Andorrada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
VIII Ali Səviyyəli toplantısı keçirilir
İyunun 13-də Andorra Knyazlığında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) VIII Ali Səviyyəli toplantısının açılışı olub.
Komitədən AZƏRTAC-a bildiriblər ki, “Qloballaşan dünyada xalqların gücü” mövzusunda keçirilən toplantıda dünyanın yeni siyasi xəritəsi, qloballaşma prosesinə yeni baxış, XXI əsrdə iqtisadi vəziyyət və digər mühüm məsələlərə dair fikir mübadiləsi aparılır.
Toplantıda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Andorra Knyazlığının Baş naziri Antoni Marti, Latviyanın sabiq Prezidenti, NGBM-nin həmsədri Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-nin həmsədri İsmayıl Serageldin, Ərəb Liqasının sabiq baş katibi Əmr Musa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, İtaliya Prezidentinin diplomatik müşaviri Antonio Zanardi Landi, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç və digərləri iştirak edirlər.
Ali səviyyəli görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edirlər.
Tədbirin açılışında Antoni Marti, Mladen İvaniç, Vayra Vike-Frayberqa, İsmayıl Serageldin və Novruz Məmmədov çıxış ediblər.
Andorra hökumətinin başçısı Antoni Marti qloballaşan dünyada Andorranın mövqeyini, müstəqil dövlət olaraq onun qlobal əhəmiyyətli məsələlərdə xüsusi rol oynadığını diqqətə çatdırıb.
İraq, Liviya, Serbiya, Xorvatiya və digər bölgələrdə münaqişəli vəziyyətlərdən söhbət açan Mladen İvaniç isə bu problemlərin bir çoxunun həlli yollarının hələ də tapılmamasını təəssüflə vurğulayıb. O qeyd edib ki, müasir dünyada gündən-günə artan problemlərin qarşısının alınması yolları bu günün əsas mövzusudur.
Vayra Vike-Frayberqa insanların səsinin eşidilməsi üçün internetin vacibliyini vurğulayıb. Həmçinin qaçqın böhranından söz açan sabiq prezident deyib ki, bugünkü görüşün məqsədi burada səslənəcək orijinal ideyalar əsasında bu problemlərin həlli yollarını tapmaqdır.
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tədbirin təşkilinə görə NGBM-yə və Andorranın Baş naziri Antoni Martiyə təşəkkür edib. Novruz Məmmədov müasir dünyada baş verən proseslər, yaşanan problemlər, qloballaşma dövrünün qarşılaşdığı çətinliklər barədə söhbət açıb. “Bu gün dünya birliyi Yaxın Şərqdə münaqişələr, Avropada qaçqın böhranı və s. kimi çətinliklərlə üzləşir. İlk növbədə bu problemlər dərindən təhlil edilməldir. Bu məsələlər çox böyük əhəmiyyət kəsb edir. Əsas məqsəd səbəbi kökündən araşdırmaqdır”, - deyə Prezident Administrasiyasının rəsmisi bildirib. O, eyni zamanda, hazırkı dövrdə törədilən terror aktlarına toxunub və qeyd edib ki, bu gün ABŞ da daxil olmaqla dünya ölkələri bu təhlükə ilə üzləşirlər.
Novruz Məmmədov bildirib ki, SSRİ və Varşava Paktının dağılmasından sonra beynəlxalq münasibətlər sistemində əsaslı dəyişikliklər baş verdi. Beynəlxalq hüquqa əməl edilməməsi bir çox münaqişələrə səbəb olur. Müasir dövrümüzdə baş verən problemlərin başlıca səbəbi beynəlxalq hüquqa riayət edilməməsidir.
İsmayıl Serageldin isə çıxışında toplantının mövzusunun əhəmiyyətini vurğulayıb və münaqişə bölgələrində vətəndaş müharibələrinin hələ də davam etdiyini diqqətə çatdırıb. O, müasir dövrdə gedən iqtisadi proseslərdən, internetin sosial əlaqələrin qurulmasında əvəzsiz rolundan danışıb. İ.Serageldin 1970-ci ildən bəri baş verən proseslər, ətraf mühit, istehlak, insanların bərabərliyi, qadınların hüquqları, büdcə məsələləri, iqtisadi dəyişikliklər və s. kimi məsələlərə də toxunub.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısı panel müzakirələrlə işini davam etdirir. Tədbir çərçivəsində Cənubi Qafqaz regionundakı münaqişəli məsələlərin, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə ediləcəyi və Andorra Knyazlığının rəhbərinə yazılı müraciətin qəbul olunacağı gözlənilir.
Toplantı iyunun 14-də işini yekunlaşdıracaq.
Azərbaycan.- 2016.- 14 iyun.- S. 3.