Dinamik
davamlı inkişaf əsas prioritetdir
Azərbaycanın inkişafı beynəlxalq
təşkilatların hesabatlarında təqdir olunur
Birləşmiş Millətlər Təşkilatının
2015-ci ilin sentyabrında Nyu Yorkda keçirilən 70-ci yubiley
sessiyasında bəşəriyyətin XXI əsrdə üzləşdiyi
əsas problemlər müzakirə edilib və hazırkı
dönəmdə onların qarşısının
alınması üçün təcili tədbirlər
müəyyənləşdirilib. İndiki nəsillərin
rifahının yüksəldilməsini təmin edən və
eyni zamanda gələcək nəsillərin tərəqqisi
üçün şərait yaratmalı olan davamlı
inkişafın XXI əsr və üçüncü
minilliyin başlıca prioriteti olması faktı bir daha təsdiqlənib.
Eyni zamanda Nyu Yorkda BMT-nin təşəbbüsü
ilə keçirilən Dünya sammiti də davamlı
inkişafı üçüncü minilliyin başlıca
prioriteti kimi müəyyənləşdirib və “Davamlı
İnkişaf Sammiti” kimi tarixə düşüb.
Bu ümumdünya forumlarının nəticəsi olaraq
xüsusi sənəd - “Davamlı İnkişaf Məqsədləri”
qəbul edilib.
Sənəddə 2015-2030-cu illərdə
bütövlükdə dünya və ayrı-ayrı dövlətlərin
dünyanın inkişafı prosesinin
davamlığını təmin etmək və hazırda bəşəriyyətin
üzləşdiyi çağırışlara cavab məqsədilə
atacaqları addımlar əksini tapıb. Ümumiyyətlə,
bu sənəddə 2030-cu ilədək yoxsulluq və qeyri-bərabərliyin
ləğvi, təbii ehtiyatlardan səmərəli istifadə
və ətraf mühitin mühafizəsi kimi problemlərin həlli,
bunun üçün insan potensialının
formalaşdırılması və biliklərin,
texnologiyaların intensiv ötürülməsi və digər
17 məqsəd müəyyən edilib.
Qeyd etmək lazımdır ki, 2015-2030-cu illər
üçün planlaşdırılan hədəflərə
nail olmağa müxtəlif ölkələr fərqli səviyyədə
hazırlıqlıdırlar. Ümummilli lider Heydər Əliyev tərəfindən
əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin yaradıcılıqla inkişaf
etdirdiyi uğurlu iqtisadi və sosial siyasət sayəsində
“Davamlı İnkişaf Məqsədləri”ndə yer alan və 2030-cu ilə kimi dünyada həlli
planlaşdırılan bir çox məsələlər
müəyyən dərəcədə bizim ölkəmizdə
artıq yerinə yetirilib. Hazırda BMT,
Dünya Bankının dərc etdirdikləri məlumatlara
görə, Azərbaycan Respublikası bir çox davamlı
inkişaf göstəriciləri üzrə bu gün
İƏİT-ə (İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatı) daxil olan, “böyük
iyirmilik” (G 20) və “böyük yeddilik” (G 7) qruplarına
üzv bir çox dövlətləri üstələyib.
Hazırkı məqalədə bu barədə
informasiya təhlil olunub.
Ölkədə uğurla reallaşdırılan sürətli
innovativ inkişaf siyasəti Azərbaycan Respublikasının
davamlı inkişaf göstəricilərinə görə
liderlər qrupuna yüksəlməsi faktını təmin
edib. 2016-cı ilin iyununda Dünya Bankının rəsmi
saytında yerləşdirilən BMT və digər beynəlxalq
qurumların sənədlərinin təhlili də bundan xəbər
verir. Məsələn, davamlı
inkişafın önəmli indikatoru bir enerji vahidinin istifadəsi
hesabına istehsal olunmuş ümumi daxili məhsulun (ölkə
iqtisadiyyatında istehsal olunmuş məhsul və xidmətlərin)
dəyəridir. Bu sahədə dövlət siyasətinin
uğuru və innovativliyi beynəlxalq qurumlar tərəfindən
işlənmiş metodika əsasında müxtəlif ölkələrdə
1000 ABŞ dolları dəyərində ÜDM-in,
alıcılıq qabiliyyəti pariteti (AQP) nəzərə
alınmaqla istehsalına sərf edilən enerjinin həcminin
ölçülməsi ilə müəyyən edilir. Belə yanaşma tamamilə əsaslıdır.
