O, daha çox xalqının
maariflənməsini düşünürdü
XIX əsrin sonları, XX əsrin əvvəlləri
Azərbaycan ədəbi-mədəni fikir tarixində
özünəməxsus çəkiyə malik olan
simaların yetişməsi ilə yadda qalan bir dövr oldu. Cəlil
Məmmədquluzadə, Sabir, Əliqulu Qəmküsar,
Əbdürrəhim bəy Haqverdiyev, Firudin bəy
Köçərli və onlarla belə ədiblərin
içərisində bir imza da var idi: Eynəli bəy Sultanov.
O Eynəli bəy Sultanov ki, Cəlil Məmmədquluzadə
“Xatirələr”ində onun haqqında belə deyirdi: “O qədər
məni özünə qulaq asdırdın ki, axırda
doğrudan da məni maarif aləminə daxil etdin. Yəqin
bilirəm ki, sən olmasaydın, mən də qeyri sadəcə
kənd müəllimlərinin içində yaddan
çıxmışdım”. Təbii ki, böyük sənətkarın
təvazökarlıqla dediyi bu sözlərdə bir həqiqət
payı da olmamış deyil... Bu ilin may ayının 5-də Eynəli bəy Sultanovun
anadan olmasının 150 illiyi tamam olub. Bu
münasibətlə, E.Sultanovu xatırlamaq, onun xidmətlərini
ictimaiyyətə daha yaxından tanıtmaq istədik.
Eynəli bəy Sultanov ilk dəfə mərhum filologiya
elmləri namizədi, cəfakeş alim İzzət Maqsudov tərəfindən
elmi tədqiqata cəlb edilmişdir. Alim “Eynəli bəy
Sultanovun həyat və yaradıcılığı” adlı
elmi işini müdafiə etmişdir. Həmin tədqiqatda
göstərilir ki, “Eynəli Çölü oğlu Sultanov
1862-ci il yanvarın 7-də
Naxçıvan şəhərində, yoxsullaşmış
mülkədar ailəsində anadan olmuşdur... Yazıçının atası Çölü
Naxçıvanın varlı bəylərindən olan Nadir
Sultan Qullarağasıyevin böyük oğlu idi. Nadir Sultan köhnə fikirli, iranpərəst və
dindar bir şəxs olduğu halda, arvadı Qızbəst isə
fərasətli, dünya işlərindən baş
çıxaran bir qadın idi. Eynəli
Sultanovun iki qardaşı, bir bacısı var idi. Ortancıl qardaşı Böyükağa
1904-cü ilə qədər Naxçıvan şəhər
ictimai idarəsinin üzvü olmuş, 1906-cı ildə vəfat
etmişdir. Kiçik qardaşı Bəylər
1908-ci ildə, bacısı Maral isə gənc
yaşlarında dünyalarını dəyişmişdi.
Həmin mənbədə ölüm tarixi
haqqında isə deyilir ki, “Eynəli Sultanov 1935-ci ilin iyun
ayında Tbilisi şəhərində vəfat etmişdir”.
E.Sultanovla bağlı ilk tədqiqatlar
İ.Maqsudovla başladığı üçün
sonrakı dövrlərdə onun haqqında yazan müəlliflərin
çoxu bu alimə istinad etmişlər.
Lakin
akademik İsa Həbibbəyli “Cəlil Məmmədquluzadə:
mühiti və müasirləri” doktorluq dissertasiyası və
sonrakı silsilə araşdırmalarında müəllimi
İzzət Maqsudova dərin ehtiramını nümayiş
etdirməklə yanaşı, özünün yeni və
çoxsaylı faktlara əsaslanan tədqiqatlarında arxiv sənədlərinə
istinad edərək E.Sultanovun 1866-1935-ci illərdə
yaşadığını irəli sürür, digər
tarixi faktlara da aydınlıq gətirir. Təqdirəlayiq
haldır ki, son illərin nəşrlərində -
“Naxçıvan Ensiklopediyası”nda, “Naxçıvan Teatr Salnaməsi”ndə,
Cəlil Məmmədquluzadənin əsərlərinin
dörd cildlik və iki cildlik son nəşrlərində
akademik İsa Həbibbəylinin üzə
çıxardığı tarixlər əks olunub.
