“Caspian
Energy Award” və “Caspian Business Award” mükafatlarının təqdim
edilməsi mərasimi
keçirilib
Bakıda XIII Beynəlxalq “Caspian Energy Award-2016” və I Beynəlxalq
“Caspian Business Award-2016” mükafatlarının
təqdim edilməsi mərasimi təşkil olunub.
“Caspian
Energy Award” və “Caspian Business Award” beynəlxalq mükafatları
dünyanın 50 ölkəsində
keçirilən internet sorğusunun
nəticələrinə əsasən,
Xəzər-Qara dəniz
və Baltik regionlarında iqtisadiyyatın
inkişafına verilən
töhfələrə görə
siyasi xadimlərə,
dövlət məmurlarına,
diplomatik nümayəndələrə,
dövlət və özəl şirkətlərin
rəhbərlərinə təqdim
olunur.
Beynəlxalq “Caspian Energy Award” və “Caspian
Business Award” mükafatları Caspian
European Club və Caspian Energy International
Media Group-un dəstəyi
ilə keçirilir.
Təqdimat mərasimində çıxış
edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin
müavini, Xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədov Caspian European Club-un fəaliyyəti dövründə
həm regionda, həm də onun hüdudlarından kənarda böyük nüfuz qazandığını
söyləyib. Novruz Məmmədov qeyd
edib ki, “Azərbaycanın beynəlxalq
arenada mövqeyinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə” nominasiyası
üzrə mükafat
Prezident İlham Əliyevin yürütdüyü
uğurlu daxili və xarici siyasətin nəticəsidir.
“Tarixə səyahət
etsək, Varşava müqaviləsinin qüvvədən
düşməsindən sonra
yaranan dövlətlər
arasında öz daxili və xarici siyasəti sayəsində Azərbaycanın
həm beynəlxalq arenada, həm də regionda böyük nüfuz sahibinə çevrildiyini
görərik”, - deyə
Prezident Administrasiyasının
rəsmisi qeyd edib.
Novruz Məmmədov
deyib ki, əsası Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev tərəfindən
qoyulmuş müstəqil
dövlətçiliyimizin prinsiplərini bu gün Prezident İlham Əliyev və onun rəhbərliyi
ilə dövlət və hökumət qurumları uğurla davam etdirir. Bu mexanizmin bir hissəsi olaraq, biz üzərimizə düşən
işin öhdəsindən
layiqincə gəlməyə
çalışırıq.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə
ADA Universiteti və bu ali təhsil ocağının
rektoru Hafiz Paşayevin
adından mükafata görə Caspian European Club-a və
onun üzvlərinə
minnətdarlığını bildirib. O qeyd edib ki, bu
mükafat həm ADA Universiteti rektorunun uzun illər Azərbaycan naminə gördüyü xidmətlərin,
həm də universitetin son on ildə ölkənin təhsil sahəsində yeniliklər
və innovasiyalar tətbiq etməsinin nəticəsidir.
“Azərbaycanda qeyri-neft
sektorunun inkişafı
insan kapitalı olmadan baş verə bilməz. Bu baxımdan universitetin rolu və onun
biznes sektoru ilə əməkdaşlığı
çox vacibdir.
Hafiz Paşayev və onun rəhbərlik
etdiyi universitet bu istiqamətdə ölkədə nümunəvi
addımlar atır.
Biz bu işləri
gələcəkdə də
davam etdirmək niyyətindəyik”, - deyə
F.İsmayılzadə bildirib.
SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı
məsələləri üzrə
vitse-prezidenti Rəhman
Qurbanov dövlətimiz
müstəqilliyini bərpa
etdikdən və ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən
sonra Azərbaycanda neft sahəsində köklü dəyişikliklərin
baş verdiyini söyləyib. “Neft
strategiyasının əsasını
qoyan Heydər Əliyev neft sənayesinin inkişafı
üçün yol açdı. Əlli ildən
artıq bir vaxt ərzində neft sahəsində işləyən biri kimi mən bunu
deməyə bilmərəm.
