“Şah
yarışması”nın qonaqları
Paytaxtımızın
onlar üçün “Formula-1”dən az maraq
doğurmadığının şahidi olduq
Bu gün Bakının evsahibliyi etdiyi dünyanın ən möhtəşəm avtomobil yarışına start veriləcək. “Formula-1” (FIA Formula One World Championship) - dairəvi avtomobil yürüşləri üzrə diqqətlə izlənilən dünya çempionatıdır. Ona həm də avtomobil yürüşlərinin ən dəbdə olan bahalı və müasir yüksək texnologiyalı növü kimi “Şah formulası” da deyirlər. Belə möhtəşəm tədbirin qısa zamanda sürətlə inkişaf edən, dünyanın qabaqcıl ölkələrindən birinə çevrilən Azərbaycanda keçirilməsi böyük məna daşıyır. Biz möhtəşəm idman yarışına evsahibliyi etməklə yanaşı, həm də dünyaya mədəniyyətimizi, tariximizi və nailiyyətlərimizi təbliğ etmək üçün unikal imkanlar qazanırıq. Ona görə ki, “Formula 1”-i dünyanın müxtəlif ölkələrində planetimizin 500 milyondan artıq sakini izləyəcək. Deməli, bu, həm də nadir reklam fürsətidir.
Avtoyürüşlərin dünya çempionatı ayrıca Qran-pri mərhələlərindən ibarətdir. Yarışma ilin əvvəlindən axırına kimi müxtəlif ölkələrdə keçirilir, qaliblər isə yığdıqları xallara görə ilin sonunda müəyyən edilir. “Formula-1” və ya da “Şah yarışması”nda pilotlar çempion titulu, komandalar isə konstruktor kuboku uğrunda mübarizə aparırlar. Qran-pri “Şah yarışmaları”nda avtopilotlar məşhurlaşır, komandalar isə orijinal texniki həllər ortaya qoyur, bütünlükdə avtomobil sənayesinin inkişafına ciddi təkan verilir. Qran-pri yarışmalarında hər komandadan iki pilot iştirak edir. “Formula-1” dünyada ən nüfuzlu avtomobil yarış seriyası sayıldığına görə avtomobil yarış iştirakçıları üçün bu tədbirdə iştirak etmək bütün həyatlarının mənasına çevrilir. Bu, bir tərəfdən “Formula-1”in ən populyar avtomobil yarışması olması, digər tərəfdən tədbirin yüksək texniki nailiyyətlərə imza atması ilə bağlıdır.
Biz tədbir ərəfəsində paytaxtın küçələrinə çıxdıq. Bakıda beynəlxalq əhəmiyyətli tədbirlər çox keçirilib, demək olar ki, hamımız bunu həyatımızın adi axarı kimi qəbul edirik. Lakin sonuncu dəfə şəhərdə turistlərin sayının əvvəlkilərə nisbətən qat-qat artıq olduğunu gördük. Şəhərin, demək olar ki, istənilən guşəsində ingilislər, ruslar, yaponlar və başqa ölkələrdən gələn turistlərlə qarşılaşmaq mümkün idi. Çox güman ki, Bakı heç vaxt belə turist axını görməyib.
Biz də ölkəmizə gələn əcnəbilərin Azərbaycana və “Formula 1” avtoyarışına münasibətlərini aydınlaşdırmaq üçün onlara yaxınlaşdıq. İçərişəhərdəki suvenir dükanlarından birində turistlərin arasında satıcıdan böyük Azərbaycan bayrağını almaq istəyən əcnəbi diqqətimizi çəkdi. Yaxınlaşdıq, tanış olduq.
- Sloveniyadan gəlmişəm, Adım Ninodur, amma xahiş edirəm ki, adımı səhv salmayasınız. Bu bizdə kişi adıdır, sizdə isə, daha doğrusu, Gürcüstanda bu adı qadınlara verirlər.
Gülümsəyib deyirik ki, Azərbaycanda elə deyil. Nino zarafatyana etiraz edir:
- Məgər “Əli və Nino” romanını azərbaycanlı yazmayıb?
Sonra Bakıya gəlişindən danışır:
- Birinci dəfədir ki, ölkənizdəyəm. Biz “Formula-1” yarışının təhlükəsizliyini təmin edirik. İndi bir az vaxtımız var, yarış başlayandan sonra bir dəqiqəmiz də boş qalmayacaq. Sutkada 24 saat işləyəcəyik. Qəribəsi odur ki, bu şəhərdə özümü qərib hiss etmirəm, binaları, insanları sanki yüz ildir ki, tanıyıram.
Marina Kaladayeva isə Moskvadan həyat yoldaşı ilə birlikdə Bakıya yenicə gəliblər:
- İstədik gələn kimi Bakını görək. Birinci dəfədir ki, şəhərə çıxırıq. Bakı bizi günəşi, paytaxtı və insanları ilə heyran etdi. Əlbəttə ki, çalışacağıq ki, “Formula 1” yarışında iştirak edək, lakin hələ bilet almamışıq. Dünya əhəmiyyətli vacib idman yarışmasında iştirak etməyimizə sevinəcəyik. Bakı və bakılılarla birlikdə möhtəşəm tədbiri birlikdə seyr etməyimiz yaddaqalan bir hadisə, maraqlı xatirə olacaq.