1880-ci ildən
1886-cı ilədək İrəvan kişi
gimnaziyasında təhsil alan və dövrünün
maarifçi ziyalıları F.Köçərli, Mirzə
Elxanov və başqalarından dərs alan E.Sultanov 5 iyun
1886-cı ildə gimnaziyanın yeddinci sinfindən
çıxmış, həmin il gimnaziyanın pedaqoji
şurasının qərarı ilə ona şəhər
ibtidai məktəblərində müəllimlik etmək
hüququ verilmişdir. Bu barədə 538
nömrəli şəhadətnamə də
almışdır. Beləliklə,
E.Sultanov müəllimlik fəaliyyətinə başlayır.
Hələ gimnaziyanın şagirdi ikən -
1883-cü ildə - 17 yaşındaykən Naxçıvanda
“Ziyalı məclisi”, “Müsəlman Şiə Dram İncəsənəti
Cəmiyyəti” kimi ədəbi mədəni mərkəzlər
yaratmaqla həmyerlilərinin maariflənməsinə
çalışmışdır. Hətta bir müddət
sonra həmin mərkəzlərdə birgə fəaliyyət
göstərdiyi ziyalı dostları Cəlil Məmmədquluzadə,
Paşa ağa Sultanov, Mirzə Ələkbər Süleymanov,
Mirzə Cəlil Mirzəyev (Şürbi), Əsəd ağa
Kəngərli, Qurbanəli Şərifzadə və
başqaları ilə birlikdə “Naxçıvanda
“üsuli-cədid” məktəbi və kitabxana
açdırmağa nail olmuşdur. 1883-cü
ildən teatr tamaşaları təşkil etmişdir. 1892-ci ildə Naxçıvanda yaxın dostu Əsəd
ağa Kəngərli ilə birlikdə gizli mətbəə
təşkil edərək burada müxtəlif məzmunlu bəyannamələr
çıxarmışdır. Lakin bundan xəbər
tutan iri torpaq sahibləri, ruhanilər onu ən qorxulu şəxs
elan edir, bu cür dar düşüncəli insanların
şikayətlərinə əsasən qəza rəisinin
göstərişi ilə təqib olunmağa başlanır.
Təqiblərdən ehtiyatlanan və çətin vəziyyətdə
qalan ədib Qars şəhərinə gedib özü
üçün iş axtarmalı olur. Bir
neçə ay Qars şəhər upravasında rütbəsiz
məmur işinə düzəlir. Bu iş onu təmin
etmədiyi üçün dörd ay burada işlədikdən
sonra Qarsı tərk edərək İrəvan şəhərinə
gəlir. Yazıçının İrəvandakı
fəaliyyəti haqqında İ.Həbibbəylinin əldə
etdiyi “İrəvan quberniyası Dairə məhkəməsi
prokurorunun katibi Eynəli Sultanovun şəxsi işi”ndəki
tərcümeyi-halında ətraflı məlumat verilir.
“7 səhifəlik tərcümeyi-hal sənədləri
1892-1902-ci illəri əhatə edir. Bu dövrdə o,
quberniya idarəsində birinci dərəcəli dəftərxana
xidmətçisi, İrəvan Dairə məhkəməsində
tərcüməçi, məhkəmə katibinin köməkçisi
vəzifələrində işləmiş, hətta Dairə
məhkəməsində mülki işlər üzrə
üçüncü stolun rəisi olmuşdur. Hüquq idarələrində təcrübə
qazanan Eynəli bəy Sultanov prokurorluq orqanlarına işə
keçirilmiş, 1897-1903-cü illərdə Dairə məhkəməsi
prokurorunun köməkçisi vəzifəsini
daşımışdır”.
