Şəhidin adı əbədiləşdirildi

 

Şəhidlik zirvəsinə yüksəlmiş igidlərimiz unudulmur, daim yad edilir. Belə şəhidlərimizdən biri Masallı rayonunun Kalinovka kəndində - doğulduğu torpağa qovuşan Nurlan Bayram oğlu Əsgərovdur. Onun 21 yaşı vardı. Keçən ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurmuşdu. Vətən sevgisi onu hərbi işə bağladığından müddətdən artıq xidmət etməyə başladı. Bacarığı və insani keyfiyyətləri ilə komandir və əsgər heyətinin rəğbətini qazanmışdı. Aprelin əvvəllərində ermənilərin təxribatının qarşısını alarkən Nurlan qəhrəmancasına həlak oldu. Bütün şəhidlərimiz kimi ümumxalq coşqusu, böyük sayğı ilə torpağa tapşırıldı. Dövlətimiz, xalqımız şəhidin ailəsinə mənəvi dəstək oldu, onun adının əbədiləşdirilməsi üçün müəyyən işlər gördü. N.Əsgərovun böyüyüb boya-başa çatdığı Kalinovka kəndinin əsas küçəsinə onun adı verildi, barelyefi və xatirə lövhəsi vuruldu.

Şəhidin anım mərasiminə bütün el-oba toplanmışdı. Milli Məclisin deputatları Nəriman Əliyev, Elmira Axundova, şəhidin xidmət etdiyi hərbi hissənin nümayəndələri də gəlmişdi. Kalinovka və ətraf kəndlərin əhalisi, şəhid əsgərin müəllimləri, dostları, gənclər, habelə məktəblilər də mərasimdə iştirak edirdilər. Azərbaycanın üçrəngli bayrağını dalğalandıran gənclər və məktəblilər: “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarlarını səsləndirdilər, şəhidlərimizin qanının yerdə qalmayacağına and içdilər, tezliklə Vətən torpaqlarının düşmən tapdağından azad olacağına inamlarını ifadə etdilər.

 

Əlihüseyn ŞÜKÜROV,

Masallı rayon sakini

Azərbaycan.- 2016.- 12 iyun.- S. 6.