Azərbaycanı dünyada
layiqincə tanıdan möhtəşəm idman hadisəsi
Bu gün I Avropa Oyunlarının başlamasından bir il ötür. Müstəqilliyi ərzində çoxlu sayda böyük uğura imza atan Azərbaycan Respublikası ötən il iyunun 12-28-də Avropada ilk dəfə keçirilən bu idman müsabiqəsini layiqincə təşkil etməklə tarixini daha bir möhtəşəm nailiyyətlə zənginləşdirdi. Respublikamız təkcə yüksək evsahibliyi nümunəsi ortaya qoymadı. Həm də sübut olundu ki, iradə, qətiyyət olan yerdə hər şey mümkündür.
Azərbaycana yüksək etimad göstərilir
Ümumiyyətlə, çoxsaylı idman növlərinin təmsil olunduğu beynəlxalq idman tədbirlərinə evsahibliyi etmək hər bir ölkənin arzusudur. Amma o da məlumdur ki, hər ölkə bu cür idman yarışlarını təşkil etmək imkanında deyil. Bunun üçün mükəmməl idman infrastrukturu, o cümlədən sayı on minlərlə ölçülən idmançıları və xarici qonaqları yerləşdirmək üçün imkanlar olmalıdır. 4 ildən bir keçirilən yay olimpiya oyunları məhz bu imkanlara malik ölkələrdə təşkil olunur.
Azərbaycanın evsahibliyi etdiyi Avropa Oyunları isə Avropanın tarixində birinci dəfə keçirilirdi. Oyunların Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilmişdi. O zaman ölkəmizin böyük tarixi uğuru olan bu qərarın qəbul edilməsində bir neçə amil öz rolunu oynamışdı. Bunlar Azərbaycanın inkişafı, siyasi-ictimai sabitliyi, beynəlxalq tədbirlərin təşkilində ortaya qoyduğu ideal təşkilatçılıq, idman ölkəsinə çevrilməsi, o cümlədən son 15 ildə idman infrastrukturunun tamamilə yenilənməsidir.
Bəli, ölkəmiz son 10-12 ildə inkişaf templərinə görə dünyanın öncülləri sırasında qərar tutub. Azərbaycanın siyasi-ictimai sabitliyini isə heç bir qüvvə pozmaq iqtidarında deyil. Beynəlxalq tədbirlər məkanına çevrilən ölkəmizdə 40-dan artıq yeni olimpiya idman kompleksi və digər idman qurğuları inşa olunub. Bütün bunların, o cümlədən idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, olimpiya ideallarının təbliği və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq yarışların keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib.
Təsdiq edildi ki, Azərbaycanın Avropa Oyunlarına evsahibliyi etməyə tam haqqı çatır və ilk Oyunların harada keçirilməsi məsələsi müzakirə olunarkən Avropa Olimpiya Komitəsi bu reallıqları nəzərə aldı.
2012-ci il həm də Azərbaycanda "İdman
ili" elan olunmuşdu. Və ilin sonlarına
doğru Romadan gələn bu xəbər "İdman
ili"nə özünün möhtəşəm
möhürünü vurdu. Avropa Olimpiya Komitəsinin
tarixdə ilk dəfə keçiriləcək bu möhtəşəm
idman tədbiri ilə bağlı qərarı ölkəmizdə
"İdman ili"ndə həyata keçirilən fəaliyyətin
və bütövlüklə ötən illərdə
qazanılan uğurların məntiqi nəticəsi, Azərbaycanın
idman uğurlarının beynəlxalq etirafı idi.
Təşkilat
Komitəsi hazırlıq işlərini ən yüksək səviyyədə
başa vurdu
2013-cü ilin 17 yanvar tarixində Prezident İlham
Əliyev "I Avropa Oyunlarının 2015-ci ildə Bakı
şəhərində keçirilməsi üzrə Təşkilat
Komitəsinin yaradılması haqqında" sərəncam
imzaladı. Sərəncama
əsasən, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin
üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban
Əliyevanın sədrliyi ilə Bakı şəhərində
I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat
Komitəsi yaradıldı.
