Milli Məclisdə Azərbaycan
ilə AŞPA arasında əlaqələrin perspektivləri
ilə bağlı fikir mübadiləsi
aparılıb
İyunun
16-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə
səfərdə olan Avropa Şurası Parlament
Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri
Sezar Florin Preda və Stefan Şennak ilə
görüşüb.
Sədr deyib ki, Milli Məclis AŞPA ilə münasibətlərin inkişafında və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsində maraqlıdır. O, səfər çərçivəsində keçirilən görüşlərin ölkəmizlə AŞPA arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib. Qeyd edib ki, bu əməkdaşlıq qarşılıqlı hörmətə söykənməli və hər iki tərəfin maraqlarına cavab verməlidir.
Görüşdə bildirilib ki, həmməruzəçilərin bu səfəri faktaraşdırıcı xarakter daşımaqla yanaşı, həm də 90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə keçiriləcək təkrar seçkiləri müşahidə etmək missiyası daşıyır.
Oqtay Əsədov bir müddət əvvəl Stefan Şennakın ölkəmizə səfər etdiyini və keçirdiyi görüşü xatırlayaraq bölgədəki vəziyyət barədə ətraflı məlumat almaq və obyektiv hesabat hazırlamaq üçün bu kimi görüşlərin əhəmiyyətini vurğulayıb.
Sezar Florin Preda Monitorinq Komitəsinin həmməruzəçisi kimi ölkəmizə ilk dəfə səfər etdiyini, ancaq buna qədər bir neçə dəfə Bakıda olduğunu bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə ilk görüşünü və birinci Avropa Oyunlarında ailəsi ilə birgə iştirakını məmnunluqla xatırlayıb. Qonaq demokratik dəyərlərin təcəssümü olan Azərbaycan parlamentində olmasından və səfər zamanı keçirilən görüşlərdən məmnun qaldığını söyləyib.
Stefan Şennak AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi kimi Azərbaycana son səfəri zamanı hazırladığı hesabatın təşkilat tərəfindən yekdilliklə qəbul olunduğunu bildirib.
Nümayəndə heyətinin üzvləri AŞPA ilə əməkdaşlığın dərinləşməsinə verdiyi dəstəyə görə Azərbaycan parlamentinə təşəkkür ediblər.
x x x
Həmin gün AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Milli Məclisin Assambleyadakı nümayəndə heyətinin üzvləri ilə də görüşüblər.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizlə Avropa Şurası arasında uzun illərdən bəri davam edən səmərəli və konstruktiv əməkdaşlığın məmnunluq doğurduğunu bildirib.
S.Seyidov qonaqlara həmməruzəçi missiyasından başqa həm də 90 saylı Ağdaş seçki dairəsində Milli Məclisə keçiriləcək təkrar seçkini müşahidə etmək missiyasını həyata keçirdiklərinə görə təşəkkür edib. O, Monitorinq Komitəsində Azərbaycanla bağlı keçirilmiş son müzakirələri yüksək qiymətləndirib və bunu uğurlu işin nəticəsi kimi dəyərləndirib.
Sezar Florin Preda və Stefan Şennak iyunun 15-də Prezident İlham Əliyevlə keçirdikləri görüşdən məmnunluqlarını bildirib və Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndiriblər.
Görüşdə Azərbaycan ilə
AŞPA arasında əlaqələrin perspektivləri barədə
fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2016.- 17 iyun.- S. 2.