1904-cü
ildə, 38 yaşında ata-anasının məsləhəti
ilə Naxçıvanda varlı mülkədar ailəsindən
olan Tubu xanımla evlənən ədibin bir il
sonra bir oğlu olur və ona atasının adını -
Çölü qoyur. XIX əsrin səksəninci
illərindən başlayaraq dövrünün mətbuat
orqanları ilə əməkdaşlığa başlayan
E.Sultanov bir çox qəzet, jurnal və məcmuələrdə
müxtəlif mövzulu yazılarla çıxış
edirdi və ictimaiyyət arasında publisist kimi
tanınırdı. Məhz qələminin
kəsərli olmasının nəticəsi idi ki, 1905-1908-ci
illərdə “Kaspi” qəzetinin İrəvan və
Naxçıvandakı xüsusi müxbiri vəzifəsi ona həvalə
edilmişdi. İrəvanda olarkən 10 il
müddətinə hüquq sistemində müxtəlif vəzifələr
daşıması artıq E.Sultanovun bir hüquqşünas
kimi də yetişməsinə səbəb olmuşdur. Buna görə də 1906-cı ildən etibarən
İrəvan Dairə məhkəməsi prokurorunun
Naxçıvan mahalı üzrə köməkçi vəzifəsini
daşımışdır. 1907-ci ildə
Dövlət Dumasına deputat seçilmişdir.
Görkəmli ədib bu dövrdə artıq Tiflisdə
çıxan “Zakavkazye” qəzetində dərc olunan
“Naxçıvan məktubları”, “İfşaedici vərəqələr”
silsilə məqalələrinə görə təqib
olunmağa başlanmışdı. Qəza rəisi və din
xadimlərinin ciddi müqavimətinə rast gələn
E.Sultanov ona məxsus olan Sürəməlik, Göynük və
Sirab kəndində olan torpaqları kəndlilərə
bağışlayır, öz mülkünü satır və
Tiflis şəhərinə gedib ömrünün sonuna qədər
orada “Sumbatov küçəsindəki (həmin küçə
hazırda M.F.Axundzadənin adını daşıyır) 11
nömrəli mənzildə yaşamışdır.
E.Sultanov öz xalqının
qarşılaşdığı problemlər haqqında təkcə
qəzet və jurnallara məqalələr yazmaqla kifayətlənməmiş,
bu problemlərin həlli üçün konkret əməli fəaliyyət
də göstərmişdir. O, Səttərxan inqilabına
kömək məqsədi ilə yaradılan “Mücahid”
inqilabi təşkilatına daxil olmuşdu. Tiflisdə
yaşadığı ilk illərdə, konkret olaraq 1909-cu ildə
E.Sultanov burada “Zubalov adına xalq evi”
yanında Azərbaycan dram şöbəsinin təsis edilməsinə
çalışan və buna nail olan maarifçilərdən
biri olmuşdur. 1911-ci ildə Gürcü
Əyanlar Teatrında təşkil edilən Azərbaycan Teatr
Cəmiyyətinin də bürosuna üzv seçilmişdir.
O, Tiflisdə yaşayarkən pedaqoji fəaliyyətlə də
məşğul olmuşdur.
Gürcüstan
SSR Mərkəzi Dövlət Arxivindəki “Tiflis birinci
qadın gimnaziyasının müəllimi Eynəli Sultanovun
şəxsi işi”ndə onun 1912-ci ilin dekabr ayından 1918-ci
ilin fevral ayına qədər “Tiflis-İran” məktəbində
rus dili müəllimi... 1917-ci ildən gimnaziyada siniflər
milliləşəndən sonra hazırlıq şöbəsinə
ana dili müəllimi təyin olunur... Oktyabr inqilabından bir
müddət sonra, 1918-ci ilin mart ayından nəşr
olunmağa başlayan Rusiya Teleqraf Agentliyinin Qafqaz ölkəsi,
Gürcüstan şöbəsinin təbliği xarakter
daşıyan, gündəlik daxili və xarici xəbərləri
zəhmətkeşlərə çatdıran “Kavkazskaya
kommuna” (rus dilində) adlı qəzetin redaktoru olur. Xalqının maarifini, mədəniyyətini, ədəbiyyatını
sevən, onu öyrənən və təbliğ edən
E.Sultanov 1923-cü ildə Tiflisdə “Azərbaycan ədəbiyyatı
həvəskarları” dərnəyi yaradır və burada
Nizami, Füzuli, Vaqif, Nəbati, M.F.Axundzadə və digər
Azərbaycan şair və yazıçıları
haqqında məruzələr oxuyur.