Yay
Olimpiya Oyunları üçün 7-8 il
vaxt verilsə də, Azərbaycanın Avropa Oyunlarına
hazırlıq üçün cəmi iki il vaxtı
vardı. Lakin bu müddət Yay Olimpiya
Oyunları səviyyəsində olan bir idman
yarışmasının təşkili üçün yetərli
deyildi. Bundan başqa, Yay Olimpiya
Oyunlarının keçirilməsində artıq
böyük təcrübə mövcuddur və Beynəlxalq
Olimpiya Komitəsi, demək olar ki, hər bir sahə üzrə
öz göstərişlərini verirdi. Mövcud
təlimatlarda hər bir istiqamət üzrə müəyyən
edilmiş metodiki qaydalar vardı. I Avropa
Oyunları üçün isə heç bir təlimat və
təcrübə yox idi. Belə olan halda
bütün məsuliyyət, təşkilati məsələlərin
yoluna qoyulması Azərbaycanın üzərinə
düşürdü.
O zaman bəzi
xarici çevrələrdə Azərbaycanın bu idman
yarışmasını lazımi səviyyədə təşkil
etməsinə inam yox idi. Onlar bizim bu beynəlxalq
idman yarışının təşkilinin öhdəsindən
gələ bilməyəcəyimizi zənn edirdilər. Lakin Azərbaycan iki ilyarım vaxt ərzində ən
mükəmməl hazırlıq işlərini həyata
keçirdi və bütün Avropaya öhdəliyə əməl
etməyin yeni nümunəsini göstərdi. Hazırlıq işlərinə başlanandan sonra
isə Azərbaycanın cəmi iki ildən bir qədər
artıq vaxtı var idi. Bu müddətdə
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik
etdiyi I Avropa Oyunlarının Təşkilat Komitəsi əzmkar,
yorulmaz və gərgin fəaliyyəti ilə bu idman
müsabiqəsinin qüsursuz keçirilməsi
üçün bütün işləri həyata
keçirdi. Müddətin az
olmasına baxmayaraq, Təşkilat Komitəsi hazırlıq
işlərini ən yüksək səviyyədə başa
vurdu. Həmin dövrdə Bakıda 5 yeni və
möhtəşəm idman qurğusu inşa edildi. Bunlar
Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su
İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi
və Veloparkdır. Yarışların
keçiriləcəyi digər idman kompleksləri ən
müasir standartlar səviyyəsində yenidən quruldu.
Atletlər və Media kəndləri
bütün xarici qonaqları heyran etdi. Sadalananlar
dünyada idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına
dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən
biri elan edən Azərbaycanın uğurlu
inkişafının göstəricisi idi. Bakıda
yeni infrastrukturun yaradılması və oyunların təşkili
üzrə digər işlər sürətlə həyata
keçirildi. Bununla Mehriban
Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi
hazırlıq işlərini göstərilən vaxtda
başa çatdırdı.
Qısa müddətdə bu qədər işin
görülməsi, həqiqətən, gərgin və fədakar
zəhmət tələb edirdi. Lakin ölkəmiz ən
yüksək formada bunun öhdəsindən gəlməyi
bacardı. Bir vaxtlar heç
düşünə bilməzdik ki, Böyük Şor
gölü yaxınlığında, ekoloji natəmiz bir ərazidə
Bakı Olimpiya Stadionu kimi möhtəşəm bir idman
kompleksi tikilər, o torpaqlar abadlaşdırıla bilər.
Amma qısa müddətdə həmin ərazi
neft tullantılarından təmizləndi. Yerində
dünyanın ən böyük stadionları ilə rəqabətə
girən möhtəşəm idman qurğusu, gölün
sahilində isə gözəl bulvar salındı. İdmançıların yaşadığı
Atletlər Kəndində yaradılan şəraitə digər
ölkələr, sadəcə, qibtə edə bilərlər.
Media təmsilçilərə yaradılan
şərait isə ölkəmizə gələn hər bir
xarici jurnalistin heyranlığına səbəb olmuşdu.
