Əziz Əsgərov
yazırdı ki, Azərbaycanda kurort mövsümü ərzində
Yuxarı İstisu, Suraxanı, Şıxov, Darıdağ,
Xaltan, Ərçivan, Meşəsu, Babazənən,
Çuxuryurd, Aşağı İstisu, Xalxal, Turşsu,
Vayxır, Elisu, İbadisu, Alaşa və s. müalicə və
istirahət mərkəzlərinə gələnlərin
sayı 130,5 min nəfər olmuşdur. İndi
isə yerlərdəki termal və mineral su mənbələri
özəlləşdirilir. Bəzən də
özəlləşdirilən belə şəfa mərkəzləri
daş hasarlara alınaraq onlardan əhalinin istifadə
imkanı məhdudlaşdırılır. Sovet hakimiyyəti illərində Lənkərandakı
İstisu müalicə və istirahət mərkəzinə
Sovet İttifaqının hər yerindən minlərlə turist
gəlirdi. İndi həmin mərkəzin
binaları dağıdılaraq kimlər tərəfindənsə
özəlləşdirilmişdir. Çox
qiymətli su isə istifadəsiz qaldığından Xəzərə
axıdılır. Bunlar azmış kimi,
nəinki termal, hətta mineral bulaqlar, eləcə də mənzərəli
çaysahili ərazilər, göllər, meşələrdən
adi insanların istifadəsinə ya məhdudiyyətlər
qoyulur, ya da bunun üçün ödəniş tələb
olunur.
Turizmin inkişaf etdirilməsi üçün ən
önəmli sahələrdən biri də abad avtomobil
yollarının olmasıdır. Düzdür, bu sahədə
Azərbaycanda son illər çox işlər
görülmüşdür. Lakin
görünür bu, ölkəmizdə avtoturizmin
inkişafı üçün kifayət deyil. Səbəbi
də yollarda avtoturistlər üçün müasir hotel və
kempinqlərin, restoran və kafelərin olmaması, yol
boyundakı tarixi abidələr, mənzərəli yerlər
və s. barədə məlumatların verilməməsidir. Halbuki Avropa ölkələrində avtoturistlərin
sərəncamına seçdikləri marşrutun çox
müfəssəl xəritələri verilir. Yerli bələdçiyə ehtiyacı olmadan xarici
turist həmin xəritələrin köməyi ilə istədiyi
ünvana gedib çıxa bilir.
Başqa bir problem barədə. Məlumdur ki, bu il
Novruz bayramında İran İslam Respublikasından Azərbaycana
minlərlə turist gəldi. Lakin onlar İran
valyutasını Azərbaycan manatına dəyişməkdə
çətinlik çəkdilər. Çünki
bayram günləri ilə əlaqədar Azərbaycanda banklar
işləmirdi. Deməli, əlaqədar
qurumlar çox vacib bir məqamı nəzərə
almamışlar ki, bu da turistlərdə haqlı
narazılıq yaratdı. Odur ki, gələcəkdə
belə halların qarşısını almaq
üçün tədbirlər görülməlidir.
Beləliklə,
Azərbaycanda turizmin inkişafına dair qeydlərimizi ümumiləşdirsək,
belə nəticəyə gəlmək olar: ölkəmizin
mövcud zəngin turizm potensialından tam istifadə edilməsi
üçün tədbirlər görülməlidir, o
cümlədən hotel, mehmanxana, kempinq və s. mərkəzlərə
ulduz verilməsi siyasəti beynəlxalq standartlara
uyğunlaşdırılmalı, turizm obyektlərinin və
ümumilikdə turizm sektorunun reklam olunmasına münasibət
dəyişməli, belə obyektlərdə xidmət səviyyəsi
yüksəldilməli və iaşə müəssisələrinin
qiymət siyasəti ciddi nəzarətə götürülməli,
bölgələrdə müxtəlif məzmunlu yeni turizm sahələri
təşkil edilməli, turizm obyektlərinin normal fəaliyyətinə
bəzi qurumların yersiz müdaxilələrinə yol verilməməli,
xarici ölkələrdən Azərbaycana gələn turistlər
üçün viza rejimi sadələşdirilməlidir.
Neron BABAXANOV,
İsmayıl ƏLİYEV,
Bakı Dövlət Universitetinin
professorları
Azərbaycan.- 2016.- 10 iyun.- S. 6.