1924-cü
ildə o dövrün mətbuatında da ciddi müzakirə
mövzusu olan latın əlifbasına keçmək
uğrunda mübarizəyə qoşulan E.Sultanov Yeni əlifba
komitəsi Tiflis şöbəsinin katibi seçilmiş,
“Yeni fikir” qəzetinə əlavə kimi nəşr edilən
“İşıq yol” qəzetinin məsul katibi vəzifəsini
daşımışdır. Hətta bu illərdə
“Yeni əlifbanın ən yaxşı təbliğatçısı”
adını almışdır. Daha sonra
yeni türk əlifba komitəsində tərcüməçi
vəzifəsində çalışan yazıçı
1930-cu ildə elə həmin komitədən də təqaüdə
çıxmışdır. E.Sultanov
1935-ci ilin iyun ayında Tiflis şəhərində vəfat
etmiş və müsəlman qəbiristanlığında dəfn
olunmuşdur.
Görkəmli
ədib folklor toplayıcısı kimi də fəaliyyət
göstərmiş, 1886-1890-cı illərdə - 4 il müddətində
İrəvan quberniyasını və Naxçıvanı
dolaşaraq 3 mindən çox atalar sözü, bir neçə
aşığın yaradıcılığından nümunələr,
sayaçı sözlər, mahnılar, bayatılar və digər
şifahi xalq ədəbiyyatı nümunələrini
toplamışdır. Topladığı folklor
materiallarının bir çoxunu 20 məktub vasitəsilə
F.Köçərliyə göndərmişdir. Çox təəssüf ki, həmin məktubların
heç biri bu günədək əldə edilməmişdir.
Bədii yaradıcılıqla məşğul
olan ədib 46 hekayənin, 3 dram əsərinin, bir sıra
şeir və tərcümənin müəllifidir. Onun sağlığında “Tatarka” (“Azərbaycan
qadını”) adlı iki pərdəli dram əsəri
1904-cü ildə İrəvanda, “Seyidlər” hekayəsi
(Rzaqulu Nəcəfovun müqəddiməsi ilə) isə
1926-cı ildə Tiflisdə kitab halında nəşr olunub.
“Tatarka” 1883-cü ildən indiyədək bir
çox teatrlarda tamaşaya qoyulmuşdur.
Zəhmətsevər publisist olan ədib haqqında bir
fikri xatırlatmaqla onun hansı səviyyəli qələm
sahibi olduğunu təsəvvür edə bilərik. A.Feyzullayeva
qeyd edir ki, “Şübhəsiz, bu istedadlı jurnalistin fəaliyyətini
nəzərə almadan inqilaba qədər demokratik Azərbaycan
publisistikasının keçdiyi inkişaf yolunu təsəvvürə
gətirmək çətindir”. İlk qələm təcrübələrini
gənclik illərində “Tərcüman”da çap etdirən,
onun mühərririni (İsmayıl Qaspıralı-E.M.)