İdmançıların, o cümlədən
akkreditasiyadan keçən jurnalistlərin, könüllülərin
idman qurğularına getməsi üçün xüsusi nəqliyyat
vasitələrinin hərəkət marşrutu və qrafiki
saat dəqiqliyi ilə qurulmuşdu.
Bakıda işlərin çox olmasına baxmayaraq, Mehriban
xanım Əliyevanın təşəbbüsü və dəstəyi
ilə Avropa ölkələrində I Avropa Oyunlarının
təqdimatları keçirildi. Həmin təqdimatlarda
yalnız bu idman yarışı barədə müzakirələr
açılmırdı. Onların hər
birində Azərbaycanın tarixi, mədəniyyəti barədə
geniş məlumatlar verilir, milli-mənəvi dəyərlərimiz
musiqimiz əcnəbilərə
çatdırılırdı. Bu vasitə
ilə Azərbaycan tanıtdırılırdı. Sözün yaxşı mənasında, ələ
düşən hər fürsətdən Azərbaycanın təbliği
üçün məharətlə istifadə edilirdi. Bu təqdimatların gedişi I Avropa Oyunlarının
çox yüksək səviyyədə keçiriləcəyindən
xəbər verirdi.
Ötən
il iyunun 29-da I Avropa Oyunlarında qalib gəlmiş
idmançılarımız, onların məşqçiləri,
Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və
Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla
görüşdə Prezident İlham Əliyev Təşkilat
Komitəsinin işi barədə deyib: "Mən bu gün Təşkilat
Komitəsinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm.
Çünki Təşkilat Komitəsinin
çox böyük və gərgin fəaliyyəti
olmuşdur. Təbii ki, ictimaiyyət tam
şəkildə bu fəaliyyətin nədən ibarət
olduğunu bilə bilməz. Çünki
Təşkilat Komitəsinin tədbirləri mütəmadi
qaydada keçirilirdi. Ancaq ictimaiyyətə
o qədər də geniş məlumatlar verilmirdi. Hər bir xırda məsələ üzrə
bütün işlər ən yüksək səviyyədə
görülmüşdü və məhz buna görə
Oyunların keçirilməsində heç bir problem
yaşanmadı. Təşkilat Komitəsinə
rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini
xüsusilə yüksək qiymətləndirirəm. O,
bu Oyunların keçirilməsinə çox böyük
töhfə vermişdir. Deyə bilərəm
ki, bu Oyunların bu səviyyədə keçirilməsinə
öz canını qoymuşdur. Mən Təşkilat
Komitəsinin tərkibini müəyyən edərkən tam əmin
idim ki, bu tərkibdə bu Komitə ən yüksək nəticə
göstərə bilər. Çünki
burada həm təcrübə, həm peşəkarlıq və
ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət
var idi və var. Bu, ümumiyyətlə ölkəmizin əldə
etdiyi uğurların əsas şərtidir".
Atəşgah
məbədindən alovlanan məşəl bütün Azərbaycanı
gəzdi
Aprelin 26-da Bakıda Atəşgahda I Avropa
Oyunlarının məşəli alovlandırıldı və
bununla da möhtəşəm idman tədbiri özünün
yeni mərhələlərinə qədəm qoydu. Məşəl
simvol sayıldığından Bakıda I Avropa
Oyunlarının məşəlinin alovlandırılması
ölkəmizin və eləcə də dünyanın idman
tarixində əlamətdar hadisələrdən biri idi.
Ona görə aprelin 26-sı ilk Avropa
Oyunlarının həyəcanının başlanğıc
günü kimi tarixə düşdü.
Həmin gündən etibarən Azərbaycanın nəbzi
bu möhtəşəm idman tədbiri ilə
döyündü. Çünki I Avropa Oyunlarının
ab-havası təkcə Bakıda deyil, respublikamızın
dörd bir yanında hiss olundu. Prezident
İlham Əliyevin alovlandırdığı məşəl
Azərbaycanın hər bir guşəsini gəzib-dolaşdı.