Bir tərəfdən eyni həcmdə ÜDM istehsalı
üçün daha az enerji sərfi səmərəli
iqtisadiyyat üçün çox önəmlidir. Az enerji sərfi həmçinin gələcək
nəsillərin maraqları çərçivəsində
resursların rasional istifadəsi deməkdir. Bu
da özlüyündə davamlı inkişafın vacib şərtidir.
Nəhayət, daha az enerji eyni zamanda lokal və
qlobal ekologiya sahəsində bir sıra məsələlərin
həllinə xidmət edir. Belə ki, atmosferə
istixana qazlarının atılmasının
qarşısının alınması vasitəsilə bəşəriyyət
üçün aktual problem olan qlobal iqlim dəyişikliklərinə
təsirləri azaldır. 2015-ci ilin sonunda
Qlobal iqlim dəyişikliklərinə dair Paris Sammiti bu
problemin aktuallığını bir daha təsdiqləyib.
İqtisadiyyatın idarəedilməsinin davamlı
inkişaf məqsədlərinə uyğunluğunun beynəlxalq
səviyyədə müqayisəli qiymətləndirilməsi
üçün enerji vahidi kimi bir kiloqram neftdə olan enerjinin
miqdarı götürülür (bir bareldə onun təbiətindən
asılı olaraq təqribən 136 kq neft olur). Enerji müxtəlif mənşəli
ola bilər: atom, istilik, hidro, günəş
enerjisi və s. Lakin enerji səmərəliliyinin qiymətləndirilməsi
zamanı ekvivalent kimi onun bir kiloqram neftdə olan miqdarından
istifadə edilir. Bu onunla bağlıdır ki,
müəyyən zaman kəsiyində neftin qiyməti
bütün dünyada eynidir. Ona görə
də sözügedən ekvivalentin tətbiqi nəticəsində
müxtəlif ölkələrdə sərfiyyat-məhsul
nisbətinin beynəlxalq təhlilini aparmaq mümkün olur.
Bir enerji vahidinin istifadəsi nəticəsində
istehsal olunmuş ÜDM-in dəyəri, alıcılıq
qabiliyyəti pariteti nəzərə alınmaqla, ABŞ
dolları ilə müəyyən edilir. Bu
fakt da özlüyündə müxtəlif ölkələrdə
davamlı inkişaf proseslərinin planlaşdırılması
və idarə edilməsi sahəsində əldə
edilmiş nəticələrin müqayisəsinə yol
açır.
Beynəlxalq
statistikanın təhlilindən aydın olur ki, 2003-cü illə
müqayisədə 2014-cü ildə (Dünya Bankının
2016-cı ilin iyununda yaydığı ən son məlumatlardır)
Azərbaycanda ÜDM istehsalı üçün enerji sərfi
2,8 dəfə azalıb. Dünya
Bankının hesabatlarına görə, 2001-ci ildə Azərbaycanda
1000 ABŞ dolları dəyərində ÜDM istehsalına
292,7 kq neftdəkinə ekvivalent enerji sərf
edilirdi. Hazırda ölkədə analoji iqtisadi effektin əldə
olunması üçün bundan 3,3 dəfə
az, yəni 88,8 kq neftdəkinə ekvivalent enerji “xərclənir”.
Bu, postsovet ölkələri, o cümlədən,
indi Avropa İttifaqına üzv olan keçmiş sovet
respublikaları arasında ən yaxşı göstəricidir
(Şəkil 1). Dünya Bankının 2016-cı ilin
iyununda dərc olunan məlumatları əsasında tərtib
olunan Şəkil 1-dən göründüyü kimi, bu qrupa
daxil olan bütün ölkələrdə eyni iqtisadi effektə
nail olmaq üçün Azərbaycandakından daha çox
enerji sərf edilir. Göstərilən nailiyyət
ölkədə dövlət idarəçiliyi sahəsində
Prezident İlham Əliyev tərəfindən gerçəkləşdirilən
uğurlu siyasətin parlaq təcəssümüdür.
