Sürət, həyəcan
və MÖHTƏŞƏM BAKI…
Bakı Şəhər Halqası İçərişəhərin qala divarları ətrafında enişli-yoxuşlu dar keçidləri, sahilboyu müasir göydələnləri, Xəzər dənizinə möcüzəvi mənzərənin açıldığı geniş sürət zolağını özündə birləşdirən və bütövlükdə Bakının ecazkar simasını, keçmişi ilə bugününü canlandıran unikal bir trekdir
İdman ölkəsinə çevrilən Azərbaycanda son onillikdə onlarla dünya və Avropa miqyaslı yarış keçirilib. Beynəlxalq idman federasiyalarının qərarları ilə ölkəmizdə təşkil olunan hər bir turniri, idman müsabiqəsini layiqincə təşkil edən ölkəmiz hər dəfə tarixini möhtəşəm nailiyyətlə zənginləşdirib. Respublikamız təkcə yüksək evsahibliyi nümunəsi ortaya qoymayıb. Həm də sübut olunub ki, iradə, qətiyyət olan yerdə hər şey mümkündür.
Avropanın
sürət paytaxtı
İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illərdə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib. Xüsusən son onillikdə Bakıda və Azərbaycanın regionlarında ən nüfuzlu dünya və Avropa yarışları təşkil olunub.
Ötən il tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarını yüksək səviyyədə təşkil edən və başa vuran Azərbaycan indi növbəti beynəlxalq idman hadisəsinin şahidi olacaq. Artıq bu gün Bakıda dünyanın ən nüfuzlu idman tədbirlərindən biri olan “Formula-1” yarışlarının növbəti mərhələsinə start verilir. Bunun üçün bir müddətdir ki, Bakının mərkəzi küçələrində həyata keçirilən hazırlıq işləri vaxtında başa çatdırılıb. İstər “Eurovision” mahnı müsabiqəsi, istər I Avropa Oyunlarında olduğu kimi hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib.
Xatırladaq ki, “Formula-1” dairəvi və sürətli avtoyürüş üzrə dünya çempionatıdır. 1950-ci ildən başlayaraq hər il keçirilən bu yarışın müxtəlif şəhərlərdə Qran-pri mərhələləri təşkil olunur. Bu mərhələlərdə toplanan xallara əsasən, pilotlar və komandalar ilin sonunda çempionluq titulu qazanırlar. Onu da qeyd edək ki, bolid adlandırılan müasir “Formula-1” avtomobilləri bir sıra özəllikləri ilə fərqlənir. Onlar təkadamlıq olur, üstəlik, sürücü yeri və təkərləri açıqdadır. Komandalar avtomobilləri özləri istehsal etsələr də, hər biri tanınmış avtomobil markalarının motorlarını və ya yağını istifadə edirlər.
Builki “Formula - 1” Qran-pri yarışlarına mart
ayında Melburn şəhərində start verilib. Pilotlar və
komandalar noyabr ayına qədər 21 yarış mərhələsi
keçməlidirlər. Son yarış
noyabrın 25-27-də Abu-Dabidə baş tutacaq. Sayca 7-ci Qran-pri iyunun 10-12-də Kanadanın Montreal
şəhərində keçirilib. Artıq
bütün diqqətlər Bakıya yönəlib. Bakı isə həmişə olduğu kimi,
hazırdır. Amma burada bolidlər
avtodromda deyil, məhz şəhərin küçələrində
yarışacaqlar.
“Formula-1”in
rəsmi saytında bu il yarışın
mərhələlərinin keçiriləcəyi
bütün ölkələr sadalanıb və Azərbaycan mərhələsi
Avropa Qran-prisi adlandırılıb. Bu isə o
deməkdir ki, Bakı Avropanın paytaxtı olacaq. Ümumiyyətlə isə, Bakı “Formula-1”
yarışlarının ən yeni ünvanıdır. Çünki indiyədək Bakıda bu
yarış keçirilməyib. Bu mənada
xüsusi olaraq inşa olunmuş Bakı Şəhər
Halqası “Formula-1” təqviminə ən yeni əlavədir.
Bakı Şəhər Halqasının, trekin
uzunluğu 6 kilometrdən bir qədər artıqdır.
Bu, uzunluğuna görə dünyada ikincidir.
