Unudulmaz məzun - Aida İmanquliyeva” kitabının təqdimatı olub

İyunun 13-də Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, ictimai xadim, professor Aida İmanquliyevaya həsr olunmuşUnudulmaz məzun - Aida İmanquliyeva” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil Kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova məktəbin məzunu, görkəmli şərqşünas alimpedaqoq, professor Aida İmanquliyevanın şərəfli ömür yolundan, cəmiyyətə, elmə, təhsilə, mədəniyyətə verdiyi əvəzsiz töhfələrdən danışıb.

Professor A.İmanquliyevanın nəciblik, xeyirxahlıq, saflıq mücəssəməsi olduğunu vurğulayan S.Xanlarova alimin əziz xatirəsinin könüllərdə zaman-zaman yaşayacağını bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə böyük alim A.İmanquliyevanın elmi nailiyyətlərindən bəhs edib.

Azərbaycan və dünya şərqşünaslığının inkişafında professor A. İmanquliyevanın müstəsna xidmətlərini qeyd edən A.Əlizadə təqdim olunan kitabın əhəmiyyətini diqqətə çatdırıb.

Digər çıxış edənlər də A.İmanquliyevanın nurlu xatirəsinin həmişə müqəddəs tutulacağını vurğulayıb, “Unudulmaz məzun - Aida İmanquliyeva” kitabının tariximiz, cəmiyyətimiz üçün dəyərli töhfə olduğunu bildiriblər.

Azərbaycan.- 2016.- 14 iyun.- S. 7.