Aqrar
inkişafın elmi istinadgahı
Kənd təsərrüfatının
dinamik yüksəlişində ixtisaslı kadrlar
başlıca rol oynayır
“Azərbaycanda ərzaq təhlükəsizliyi ilə
bağlı çox böyük işlər
görülübdür. Biz özümüzü bütün əsas
ərzaq məhsulları ilə, demək olar ki, ya 100 faiz, ya
90 faiz təmin edirik. Bu proses davam etdiriləcəkdir. Son illər ərzində taxılçılıqda
20-yə yaxın iri fermer təsərrüfatı
yaradılmışdır. Bu təsərrüfatlarda
bir hektarda məhsuldarlıq 55-60 sentnerdir. Yəni
ümumi məhsuldarlıqdan iki dəfə çoxdur. Nəyə görə? Çünki
orada elmi yanaşma, müasir texnologiyalar tətbiq olunur,
onlardan istifadə edilir. Bu nəticələrin qazanılmasında
alimlərin çox böyük zəhməti var. Nəzərə
alsaq ki, əhalinin 50 faizi aqrar bölgələrdə
yaşayır, gələcəkdə kənd təsərrüfatının
inkişafı həm iqtisadi, həm sosial məsələ
kimi daim gündəlikdə olacaqdır”
İlham
ƏLİYEV
Etibarlı ərzaq təminatı hər bir ölkənin
iqtisadi sabitliyinin və sosial dayanıqlığının
başlıca şərtidir. Ölkənin ərzaq təhlükəsizliyi
isə ali təhsilli kənd təsərrüfatı
mütəxəssislərindən çox asılıdır.
Çünki müasir dövrdə kadr təminatı
aqrar siyasətdə ən başlıca amil hesab olunur.
Bu baxımdan son illər respublikamızda bu sahədə
müsbət irəliləyişlərə nail olunub.
Regionlar üzrə prioritet istiqamətlər təmin
edilmiş, həyata keçirilən tədbirlər
sahibkarların tələbləri əsasında
formalaşdırılmış, aparılan tədqiqatların
səmərəsi artırılmış, elmin maddi-texniki
bazası və kadr potensialı xeyli gücləndirilmişdr. Bütün bunların həyata
keçirilməsində isə ölkəmizdə yeganə ali təhsilli kənd təsərrüfatı
mütəxəssisləri hazırlayan Azərbaycan Dövlət
Aqrar Universitetinin böyük rolu var.
Respublikamızda
kənd təsərrüfatının elmi əsaslar üzrə
inkişafı, yüksək ixtisaslı kadrlar
hazırlanması sahəsində yeganə və ən qocaman
təhsil ocaqlarından olan Azərbaycan Dövlət Aqrar
Universiteti bu gün müasir Avropanın elm və təhsil məkanına
inteqrasiya etməklə müəllim və tələbə
mübadiləsinə nail olmağı, elmin
qarşılıqlı maraq doğuran sahələrində əməkdaşlıq
etməyi, beynəlxalq layihə və proqramların, simpozium və
zirvə toplantılarının iştirakçısı
olmağı konkret vəzifə kimi öz qarşısına
məqsəd qoymuşdur. Bu sahədə həyata
keçirilən tədbirlər artıq səmərə verməkdədir.
