Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diasporların üzərinə mühüm vəzifələr düşür

 

Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçısı, Ümumrusiya Azərbaycanlılar Konqresinin Moskva şəhəri üzrə icraçı direktoru Şamil Tağıyev  əməkdaşımızla görüşündə demişdir:

 - Artıq  Dünya Azərbaycanlılarının  IV  Qurultayı da  tarixə çevrildi. Ancaq onun əhəmiyyəti və müasir  dövrdəki rolu barədə müzakirələr davam edir.  Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışı bütün azərbaycanlıların arzu və istəklərini dolğun ifadə etdi. Qurultay nümayəndəsi kimi mən də Prezidentin çıxışını diqqətlə  dinlədim. Dünya azərbaycanlılarının həmrəyliyinin hər zaman diqqət mərkəzində olduğunu deyən dövlət başçısı ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərindən danışdı. Ümummilli liderin uzaqgörənliyi sayəsində hər il minlərlə gəncin SSRİ-nin müxtəlif şəhərlərinə göndərilərək ali məktəblərdə oxuduqlarını, bunun da sonrakı dövrdə diaspor fəaliyyətinə mühüm töhfə olduğunu deyən Prezident İlham Əliyev məhz Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunduğunu, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra diaspor quruculuğunun daha sürətlə aparıldığını bildirdi.

Hazırda dünyada 462 diaspor təşkilatının fəaliyyət göstərdiyini, bu qurumların daha da gücləndiyini deyən dövlət başçısı gələcək fəaliyyətlə bağlı fikirlərini bölüşdü. “Azərbaycanlılar tarixi Vətənlə əlaqələri kəsməməlidirlər. Soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal olmalıdırlar” - deyən Prezident İlham Əliyev diaspor təşkilatları arasında əlaqələndirmə işinin səmərəli aparılmasının, birlik və həmrəyliyin əldə olunmasının vacibliyini vurğuladı.

Dünya azərbaycanlılarını bir araya gətirən bu qurultayda  49 xarici ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edirdi. Onların arasında xarici ölkələrin, o cümlədən Moskvada fəaliyyətdə olan Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndələri, Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçilər, ictimai xadimlər, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri  var idi.

Azərbaycan Prezidenti bu tarixi qurultayda dərin məzmunlu nitqində azərbaycanlıları  daha  sıx birləşməyə səslədi. Bildirdi ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları birləşməli və bir nöqtəyə vurmalıdır. Belə olanda ictimaiyyətin onlara hörməti də artacaq. Birlik əsas məsələdir.

Nəzərə alsaq ki, biz artıq 10 ildir fəaliyyət göstəririk və bu gün bizim konqres 50 minə yaxın azərbaycanlının yaşadığı məkan rolunu oynayır, deməli, cənab Prezidentin nitqində səslənən fikirlər bizim üzərimizə daha məsul vəzifələr qoyur.   Konqresimiz azərbaycanlıların etnik qrup kimi tanınmasında çox görür.  Ötən illər ərzində konqresimiz Rusiyanın ictimai-siyasi və mədəni-kütləvi tədbirlərində fəal iştirak etməklə zəngin təcrübə toplayıb. Yəni, diasporumuz güclü inkişaf mərhələsinə qədəm qoyub. Qurultayın açılış mərasimində Prezident İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn tezislərin və  qlobal layihələrin icrası prosesində,  Azərbaycan həqiqətlərinin yaşadığımız ölkədə ictimaiyyətə çatdırılmasını ən ümdə məsələlərdən biri kimi qarşımıza qoymuşuq. Problemlərimizin tam aradan qaldırılması üçün  bir sıra prinsiplərə xüsusi əhəmiyyət verməyimiz vacibdir. Məsələn, dövlət başçısı qurultaydakı çıxışında bir sıra məsələlərə toxundu. Turizmlə bağlı qeyd etdi ki, bizim gözəl turizm potensialımız var. Bunu dayanmadan inkişaf etdirməliyik, qoy əcnəbilər də, soydaşlarımız da sərmayəni ölkəmizə yatırmaqda çətinlik çəkməsinlər.

Rusiyada fəaliyyət göstərən Rusiya Azərbaycan Gənclər Birliyi, “Şəhriyar” ədəbi bədii cəmiyyəti, “Azərbaycan Slavyan gənclər birliyinin Rusiya nümayəndəliyi Azərbaycan diaspor təşkilatları ilə yanaşı, Rusiyada qeydə alınmış digər millətlərin diaspor təşkilatları ilə də işimizi bundan sonra yeni tələblər əsasında quracağıq. Azərbaycan mədəniyyətinin Rusiya məktəblərində təbliği, həftə sonu məktəblərinin təşkili, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi,  başqa fənlərin tədrisi, habelə Azərbaycanın tarixini, ictimai-mədəni həyatını əks etdirən tədbirlərin Rusiya Federasiyasında daha geniş yayılmasında layihələrin sayını artıracağıq. Bütün bunlar Azərbaycan diasporunun təşkilatlanması və Vətənə bağlı olmasının əsas şərtlərindən biridir.

    

Rəhman SALMANLI,

Azərbaycan.- 2016.- 12 iyun.- S. 5.