Eyni zamanda bu, Azərbaycan Respublikasının
ekoloji təhlükəsizliyinin təmin olunması və
qlobal iqlim dəyişmələrinə təsirlərin
azaldılmasına dair beynəlxalq öhdəliklərinə
məsuliyyətlə yanaşmasından xəbər verir.
Daha az enerji sərfi həm də iqlim dəyişikliklərinə
səbəb olan qazların atmosferə atılmasının
azalması deməkdir.
Şəkil 1. Postsovet ölkələri: 1000 ABŞ dolları dəyərində
ÜDM istehsalı üçün enerji (1 kq neftdəki
ekvivalenti) sərfiyyatı, alıcılıq qabiliyyəti
pariteti nəzərə alınmaqla.
Mənbə:
www.worldbank.org/indicator/, 8 iyun 2016
ÜDM istehsalı üçün enerji sərfinin
azaldılması əsasən yeni yüksək
texnologiyaların tətbiqi və iqtisadi inkişaf proseslərinin
idarəedilməsi sistemlərinin
optimallaşdırılması hesabına mümkündür. Davamlı
inkişafın bu məqsədinin ödənilməsində
Azərbaycanın dövlət siyasətinin uğuru həmçinin
bu sahədə Xəzəryanı ölkələrdəki
durumun müqayisəli təhlili ilə də təsdiqlənir.
Aşağıdakı cədvəldə verilən
təhlil nəticələrindən bəlli olur ki, Dünya
Bankının məlumatlarına əsasən 2001-ci illə
müqayisədə Azərbaycan Respublikasında enerji istifadəsi
səmərəliliyinin artımı 329 faiz təşkil edib
ki, bu, olduqca yüksək göstəricidir. Digər region ölkələrində dəyişikliklər
ya çox gözəçarpan deyil, ya da ümumiyyətlə
yoxdur. Azərbaycandan sonra ən yüksək
göstərici Türkmənistanda qeydə alınıb.
Dünya Bankının hesabatlarına əsasən,
Türkmənistanda enerji istifadəsi səmərəliliyi
göstərilən zaman kəsiyində 169 faiz artıb.
Buna baxmayaraq, Azərbaycanda enerji istifadəsi səmərəliliyi
region ölkələri ilə müqayisədə bir
neçə dəfə yüksəkdir.
Ölkə
1000
ABŞ dolları dəyərində ÜDM istehsalı
üçün enerji (kq neftdəki ekvivalenti)sərfiyyatı
2001-ci illə
müqayisədə enerji istifadəsi səmərəliliyinin
artımı,%
01.01
2001-ci il üçün məlumatlar
08.06.
2016-cı il üçün
məlumatlar
Azərbaycan
Respublikası
290,2
88,8
329
İran
İslam Respublikası
166,3
184,8
-
Qazaxıstan
210,7
213,0
-
Rusiya
Federasiyası
250,8
216,2
120
Türkmənistan
620,9
369,7
168
Cədvəl.
Azərbaycan və digər Xəzəryanı ölkələr:
1000 ABŞ dolları dəyərində ÜDM istehsalı
üçün enerji (1 kq neftdəki ekvivalenti) sərfiyyatı,
alıcılıq qabiliyyəti pariteti nəzərə
alınmaqla.
Mənbə:
www.worldbank.org/indicator/, 8 iyun 2016
Ölkəmizdə
dövlət idarəçiliyi sahəsində uğurlu siyasət
nəticəsində Azərbaycan Respublikasının
davamlı inkişafı hədəfləyən nailiyyətləri
“böyük yeddilik” dövlətləri ilə müqayisə
olunacaq səviyyədədir, bəzi hallarda isə onların
göstəricilərindən üstündür. Şəkil 2-də Azərbaycan Respublikasının
bəzi davamlı inkişaf göstəriciləri G7 dövlətlərinkilərlə
müqayisə və təhlil edilib. Təhlil 2016-cı il iyunun 8-də Dünya Bankının
yaydığı bilgilərə əsasən aparılıb.
Şəkildən göründüyü kimi, Azərbaycan
Respublikasının davamlı inkişafın qeyd olunan
indikatoru üzrə göstəriciləri “böyük
yeddilik” ölkələrinin orta göstəricisindən 15
faiz, həmçinin ABŞ, Kanada, Fransa və Yaponiya kimi
dövlətlərinkindən yüksəkdir.