Şəhərimizin ecazkar
simasını, keçmişi ilə bugününü
canlandıran trek
Bakı Şəhər Halqası paytaxımızın
tam mərkəzindən və ən gözəl məkanlarından
keçir. Təşkilatçılar trekin marşrutunu
seçərkən məhz bu məqamı qarşıya məqsəd
qoyublar. “Formula-1” Avropa Qran-prisi Azadlıq
meydanından start götürəcək və burada da
başa çatacaq. Trekdə yarış
avtomobillərinin hərəkəti saat əqrəbinin əks
istiqamətində olacaq.
Azadlıq meydanı yarışın başlayıb
bitdiyi yer olduğu üçün trekin əsas hissəsini təşkil
edəcək.
Burada inşa olunan Paddok arenasında yarışa nəzarət
binası, Beynəlxalq Avtomobil Federasiyasının, “Formula-1” rəhbərliyinin
ofisləri, eləcə də 22 iştirakçının hər
biri üçün 2 ədəd olmaqla 44 dayanacaq tikilib. Məhz bu ərazidə yarışın startı və
finişi olacaq. Qaliblər isə pit binasının
podium hissəsində mükafatlandırılacaqlar.
Azadlıq meydanı qarşısı həm də bolidlərin
340 km/saat sürətlə hərəkət edəcəyi
yoldur. Burada hərəkət zamanı çox gözəl
mənzərə yaranacaq. Çünki bir yanda
“Formula-1” Paddok Klubunun arxasında görünən Hökumət
Evi, digər tərəfdə isə start nöqtəsinə
tərəf uzanan dənizkənarı yol və Dənizkənarı
Milli Park diqqəti çəkir.
Dənizkənarı Milli Park Bakının əvəzsiz
incisi və maddi mədəniyyətimizin əsrarəngiz
nümunəsi olmaqla yanaşı, şəhərimizin tarixi
və müasir simasını təşkil edən xüsusi təbii
kompleksdir. Həm də bulvar kimi tanınan bu ərazi son
günlər “Formula-1” yarışlarını izləmək
üçün paytaxtımıza gələn qonaqların da
sevimli gəzinti və istirahət yerinə çevrilib.
Azərbaycanın dinamik inkişafı nəticəsində
son illərdə paytaxtımızda vüsət alan abadlıq-quruculuq işləri buradan da yan
ötməyib. Bakının bu əsas parkı
yenilənib, müasir infrastruktur və bağ-park
estetikasının ən yaxşı nümunələri ilə
zənginləşib. Bu mənada Dənizkənarı
Milli Park inkişaf edən ölkəmizi və gözəlləşən
Bakını özündə simvolizə edən ərazi
olaraq, həm də Bakı Şəhər Halqasının əsas
hissələrindən biridir.
Yarışın əsas izləyici tribunalarından biri
Abşeron tribunası da Azadlıq meydanının
qarşısında, bulvar ərazisində yerləşir. Bu tribunadan
yarışın ən həlledici məqamlarını, start
və finişi izləmək mümkündür.
Bulvarı
və Hökümət Evini ötdükdən və 90 dərəcəli
sol döngədən sonra, pilotlar 300 metrlik məsafədə
rus şairi A.S.Puşkinin adını daşıyan
küçədən keçəcəklər. İkinci döngədən sonra bolidləri trekin Xəqani
küçəsi boyu 1 km uzanan və uzunluğuna görə
ikinci böyük sürətlənmə xətti sayılan
hissəsi gözləyir. Sonra pilotlar yenidən
kəskin döngə ilə qarşılaşacaqlar. Bu döngə pilotlara ötmə üçün əla
şərait yaradacaq. Şəhər treklərində
çox nadir hallarda iki uzun sürətlənmə xətti
görmək olar. Üçüncü
döngədən sonra pilotlar sol tərəfə -
Bülbül prospektinə doğru yol alırlar. 240 metrlik məsafəni düz keçdikdən sonra
90 dərəcəli sağ döngə ilə
qarşılaşırlar. Bu düz yolun
sol tərəfində gözəl mənzərəli Sahil
bağı yerləşir.
Daha sonra pilotlar Zərifə Əliyeva küçəsinə
dönəcək, kiçik bucaqlı döngədən sonra
350 metr uzunluğunda məsafə qət edəcəklər. Növbəti
5-ci və 6-cı döngələr pilotları Neftçilər
prospektinin əks istiqamətindəki yola yönəldir.
