Yurd gürzəsi
Yurd həsrəti, torpaq nisgili, vətən dərdi yüz minlərlə qaçqın və məcburi köçkünün sinəsində sağalmaz yaraya çevrilib. Bu yaranın məlhəmi isə ancaq boş və xaraba qalmış el-obaya qayıtmaqdır. Heyhat...
Dördgünlük aprel müharibəsi ölməkdə olan ümidlərə yeni həyat verdi, insanların itmiş inamını geriyə qaytardı. Artıq məcburi köçkünlərimiz tezliklə həsrət qaldıqları ev-eşiklərinə dönəcəklərinə əmindirlər.
Yazıçı-jurnalist İmamverdi İSMAYILOVun illər öncə ürək yanğısı və göynərtisi ilə qələmə aldığı “Yurd gürzəsi” hekayəsinin aktuallığını nəzərə alaraq diqqətinizə təqdim edirik.
Yox, ta dözə bilmirdi. Bu qaranlıqda və darısqallıqda yaşamaq, nəfəs almaq zillətdir. Birinci kərəydi ki, yuvası ona belə dar, darıxdırıcı və məşəqqətli gəlirdi.
Gürzə içəridə - öz yuvasındaca qıvrılıb boğulurdu, darıxırdı. Yuvası torpağın minillik qatındaymış kimi belindən basır, havasını ağırlaşdırırdı.
Yuva yeri - qıvrılıb, dolanıb yatmaq, yuva yolu isə - sürünmək üçündür, bezikdirici olsa da, hər halda, gürzə bunu adi bir həqiqət kimi dərk edirdi.
Quyruğunun ucu gizildəyirdi və hiss edirdi ki, xallı sinəsində qıcıqlanan ilıq bir istək yatmaqdan korşalmış beynini açır, hərəkətə gətirirdi.
Odur ey, çöldə həyat buğlanır, nəyimə gərək, andıra qalmış yerin altı ölülər üçündür!..
Gürzə yastı başını içinə qısıb qıvrıldı, burulub çöndü. Çöllərə, dünya işığına həsrətlə tamsınaraq quyruğunu qısdı. Başını toxundurub yuva yolunun çəmini tapdı, hıqqıltıyla yuxarı - dünyanın işıq nöqtəsinə dartındı. Soyuq torpaq bədənini sıxıb hərəkətini çətinləşdirir və beləcə onun işıqlı səmaya çıxmaq həvəsini birə-beş artırırdı.
Hər cür ağrıya, əzaba dözməyə nə var, biləndə ki, sən azadlıq eşqiylə mübarizədəsən və qarşıda səni uzanıb gedən dünyanın genişliyi gözləyir...
Havaların belə sazaq vaxtı yerin üzünə çıxmaq, hərəkət istəyi diri gözlə ölümə sarı sürünmək idi - bunu ilan yaxşı başa düşsə də, dayanmadan həsrətinin işığınca dartınırdı.
Ancaq neynəməli, bu dünyada azadlıq istəyini, işıq həsrətini, yaşamaq meylini heç nə və heç bir şey əvəz edə bilməzdi!..
Neçə gündür çöl üzü görmürdü, bozanaq dağların, boğuq dərələrin, biçənəklərin, mal-davarın, insanların hənirtisi üçün əməlli-başlı darıxmışdı. Anası öyrədirdi ki, ilan nəslində bir qaydadır: yazda və payızda gündüzlər, yayda isə gecələr ova çıxarlar.
Qəfil bir gündəcə iki Allahsız bəndə gürzənin anasını, bacı-qardaşını qanına qəltan elədi, o özü isə ölüm-dirim sıyrılıb qaça bildi, haça dilini çıxarıb yalmana-yalmana özünü kola-kosa soxdu.
“Bizim adımız çıxıb, - ilan fısıldadı, - bu insan məxluqu ki, var - özləri, özləricə zəhər tuluğudur. Uçurmasa, vurmasa, qan tökməsə rahatlıq tapmır. Bunların yaranışından xisləti belədir. Yoxsa bu dünyanı belə-belə savaşlara qərq etməzdilər...”
