Azərbaycanda həyata
keçirilən multikulturalizm siyasəti
ölkənin inkişafında mühüm
rol oynayır
Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Multikulturalizm dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə iyunun 11-də Şəki şəhərində keçirilən “Multikultural dəyərlər və gənclik” mövzusunda regional konfransda səsləndirilib.
Konfransda Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı və digər qonaqlar, həmçinin YAP Şəki şəhər, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayon təşkilatlarının Gənclər Birliyinin üzvləri, partiya fəalları iştirak ediblər.
YAP rəsmiləri və şəhər rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov konfransı açaraq, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini, bununla əlaqədar respublikamızın hər yerində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, müxtəlif millətlərin, etnik qrupların və dinlərin mövcud olduğu Azərbaycanda dilindən, dinindən, əqidəsindən asılı olmayaraq, hamı vahid bir ailənin üzvü kimi yaşayır. Bu baxımdan xalqımızın tolerantlığı bütün dünya ölkələrinə nümunə ola bilər. Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti ölkəmizin inkişafında, vətəndaş həmrəyliyinin daha möhkəm olmasında mühüm rol oynayır.
Konfransda çıxış edən Baş nazirin müavini, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov toplantının çox əlamətdar bir tarixi gün ərəfəsində gerçəkləşdiyini, bir neçə gündən sonra, iyunun 15-də Azərbaycanda Milli Qurtuluş Gününün qeyd ediləcəyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın müasir tarixində qurtuluş məfkurəsi xüsusi məna və əhəmiyyət kəsb edir. Azərbaycanın müasir tarixinin başlanğıcı, hazırda müstəqil respublikamızda baş verən hadisələrin, ölkənin sosial-iqtisadi inkişafının başlıca səbəbi ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışı və qurtuluş məfkurəsi ilə birbaşa əlaqədardır.
Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızın ictimai-siyasi həyatında baş verən hadisələri xatırladan Baş nazirin müavini həmin dövrdə hakimiyyətdə olan səriştəsiz rəhbərlərin şəxsi ambisiyaları ucbatından ölkədə xaos, böhran və özbaşınalığın yarandığını, Azərbaycanın parçalanmaq təhlükəsi ilə üzləşdiyini diqqətə çatdırıb. Qeyd edib ki, həmin dövrdə iqtidardakıların xəyanətkar əməllərinin məntiqi nəticəsi olaraq hakimiyyət böhranı son həddə çatmış, ölkəni anarxiya bürümüş, müstəqilliyimizin itirilməsi qorxusu yaranmışdı. Belə bir məqamda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqilliyimizin yenidən itirilmək təhlükəsinə birdəfəlik son qoydu.
“Bu gün biz Azərbaycan haqqında danışarkən, eyni zamanda, respublikamızın gələcəyi ilə əlaqədar öz istək və arzularımızı formalaşdırarkən istər-istəməz qurtuluş məfkurəsinə, ulu öndər Heydər Əliyevin qayıdışından başlayan və Azərbaycanın dirçəlişini özündə əks etdirən məfkurəyə istinad edirik”,- deyə YAP icra katibi bildirib.
Əli Əhmədov deyib ki, multikulturalizm müasir dünyanın həyatını tənzimləyən çox vacib, nəzəri, eyni zamanda, siyasi, millətlərarası bir problem kimi mövcuddur. Azərbaycanın multikulturalizm sahəsindəki təcrübəsinin həm öyrənilməsi, həm də təbliğ edilməsi bütövlükdə dünyada bu problemlə əlaqədar baxışların aydınlaşmasına kömək göstərə bilər.
Sonra YAP Şəki təşkilatı Gənclər Birliyinin sədri Daşqın Mikayılov, YAP Qax rayon təşkilatı Gənclər Birliyinin sədri Elbrus Tağıyev, YAP Oğuz rayon təşkilatı Gənclər Birliyinin sədri Mehman Ramazanov, həmçinin partiyanın Zaqatala, Balakən və Qəbələ rayon təşkilatları Gənclər birliklərinin üzvləri Aytən Məmmədova, Leyla Qarayeva və Vüsalə Qəribova çıxış edərək, təmsil etdikləri rayonlarda multikulturalizm və tolerantlıq dəyərlərinin qorunması ilə bağlı görülən işlər barədə məlumat veriblər.
Baş nazirin müavini, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov konfransa yekun vurub.
Konfransdan sonra Baş nazirin müavini və digər qonaqlar “Şəki-İpək” ASC-də olub, istehsal prosesi ilə maraqlanıblar. Cəmiyyətin İdarə heyətinin sədri Nizami Qəribov müəssisənin fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının tapşırığı və tövsiyəsi ilə ənənəvi sahələrdən olan baramaçılığın inkişafı istiqamətində görülən tədbirlər artıq öz bəhrəsini verir. ASC tərəfindən indiyədək fermerlərdən 50 ton yaş barama qəbul olunub. Hazırda tədarük olunan barama müəssisənin baramaaçan istehsalatında emal edilir. Burada 195 nəfər işçi çalışır.
Baş nazirin
müavini Əli Əhmədov və digər
qonaqlar sonra rayonun Orta Zəyzid kəndinin
ərazisində müasir texnologiyalar
əsasında yeni salınan meyvə
bağına baxıblar. Diqqətə
çatdırılıb ki, hazırda bu ərazidə aqropark
yaradılır.
Azərbaycan.- 2016.- 12 iyun.- S. 2.