Məşəlin səyahət etdiyi şəhər
və rayonlarda böyük qələbəlik, bayram sevinci
müşahidə olundu. Hər bir bölgənin
idmançılarından, ictimai fəal sakinlərindən
ibarət məşəlçilər qardaşlıq ruhunda
alovlanan məşəli bir-birinə ötürərək
idman vasitəsilə sülh, dostluq və təntənə
mesajını yaydılar. Xüsusən gənclər
ümumxalq bayramına çevrilən məşəlin səyahəti
tədbirlərində yaxından iştirak etdilər. İstər təşkilatçılıq, istərsə
də məşəlin daşınmasında, o cümlədən
alov mərasimlərində gənclərimiz olduqca mütəşəkkillik
göstərərək, ölkəmizin adı ilə
bağlı olan və tarixdə ilk dəfə keçirilən
bu möhtəşəm idman tədbirinə özlərinin
layiqli töhfələrini verdilər. Bu mənada
Təşkilat Komitəsinin təqdirəlayiq
addımlarından biri də I Avropa Oyunlarının sevincini
bütün Azərbaycan xalqına yaşatması idi.
Onu qeyd edək ki, I Avropa Oyunlarının məşəlinin
alovlandırılmasının rəmzi mənası var idi. Çünki
Olimpiya məşəlinin alovlandırılmasının və
estafetin müasir ənənəsinin əsasını
qoymuş, qədim idman oyunlarını yaratmış yunan
sivilizasiyası odu, alovu müqəddəs sayırdı.
Azərbaycan da tarixən "Odlar diyarı"
kimi tanınmışdır. Odur ki, bu
Oyunların ən mühüm elementlərdən biri - ölkəmizin
milli rəmzlərindən olan alov, eyni zamanda, Olimpiya Hərəkatının
gücünün və qüdrətinin, o cümlədən
ölkəmizin tarixinin, adət-ənənələrinin təcəssümü
oldu.
Məşəlin
gövdəsi "Bakı-2015" brendində yer alan nar ağacını xatırladırdı,
alovu qoruyan mis başlıq da nar formasında idi. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən
ölkələrin sayını təmsil edirdi. 47
gün ərzində 5,5 min kilometr məsafə
qət edən, 60 şəhər və rayondan keçən
məşəlin səyahəti zamanı ümumilikdə mindən
çox məşəlçi iştirak etdi. Məşəl
yer üstündə avtobus, funikulyor, velosiped, yer altında isə
Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə
daşındı.
Məşəl bütün şəhər və
rayonlarımızda çox böyük coşqu və
alqışlarla qarşılandı. Diqqəti çəkən
əsas məqamlardan biri də o idi ki, həmin günlərdə
Azərbaycanı qarış-qarış gəzən məşəl
həm də regionlarımızın, şəhər və rayonlarımızın
son illərdə keçdiyi dinamik inkişaf və quruculuq
yolunu, insanların artan sosial rifahını tərənnüm
etdi. Məşəl estafetini izləyən
hər kəs, o cümlədən beynəlxalq ictimaiyyət
respublikamızın sosial-iqtisadi yüksəlişinə,
insanların çöhrəsindəki sevincə şahid
oldu. Bütün dünya Azərbaycanın
rayonlarının, o cümlədən vaxtilə
döyüş əməliyyatları getmiş cəbhə
rayonlarının abadlığını, gözəlliyini,
insanların qələbə əzmini, sabaha dərin
inamını gördü. Odur ki, I Avropa
Oyunlarının məşəli Azərbaycanın dünya tərəfindən
yaxından tanınması və ölkəmizin dəyərlərinin
təbliği üçün mühüm addım idi.
Möhtəşəm
açılış və bağlanış mərasimləri
I Avropa Oyunlarının açılış mərasiminin
keçirildiyi iyunun 12-si təkcə Azərbaycanın deyil,
dünyanın və Avropanın idman həyatında ən əlamətdar
tarixlərdən biri idi. Çünki həmin gün axşam
Bakı Olimpiya Stadionunda uzun müddətdən bəri səbirsizliklə
gözlənilən Oyunlar özünün əsas mərhələsinə
qədəm qoydu.