Şəkil 2. 1000 ABŞ dolları dəyərində ÜDM
istehsalı üçün enerji (1 kq neftdəki ekvivalenti) sərfiyyatı,
alıcılıq qabiliyyəti pariteti nəzərə
alınmaqla: G7 ölkələri və Azərbaycan
Respublikası.
Mənbə:
www.worldbank.org/indicator/, 8 iyun 2016
Ehtimal oluna bilərdi ki, Azərbaycan Respublikasının
davamlı inkişaf indikatorlarının bu qədər
sürətli artımı ölkə iqtisadiyyatının
özəllikləri, əsas etibarilə neft faktorundan
qaynaqlanır.
Bu halda digər neft və qaz ixrac edən ölkələrdə
də analoji tendensiyalar izlənilməliydi. Şəkil 3-də bununla bağlı təhlilin nəticələri
əksini tapıb.
Şəkil 3. Neft və qaz ixrac edən ölkələrdə
1000 ABŞ dolları dəyərində ÜDM istehsalı
üçün enerji (1 kq neftdəki ekvivalenti) sərfiyyatı,
alıcılıq qabiliyyəti pariteti nəzərə
alınmaqla.
Mənbə:
www.worldbank.org/indicator/, 8 iyun 2016
Şəkil 3-də həm Neft İxrac edən Ölkələr
Birliyinə (OPEC) üzv olan, həm də bu təşkilat
çərçivəsində fəaliyyət göstərməyən
dövlətləri xarakterizə edən göstəricilər
təqdim olunub. Müqayisəli təhlildən aydın
olur ki, Azərbaycan Respublikası davamlı inkişafın
sözügedən göstəricisinə görə bu qrupda
da liderdir. Beynəlxalq statistikaya əsasən
2003-cü ildə Azərbaycan bu göstəriciyə görə
Meksika, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri,
Venesuela, Qazaxıstandan xeyli geridə qalaraq sonuncu yerlərdən
birini tuturdu. Son 10 ildə Azərbaycan
Respublikası əhəmiyyətli dərəcədə irəliləyərək
bu qrupun liderinə çevrilib. Qeyd etmək
lazımdır ki, 3 il öncə
sözügedən qrupun lideri statusuna Norveç yiyələnmişdi.
Lakin Azərbaycanda gerçəkləşdirilən
innovativ inkişaf siyasəti ölkəni neft və qaz ixrac edən
ölkələr sırasında yeganə liderə
çevirib. Bu isə o deməkdir ki,
davamlı inkişaf cəmiyyətinə keçid prosesində
ölkəmiz tərəfindən qazanılan mövqelər
birbaşa karbohidrogen istehsalı və ixracı ilə
bağlı deyil. Bu faktı təsdiqləyən
başqa məlumatlar da var. Məsələn, 1000 ABŞ
dollarlıq ÜDM istehsalı üçün
(alıcılıq qabiliyyəti pariteti nəzərə
alınmaqla) sərf olunan enerjinin dəyəri Azərbaycanda
32,8 ABŞ dolları təşkil edib.
Kanadada bu rəqəm 62,6, Yaponiyada 36,1, Küveytdə 48,
Rusiya Federasiyasında 79,9 ABŞ dollarına bərabər
olub. Bu məlumatlar Dünya Bankının 8 iyun 2016-cı il üçün hesabatlarına dayanaraq və
neftin bir barelinin qiymətinin 50 dollar olması şəraitində
hesablanıb. Göründüyü kimi, bu
indikatora görə də Azərbaycan Respublikası bir
çox dövlətləri, o cümlədən G7 ölkələrini
üstələyib. Bu isə artıq təkcə
iqtisadi deyil, eyni zamanda qlobal iqlim dəyişikliklərinə
təsirlə bağlı problemlər və digər ekoloji və
sosial məsələlərin uğurlu həlli deməkdir.