Hazırda
qocaman təhsil ocağı dünyada 40-dan artıq
tanınmış universitetlə əməkdaşlıq əlaqələrinin
qurulmasına nail olmuşdur ki, bununla da dünyanın elm və
təhsil məkanında öz nüfuzunu
artırmışdır. Türkiyə, Rusiya, Almaniya, ABŞ,
Avstriya, Norveç, Macarıstan, Ukrayna, Belarus, Niderland
Krallığı, Gürcüstan, Sloveniya və sair ölkələrin
ali təhsil ocaqları ilə yaradılan əməkdaşlıq
əlaqələri uğurla davam etdirilir. Avropa və Müstəqil
Dövlətlər Birliklərinə daxil olan təhsil ocaqlarından
universitetə dəvətlər, əməkdaşlığa
çağırış meyilləri sübut edir ki, bu
gün həmin ali təhsil müəssisələri
Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıqda
maraqlıdırlar. Heç təsadüfi deyil ki, universitetin
tələbələri arasında Rusiya Federasiyası,
Türkiyə, Gürcüstan və Özbəkistan kimi
ölkələrdən 19 nəfər əcnəbi gənc
var. Aqrar universitetdən isə Almaniya Federativ Respublikasında
10 nəfər, Macarıstanda 2 nəfər, Böyük
Britaniya, Portuqaliya, ABŞ və Belçikanın hər birində
isə bir azərbaycanlı gənc təhsil alır. Məqsəd ADAU-nu aqrar sahədə nümunəvi
universitetə çevirmək, onun dünya və Avropa təhsil
sisteminə inteqrasiyası və təhsilin bolonya prosesinə
qoşulması ilə əlaqədar qabaqcıl ölkələrin
təcrübələrini öyrənərək beynəlxalq
standartlara uyğun kadr hazırlığı, tədris-metodiki
təminatı və elmi tədqiqat işləri sahəsində
beynəlxalq əməkdaşlıq imkanları yaratmaqdan ibarətdir.
Hazırda
universitetdə ölkənin aqrar sahəsi üçün
prioritet sayılan torpaqşünaslıq və aqrokimya,
aqronomluq, meşəçilik, ekologiya, su bioehtiyatları və
akvabitkilər, yerquruluşu, torpaq və şəhər
kadastrı, zootexnik, baytarlıq, bağçılıq və
bağçılıq təsərrüfatı işi,
aqromühəndislik, qida məhsulları mühəndisliyi,
istehlak mallarının ekspertizası və marketinqi, əczaçılıq,
maşın mühəndisliyi, elektroenergetika mühəndisliyi,
informasiya texnologiyaları ixtisasları üzrə mütəxəssislər
hazırlanır. 2013-2014-cü tədris ilindən
başlayaraq bakalavriat səviyyəsinə kənd təsərrüfatı
ixtisasları üzrə tələbə qəbulu yalnız
dövlət sifarişi əsasında həyata keçirilir.
Hazırda tədris Azərbaycan, rus və ingilis
dillərində aparılır. 5040 tələbənin təhsil
aldığı ali təhsil
ocağında 488 nəfər professor-müəllim heyəti
çalışır ki, onlardan da 20-si elmlər doktoru,
214-ü elmlər namizədidir.
Universitetin
rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü İbrahim Cəfərov söhbət zamanı dedi
ki, bu gün qarşımızda duran əsas məsələlərdən
biri ölkə başçısının dediyi kimi, tədrislə
istehsalatın vəhdətini yaratmaqdır. Bunu nəzərə
alan Azərbaycan Dövlət Aqrar Universiteti
tədrisin səviyyəsini yüksəltmək, nəzəriyyə
ilə təcrübənin paralelliyini təmin etmək, həmçinin
keyfiyyətli kadr hazırlığının təkmilləşdirilməsi
məqsədilə respublikamızın bir sıra
rayonlarında fəaliyyət göstərən fermer təsərrüfatları
ilə əməkdaşlıq əlaqələri
qurmuşdur. Məsələn, Ağcabədi
rayonunun Cəfərbəyli kəndində ölkəmizdə
ən iri keçiçilik təsərrüfatı ilə
qurulan əlaqələr böyük səmərə verir.