İyunun 12-də Bakı Olimpiya Stadionuna
toplaşmış 68 min tamaşaçı, eləcə də
dünyada yüz milyonlarla televiziya tamaşaçısı
unudulmaz tarixi anın şahidi oldular. Dünyanın
aparıcı bədii, yaradıcı və texniki heyətlərinin
iştirakı ilə ərsəyə gələn kreativ
şou heyrətamiz bir mənzərə yaratmaqla hər bir azərbaycanlını
qürurlandırdı. Biz bir çox
mötəbər idman yarışlarının
açılış mərasimlərini izləmişik.
Lakin I Avropa Oyunlarının
açılış mərasimi bunların arasında ən
möhtəşəmi idi. Bu mərasimin ən
mühüm cəhəti isə onun əvvəldən
axıra kimi məhz xalqımızın milli-mənəvi dəyərlərini
özündə əks etdirməsi idi. Rəngarəng
kompozisiyalar o qədər gözəl idi ki, insanlar həmin mənzərəni
izlədikcə həyəcanlanmaya, fəxr etməyə,
qürurlanmaya bilmirdi.
Qədimliklə müasirliyin sintezinə əsaslanan səhnələr
zəngin mənəvi dəyərlərə malik, tolerant azərbaycanlı
obrazının, xalqımızın əsrlər boyu
formalaşmış zəngin mənəvi-intellektual sərvətinin
- milli düşüncə tərzinin, folklorunun, ədəbiyyatının,
musiqisinin, incəsənətinin, humanizm və insansevərlik
kimi bəşəri keyfiyyətlərə sadiqliyinin
dolğun nümunəsi idi. "Uçan xalça",
görkəmli muğam ustası Alim Qasımovun ifasında
"Qarabağ şikəstəsi", balabanda "Sarı gəlin"
mahnısının səsləndirilməsi, dahi Nizami Gəncəvinin
"Xəmsə"sinə daxil olan əsərlərin
yüksək səhnə nümayişi, hamılıqla
şahidi olduğumuz başqa innovativ yeniliklər
açılış mərasimini milyonlarla insan
üçün unudulmaz xatirəyə çevirdi.
Bağlanış mərasiminin də süjet xətti
orijinallığı və qeyri-adiliyi ilə seçilirdi. Folklor
nümunələrimizdə Simurq quşu əsas mifoloji
obrazlardan biri olaraq insanları xilas edən, onlara yardım
göstərən, qanadından tük verərək dar
gündən xilas edən əfsanəvi varlıq kimi öz əksini
tapıb. O həyat ağacını səmadan yerə
endirən, insanlara həyatı, yaşamağı öyrədən
bir quşdur. Bu mənada, bağlanış mərasimində
nümayiş olunan Simurq quşu Azərbaycanın
bütün dünyaya yardım üçün açıq
ölkə olduğunu göstərirdi.
Açılış və bağlanış mərasimləri
xalqımızın milli kimliyini nümayiş etdirməklə
yanaşı, öz vətəndaşını da dünyaya
tanıtdırdı. İnsanı təsirləndirən və
heyrətləndirən ssenariləri, ayrı-ayrı süjetlərin
özündə ehtiva etdiyi dərin fəlsəfi məzmun
yükü hələ uzun illər xatirələrdən
silinməyəcək.
Azərbaycan
idmançıları tarix yazdılar
Avropa Oyunları qitə və dünya üçün
çox maraqlı, cəlbedici, proqressiv idman yarışı
kimi tarixə yazıldı. Avropanın idman
tarixində yeni səhifə açan Azərbaycan 17 gün ərzində
əsl bayram libasına büründü. Həmin
günlərdə 50 ölkədən olan 6000-dən çox
idmançı 20 növ üzrə 253 dəst medal uğrunda
mübarizə apardı. 12 idman növü
üzrə Rio - 2016 Yay Olimpiadasına təsnifat imkanları
verildi. Rusiya Federasiyasının komandası 164 medalla (79
qızıl, 40 gümüş, 45 bürünc) birinci, Azərbaycan
56 medalla (21 qızıl, 15 gümüş, 20 bürünc)
ikinci, Böyük Britaniya isə 47 medalla (18 qızıl, 10
gümüş, 19 bürünc) üçüncü oldu.