O faciədən sonra qırx gün, qırx gecə hikkəsindən və nifrətindən yuvadan çıxmadı və hətta günlərin bir günü bu yurddan baş götürüb, rədd olub getmək istədi.
Ancaq yox, gürzələr yad yurdda yaşaya
bilməzlər, yaşamazlar! Yuva qurub nəsil artırmazlar. Siz ki, bunu bilməlisiniz!..
Ovu, qovu da, ölümü, qan-qadası da burda - sinəsi
dağlı yurddaca şirindi. Şirindi, qardaş!..
Qürbətdə xan olunca, vətəndə dilən gəz,
sürün gəz. İt ol, qurd ol, daşa, torpağa çevril; nə
olursan ol, amma yenə yurd yeri, yurd yeri - öz qiblən, öz
məbədin...
Qəribəydi, bir belə hikkə, kin-küdurətlə,
di gəl ki, heç kimə, heç bir bəni-insana toxunmaq,
çalmaq, zəhərləmək istəmirdi.
Zəhərini
töküb qurtaran ilan elə bil ki, həyatını
başa vurur, demək, daha yaşamır...
Aman Allah, bu nə taledir; deməli, yaşamağın xətrinə,
qurtuluş naminə zəhərləməlisən?! Onda belə
çıxır ki, yaşamaq üçün ölməlisən?!
Hər canlının və hər cansızın -
bütün yaranmışların özünəməxsus
gözəlliyi, qüvvəti və əzəməti var.
Gürzə yaxşı başa düşürdü
ki, onun gücü və əzəməti - içindəki zəhər
tuluğundadır. Zəhərsiz ilanı kimdir saya alan,
hesablaşan?! Beləcə, ilanın zəhəri
qorxu gətirir, qorxurlarsa, demək, hökmün də var,
sayılırsan, qorxu olan yerdə isə qarşı tərəf
düşmənə çevrilib ölüm gətirir.
İmkan, məqam düşəndə
üstünü kəsdirir, məhv edirlər.
Qorxu mübarizə hissləri yaradır. Görünür,
yaşamaq eşqi belə tələb edir!..
Tək səni
yox, - ilan içini çəkdi, - səninlə birgə
ölümü, qorxunu da öldürür insanlar!..
Sirli-sehrli kainat heç kimi və heç nəyi
qayğısız və ələmsiz, döyüşsüz
və mübarizəsiz xəlq eləməyib. Hərənin
öz ömür yolu, dərd-səri və alın
yazısı var.
Çöllərin
havasını udub nəfəsini dərdi: “Ax, nə
yaxşıdır; bu da işıqlı həyat!..”
Gürzə canına qüvvət yığdı,
yurdun doğma hənirindən mehirlənib xoşhal oldu. Dağların
təpəsində ocaq qalamış günəş gürzənin
gözlərini qamaşdırır, üzüntülü
havada sınan şəfəqlər əl uzadıb onun xal-xal
boyunca gəzişirdi.
Yuvanın ağzında dartınıb, dolaşıb
yığışdı, yastı başını əyib
dinşədi; rahatlanıb nəfəsini dərdi.
Payızın nakam vədəsi, havaların belə tez
sınması düzə-düzəngaha qəribə bir
ağırlıq, məyusluq gətirmişdi.
Axşamın soyuğu, sazağı çəkilib
getmişdi, payız səhəri dumanlı-çənli
gözlərinin acısını alırdı.
İsti yellər şehli-qırovlu dərələrin
bozanaq selini, dumanını və çənini ürkək
qoyun sürüsü kimi dağların dibinə
qısnamışdı, bir azdan, gün qalxar-qalxmaz boz qurd
kimi bu sürünün axırına çıxacaqdı, əridib
isti ilğımlara döndərib aparacaqdı.