Ölkənin davamlı inkşaf sahəsində
qazandığı uğurları və onların beynəlxalq
inkişaf institutları tərəfindən tanınması
Prezident İlham Əliyevin tətbiq etdiyi unikal idarəetmə
texnologiyalarının nəticəsidir. Dövlət
inkişaf proqramlarının milli proqramlara transformasiyası,
onların reallaşdırılmasında dövlət
qurumları ilə yanaşı vətəndaş cəmiyyətinin
və özəl sektorun fəal iştirakı bu
texnologiyaların vacib elementləridir. Bu,
ilk növbədə insan potensialının
formalaşdırılması sahəsində önləyici
siyasətə şamil edilə bilər. Məsələn,
davamlı inkişaf sahəsində bilik və
bacarıqların formalaşdırılmasının önəmini
nəzərə alaraq BMT və UNESCO 2005-2014-cü illəri
qlobal miqyasda davamlı inkişaf üzrə tədris onilliyi
elan edib. Bununla bağlı sənəd 2005-ci ilin martında
Nyu Yorkda BMT-nin Baş katibi Kofi Annan və UNESCO-nun baş
direktoru Koişiro Matsuura tərəfindən imzlalanıb (mənbə:
UNIS/UNF, February 28, 2005). Ümummilli lider Heydər Əliyev tərəfindən
təsdiqlənən təhsil konsepsiyasına görə, Azərbaycanda
bu proses bundan 5 il öncə
başladılıb. 2001-ci ildə davamlı insan
inkişafı fənni orta ümumtəhsil məktəblərinin
proqramına salınıb, 2003-cü ildə isə həmin fənn
üzrə dünyada orta məktəblər üçün
ilk dərslik işıq üzü görüb. Azərbaycanla
bağlı bu informasiya BMT tərəfindən “innovativ ideya və
təşəbbüs” kimi bütün dünyaya yayılıb
(mənbə: http://hdr.undp.org/nhdr/impact, December 19, 2005).
Hazırda
bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən 2003-cü ildə irəli
sürülən “qara qızıl”ın “insan kapitalı”na transformasiyası konsepsiyası çərçivəsində
uğurla inkişaf etdirilir. Məsələn, əgər
2001-ci ildə ölkəmizdə dünyada ilk dəfə
olaraq orta ümumi təhsil səviyyəsində yeni
davamlı insan inkişafı fənni tədris prosesinə
daxil edilibsə, artıq 2015-ci ilin iyunundan Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarları ilə
bakalavriatura, magistratura və doktorantura pillələrində
ixtisaslar nomenklaturuna yeni - “davamlı inkişafın idarəedilməsi”
ixtisası əlavə olunub. Bu proses davamlı
inkişafı XXI əsr və üçüncü minilliyin
prioriteti kimi müəyyənləşdirən 2015-ci il BMT sessiyası və Dünya sammitindən
öncəyə təsadüf edir. Ali təhsilin
hər üç səviyyəsində yeni ixtisasın tətbiqi
Azərbaycanın dünya tendensiyalarını qabaqlayan
növbəti təşəbbüsüdür.
Xüsusi vurğulamaq lazımdır ki, ölkənin
innovativ tərəqqisinin əsası kimi insan
potensialının formalaşdırılması
konsepsiyasının reallaşdırılmasında Heydər
Əliyev Fondunun rolu əvəzsizdir. Fondun gerçəkləşdirdiyi
proqramlar, qurumun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın milli və beynəlxalq
səviyyələrdə fəaliyyəti ölkənin
innovativ tərəqqisinə və Azərbaycan
Respublikasının layiqli imicinin
formalaşdırılmasına qiymətsiz töhfədir.
Davamlı inkişaf edən cəmiyyətin bərqərar
olması üçün peşəkarlıqları, vətəndaş
mövqeləri və həyat tərzi yeni
çağırışlara cavab verən yeni nəslin
formalaşdırılmasını zəruri edib. Bu istiqamətdə
təsisçisi və rəhbəri Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva olan IDEA hərəkatı
milli və beynəlxalq səviyyələrdə geniş dəstək
qazanıb.
Dinamik davamlı inkişafa yol açan digər bir məqam
ölkədə dövlət siyasətinin
reallaşdırılması zamanı komplimentarlıq prinsiplərinin
geniş tətbiqidir. Milli maraqların qlobal tendensiyalarla dəqiq
uzlaşdırılması, ikitərəfli və çoxtərəfli
beynəlxalq əməkdaşlıq çərçivəsində
ortaqların maraqlarının nəzərə alınması
reallaşdırılan layihələrin uğurunu təmin edən
önəmli faktorlardır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü
ilə gerçəkləşdirilən bütün layihələr
uğurlu qlobal və regional inkişafa yol açır və
bütün iştirakçıların maraqlarını təmin
edir.