İlk dəfə Azərbaycanda reallığa
çevrilən bu Oyunlarda hər keçən gün
bir-birindən maraqlı mübarizələrlə yadda
qaldı, idman həyatının yeni rekordları müəyyənləşdi. Oyunlar
xüsusən Azərbaycan idmançıları
üçün yaddaqalan oldu. Belə ki, əvvəllər
Yay Olimpiya Oyunlarında, dünya və Avropa
çempionatlarında çıxış edən Azərbaycan
atletlərini idmanın güləş, boks, cüdo,
ağırlıqqaldırma növlərində favoritlərdən
hesab edirdilərsə, Avropa Oyunlarının gedişatında
bu fikir tamamilə dəyişdi. Çünki
Azərbaycan idmançıları taekvondo, idman
gimnastikası, qılıncoynatma, triatlon, avarçəkmə
sahəsində də öz uğurlu
çıxışları ilə yadda qaldılar. Qazanılan qızıl medalların sayına görə
də ölkəmizin dünyada böyük idman dövlətlərindən
biri olduğu sübut edildi. Heç kim
Azərbaycan atletlərinin Avropa Oyunlarında bu qədər
medal qazanacağını gözləmirdi. Proqnozlara,
təxmini hesablamalara görə,
idmançılarımızın 20-25 medal qazanacaqları
gözlənilirdi. Yekunda isə atletlərimiz Azərbaycan
idmanı tarixində yeni rekord əldə etdilər:
ümumilikdə 56, o cümlədən 21 qızıl medal
qazanaraq ölkəmizin adını dünyanın idman tarixinə
qızıl hərflərlə yazdılar. Medalların
istər kəmiyyətinə, istər keyfiyyətinə, istərsə
də ümumi nəticəyə nəzər salsaq, əminliklə
deyə bilərik ki, bu, gözləniləndən qat-qat
artıq idi. Xüsusilə qeyd etməliyik
ki, Azərbaycan idmançıları 3 idman növündə
qitədə ilk pilləni tutdular. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyevanın
idmançılarımızın
çıxışını dəfələrlə
arenalarda izləmələri isə onlara göstərilən ən
böyük mənəvi dəstək idi.
Yeri gəlmişkən, ilk Avropa Oyunlarının
iştirakçısı olan 50 ölkədən 42-si medal
qazandı. Bu, Oyunların uğuru deməkdir. Şanlı
qələbələri ilə xalqımızı sevindirən
atletlərimiz tərəfindən Avropa Oyunlarında
qazanılan medallar isə idmançılarımızın bu
il Braziliyada keçiriləcək Yay
Olimpiya Oyunlarına daha ciddi hazırlaşmaları
üçün əlavə məsuliyyət hissi yaratdı.
Hər
sahədə ideal təşkilatçılıq vardı
I Avropa Oyunlarının əsas simalarından biri
könüllülər idi. Oyunlar başlamazdan bir
neçə ay əvvəldən Bakının küçələrində
və yarışlarda gördüyümüz xüsusi
uniformalı oğlan və qızlar xoş ovqat
oyadırdılar. İstənilən
böyük idman yarışında könüllülərin
köməyinə ehtiyac duyulur. "Bakı-2015"
Avropa Oyunlarının "Alov qoruyanlar" adlandırılan
könüllüləri də I Avropa Oyunlarının
möhtəşəm idman bayramına çevrilməsində
yaxından iştirak etdilər. Onlar Oyunlar
ərzində idmançılara və rəsmi şəxslərə
kömək göstərdilər, idman yarışlarında
işlədilər, tamaşaçılara, turistlərə və
media nümayəndələrinə bələdçilik
etdilər. Hətta gimnastika
yarışlarında könüllülərdən biri
polşalı idmançını zədə almaqdan xilas
etdi. Bütövlükdə,
könüllülər öz üzərlərinə
düşən işi məsuliyyətlə yerinə yetirdilər.