Gürzə
bir az gözlədi, gün
işığı onun nəm çəkmiş
xallarını isidib qırışığını
açır, beynini, hafizəsini təzədən bərpa
edirdi.
Həəə,
indi aşağılara sürünə bilərdi...
Uzun, haça dilini çıxarıb
hissiyyatını, duyğularını işə saldı,
ilin-günün belə vədəsindəcə quruyub
qarsımış havadan ağlı bir şey kəsmədi. Tamsına-tamsına
qıvrıldı, acı tikəyə dönmüş hava
seli yumurlanıb boğazına tıncıxır, sonra beli
boyunca gəzişir, sıxılıb-sıxılıb
gödək quyruğundaca əriyirdi.
Bu nədir, ya Rəbb?!
Hələ
bu yerləri belə qərib, miskin, darıxdırıcı,
üzüntülü və belə hənirsiz görməmişdi...
Hava qurumuş və turşumuş alça cecəyi kimiydi...
Əlini
bir-birinin çiyninə qoyaraq yasa batmış dərə-təpə,
ilanın özü kimi qıvrılıb qabıqdan
çıxan yol-riz can üzən
intizarın, içindəcə çapalayırdı.
Torpağın üzündə dəmirov kimi qaysaq
bağlamış biçənəklər, axçası
saralan qaratikan kolları mal-davar üzünə həsrət-həsrət
baxırdılar.
Hı-ııı-hhh. Yox, belə ola
bilməz, ola bilməz belə...
Hanı bu yerin insanları, səsi-küyü aləmi
bürüyən oğulları hanı? Bu düzlərdəki
at minib, meydan sulayan ərənlər niyə belə qeyb
olublar?!
Ehey, ey
sal biləkli, haça ürəkli igidlər,
haradasınız, səsiniz niyə gəlmir?..
İlan
qıvrıldı: “İgidin ürəyi haça olar, -
deyiblər, - mənim dilim kimi. Ətrafı bu haça dilimlə
duysam da, duyğularımı işə salıb, təmasda
olsam da, heç nə, heç nə... Dilin
haçalığı rəzalətdir, ürəyin
haçalığı isə qorxmazlıq, döyüşkənlik
rəmzidir. İgidə ürək lazımdır,
ürək - haça ürək; birini qoyub biriylə
vursun...”
Gürzə
başını qaldırıb ürəkləndi:
“Yanında igid olsun, kol dibi evin olsun!..”
Tələsmə, tələsik fikir yürütmə,
elata doğru sürün.
Qıvrılıb, fırlanıb özündə
güc topladı. Elatın sözüdür; qüvvə hər
şeyi, qüvvənisə ağıl sındırar.
Həmişə hay-küylə dolu olan məktəb xəzan
vurmuş bostan kimiydi, səssizlik içindəcə
boğulurdu. “Bir yerdə ki məni sürünənlər kimi
öyrədirdilər və hələ də öyrədəcəklər,
bağlı qalsa yaxşıdır. Ay sizə mən nə
deyim, iş tapıblar özlərinə. Bəs sizi necə, ay iki ayaqlılar, fərarilər,
qaçanlar sinfinə bağlamaq olarmı? Sizin
ayaqlarınız torpağa dəyir, mənimsə, bax, bu sinəm,
bu ürəyim üstündədir torpaq...”
“Məlunlar! Müstəbidlər!”
Ürəyi
az qalırdı atlanıb çıxa sinəsindən:
“Mənəmmi sürünən? Mən zəhmliyəm,
güclüyəm, dözümlüyəm, mübarizəm! Mən
qoltuqlarda gəzmənəm, ölü can yemənəm,
öz ovumu, qidamı özüm qazanaram, diri-diri udmasam -
yaşamaram.