İraq Teatr Akademiyasının professor assistenti Valid Şamillə tanış olub təəssüratlarını bizimlə bölüşməsini xahiş etdik.
- Mən ayyarım bundan
öncə Bakıda 8 günlük səfərdə
olmuşam. Ölkəniz haqqında bir qədər fərqli təsəvvürlərim
var idi. Lakin bu 8 günlük
səfər ərəfəsində münasibətim
kökündən dəyişdi. Mən yüksək Şərq
mədəniyyəti, müasir və tarixi abidələrin uzlaşan
harmoniyası ilə zəngin bir şəhərlə
tanış olduğuma sevinirəm. “Formula 1” yarışları ərəfəsində
bir daha Azərbaycanı
ziyarət etməyə qərar verdim.
İnsanlarınız həddən artıq mehriban
və qonaqpərvərdir. Mənə sizin
cəmiyyətin ruhu yaxındır. Bilirsinizmi, özüm Kanadada təhsil almışam, İraq Universitetində
professor assistentiyəm, oğlum
Londonda yaşayır. Siz Qərbdən fərqli və daha yüksək
mədəniyyətin sahibisiniz!
Bununla qürrələnə bilərsiniz.
Avropada mühacirətə gələnlərin
hamısına vəzifəsindən,
titulundan, ölkəsindən
və yaşından asılı olmayaraq, şübhə ilə yanaşır, pis baxırlar. Universitet müəllimi olmağıma
baxmayaraq, bu baxışların ağırlığını
müxtəlif Avropa şəhərlərində hiss etmişəm. Ona görə
də Londonda oğlumun yaşamasına
baxmayaraq, yanına az-az gedirəm. Bu baxımdan Bakı
daha diqqətəlayiqdir.
Burada könül sıxan, ürək bulandıran münasibətə rast gəlmədim. Dilinizi bilməsəm
də, sıxıntım
yoxdur. Halbuki Avropada dil bilmək də səni xilas etmir.
Tanış olduğumuz əcnəbilərdən
biri də Danimarkadan sənədli filmlərin direktoru Bahcat Bedan oldu. Amma uzun
müddət danışmağa
ortaq dil tapmadıq. Rus dilində “Allah şeytana lənət eləsin” deyən kimi, Bahcat gülümsəyib dedi ki, axır
danışmağa dil
tapıldı. Sən demə,
Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunu
1985-ci ildə bitiribmiş.
Əsas işlədiyi janr sənədli filmlərdir.
Kameranı əlinə götürüb
sıfırdan son mərhələyə
kimi filmi hazırlamaq bacarığı
var. Ondan peşəsinin
gözü ilə
“Formula-1”ə baxmağı xahiş etdik.
- Məni heyrətləndirən
odur ki, sanki bütün tədbir bir film kimi düşünülüb.
Bu yarışlar dünyanın çox yerlərində keçirilir,
lakin nadir hallarda şəhərin düz mərkəzində olur.
Bu sizin uduşunuzdur.
Hamının yaxşı bələd
olduğu avtomobil yarışmasıdır, lakin
Bakını hamı tanımır. İndi təsəvvür
edin ki, çəkilişlər gedir.
Ön planda sürətlə uçan yarış avtomobilləri, arxa planda Şərq və Qərb mədəniyyətini memarlıq
nümunələrində əks
etdirən bir şəhər var. İstənilən
operator, rejissor arxa və ön planları işləyəcək.
Bilirsinizmi, Bakıda birinci
dəfə 1979-cu ildə
olmuşam. Adi sovet
şəhəri idi.
37 il keçib,
amma yenilikləri ölçmək mümkün
deyil. Yarışda çox maraqlı
səhnələr olacaq,
dünyada yarım milyard insan bu
yarışı izləyir.
Bu, Bakı üçün
möhtəşəm reklamdır!
Bahcat Bedanla yaradıcılıqdan danışdıq. Hətta bir-iki
mövzu ilə də bölüşürük.
Gülümsəyərək təkrar edir:
- Muğamın fəlsəfəsi: maraqlı ideyadır, musiqinin fəlsəfəsi mənim üçün sirlidir, amma cəzb edir, özünə çəkir. Məmnuniyyətlə bunu sizinlə birlikdə işləyərdim.
- Bahcat, mən film çəkmək üçün Danimarkaya gələn deyiləm.
- Demirəm ki, ora gəlin.
Danimarkadan, əslində, bir o qədər xoşum gəlmir. Qışı rütubətli və boz olur. Sizin paytaxtın qışı da maraqlıdır, payızı, yazı da. Siz mənə kirayə ev tapmağa kömək edin. Qışı burada keçirərəm. Çox səmimi, mehriban şəhərdir. Burada yaşamaq da işləmək də mənim üçün maraqlı olardı. Bakıya gələn gündən özümü ayrı cür xoşbəxt hiss edirəm.
Sağollaşıb ayrılırıq. Və biz bir daha şahidlik edirik ki, Bakı hamının qəlbində sevgi və məhəbbət oyada bilən bir şəhərə çevrilib. Bəzən özünü, ölkəni dərk etmək üçün kənardan gələn əcnəbinin də baxışları maraqlı olur. Məhz bu yanaşmalar bizim böyük sürətlə inkişaf etməyimizi və dünya düzənində digərlərindən nə qədər üstün və fərqli keyfiyyətlərə malik olduğumuzu anlamağa kömək edir.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2016.- 17 iyun.- S. 6.