Tələbələrin praktik bilik və təcrübələrinin
formalaşmasında və inkişaf etdirilməsində bu təsərrüfat
böyük əhəmiyyət daşıyır. Bundan başqa, 142 rayonla tədris-təcrübə
bazası kimi əməkdaşlıq əlaqələri
qurulmuşdur. Həmin təsərrüfatları
hamiliyə götürən universitetin alimləri əkin, səpin
və digər sahələrdə yerli təsərrüfat
sahiblərinə yardımçı olur, məhsuldarlığın
yüksəldilməsində əldə etdikləri təcrübələri
təsərrüfatlarda tətbiq edirlər. Bəzi hallarda universitetin alimləri yerli mühitə
uyğun kənd təsərrüfatı məhsullarının
yetişdirilməsi texnologiyaları ilə bağlı
mühazirələr oxuyurlar. Şəmkirin Muxtariyə
kəndindəki “Az-MMC”də, Göygölün
Aşıqlı kəndindəki taxılçılıq
fermer təsərrüfatında, Samuxun Qarayeri qəsəbəsindəki
“Birlik-CZ” MMC-də, Tovuzun Qovlar qəsəbəsindəki
“Tovuz-Baltiya” MMC-də açıq havada keçirilən
seminarlarda təsərrüfat nümayəndələrinin
verdikləri suallara da aydınlıq gətirilib. Söz yox ki, belə əməkdaşlıq hər
iki tərəf üçün böyük səmərə
verir.
Universitetdə bir neçə tədris-baza mərkəzi
də yaradılmışdır ki, tələbələr bu
mərkəzlərdə tədris - təcrübə
keçməklə biliklərini daha da zənginləşdirirlər. Məsələn,
üç ilə yaxındır ki, baytarlıq təbabəti
və zoomühəndislik fakültəsinin nəzdində
quşçuluq və balıqçılıq tədris-baza
mərkəzi fəaliyyət göstərir. Qapalı balıqyetişdirmə mərkəzinin nəzdində
elmi tədqiqat üçün xüsusi laboratoriya təşkil
edilib. Türkiyəli mütəxəssislərin
yaxından iştirakı ilə yaradılan laboratoriya ən
müasir avadanlıqlarla təchiz edilib. Bu baxımdan
baytarlıq fakültəsində yaradılan şərait buna
misal ola bilər. Fakültə
yüksək şəraitə və tədris imkanlarına
malikdir. Bu gün burada zəngin laboratoriyalar,
cərrahiyyə otaqları, ən müasir auditoriyalar var ki,
bu da tələbələrin seçib öyrəndikəri
peşələrin dərindən mənimsəmələrinə
geniş imkanlar açır.
Azərbaycanda fəaliyyət göstərən “Qrand
Motors” şirkəti ilə qurulmuş əməkdaşlıq
əlaqələri isə gündən-günə genişlənir. Bu
yaxınlarda şirkətin yardımı ilə universitetin
mühəndislik fakültəsində müasir
avadanlıqlarla təchiz edilmiş laboratoriya fəaliyyətə
başlamışdır. Şirkətin
maliyyə dəstəyi ilə 5 nəfər tələbə
Belçika, İngiltərə və Türkiyə
respublikasına bir aylıq təlim-təcrübə kursuna
göndərilmişdir.
Son illər qlobal miqyasda ekoloji tarazlığın
pozulması ilə ətraf mühit xeyli dəyişikliyə
məruz qalıb. İnsanlar arasında bir sıra xəstəliklərin
sayı da artıb. Aparılan
müşahidələr və tədqiqatlar göstərir ki,
şəkərli diabet, qan təzyiqi və allergik xəstəliklərin
müalicəsində, eləcə də radioaktiv
şüalanmaya qarşı bildirçin yumurtası əhəmiyyətli
rol oynayır. Bunu nəzərə alan
universitet alimləri ölkəmizdə ilk dəfə olaraq
elmi əsaslarla işlənib hazırlanmış
bildirçin yetişdirmə tədris mərkəzi
yaratmışlar. Yumurtasından bir çox xəstəliklərin
müalicəsində istifadə edilən bildirçinin
artırılması üçün kompleks tədbirlər
görülür. Hazırda mərkəzdə
10 minə yaxın bildirçin saxlanılır. Alimlər döşəmə və qəfəs
şəraitində bildiçin yetişdirilməsi, onlardan
yumurta alınması, eləcə də ətlik xüsusiyyətlərinin
öyrənilməsi üzərində tədqiqat işlərini
uğurla davam etdirirlər. Universitetdə müvafiq
ixtisaslarda təhsil alan tələbələr
isə tədris prosesində praktiki biliklərini burada zənginləşdirirlər.
