Avropa Qran-prisinin
Bakı nümunəsi
“Formula-1”in birinciləri: Mixael Şumaxer və “Ferrari”
Dünya Bakıda təşkil olunan “Formula-1” Avropa Qran-prisinin həyəcanı
ilə yaşayır. Dünyanın bir nömrəli avtomobil yarışı
1950-ci ildən təşkil
edilir və bu müddətdə 7 dəfə dünya çempionu olan almaniyalı Mixael Şumaxer ən yaxşı göstəriciyə
malikdir. Bu göstəricidə argentinalı
Xuan Manuel Fanxio 2-ci (5 dəfə), fransalı Alen Prost və almaniyalı Sebastyan Fettel 3-cüdür (hərəyə
4 dəfə). Komandalarda isə
“Ferrari” zirvədə qərarlaşıb.
16 dəfə çempion adını qazanan komanda, hələ ki, rəqibləri üçün
əlçatmazdır.
“Formula-1” Bakıdakı
yarışa yeniliklər
tətbiq edib
İyunun 17-19-da Bakı Avropa Qran-prisinin cari mövsümdə 8-ci mərhələsinə
evsahibliyi edəcək. 21 mərhələdən ibarət
olan mövsümdə
ən diqqət çəkən məqam
sıralama turları ilə bağlıdır.
Əvvəlki qaydalara
görə, 18 dəqiqə
davam edən birinci və 15 dəqiqəlik ikinci seansların nəticələrinə
əsasən, ən pis nəticə göstərən 6 pilot mübarizədən
kənarlaşdırılırdı. 10
pilot isə 12 dəqiqəlik
üçüncü seansdakı
göstəricilərə görə
yarışa start verirdilər.
Yeni qaydalarda isə seansın sonunda yox, 90 saniyədən bir ən yavaş
pilotun mübarizəni
dayandırması nəzərdə
tutulub. “Formula-1” mütəxəssislərinin rəylərinə
görə, bu yenilik həyəcanı bir qədər də artırıb.
Yeni mövsümdə
diqqət çəkən
məqamlardan biri də mühərriklərin
daha güclü və səs-küylü olmasıdır. Belə ki, 2014-cü ildən bəri 2.4 litr həcmindəki V8 əvəzinə,
1.6 litrlik hibrid V6 mühərriklərindən istifadə
edən istehsalçılar
tətbiq olunan limitlərin ləğv edilməsindən sonra “Mercedes”lə fərqi aradan qaldırmağı planlaşdırırlar. Yeniliklərdən
sonra “Reno” və “Honda”nın təxminən
70 at gücü daha artıq qüvvə əldə etdiyi, “Mercedes”in isə 1000 at gücü səddinə çatdığı ehtimal
edilir. İki çıxışı olan yeni mühərriklər,
həm də daha çox səs çıxaracaq.
Təqvimdə yarış sayının
21-ə çatması ilə
hər maşın 4 əvəzinə, 5 mühərrikdən
istifadə edə bilir.
Yeniliklərdən biri də təkərlərlə
bağlıdır. “Pirelli” şirkəti yeni mövsüm üçün
ultra yumşaq təkərlər
hazırlayıb. Bu təkərlər maşınların
daha sürətli hərəkətinə şərait
yaradır.
Avstraliyadan Əbu Dabiyə
yol Bakıdan keçir…
Məlumat üçün qeyd edək ki, “Formula-1”də yeni mövsüm Avstraliya Qran-prisi ilə start götürüb. 2016-cı il mövsümünə
isə noyabr ayında Əbu Dabidə yekun vurulacaq. Bakıdan əvvəl iki şəhərdə keçirilən
“Formula-1” üzrə dünya
çempionatının təfsilatı
ilə tanış
olaq.
Mayın
26-29-da 6-cı - Monako Qran-prisində
pilotlar Monte-Karlo şəhərinin küçələrində
3337 metrlik məsafədə
78 turda mübarizə
aparıblar. Yarışın əvvəlində “Red Bull-TAG Heuer” pilotu Daniel Rikkiardo öndə olsa da, daha
sonra üstünlüyü
əldən verib.
Bundan sonra üstünlüyü ələ
alan Luis Hamilton liderliyi
sonadək qoruyub saxlayıb və ilin altıncı yarışını 1 saat
59 dəqiqə 29,133 saniyəlik
nəticə ilə
25 xal toplayaraq başa vurub.
“Formula-1” üzrə dünya çempionatının iyunun
10-12-də keçirilən yeddinci yarışında
- Kanada Qran-prisində
qalib gələn “Mercedes”in britaniyalı pilotu, hazırkı çempion Luis Hamilton cari
mövsümdə ikinci
qələbəsini qazanıb.
Pilotlar Monrealdakı
Jil Vilnöv trasında 4300 metrlik məsafədə 70 turda mübarizə aparıblar. Luis Hamilton yarışı
1 saat 31 dəqiqə
05,296 saniyəlik nəticə
ilə 25 xal toplayaraq başa vurub. Liderdən 5,011 saniyə geridə
qalan Sebastian Vettel
(Ferrari) yarışı 18 xalla ikinci pillədə
yekunlaşdırıb. İlk üçlüyü
liderdən 46,4 saniyə sonra finişə çatan Valtteri Bottas (Uilyams, 15 xal) tamamlayıb.
Yeddinci Qran-pridən
sonra “Mercedes”in digər pilotu Niko Rosberq 116 xalla liderliyini davam etdirir. O, indiyədək
keçirilən yeddi
mərhələdən dördündə
(Avstraliya, Bəhreyn, Çin, Rusiya) qalib gəlib. Cari mövsümdə ikinci qələbəsini qazanan L.Hamilton isə bu mərhələdən
sonra komanda yoldaşı ilə xal fərqini 9-a endirib və
ikinci sırada qərarlaşıb. Onun hesabında 107 xal var. Aktivində 78 xal olan S.Vettel üçüncü,
72 xal toplayan Daniel Rikkardi (Red Bull) dördüncü
və 69 xala sahib olan Kimi Raikkonen
(Ferrari) beşincidir.
Bakıdan sonrakı dayanacaqlar…
“Formula-1”
Qran-pri yarışlarının
Bakıdan sonrakı növbəti dayanacaqları
isə 1-3 iyulda Avstriya (Osterrayxrinq), 8-10 iyul Böyük Britaniya (Silverstoun), 22-24 iyul Macarıstan (Hunqarorinq), 29-31 iyul Almaniya (Hokkenhaym), 26-28 avqust Belçika (Spa Frakorşamps), 2-4 sentyabr İtaliya (Montsa), 16-18 sentyabr Sinqapur (Marina Bey), 30 sentyabr-2 oktyabr Malayziya (Kuala Lampur), 7-9 oktyabr Yaponiya (Suzuka), 21-23 oktyabr ABŞ (Ostin), 28-30 oktyabr Meksika (Mexiko), 11-13 noyabr Braziliya (İnterlagos) və 25-27 noyabrda isə Əbu Dabidədir (Yas Marin).
Elçin CƏFƏROV,
Azərbaycan.-2016.- 17 iyun.- S. 4.