Ölkə Prezidenti İlham Əliyev daim
vurğulayır ki, iqtisadi inkişaf məqsəd deyil, sosial
problemlərin həlli və təhlükəsizliyin təmin
olunması üçün vasitədir. Beynəlxalq
qurumların hesabatlarından bəlli olur ki, çox qısa
zaman kəsiyində Azərbaycan Respublikası sosial problemlərin
həllində də xeyli irəliləyişə nail olub.
Beynəlxalq standartlara uyğun olaraq sosial siyasətin
uğuru xüsusi indikatorlarla müəyyən edilir. Onların arasında ən çox
yayılmışı və geniş tətbiq olunanları
ölkənin sosial siyasətini xarakterizə edən Cini əmsalı
və Kvintil gəlir göstəricisidir. Cini
əmsalı gəlirin bölgüsündə bərabərlik
dərəcəsini miqdarca qiymətləndirməyə imkan
verən statistik göstəricidir və 0-100 arası dəyişir.
0 - tam bərabər, 100 mütləq qeyri-bərabər
bölgüdür. Dünyanın heç
bir ölkəsində tam bərabərlik və ya tam qeyri-bərabərlik
yoxdur. Bu da tam ədalətlidir. Belə ki, tam bərabərlik motivasiya etmir, qeyri-bərabərlik
isə fərdi potensialın təkmilləşdirilməsini mənasızlaşdırır.
Bu üzdən də ölkədə Cini əmsalı
indeksi nə qədər aşağıdırsa, həyata
keçirilən sosial siyasət bir o qədər uğurlu
hesab edilir. Şəkil 4-də Cini əmsalının
Azərbaycan Respublikası və “böyük yeddilik” ölkələrində
müqayisəli təhlili təqdim olunub.
Şəkil 4. G7 ölkələri və Azərbaycan
Respublikasında Cini əmsalına görə sosial siyasətin
müqayisəli təhlili.
Mənbə:
hdr.undp.org/en/composite/ IHDI, 8 iyun 2016
Şəkil
4-də təqdim olunan məlumatlar bir daha vurğulamağa əsas
verir ki, Azərbaycan Respublikasının sosial inkişaf
göstəriciləri “böyük yeddilik” qrupunun orta göstəricilərindən
və bu quruma üzv dövlətlərin bəzilərinkindən
yüksəkdir.
Azərbaycanın
sosial siyasətinin uğurunun daha bir sübutu Kvintil təhlil
nəticələridir (Şəkil 5).Kvintil təhlil əhalinin
20 faiz ən yüksək gəlirli təbəqəsinin orta gəlirləri
ilə 20 faiz ən kasıb təbəqəsinin orta gəlirinin
nisbəti əsasında aparılır. Göstəricinin
aşağı olması beynəlxalq təşkilatlar tərəfindən
ölkənin sosial siyasətinin uğuru kimi dəyərləndirilir.
Şəkil 5. Müxtəlif ölkələrdə əhalinin
gəlirlərinin bölünməsinin Kvintil təhlili.
Mənbə:
hdr.undp.org/en/composite/ IHDI, 8 iyun 2016
Şəkil 5-də təqdim olunan bilgilər Azərbaycan
Respublikasında sosial siyasətin prioritet olmasından xəbər
verir. Bu gün ölkəmiz Kvintil təhlil göstəricilərinə
görə bir sıra inkişaf etmiş ölkələri, o
cümlədən “böyük yeddilik” və Avropa Birliyinə
daxil olan dövlətləri üstələyir.
Azərbaycan
Respublikası müstəqilliyini 25 il
öncə bərpa edib. Ölkə müstəqilliyinin
ilk illərini çox ağır durumda keçirib və bu
gün də erməni silahlı qüvvələrinin
aqressiyası, ərazilərinin 20 faizinin işğalı ilə
bağlı olayların təsiri altındadır. Buna baxmayaraq, Azərbaycan Respublikası qısa
dönəmdə innovativ davamlı inkişaf siyasəti
reallaşdırmağa müvəffəq olub. Beynəlxalq qurumlar və müstəqil ekspertlərin
sənədləri bu faktın aşkar təsdiqidir.
Urxan ƏLƏKBƏROV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının rektoru, akademik
Azərbaycan.-
2016.- 14 iyun.- S. 6.