Könüllülük proqramı həm də
böyük təcrübənin əldə edilməsidir.
Çünki gələcəkdə Azərbaycanda
digər yarışlar da təşkil olunacaq və bu zaman
könüllülərin təcrübəsindən istifadə
olunacaq.
Bütün beynəlxalq yarışlar zamanı şəhərdə
nəqliyyatın hərəkətində xüsusi tənzimləmələr
olur. Bunun Bakıda da olacağı istisna deyildi. Hələ yarışlar başlamazdan öncə bəzi
yollarda I Avropa Oyunlarında idmançılara və nümayəndə
heyətlərinə xidmət edəcək, eləcə də
tamaşaçıları idman komplekslərinə aparan
xüsusi nəqliyyat vasitələri üçün zolaqlar
ayrılmışdı. O cümlədən rayon
qeydiyyatında olan avtomobillərin Bakıya girişinə məhdudiyyət
qoyulmuş, bəzi marşrutların hərəkətində
dəyişiklik edilmişdi. Olduqca sevindirici
haldır ki, bütün paytaxt sakinləri, sürücülər
bu müvəqqəti məhdudiyyətləri yüksək
anlayışla, ehtiramla qarşıladılar. Bu, həm də vətəndaşlarımızın
yüksək mədəni davranışından, ölkəmiz
üçün əhəmiyyət kəsb edən bu cür
məsələlərə həssas münasibətindən xəbər
verirdi. Həmin günlərdə biz, eyni
zamanda, yol polisi xidmətinin yüksək səviyyədə
qurulmasının və burada çalışan əməkdaşların
peşəkarlığının şahidi olduq.
Diqqəti çəkən əsas məsələlərdən
biri də Oyunlar zamanı həyata keçirilən yüksək
təhlükəsizlik tədbirləri idi. Əlbəttə,
Azərbaycanda vətəndaşların və cəmiyyətin
təhlükəsizliyi ən yüksək səviyyədə
təmin olunur. I Avropa Oyunları beynəlxalq
səviyyəli idman tədbiri olduğundan, həm də
ölkəmizə minlərlə idmançının, on minlərlə
turistin gələcəyini nəzərə alaraq
yarışların keçirildiyi günlərdə daha
ayıq-sayıq və güclü təhlükəsizlik tədbirlərinin
həyata keçirilməsi vacib idi. Məhz
ölkəmizin hüquq-mühafizə orqanlarının
qarşılarında dayanan vəzifələrin öhdəsindən
layiqincə gəlmələrinin, onların əməkdaşlarının
əsl vətənpərvərlik, yüksək əzm və
peşəkarlıq nümayiş etdirmələrinin nəticəsi
olaraq I Avropa Oyunlarının təhlükəsizliyi ən
yüksək səviyyədə təmin olundu. Bu, həm də onu göstərdi ki, Azərbaycan
ictimai-siyasi baxımdan sabit ölkədir və burada hər
hansı riyakar planın həyata keçirilməsi
mümkün deyil.
Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə
təşkil etdi. Bakıya gələn hər bir xarici qonaq
xalqımızı daha yaxından tanıdı, öyrəndi
və təbii ki, bu, ölkəmizlə bağlı
onların təəssüratlarının düzgün
formalaşmasına imkan verdi. Bu baxımdan I Avropa Oyunlarının Bakıda keçirilməsi
həm də ölkəmizin dünyada təbliği oldu.
Oyunların Təşkilat Komitəsinin sədri Mehriban
Əliyeva respublikamızda mədəniyyətin, təhsilin, səhiyyənin
və idmanın inkişafında səmərəli fəaliyyətinə,
Azərbaycan xalqının mədəni irsinin beynəlxalq
miqyasda geniş təbliğinə və I Avropa
Oyunlarının təşkilində böyük xidmətlərinə
görə "Heydər Əliyev" ordeni ilə təltif
edildi.