Ölkə iqtisadiyyatının günün
reallıqlarına uyğunlaşdırılması və
qeyri-neft sektorunun inkişafı üçün yeni
texnologiyalardan və elmi nailiyyətlərdən istifadə
edilməsi çox vacibdir. Kənd təsərrüfatı
sahəsində belə elmi nailiyyətlərə söykənən
mütərəqqi metodlar Azərbaycan Dövlət Aqrar
Universitetində uğurla sınaqdan çıxarılır.
Xaricdən gətirilən müxtəlif sort meyvə
ağaclarının iqlimə
uyğunlaşdırılmasında və bol məhsul əldə
edilməsində təhsil ocağının aqronomluq
fakültəsinin tələbələri yaxından
iştirak edirlər.
Onu da qeyd etmək lazımdır ki, bəzi təsərrüfat
rəhbərləri təcrübəyə gəlmiş tələbələri
maddi cəhətdən həvəsləndirmək məqsədilə
onlara əməkhaqqı da verirlər. Məsələn, Tovuz
rayonundakı “Tovuz-Baltiya” MMC, Samuxdakı “Az-rus-dostluq” və
Oğuz rayonundakı “Beytulla” fermer təsərrüfatı
iki aylıq təcrübədə olmuş tələbələri
əməkhaqqı ilə təmin etmişlər.
Azərbaycan Dövlət Aqrar Universiteti Gəncə və
ətraf bölgələrdə aqrar sahənin inkişaf
etdirilməsi məqsədilə digər fermer təsərrüfatları
ilə də əməkdaşlıq müqavilələrinin
imzalanması üçün hazırlıq işlərinə
başlamışdır. Sənədlərə
əsasən, həmin fermerlərin təsərrüfatlarından
universitetin bazası kimi istifadə olunacaq və tələbələr
orada təcrübə keçmək imkanı əldə edəcəklər.
Bundan başqa, təsərrüfat sahiblərinin
maarifləndirilməsi üçün universitetin onlayn
saytının açılması da nəzərdə
tutulmuşdur.
Universitetdə yüksək ixtisaslı kadrlar
hazırlığı bununla bitmir. Ali təhsil müəssisəsinin
tədris planına uyğun olaraq təcrübə
saatlarına daha çox yer verilir və tələbələr
təcrübədə nəzəri biliklərini uğurla
sınaqdan keçirirlər ki, bu da onların aqrar biliklərə
malik kadr kimi formalaşmasında mühüm rol oynayır.
Universitetin
ümumi əkinçilik, genetika və seleksiya
kafedrasının müdiri, dosent Azad İbrahimov tədrisin bu
şəkildə təşkilini yüksək qiymətləndirir,
daha çox səmərə verdiyini diqqətə
çatdıraraq deyir ki, yüksək ixtisaslı mütəxəssis
hazırlamaq həm tədrisin keyfiyyətinin yüksəldilməsindən,
həm də təcrübi biliklərin zənginləşdirilməsindən
asılıdır. Nəzəriyyə ilə təcrübənin
səmərəsi isə məhz bu zaman ortaya
çıxır. Artıq aqronomluq
fakültəsinin tələbələri tədrisin belə
qurulmasından xeyli təcrübə əldə ediblər.
Onlar Goranboy rayonunun Xoylu kəndi ərazisində
6 hektar əkin sahəsində universitetdə öyrəndiklərini
uğurla tətbiq edirlər. Tələbələr
arpa toxumunun səpinə hazırlanmasından əkinin
aqrotexniki qaydalara uyğun aparılmasınadək bütün
prosesləri özləri həyata keçirirlər. Yaxın günlərdə tələbələr 7
hektar sahədə qarğıdalı və pambıq əkininə
də başlayacaqlar.
