Azərbaycan dünya
bazarında rəqabət imkanını artırır
Prezident İlham ƏLİYEV: “İqtisadi inkişaf bizim müstəqilliyimizin, hərbi gücümüzün və müstəqil xarici siyasətimizin təməlidir”
Dünya miqyasında mürəkkəb siyasi və iqtisadi proseslərin davam etdiyi, iqtisadiyyata xarici neqativ təsirlərin gücləndiyi hazırkı şəraitdə sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ölkəmizdə həyata keçirilən sistemli tədbirlər böyük əhəmiyyət kəsb edir. Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edir.
Azərbaycanda əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Ölkələrin biznes mühitini qiymətləndirən və ən mühüm hesabatlardan olan “Doing Business 2016” hesabatında Azərbaycanın mövqeyi 17 pillə yaxşılaşaraq 189 ölkə arasında 63-cü pilləyə yüksəlmiş, dünyada üç və daha çox islahat aparan 24 ölkədən biri olmuşdur. “Qlobal Rəqabət Qabiliyyəti 2015-2016” hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətlilik səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7-ci ildir ki, lider mövqeyini qorumuş, “G-20”-yə üzv olan 8 ölkəni qabaqlamışdır.
Ölkəmizin xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, “qara qızıl”dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir. Bunun nəticəsidir ki, ötən 13 ildə müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, büdcə gəlirləri artmışdır. Bu gün Azərbaycanda sərmayə iqlimi çox müsbətdir. Bunu bütün mötəbər beynəlxalq maliyyə qurumları qeyd edir. Son 20 il ərzində ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayənin təxminən yarısı xarici investisiyalardır.
Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevirmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir. Bu fakt özlüyündə Azərbaycanın dünya birliyi üçün önəmini daha da artırmış, respublikamızın Avratlantik strukturlara inteqrasiya prosesini sürətləndirmişdir. Bunlarla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir. Azərbaycan Şərqlə Qərbi birləşdirəcək strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin maliyyələşdirilməsi üçün Gürcüstana 25 il müddətinə 775 milyon dollar kredit vermişdir. Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova, İsveçrə və Yunanıstan ərazisində inşa edilən nəhəng sənaye obyektləri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını artırır. Digər ölkələrin iqtisadiyyatına yatırılan investisiyalar yaxın perspektivdə respublikamıza böyük iqtisadi dividendlər qazandıracaq.
Ölkə başçısı Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini, sadəcə, deklarativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Dövlət başçısının “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi barədə” 30 dekabr 2012-ci il tarixli sərəncamı bunun bariz nümunəsidir. Bu sənəd deməyə əsas verir ki, ölkə başçısı Azərbaycanın hazırkı uğurları ilə arxayınlaşmağı düzgün saymayaraq uzunmuddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasını təmin etmişdir. Konsepsiya 2020-ci ilədək Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasını hədəfləyir.
Prezident İlham Əliyev Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbulda bildirib: “Əksər neft-qaz ölkələrinin bu il maaşları, pensiyaları kəsmələrinə, ödəmələri dayandırmalarına baxmayaraq, biz maaşları, pensiyaları 10 faiz artırmışıq. Bu, nəyi göstərir? İlk növbədə, bizim siyasətimizi, - həmişə demişəm ki, biz sosial siyasət aparırıq, - digər tərəfdən, bizim imkanlarımızı. Bizim kifayət qədər imkanlarımız var. Maliyyə vəziyyətimiz də yaxşıdır, sabitdir, valyuta ehtiyatlarımızı yığmışıq. Bu ilin əvvəlində hesab olunurdu ki, bizim Neft Fondunun gəlirləri, yəni, vəsaiti azalacaq, ancaq artır. Nəyə görə? Çünki islahatlar, şaxələndirmə siyasəti aparılır, xərclərə qənaət edilir, maliyyə nizam-intizamı güclənir. O resurslar ki, onlardan səmərəli istifadə olunmurdu, indi onlardan səmərəli istifadə olunur, bütün maliyyə sisteminə şəffaflıq gətirilibdir. Ancaq hələ ki, görüləsi işlər çoxdur.
İqtisadi inkişaf bizim müstəqilliyimizin, hərbi gücümüzün və müstəqil xarici siyasətimizin təməlidir. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaq, onda biz müstəqil siyasət apara bilməyəcəyik. Ona görə bütün səylərimizi indi bu istiqamətə yönəltmişik”.