Antiazərbaycançı
şəbəkə fiaskoya uğradı
Məlum olduğu kimi, Azərbaycanın
uğurlarını həzm edə bilməyən müəyyən
xarici dairələr zaman-zaman ölkəmizə qarşı
qarayaxma kampaniyalarına cəhd ediblər, lakin hər dəfə
uğursuzluğa düçar olublar. I Avropa Oyunları ərəfəsində
də Azərbaycana qarşı qarayaxma kampaniyasının
olacağı əvvəldən məlum idi. Erməni lobbisindən, erməni təəssübkeşlərindən
ibarət olan bu şəbəkə hələ Oyunlar
başlamazdan əvvəl ölkəmizə qarşı şər-böhtan
kampaniyasına start vermişdi. Məsələn,
öz fəaliyyətini yalnız qərəz və yalan
üzərində quran "Amnesty International" təşkilatının
I Avropa Oyunları ilə bağlı bədnam
çağırışı antiazərbaycançı
şəbəkənin sifarişi olaraq ölkəmizə
qarşı təxribat idi. Həmin hadisə
göstərirdi ki, bəzi xarici dairələr əvvəllər
olduğu kimi, Avropa Oyunları ərəfəsində də
Azərbaycanın imicini ləkələməyə və
mühüm beynəlxalq idman tədbirinə qarşı
açıq təxribat törətməyə cəhd
göstərirlər. Lakin yalan və
riyakarlıq üzərində qurulduğu üçün həmin
təxribat elə beşiyindəcə boğuldu.
Bir qədər sonra Azərbaycanı gözü götürməyən, erməni təəssübkeşi olan mərkəzlər I Avropa Oyunlarının özünə kölgə salmağa cəhd göstərməklə öz riyakarlıqlarını yenidən ortaya qoydular. Onlar Böyük Britaniyanın www.insidethegames.biz internet saytında I Avropa Oyunlarına kölgə salmağa hesablanmış yazı yerləşdirdilər. Yazıda iddia olunurdu ki, əsl Avropa Oyunları Azərbaycanda yox, 2018-ci ildə Almaniya və Şotlandiyada keçiriləcək və guya I Avropa Oyunları ikinci dərəcəlidir. Beynəlxalq idman yarışlarının keçirilməsi qaydaları ilə az-çox tanış olan hər kəs bilir ki, Avropa Olimpiya Komitəsinin qərarı ilə keçirilən tədbir qitənin ali idman tədbiri sayılır. I Avropa Oyunlarının keçirilməsi barədə qərarı isə hansısa idman federasiyası yox, məhz Avropa Olimpiya Komitəsi qəbul edib. Böyük Britaniya saytının bədnam iddiasına ən layiqli cavab da elə Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkidən gəldi.
Ermənipərəst dairələr I Avropa Oyunları zamanı Azərbaycana qarşı dəfələrlə hücuma cəhd göstərdilər. Lakin hər dəfə olduğu kimi, onların riyakar fəaliyyətləri nəticəsiz qaldı. Çünki Azərbaycan daha güclü, daha qüdrətlidir. Belə dövlətə isə təsir etmək mümkün deyil. Ona görə ölkəmizə qarayaxma kampaniyalarının hər biri iflasa uğradı. Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil etməklə antiazərbaycançı dairələrin bütün məkrli planlarını alt-üst etdi.
Azərbaycan ötən il ilk dəfə keçirilən I Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil etdi. Hər bir azərbaycanlının xatirəsinə həkk olunan bu tədbir unudulmayacaq idman bayramına çevrildi. Həmin günlərdə bütün dünya və Avropa Azərbaycanın həm nümunəvi evsahibliyini gördü, həm də xalqımızın gözəl dəyərləri ilə tanış oldu. Eyni zamanda, Azərbaycan Yay Olimpiya Oyunlarına evsahibliyi edə bilmək imkanlarını da nümayiş etdirdi. Bütövlükdə, Azərbaycan I Avropa Oyunlarının keçirildiyi ilk ölkə kimi adını tarixə yazdı və sözsüz ki, burada müəyyən olunan model və standartlar gələcək Oyunlarda tətbiq olunacaq.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.- 2016.- 12 iyun.- S. 1;4.