özünün “ilk publisist müəllimi” adlandıran”
E.Sultanov sonralar rus dilində nəşr olunan “Novoye obozreniye”,
“Kaspi”, “Kavkaz”, “Vozrojdeniye”, “Zakavkazye”, “Zakavkazskaya reç”,
“Qruziya”, “Kavkazskoye şkola”, “Kavkazskaya kommuna”, “Novosti
Zakavkazya”, “Kavkazskaya slovo”, “Kultura i pismennosti Vostoka”,
“Sankt-Peterburqskie vedomosti”, Azərbaycan dilində nəşr
olunan “Həyat”, “İrşad”, “İqbal”, “Molla Nəsrəddin”,
“Yeni fikir” (həmin qəzetin əlavəsi olan
“İşıq yol”da), “Dan ulduzu”, “Şərqi-rus”, “Yeni yol”,
“Qızıl şəfəq” (1932-ci ildən sonra “Yeni
qüvvə” adı ilə çıxanda belə),
“Qığılcım”, “Kəndli”, “Gələcək” kimi qəzet,
jurnal və məcmuələrdə mütəmadi olaraq bədii,
publisist, tənqidi yazıları ilə çıxış
etmişdir. Hətta “Kaspi” qəzetinin İrəvan və
Naxçıvan üzrə xüsusi müxbiri, “Zakavkazye” qəzetinin
Müsəlman həyatı şöbəsinin müdiri,
“Kavkazskaya kommuna” qəzetinin redaktoru (1921-1923), “Yeni fikir” qəzetinə
əlavə kimi nəşr olunan “İşıq yol” qəzetinin
məsul katibi (1924-1926) işləmişdir.
Adıçəkilən mətbuat orqanlarında
E.Sultanov məqalələrini fərqli imzalarla dərc etdirib. Belə ki, o, şəxsi
imzası ilə yanaşı, “Neizvestnıy”,
“İzvestnıy”, “Perelyotnıy”, “Musulmanin”, “Aziz”,
“Kullar-Aqasi”, “Abd-ul Millet”, “Ayn Sin”, “Neştər”, “Dəli”,
“Ədibbaz” gizli imzaları ilə də yazılarını
oxuculara təqdim etmişdir. Çox təəssüf
ki, bu qədər zəngin və məhsuldar fəaliyyətə
malik olan şəxsiyyətin yaradıcılıq məhsullarının
cüzi bir hissəsi bu-günkü oxuculara bəllidir.
Halbuki ədib ömrünün sonuncu illərində 45 illik əməyinin
məhsulu olan əsərlərini bir yerə toplayıb
çap etdirmək istəmiş, lakin buna nail
olmamışdır.
Ədibin əsərlərini sonradan - 1937-ci ildə oğlu Çölü qaydaya salmış, “Azərnəşr”ə təqdim etmiş, lakin məlum olmayan səbəblərə görə XX əsr Azərbaycan ədəbiyyatında müəyyən mövqe qazanan yazıçının əsərləri nəşr edilib oxuculara çatdırılmamışdır. Bəlkə də özü olmasa da, yazdıqları 37-ci ilin repressiyasının qurbanı olmuşdur. Ölümündən sonra - 1966-cı ildə İ.Maqsudovun tərtibi ilə E.Sultanovun “Seçilmiş hekayələr” kitabı nəşr olunmuşdur ki, burada da ədibin yaradıcılığının çox az bir qismi, cəmi 12 hekayəsi toplanmışdır.
Ömrünü xalqının maariflənməsinə, ziyalılanmasına həsr edən, qadın azadlığı, dini fanatizmin aradan qaldırılması və yeni əlifba başda olmaqla bir çox vacib məsələlərin həlli uğrunda mübarizə aparan E.Sultanovun yaradıcılıq irsinin yenidən xalqına təqdim edilməsi üçün apardığımız axtarışlar, tədqiqatlar müəyyən mənada öz bəhrəsini versə də, hələ də yetərli səviyyədə deyildir. İnanırıq ki, bu sahədəki axtarışlarımız “Mən səni sevirəm, xalqım! Bütün məramımla, bütün qəlbimlə, ruhumun bütün incə telləri ilə sevirəm! Səni bütün bəşəriyyəti sevdiyim qədər sevirəm! Səni bəşəriyyətin böyük ailəsinin üzvü kimi sevirəm. Bütün məziyyətlərin və qüsurlarınla birlikdə sevirəm! Səni sevərək həyatını müşahidə edir, sənin övladlarını öyrənir, dost-düşmənlərini ayırd edirəm...” - deyən Eynəli bəy Sultanovun irsinin tamamilə ortaya çıxarılması ilə nəticələnəcəkdir.
Elxan
MƏMMƏDOV,
Azərbaycan.- 2016.- 12 iyun.- S. 5.