Prezident İlham Əliyev diaspor
quruculuğunun yeni hədəflərini
müəyyənləşdirdi
1991-ci ildə müstəqilliyini bərpa edərək öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olan respublikamızın qarşısında duran başlıca və aktual vəzifələrdən biri dünya azərbaycanlılarının vahid bir ideya ətrafında birləşdirilməsi idi. Çünki Ermənistanın ölkəmizə qarşı təcavüzünün açıq müstəviyə qədəm qoyduğu, dünyada antiazərbaycan təbliğatı aparıldığı bir vaxtda müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın həmrəyliyinin və diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi olduqca mühüm əhəmiyyət kəsb edirdi. Digər tərəfdən, tarixin müxtəlif mərhələlərində düçar olduqları məhrumiyyətlər, haqsızlıqlar və dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların təşkilatlanmasının, müstəqilliyinə yeni nail olmuş respublikamızın beynəlxalq birlikdəki yerinin möhkəmləndirilməsi işinə böyük töhfələr verəcəyi şübhəsiz idi.
Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi XX əsrin sonlarına doğru Azərbaycan tarixinin və dövlətçiliyinin şərəfli səhifələrini yaradan Heydər Əliyev olmuşdur. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi, ümumi milli diasporun formalaşması və lobbi fəaliyyətinin inkişafı prosesinin başlanğıcını qoydu. Lakin 1991-1993-cü illərdə ölkəyə rəhbərlik edənlər bu məsələdə maraqlı olmadılar. Diaspor quruculuğuna maraq göstərilməməsi xarici ölkələrdə azərbaycanlıların yeni və güclü cəmiyyətlərinin yaradılmasına mənfi təsir göstərməklə bərabər, soydaşlarımızın vətənlə əlaqələrinin genişlənməsinə, azərbaycançılıq ideyasının inkişaf etdirilməsinə, dünyaya səpələnmiş azərbaycanlıların həmrəyliyinin əldə olunmasına imkan vermədi.
Heydər Əliyevin 1993-cü ildə xalqın yekdil arzusu ilə hakimiyyətə dönüşündən sonra ölkədə davamlı sabitlik və iqtisadi tərəqqinin əsası qoyulmaqla yanaşı, milli birliyə nail olundu, azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi, Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu. Ona görə ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir.
2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri oldu. Bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratdı. Bu qurultayın keçirilməsi milli idealların, azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım idi. Qurultay həm də Azərbaycanın, eləcə də bütün dünya azərbaycanlılarının həyatında tarixi ictimai-siyasi hadisə kimi yadda qaldı. Qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yarandı, soydaşlarımızın cəmləşdiyi cəmiyyətlər dünyanın hər yerində daha aktiv fəaliyyət göstərməyə başladı.
Bu gün Heydər Əliyevin yolunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Cənubi Qafqaz bölgəsinin lider dövlətinə və bütün dünya azərbaycanlılarının qürur yerinə çevrilib. Dövlət başçısı diaspor quruculuğu işini daim xüsusi diqqət mərkəzində saxlayaraq, bu sahədə məqsədyönlü fəaliyyətin siyasi konturlarını müəyyənləşdirib. Diaspor quruculuğuna ayrılan vəsaitlərin ildən-ilə artırılması milli həmrəyliyə yüksək və qayğının bariz nümunəsi kimi diqqəti çəkir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir.
Prezident İlham Əliyevin sərəncamları ilə 2006-cı və 2011-ci illərdə dünya azərbaycanlılarının II və III qurultaylarının keçirilməsi diaspor quruculuğu işinə və milli həmrəyliyimizin möhkəmlənməsinə yeni təkan verdi. Bu dövrdə xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, vətənimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği sahəsində mühüm işlər görülüb.
İyunun 3-4-də Bakı şəhərində Dünya Azərbaycanlılarının IV Qurultayının keçirilməsi diaspor quruculuğu işinə yeni təkan verməklə əlamətdar hadisələrdən biri kimi yadda qaldı. Toplantıda Dünya Azərbaycanlılarının III Qurultayından keçən dövr ərzində görülmüş işlər müzakirə olundu, həmçinin müasir dövrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud problemlər və onların həlli yolları, gənclərin diaspor hərəkatına cəlb olunması, lobbi quruculuğu və digər bir sıra mühüm məsələlər üzrə fikir mübadiləsi edildi.
Bütövlükdə iki gün davam edən qurultayda səmərəli müzakirələr aparıldı, maraqlı ideyalar səsləndirildi. Qurultayın açılışında Prezident İlham Əliyevin tarixi nitqi diaspor üzvlərinin gələcək fəaliyyəti üçün proqram oldu. Dövlət başçısının qurultaydakı nitqi vahid qüvvəyə çevrilmək və azərbaycançılıq ideyası naminə birləşmək baxımından diaspor üzvlərinin qarşısına yeni vəzifələr qoydu. “Diaspor təşkilatlarının fəaliyyəti daim diqqət mərkəzindədir. Bu gün mən diaspor təşkilatlarının gələcək fəaliyyəti ilə bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. İlk növbədə, əlbəttə, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək. Hazırda xaricdə yaşayan azərbaycanlıların sayı milyonlarla ölçülür. Əlbəttə ki, onlar yaşadıqları ölkələrin vətəndaşlarıdır. Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da böyük mövqelərə nail ola bilsinlər. Yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar”, - deyə Prezident İlham Əliyev bildirdi.
Müasir dövrdə diaspor quruculuğunun konkret zamanla məhdudlaşmayan, daimi fəallıq və zəhmət tələb edən uzunmüddətli proses olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. Prezident İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan diasporu güclənəcək, ölkənin taleyüklü problemlərinin həllində daha yaxından iştirak edəcək.
Rafiq MƏMMƏDHƏSƏNOV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2016.- 14 iyun.- S. 5.