Bura trekin iki fərqli hissəsinin yan-yana
olduğu bölmədir. Təxminən 300
metr məsafədə “Formula-1” bolidləri eyni küçədə
əks istiqamətlərdə hərəkət edəcəklər,
onları yalnız baryerlər ayıracaq.
Bununla, trekin müasir Bakının mərkəz hissəsini
göstərən görüntüləri sona çatacaq. Bakının
bu əraziləri sanki cənubi Avropanı - Barselona və
Nitsanı xatırladır. Bu ərazidə
çox sayda mağaza, restoran və kafelər yer alır.
Həmçinin müasir memarlıq üslubunda
tikilmiş bir neçə ticarət mərkəzi və
gözoxşayan mənzərəyə sahib Xəzərin
sahili trekə xüsusi gözəllik verir. Bəzi tribunalar da bu zonada yerləşir.
Yeddinci döngədən sonra pilotlar Əziz Əliyev
küçəsi ilə İçərişəhərin
qala divarlarına tərəf yönələcəklər. Bolidlər 500
metrə yaxın məsafəni ensiz küçələrdə
qət edəcəklər. Bu yerlərdə trek qismən
səki hesabına genişləndirilib. Trekin ən
çox çətinliyə malik hissəsi də buradan və
qarşıdakı 8-ci döngədən sonra başlayır.
Şəhər trekinin bu hissəsi artıq onun
vizit kartına çevrilib. 8-ci döngədən
sonra yol maksimal şəkildə daralacaq və bu hissədə
pilotları kəskin yoxuş gözləyəcək. Pilotları sol tərəfdə İçərişəhərin
qala divarları və giriş qapısı, sağ tərəfdə
isə yaşayış binaları əhatə edəcək.
Qədim şəhər - müasir
meqapolis
Bakı treki əsasən İçərişəhərin
ətrafındakı küçələri əhatə edir. Belə demək
mümkünsə, pilotlar daha çox İçərişəhərin
ətrafında dövrə vuracaqlar. UNESCO-nun
Maddi-Mədəni İrs siyahısına salınan
İçərişəhərin çox qədim tarixi var.
Əcdadlarımızın inşa etdirdiyi bu şəhərin
dəqiq tarixini müəyyən etmək çox çətindir,
lakin onun minilliklərlə mövcudluğunu bu gün ərazisində
yerləşən abidələr təsdiqləyir. Son illər İçərişəhərdə
görülən işlər göstərir ki,
memarlığımızın və mədəniyyətimizin
bu nadir incisi hərtərəfli diqqət mərkəzindədir.
Prezident İlham Əliyevin xüsusi
qayğısı nəticəsində bu gün İçərişəhər
özünün intibah dövrünü yaşayır. “Formula-1” Bakı mərhələsi isə tarixi
irsimiz sayılan İçərişəhəri bir daha diqqət
mərkəzinə gətirəcək. Qədim
Bakını tərənnüm edən bu ərazi bir daha
ölkəmizin tarixini və memarlıq ənənələrini
bütün dünyaya nümayiş etdirəcək.
İçərişəhərin qala divarlarının
əhatəsindəki dar küçələrdən
keçən pilotlar yenidən trekin geniş hissəsinə
yönələcəklər. 9, 10 və 11-ci
döngələr trekin İçərişəhər ətrafındakı
hissəsində yerləşir. Trekin bu
hissəsindən İçərişəhərin
görüntülərini daha müasir küçələr
əvəz edəcək. Bu ərazilər
tamamilə milli mədəniyyəti əks etdirən binalarla
zəngindir. Burada həm də İçərişəhər
tribunası yerləşir. Bu tribuna
yarışı izləməklə yanaşı, qədim
şəhərin gözəlliklərinə tamaşa etmək
baxımından da unikal mövqeyə malikdir.
12-ci döngədən 15-ci döngəyədək
pilotlar İstiqlaliyyət küçəsi ilə hərəkət
edəcəklər. Bu küçədə onları Milli Elmlər
Akademiyasının binası, Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyası, Prezident Administrasiyası qarşılayacaq.