Universitetdə ilk dəfə olaraq
balıqçılıq tədris-təcrübə təsərrüfatı
da təşkil edilib. Türkiyədən dəvət
olunmuş mütəxəssislər universitetə yaxından
kömək göstərərək zəngin laboratoriya
yaradılmasında yaxından iştirak ediblər. Hazırda qapalı balıqyetişdirmə mərkəzində
uğurlu tədqiqat işləri aparılır.
Son illər universitetin maddi-texniki bazasının daha da
möhkəmləndirilməsinə ciddi fikir verilir. Hazırda
burada yeni avtobuslardan tutmuş, taxılyığan kombayn,
müxtəlif ölcülü traktorlar, kotanlar, gübrəsəpən,
otbicən, kartofqazan və sair aqreqatlarla zəngin olan
maşın-traktor parkı yaradılıb. Tələbələrin məişət şəraitinin
yaxşılaşdırılması üçün
böyük işlər görülüb. Dövlət başçısı İlham
Əliyevin də açılışında iştirak etdiyi
514 nəfərlik mehmanxana tipli tələbə yataqxanası
istifadəyə verilib. Binada məişət
xidməti, idman zalı, həkim otağı və sair təşkil
edilib. Burada yaradılan yüksək şərait
xarici tələbələrin də qalmasına geniş
imkanlar açmışdır.
Hazırda dünya ölkələri sənaye
gücünə inkişaf edirlər. Sənayenin
inkişafında isə elmin və texnologiyanın tətbiqi
mühüm amillərdəndir. Bu iqtisadi əhəmiyyətli
vəhdət texnoparklarda cəmləşir. Odur ki, ölkədə texnoparkların
sayının artırılması dövlət
qarşısında duran prioritet məsələlərdəndir.
Elə bu məqsədlə yaxın zamanlarda
universitetin nəzdində müasir texnoparkın
yaradılması nəzərdə tutulmuşdur.
Son dövrlərdə atmosferə buraxılan zəhərli
qazların və digər texnogen proseslərin təsiri ilə
planetimizdə qlobal iqlim dəyişikliyi müşahidə
olunur. Ətraf mühitin çirklənməsi və
ekoloji tarazlığın pozulması ilə meyvə və tərəvəzlərdə
toplanan kimyəvi maddələr insan orqanizmi üçün
böyük təhlükə mənbəyinə
çevrilir. Problemin dərindən öyrənilməsi
və həlli yollarının tapılması məqsədilə
ölkəmizdə ekoloq mütəxəssislərə ciddi
ehtiyac var. Bu məqsədlə universitetdə yeni laboratoriya
yaradılıb. Tələbələr laboratoriyada
ekologiya anlayışını daha dərindən qavrayaraq
bioekologiyanın müxtəlif metodları ilə yaxından tanış olurlar.
Universitet bir sıra qabaqcıl təhsil
ocaqlarının təcrübəsindən də maksimum
yararlanmağa çalışır. Vaxtaşırı
dünya miqyasında tanınmış görkəmli alimlər
dəvət edilərək mühazirələr təşkil
edilir. Məsələn, indiyədək Amerika Birləşmiş
Ştatlarının İllunoys Universitetinin professoru Məhəmməd
Babadost, Ukrayna Respublikasının Lvov Biotexnologiya və
Baytarlıq Universitetinin rektoru Vladimir Styubelin və
başqalarının aqrar sahədə qazanılmış
uğurlar və problemlər barədə maraqlı mühazirələri
dinlənilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi ilə ADA Universiteti arasında kənd təsərrüfatı
sahəsində biznes idarəçiliyi üzrə Beynəlxalq
Magistr Proqramının həyata keçirilməsinə dair
anlaşma memorandumunun imzalanması nəticəsində ADA
Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti ilə zəruri
əməkdaşlıq əlaqələri qurmuşdur. Bu əməkdaşlığa əsasən, ADAU tələbələri
“MBA” tədris proqramı çərçivəsində kənd
təsərrüfatı sənayesinin əsasları,
iqtisadiyyatı, maliyyələşməsi, marketinqi, biznesin
idarə edilməsi üzrə nəzəri fənlərdə
və praktiki seminarlarda iştirak edirlər.