Mənim canım, damarlarım gör bir necə də
güclüdür. Siz mənə dayaq nöqtəsi, söykənəcək,
əl ilişəsi bir yer verin, görüm kim
mənə bata bilər, güc gələ bilər?! Burnumun
ucunuca yuvama pərçim eləyə bilsəm, vəssalam,
yüz qol tutub, yüz biləklə gəlin, güc verin, ha
qaldırın, ha dartın... Kim məni öz yuvamdan
qoparıb çıxara bilər?..”
Ihı-ııı...
Bax, bu da qaratikanlıq. Buralar
ki, toyuq-cücəylə, qurd-quşla dolu olardı.
Nəfəsi qurusa da, maraq onu qabağa dartırdı. Aha, bu da kənd-kəsək,
yurd yeri. Boş qalmış evlər səssiz-səmirsiz
elə baxırdılar ki, elə bil qədim əyyamlardan
burda bir canlı yaşamayıb.
Hiddətindən içi doğranırdı.
Hara, hansı ellərə getdiniz? Harada it-bat
olmusunuz, harada?! Eşitməmisinizmi; qürbətdə
xan olunca, vətəndə dilən gəz, sürün gəz!..
Gör
bir anası necə də hikmətlə deyirmiş: “Yurddan
çıxsan da, eldən çıxma...”
Ballı-şirəli otlardan yeyib-tıxmış boz kəhər
buralarda meydan sulayar, yalını yelə verə-verə
kişnəyərdi. İndi yeli qalmışdı, yerə
basdırılan mıx əyilib-burulub
haçalanmışdı, cidarlanmış kəhər qəzəbindən
ipi qırıq-qırıq eləyib yoxa
çıxmışdı. Yandakı
kalafada sümsünən qoca qatır isə heç nəyi
vecinə almadan gövşəyirdi. Tükünü
tökə-tökə canı hayındaydı. “Belə otlayan idin, niyə arıq düşdün,
ay yazıq?!”
İlan elə bil təzəcə ayılırdı,
yuvanın boğanağından keyişən qulaqları indi
səsə gəlirdi.
Yer-yurd od-alovun, gurultunun içində boğulurdu. Nəriltisi dünyanı
götürmüş mərmilər elə bil göydən
yağır, yerdən çıxırdı...
Bilmək
olmur; atan kimdir, vuran kim?
Hara atırlar və niyə atırlar?
Damarından
bal dadan qarı dağlar, qarlı
dağlar ağzına su alıb durmuşdu, qurğuşun, barıt
nəfəsi bu yerlərin bakirə havasını
boğazlamış, dağı-dərəni məhvərindən
çıxarıb baş-başa gətirmiş, əhdini kəsmişdi.
Bəyaz çöllər bətnində körpəsi
boğulmuş ana kimi idi...
Toz-tozanaq
içində itən meşələrin üz-gözünə
elə bil kəfən çəkilmişdi...
Gürzə
sımsındı: bir mıx bir nalı, bir nal bir atı, bir
at bir igidi, bir igid bir eli qurtarar, - deyiblər.
İndi isə hər şey tərsinə
çönmüşdü, mıx nalı, nal atı, at
igidi, igid eli qoyub getmişdi... Ay sizin...
Adda-budda kol-kosa ilişib qalmış, giliz havasında
boğulub diri-diri partlamaya düşmüş quş-ördəyin,
mal-davarın cəsədi çöllərə səpələnmişdi,
iyi-qoxusu dərəni başına
götürmüşdü.
Nəslən təmizliyi, nizam-tərəzini gözləyən
gürzənin canına vicvicə düşdü,
kirin-kirsavın içində itib-batmış düzlərin
ağır havası ətini ürpəşdirir, irmənir,
damağını qurudurdu.
Sürünüb
gəldiyi yol-rizin, kol-kosun iynəsi, tikanı canına
darışmışdı və elə bil xallı-pullu dərisini,
al-qumaş qabığını dartıb əynindən
çıxarıb yurdsuz-yuvasız qoymuşdular onu... İlin-günün belə vədəsi dəri dəyişmək,
qabıqdan çıxmaq olarmı?!