Uğurlarımızı təmin edən mühüm amillər sırasında konkret dövr üçün həyata keçiriləcək tədbirləri özündə ehtiva edən sahəvi dövlət proqramlarının hazırlanmasını və icrasını xüsusi vurğulamaq lazım gəlir. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin ardıcıl şəkildə reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramları” təsdiq edilmişdir. Ötən illərdən formalaşmış ənənənin davamı olaraq regionların sosial-iqtisadi inkişafı istiqamətində tədbirlər diqqət mərkəzində saxlanılmışdır.
Hazırda respublikada həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri bu sahədə inkişaf indekslərinin Avropa tələblərinə uyğunlaşdırılması, sosial hüquqların etibarlı müdafiəsi mexanizminin formalaşdırılmasıdır. Bu meyarlar dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda da öz əksini tapmışdır. Sənəddə qarşıdakı illərdə sosial müdafiə tədbirlərinin əhatəsinin gücləndirilməsi, aztəminatlı ailələrin maddi imkanlarının yaxşılaşmasına yönəlik sosial layihələrin davam etdirilməsi, sosial sistemin təkmilləşdirilməsi məqsədilə islahatların həyata keçirilməsi, sosial təminat və pensiya sisteminin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması ilə bağlı prioritetlər müəyyənləşdirilmişdir.
Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşımış və sahibkarlığın inkişafı üçün yeni dövrün başlanğıcı olmuşdur. Ölkə başçısının 21 aprel 2016-cı il tarixli sərəncamı ilə hər il aprelin 25-nin “Sahibkarlar günü” kimi qeyd olunması ölkənin sosial-iqtisadi inkişafında məhz sahibkarların fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə indiyədək 31 min sahibkara 1,8 milyard manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 142 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlər hesabına rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələrin yaradılması sahibkarlığın inkişafında mühüm rol oynamaqla yanaşı, ərzaq və sənaye məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsində, ölkənin ixrac potensialının artırılmasında böyük əhəmiyyətə malikdir.
Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni iş yerlərinin açılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığının azaldılmasında sənaye potensialının əhəmiyyəti xüsusi vurğulanmalıdır. Hazırkı mərhələdə yüksək makroiqtisadi göstəricilərin davamlığının təmin edilməsi həm də rentabelli və elmtutumlu sənaye müəssisələrinin yaradılmasından asılıdır. Azərbaycanın dayanıqlı inkişafını elmtututmlu sənaye müəssisələrinin açılması hesabına təmin etmək, eləcə də neft hasilatının azalması ilə bağlı maddi itkiləri kompensasiya etmək mümkündür. Odur ki, respublikanın bu sahədə sovet dövründə mövcud olmuş potensialının bərpası, ayrı-ayrı sənaye sahələri üzrə ixtisaslaşmış istehsal müəssisələrinin müasirləşdirilməsi, texnoloji parkların yaradılması son illər qarşıda ciddi vəzifələr kimi müəyyənləşdirilmişdir.
Sənayenin inkişafının müasir innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi yer alması “Azərbaycan-2020: gələcəyə baxış İnkişaf Konsepsiyası”nda da əksini tapmışdır. Sənəddə 2020-ci ilədək respublikanın tarixi ənənələri olan iri şəhər və rayonlarında yeni sənaye istehsalı müəssisələrinin yaradılması və həmin müəssisələrdə innovasiyayönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması qarşıya məqsəd qoyulmuşdur.
Azərbaycan bu gün qeyri-neft
sektoruna əsaslanan iqtisadi inkişaf modelini prioritet seçmişdir. Ölkəmizdə qeyri-neft sektorunun
inkişafı, sənaye
müəssisələrinin yaradılması, respublikamızın
xammal ixrac edən respublikadan elmtutumlu sənaye və informasiya texnologiyaları istehsalçısına,
münbit turizm məkanına çevrilməsi
məqsədinin reallaşdırılması
üçün bütün
imkanlar səfərbərliyə
alınmışdır. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata
keçirdiyi ardıcıl
tədbirlər Azərbaycanın
ən qısa vaxtda dünyanın iqtisadi cəhətdən qüdrətli dövlətlər
sırasına çıxmasına
imkan yaradacaq.
Elnur HACALIYEV,
Azərbaycan.- 2016.- 12
iyun.- S. 1;3.