2005-ci ildən universitetin bakalavriat səviyyəsində
menecment (alman proqramı) ixtisası üzrə mütəxəssis
hazırlığı aparılır. İxtisasın
tədris planı Almaniyanın Vaynştefan-Trizdorf Tətbiqi
Elmlər Universitetinin mütəxəssislərinin
iştirakı ilə hazırlanmışdır. Tədris planının uyğunluğu tələbələrin
mübadiləsinə, kreditlərin transferinə əlverişli
imkanlar yaratmışdır. Hazırda qeyd
olunan ixtisas üzrə universitetdə 100-dən artıq tələbə
təhsil alır.Təhsil proqramında alman dilinin tədrisinə
xüsusi yer verilməklə, bu dili yaxşı mənimsəməyən
tələbələr 6 ay müddətində Almaniyanın
fermer təsərrüfatlarında istehsalat təcrübəsi
keçirlər. Keçən il bu məqsədlə
4 tələbə Almaniyanın “LOGO e.V” təşkilatının
dəstəyi ilə qeyd olunan ölkənin fermer təsərrüfatlarında
təcrübə keçmişlər.
Universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi
üçün tələbələr arasında müxtəlif
maddi həvəsləndirmə metodlarından da istifadə
edilir. Tez-tez ən yaxşı oxuyan, universitet həyatında
fəallıq göstərən tələbələrə həvəsləndirici
mükafatlar verilir. Onlar müxtəlif
istirahət mərkəzlərinə göndərilir.
İmtahanlarda yüksək bal toplayan tələbələrə
noutbuq və ya pul mükafatları verilir. Məhz
bunun nəticəsidir ki, əlaçı tələbələrin
sayı ildən-ilə artır.
Yarandığı vaxtdan indiyədək Azərbaycan Dövlət Aqrar Universitetində çoxlu sayda görkəmli şəxsiyyətlər yetişmişdir. Burada görkəmli elm xadimləri, keçmiş SSRİ və Azərbaycan Milli Elmlər Akademiyalarının həqiqi və müxbir üzvləri, professorlar, elmlər doktorları çalışmışlar. Akademiklər Həsən Əliyev, Validə Tutayuq, İmam Daşdəmirov, Yusif Məmmədəliyev, Firuz Məlikov, Siddiqə Məmmədova və başqalarının adları bu gün də kənd təsərrüfatının inkişafı istiqamətində qazanılan uğurlarda hörmətlə çəkilir. Az qala bir əsrlik tarixi olan bu ali təhsil ocağı bu gün müasir dünya təhsil sisteminin tələbləri səviyyəsində uğurla inkişaf etməkdədir. Bu inkişaf isə dövlətin elmə, təhsilə göstərdiyi diqqət və qayğının məntiqi nəticəsi kimi dəyərləndirilməlidir.
Azərbaycan Dövlət Aqrar Universitetinin uğurları indi də davam etməkdədir. Bu günlərdə “Azərbaycan universitetləri” “Facebook” səhifəsinin “2015-2016-cı tədris ilinin ən yaxşı universiteti və rektoru” nominasıyası üzrə keçirdiyi müsabiqədə universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov ilin ən yaxşı rektoru, 54 ali məktəb arasında isə ADAU “Ən yaxşı universitet” adına layiq görülmüşdür.
Sabir ƏLİYEV,
Azərbaycan.- 2016.- 11 iyun.- S. 6.