Açılıb-dartınıb
süründü...
Qarşıdakı çəmənlikdə bir səs-küy
vardı ki, gəl görəsən; toplanıb, dəstələnib
yeyib-içirdilər, səsləri də əcaib idi; nə
dildə dilləşib mırt vururdular - gürzə yad nəfəsli
bu səslərdən bir şey andıra bilmədi.
Kabab çəkib, şərab içirdilər. Elat quzusundan şişlənmiş
kababın, torpağın damarından sorulmuş şərabın
tamı gürzəni tamsındırsa da,
nəfsini içinə qısıb nifrətlə baxdı. Birisi yekəpər, uzundraz ayaqlarını
kolluğa uzadıb heç nəyi vecinə almadan, hayıl-mayıl
dürtüşdürürdü.
Sən
bunların tamah dişinə bax!.. Bir versən,
bir də istər, hələm desən, yatmağa yer də
istər?!.
Al, bu da
sizin zəhər payınız; hımm... halalınız
olsun!
Gicgahlarını
sıxıb çevrildi, beynində şimşək
çaxdı, od közərdi;
yumşaldı, boşaldı, yüngülləşdi, elə
bil dünyanın ağır yükünü
boşaldırdı.
Torpağın
mayasından, suyundan, ot-əncərindən, daş-qumundan
yığıb sorduğu zəhərini elatı qan-qadaya
calayan düşmənə qaytarırdı, yağı
düşmənə... Hər şey bircə anın
içindəcə baş verdi. Kimsə o yekəpər qıçlarını
yığıb böyürdü, mələdi, hürdü,
bir soyuq əl qoxunun, vahimənin gücüylə
quyruğundan dartıb ilanı öz canından qopartdı və...
qaldırıb fırlatdı, fırladıb
aşağıya, şax-şəvəlliyə tullamağa
macal tapa bildi. Kol-kosun içinə
düşən ilan çevrilib qısıldı, qıvrılıb
yığıldı, yastı başını yerə
sığayıb özünə gəlməyə,
dumanlı hisslərini durultmağa çalışdı.
Ona elə gəldi ki, zəhər dişini,
ağzının tamını o cəsədin üstündəcə
qoyub gəlmişdi. “...Əti-qanı nə yaman zəhərdir
bunun, zəhər tuluğu köpək oğlunun...”
Yuxarıda - çəmənlikdə ilan
çalanın ah-naləsi, mələrtisi
düzü-dünyanı bürümüşdü. Acı zəhər deyəsən,
indi-indi öz işini görürdü: isidə-isidə,
soyuda-soyuda, simləyə-simləyə üzü yuxarı
yeriyirdi.
“Yeri mənim
zəhərim, - ilan hıqqıldadı, - yeri, bu
qansızın gözünə, qulağına, beyninə,
dilinə yeri...”
Yad dildə
hədyan danışan, qarğıyıb şivən qoparan
o aciz və peşman məxluqun dili yavaş-yavaş quruyurdu və
bəlkə də gecikmiş vəsiyyətini eləyir, son təəssüfünü
yaşayırdı bu bəduğur canlı...
Qalibiyyətini dadmış, dişinin dibindən
çıxanı düşmənin qanına calamış
yurd gürzəsi zəhərinin gücünü
görüb qüdrətindən qımışdı,
içində rahatlıq, yumşaqlıq duydu.
Aşağıya yellənib özünü
şax-şəvəlliyə pərçim elədi; durmaq
vaxtı deyildi, yuxarıdan onun qarasınca atılırdı,
güllələr hiddətlə axışır,
başının üstündəki yarpaqları, şəvəlliyi
qarsıb ötüşür, sonradan lakafalarda ilişib
sönürdülər.
“Bu nə qandır, nə tamdır belə bunlarda?! - ilan
içini çəkib aşağılara süründü.
- Nəfəsləri kəsilincə didişirlər,
bölürlər və... ölürlər... Vəssalam...”
