Səbaildə möhtəşəm
bayram tədbiri keçirilib
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş günü, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan bir insandır - bu, Heydər Əliyevdir.
Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı xalqımız üçün həqiqi qurtuluş olmuşdur. Bu tarixi qayıdışın şərəfinə Milli Qurtuluş Günü hər il Səbail rayonunda da geniş şəkildə qeyd olunur. Yenə də əlamətdar günlə əlaqədar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun Badamdar qəsəbəsində möhtəşəm bayram konserti təşkil olunmuşdur.
Səbail rayon rəhbərliyi, rayonun hüquq mühafizə orqanlarının, elm, təhsil, mədəniyyət, səhiyyə, təsərrüfat və xidmət təşkilatlarının kollektivlərinin, Milli Məclis deputatlarının, din xadimlərinin, rayon ictimaiyyətinin, KİV nümayəndələrinin və qəsəbə sakinlərinin iştirakı ilə Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında dünya və Azərbaycan bəstəkarlarının klassik musiqisindən ibarət bayram tədbiri keçirilmişdir. Tədbirdə qeyd olunmuşdur ki, 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda ulu öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı və bununla da 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bilmişdir. Heydər Əliyevdən sonra isə bu siyasəti möhtərəm Prezident İlham Əliyev uğurla inkişaf etdirmiş, Azərbaycan daha da möhkəmlənmiş və qüdrətlənmişdir.
Azərbaycanın çoxillik tarixində yalnız iki dövlət xadimi ümumxalq lideri statusunu qazanmışdır. Bunlardan biri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. Onun davamçısı Prezident İlham Əliyev isə ilk dəfə olaraq dünya azərbaycanlılarının əsl millət lideri kimi qəbul olunmuşdur.
Bayram tədbirində respublikanın xalq artisti Teymur Göyçayevin rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiətilə xalq artisti Azər Zeynalov, əməkdar artistlər Ramil Qasımov, Elnarə Abdullayeva, İlahə Əfəndiyeva, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Aytac Şıxəlizadə və Səbail rayonu 12 saylı musiqi məktəbinin şagirdi Murad İbrahimovun ifasında tanınmış dünya və Azərbaycan klassik bəstəkarlarının əsərləri, xalq mahnıları səslənmiş, konsert iştirakçılarının çıxışları tədbir iştirakçılarının alqışları ilə qarşılanmışdır. Bayram konsertinin sonunda əzəmətli atəşfəşanlıq keçirilmişdir.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.- 2016.- 14 iyun.- S. 4.