15-ci döngədən sonra pilotları kəskin eniş
gözləyir. Trekin bu hissəsində sol tərəfdə
Filarmoniya bağı, sağda Azərbaycan Dövlət
İncəsənət Muzeyi yerləşir. Bu enişdə Xəzər dənizinin sahil boyu ərazilərinə
tərəf gözəl mənzərə açılacaq.
Lap uzaqda isə dalğalanan Azərbaycan bayrağı
görünəcək.
Bayrağımızın dalğalandığı həmin
ərazi Bayraq meydanıdır. Bayraq meydanının
yaradılması Prezident İlham Əliyevin dövlət
atributlarına olan yüksək ehtiramının ən gözəl
nümunəsidir. Meydanda inşa olunmuş
dayağın hündürlüyü 162 metrdir. Ginnes
dünya rekordları təşkilatı 2010-cu il
mayın 29-da Azərbaycan Dövlət bayrağı dirəyinin
dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq
etmişdir. Meydan üçün
seçilmiş yer Dövlət bayrağının
paytaxtın müxtəlif nöqtələrindən
görünməsinə imkan yaradır. Bolidlər
Bayraq meydanı tərəfə hərəkət etməsələr
də, trekin müxtəlif yerlərindən Azərbaycan
bayrağını görmək mümkün olacaq.
16-cı döngə pilotları yenidən Neftçilər
prospektinə yönəldəcək. Bu ərazidəki
Filarmoniya və Azneft tribunaları yarışı yaxından
izləməyə imkan verən mükəmməl mövqedə
yerləşir. Burada
tamaşaçılar bolidlərin amansız rəqabətini,
kəskin dönüşlərini və döngənin
ardınca sahil boyu uzanan sürət zolağında
ötüşməsini izləyəcəklər. Neftçilər prospektində birinci döngəyə
tərəf sürətlənmə prosesi başlayacaq.
Pilotlar yalnızca 17 və 18-ci döngələrdə sürəti
bir az azaldacaqlar.
19-cu döngədə daha bir tarixi abidə - Qız
qalası ilə rastlaşacaqlar. Qız qalası
Bakının və Azərbaycanın əsas simvollarından
biridir. Təsadüfi deyil ki, bu abidə Azərbaycan
pul əskinaslarının üstündə də dəfələrlə
təsvir edilib. Qız qalası həm də
ən möhtəşəm və sirli memarlıq abidəsidir.
Bakı treki birbaşa Qız qalasının
qarşısından keçdiyindən ölkəmizin bu
tarixi simvolu bütün dünyaya nümayiş olunacaq.
Bu döngədən sonra pilotlar 1500 metr məsafə qət
edərək yenidən 1-ci döngəyə gəlib
çatacaqlar.
Trekin məhz bu hissəsində bolidlərin
sürətinin ən yüksək həddə - 340 km.saata
çatacağı gözlənilir. İdman
mütəxəssislərinin fikrincə, Bakı trekini
yalnız Sinqapur treki ilə müqayisə etmək olar, lakin
burada bolidlərin sürəti Sinqapurdakından daha yüksək
olacaq. Əlavə edək ki, Bakıda trekin ən
geniş yeri 13 metrdir, ən dar hissəsi İçərişəhər
ətrafında və 7-ci, 8-ci döngələrdə 7,6 metr təşkil edəcək.
Göründüyü
kimi, unikal xüsusiyyətlərə malik Bakı Şəhər
Halqası İçərişəhərin qala divarları ətrafında
enişli-yoxuşlu dar keçidləri, sahilboyu müasir
göydələnləri, Xəzər dənizinə
möcüzəvi mənzərənin
açıldığı geniş sürət
zolağını özündə birləşdirən və
bütövlükdə Bakının ecazkar simasını,
keçmişi ilə bugününü canlandıran unikal
bir trekdir. Ona görə bu yarışda
bütün dünya bir daha paytaxtımızın gözəlliyini
görəcək. Beləliklə,
Bakının düz mərkəzində gözəllik,
sürət və həyəcan bir araya gələrək
“Formula-1” yarışının mahiyyətini tam simvolizə
edəcək.
Beləliklə,
Bakının möhtəşəmliyini, zəngin tarixi
keçmişini və modern inkişafını 190 ölkədən
500 milyondan artıq tamaşaçı izləyəcək…
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2016.- 17 iyun.- S. 4.