Harada insan var, orada fəlakətdir, müharibədir,
yanğınlar baş alıb gedir, zəlzələ
yurdları diri-diri udub aparır. Ancaq yox... yox! Kim nə deyir-desin,
insansız, hənirsiz, nəfəssiz yurd kimə
lazımdır?! İnsanın ayağı dəyməyən,
nəfəsi toxunmayan torpaq canı olmayan varlıq kimidir...
Sahibsiz məmləkətlərdə itlər ulaşır,
donuzlar otlayır və budey, sənin kimi ilanlar mələşir...
İnsansız yurd yeri qəbirsiz meyit kimidir, urvata,
imana-dinə gəlməz, xeyrə calanmaz. İnsanı olmayan
dünyanın sonudur demək!..
Ey, eheyyy,
heyyy! Kim var orda? Hanı bu
yurdun yiyəsi? Bu yurdun yiyəsi varmı?!
Sürünüb-dartınıb tələm-tələsik
təpənin qılıcına qalxdı. Aman Allah, bu
ki, xırman yeriydi, çal-çağırlı,
toy-büsatlı, elin-obanın yığnaq yeri olan xırman.
İlan qısıldı: “Buğdadan, arpadan əlim
üzüldü, ümidim, sənə qaldı, ay darı
xırmanı...”
Gürzə
hiss edirdi ki, içində ağlayıb-sızlamaq,
ağrısını-acısını bu torpağa
boşaltmaq istəyi cövlan edir.
Hikkəsindən
az qalırdı ortasından
cırılsın. Bir kimsə yoxmu dərdini desin?
Yığılıb-açıldı, boynunu
qaldırdı, üzünü göyə tutub əməlli-başlı
nərildədi:
- Ehey haradasan, ey ulu Tanrı? Haradan durub hara baxırsan? Necə dözə bilirsən bu haqsızlığa?! Necə göz yumursan bu fəlakətə?! Bu ikiayaqlıları nədən yaradıb xəlq elədin?! Savaş-fəlakət üçünmü, şərbət əvəzinə qan tökülüb qan içmək üçünmü? Eşidirsənmi, insansız yurdların, sahibsiz torpaqların başının üstündə necə duruş gətirirsən, ey ulu Tanrı, nə təhər tablaşa bilirsən?! Səninləyəm, niyə, niyə susursan?!
Gürzəni öz-özünə dəhşət bürüyürdü, hiss edirdi ki, qalxmaq, ayağa durmaq qüdrətilə ürəyi çırpınır. Qalxmaq, kainata səs salmaq və nəfəsi yetincə bağırmaq istəyirdi!..
Hiddət və nifrət bütün canlılara qüvvət və qeyrət gətirir...
Güllələr göz qırpımında yağır, torpağın bağrını dəlib-deşir, yuvasız siçanlar kimi civildəşirdi. Qibləsi olmayan mərmilər hara gəldi atılırdı, yoxuşa diklənirdi, düzü-düzəngahı, yal-yamacı qarsır, hərdən də xırmana dil uzadırdı.
Gəl, gəl bəri görüm, səni bax, bu zəhərsiz dişlərimlə didməyə hazıram!..
Yurd gürzəsi yay kimi açılıb qalxdı, bir göz qırpımında irəli şığıdı, sanki güllənin özündən də cəld sıçradı, odlu-alovlu gilizləri qapıb-qamarlamaq, udub soyutmaq istədi.
Gürzələr gilizləri ötürmürlər, odlu güllələri boş-boşuna buraxmırlar... Yer-yurd baş-başa gəlib nərildədi, sinəsi dağım-dağım olmuş gürzənin gözləri torlaşdı, beyni qurudu, boşalıb torpağa düşdü.
Üzü soyuq torpaq isti, imisti cəsədin cızdağını çıxarır və elə bil son həsrətini alırdı...
Azərbaycan.- 2016.- 10 iyun.- S. 5.