Prezident İlham Əliyev Dövlət Sərhəd
Xidməti Sahil Mühafizəsinin ikinci dərəcəli yeni
sərhəd gözətçi gəmisi ilə tanış olub
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla tanış olub.
Dövlət Sərhəd Xidmətinin rəisi–Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı İlham Əliyev əvvəlcə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə baxdı, onların texniki göstəriciləri ilə tanış oldu.
Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncamla təsdiq olunmuş “Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakının Türkan qəsəbəsində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin yeni bazası inşa edilib. Xidmətin Sahil Mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, sərhədçi dənizçilərin peşəkarlıq səviyyəsinin artırılması xidməti-döyüş fəaliyyətinin nəticələrinə bilavasitə müsbət təsir göstərib. Şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə, ekstremal şəraitdə peşə vərdişlərinin yüksək səviyyədə olmasına xidmət edən müxtəlif mövzularda döyüş və taktiki təlimlərin keçirilməsi Dövlət Sərhəd Xidmətində artıq ənənə halı alıb.
Dövlətimizin başçısı ikinci dərəcəli sərhəd gözətçi gəmisində yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş sərhəd gözətçi gəmisinin uzunluğu 62 metrdir. Dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkün olan gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.
Sonra Azərbaycan Prezidenti sərhəd gözətçi gəmilərinin keçidinə baxdı.
Yeni istifadəyə verilən itisürətli qayıqlarda quraşdırılmış aşkaretmə qurğuları məhdud görmə şəraitində axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsinə, sərhəd növbətçilərinin çevikliyinin artırılmasına imkan yaradır. Müasir tipli radioelektron və naviqasiya cihazları, qəza xilasetmə və digər avadanlığın quraşdırıldığı sərhəd gözətçi gəmiləri və katerlərinə malik olan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi hazırda Xəzər dənizində hər cür hava şəraitində dövlət sərhədinin mühafizəsini təmin etmək iqtidarındadır.
Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində indiyədək itisürətli və yüksək üzmə qabiliyyətli, müasir silahlar, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı ilə təchiz edilmiş bir ədəd ikinci və altı ədəd üçüncü dərəcəli sərhəd gözətçi gəmisi inşa olunaraq Dövlət Sərhəd Xidmətinin döyüş sıralarına daxil edilib. Bunun sayəsində Xəzər dənizində Azərbaycan sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində uğurlu nəticələr əldə edilib.
Dövlət Sərhəd Xidməti
Xəzər dənizində beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya və
qaçaqmalçılığa qarşı mübarizə
aparılması, döyüş
hazırlığının yüksəldilməsi, hərbi
intizamın möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli
layihələr reallaşdırır. Xidmət
əməkdaşlarının mənzil və iş
şəraitlərinin ən müasir səviyyədə
qurulması, yeni inzibati
və yaşayış binalarının inşası isə
ümumilikdə Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə
Ali Baş
Komandanın göstərdiyi qayğının nəticəsidir.
Dövlət Sərhəd Xidməti Sahil
Mühafizəsinin şəxsi heyəti Xəzər dənizində
çətin şəraitdə dövlət sərhədinin
mühafizəsi üzrə qarşıya qoyulan
tapşırıqları uğurla yerinə
yetirir. Bu isə bir daha
təsdiq edir ki, Azərbaycan
sərhədçiləri Ali Baş Komandan İlham Əliyevin etimadını doğrultmaq üçün
dənizdə dövlətimizin maraqlarını qorumağa və sərhədlərimizin
toxunulmazlığını şərəflə təmin etməyə
daim hazırdır.
Azərbaycan.- 2016.- 14 iyun.- S. 1-2.