Hələ keçmiş SSRİ dövründə Heydər
Əliyev Azərbaycanın
müstəqillik qazanacağını
görürdü. Bu baxımdan onun neft sənayesindəki xidmətləri misilsizdir.
Ümummilli liderin rəhbərliyi
ilə dərin özüllər zavodunun əsası məhz Azərbaycanda qoyuldu.
O, böyük infrastruktur
yaratdı. Dayaz sulu “Günəşli”
yatağında quyuların
əsası qoyuldu və qazma işlərinə
başlanıldı”, - deyə
R.Qurbanov bildirib.
“Türkiyənin Azərbaycandakı
səfiri olaraq, ikitərəfli əlaqələrin
inkişafına töhfə
verən “Caspian Energy Award” mükafatı
məndə qürur hissi oyadır”, - deyə Türkiyənin Azərbaycandakı səfiri
İsmayıl Alper Coşqun qeyd edib. O bildirib ki, Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda keçirilən
görüşü zamanı
iki qardaş dövlətin rəhbərləri
Azərbaycanla Türkiyə
arasındakı ikitərəfli
əlaqələrin ən
yüksək səviyyədə
olduğunu vurğulayıblar.
“Qürur hissi
olmaqla yanaşı, bu, həm də
bizim üçün
güc mənbəyidir.
Əlaqələrin bu səviyyəyə
gəlib çatması
gərgin işimizin nəticəsidir. İkitərəfli əlaqələrin inkişafına
hər iki dövlətin rəhbərləri
və vətəndaşları
böyük töhfə
verirlər. Layiq görüldüyüm
bu mükafat gərgin zəhmətin bəhrəsidir. Əminliklə
bildirirəm ki, bu iş gələcəkdə
də uğurla davam etdiriləcək”, - deyə səfir bildirib.
“Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən
nəhəng neft-qaz şirkətlərinin və
Caspian Energy International Media Group-un dəstəyi
ilə yaradılıb. Caspian European
Club-un sədri Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevdir”,
- deyə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev qeyd edib. O bildirib ki, təsis olunduğu ilk gündən
Caspian European Club neft sahəsindən
əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən
artıq şirkət
və təşkilatı
birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində
fəaliyyət göstərir
və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində
fəal iş aparır.
“Məhz Caspian European Club-un Sədri,
Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi sayəsində
Caspian European Club bu gün
Xəzər-Qara dəniz
və Baltik regionunda fəaliyyət göstərən ən nəhəng və ən nüfuzlu beynəlxalq təşkilatlardan
birinə çevrilib”,
- deyə Telman Əliyev diqqətə çatdırıb. O vurğulayıb
ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə 2016-cı il
noyabrın 30-da Caspian Energy Forum dövlət və özəl şirkət rəhbərlərini bir araya gətirəcək.
Caspian Energy International Media Group-un flaqmanı sayılan
“Caspian Energy” jurnalının birinci nömrəsi 1999-cu
il mayın 28-də işıq üzü görüb. Hazırda dünyanın 50 ölkəsində
yayımlanan “Caspian Energy” jurnalının
hər buraxılışında
dünyanın aparıcı
ölkələrinin prezidentlərinin,
baş nazirlərinin,
nazirlərinin, dövlət
və özəl şirkət rəhbərlərinin
və nüfuzlu ekspertlərinin müsahibələri
və məqalələri
dərc olunur. Bir sıra reytinq agentliklərinin hesablamalarına
görə, “Caspian Energy” jurnalı
dünyanın 20 nüfuzlu
neft-qaz nəşri və regionun 5 aparıcı neft-qaz jurnalı siyahısına
daxildir.
Çıxışının sonunda Telman Əliyev uzun illər ərzində Klubun fəaliyyətində
göstərdikləri dəstəyə
və məhsuldar əməkdaşlığa görə
dövlət qurumları,
şirkət və təşkilat rəhbərlərinə
minnətdarlığını bildirib, mükafata layiq görülən bütün nominantları
təbrik edərək
onlara gələcək
fəaliyyətlərində uğurlar arzulayıb.
AZƏRTAC
Azərbaycan.- 2016.- 10 iyun.- S. 2.