Dünyanın ən sürətli pilotlarını Bakıda ən gərgin mübarizə gözləyir

 

Bakıda “Formula-1”in ən yüksək sürəti olacaq

Toro Rosso komandasının üzvləri Daniil Kvyat Karlos Sayns “Formula-1” çempionatında gənc pilot olduqlarından, hələ ki heç bir Avropa Qran-prisində iştirak etməyiblər Bakı səfərindən öncə simulyatorda test edib, fikirlərini bölüşüblər.

Daniil Kvyat bildirib ki, yeni şəhərlərə səfər etmək hər zaman onun üçün maraqlı olub: “Bakıda şəhər trekidir, ona görə sükan əyləc ilə ciddi çalışmalıyıq. Şəhər treklərində bəzi hiylələri düşünmək gərəkdir. Treki simulyatorda testdən keçirmişəm - bu, trek barədə bəzi məlumatları əldə etməyə kömək edir. Həmçinin, mühəndislərimiz simulyator vasitəsi ilə bolidi necə sazlamaq haqqında məlumat ala bilirlər. Bakı Şəhər Halqasına ilk baxışda 16-cı döngədən 1-ci döngəyə kimi olan uzun düzlük gözə çarpır. 13,14 15-ci döngələr sürət baxımıdan seçilir mənə elə gəlir ki, 15-ci döngədən əyləc çox da asan olmayacaq. Görək, real yarışda necə alınacaq. Bakı treki mənə Valensiyanı xatırladır. Şübhə etmirəm ki, maraqlı olacaq mən buna tam hazıram. Bakıya məni dəstəkləyən çox sayda rus pərəştişkarlarının gəlməsini gözləyirəm. Hər şey çox yaxşı olacaq”.

Karlos Saynz da yarışa hazırlaşdığını, lakin onu nə gözləyəcəyini bilmədiyini deyib. Bir neçə dəfə simulyatoda test etsə də, yeni trekin həmişə maraqlı olduğunu vurğulayıb: “İlk 4 döngə - 90 dərəcə altındadır. 5-ci döngədən sonra trek daha da maraqlı olur. Bu mənə Makao trekini xatırladır: orada trekin bir hissəsi 7 və 12-ci döngələr arasındakı hissəni xatırladır. 16-cı və 1-ci döngələr arasındakı hissə isə Makaoda olan uzun düzlüyə bənzəyir. Bakıda ən yüksək sürətin olması gözlənilir. İnanıram ki, çox maraqlı olacaq. Makao treki mənim üçün əfsanəvi trekdirçox sevinirəm ki “Formula-1” təqvimində ona bənzər daha bir trek yarandı”.

 

Sebastian Fettel: “Bizi möhtəşəm yarış gözləyir”

“Azərbaycan haqqında məlumatım var. Bildiyimə görə, Bakı Xəzər dənizi sahilində yerləşir. Bu qədər! Səbirsizliklə yarışı gözləyirəm”.  Bu sözləri isə pilot Sebastian Fettel deyib. O, Bakı treki barədə çox sayda maraqlı fikirlər eşidib - trekin tarixi yerlərdən keçən hissəsi, ensiz döngələr: “Bizi möhtəşəm yarış gözləyir. Yeni şəhərlərə səfər etməyi və yeni treklərlə tanış olmağı çox sevirəm. Şəhər treklərinə hər zaman pərəstiş edirəm. Adətən çox çətin keçilir, yoxuşlu və ensiz küçələri olur. Ümid edirəm ki, Bakı treki gözləntilərimizi doğruldacaq və şəhər trekləri arasında öz yerini tutacaq”.

 

Qala divarları və döngələr yarışın xüsusi olacağına təminat verir

McLaren komandasının üzvü Fernando Alonso Bakıdan çox təsirləndiyini dəfələrlə öz müsahibələrində qeyd edib. O, Bakı treki barədə danışarkən deyib: “Tezliklə Bakı trekini sınamaq istəyirəm və bu cümə günü buna nail olacağam. Mən çox şanslıyam. Avropa Qran-prisinin səfiri kimi bir neçə ay öncə Bakı treki ilə ətraflı tanış olub, onun necə tikilməsinin şahidi olmuşam. Trekin konfiqurasiyası çox maraqlıdır. Ensiz və ötmə imkanı verən küçələr və yüksək sürət… Bakı treki bütün şəhər treklərindən ən sürətlisidir və trek yeni olduğundan çətinlikləri dəf etmək mənə çox maraqlı gəlir. Simulyatorda Bakı trekini artıq test etmişəm və qeyd edim ki, trek bir çox xüsusiyyətlərinə görə seçilir: orta əsrlərə məxsus qala divarları, döngələr, saat əqrəbinin əks istiqamətində hərəkət yarışın möhtəşəm olacağına təminat verir”.

Komandanın digər üzvü Censon Batton isə qeyd edib ki, mərkəzi küçələrdə bolidlərin sürətinin saatda 300 km çatacağından Bakı Şəhər Halqası çox maraqlı görünür. Alonsodan Bakı treki haqqında müsbət rəylər almışam. Trekdə həm ensiz küçələrin, həmçinin ötmələr üçün geniş küçələrin olduğunu qeyd edib: “Maşın uzun düzlükdə çox yüklənəcək, ERS sistemi də tam yüklənmə ilə çalışacaq. Həmçinin, Bakıda yüksək yanacaq sərfiyyatı gözlənilir. Buna görə bolidləri optimal sazlanmalara görə tənzimləmək lazım olacaq. Taktika, təkər və hərarətə gəldikdə isə, komandamızım əməkdaşları öncədən Bakıda olduğu üçün, burada nə ilə qarşılaşacağımıza artıq hazırıq. Kanada Qran-prisindəki uğursuzluğumuzdan sonra Bakı trekinə böyük ümidlərimiz var”.

 

Niko Rosberq: “Bakıda mühüm iş görülüb”

Tanınmış pilot Niko Rosberq də Bakı Şəhər Treki barədə fikirlərini bölüşüb: “Trek barədə məlumatım var. Onun konfiqurasiyasını görmüşəm. Məncə, çox möhtəşəm, mühüm iş görülüb. Hər şey yaxşıdır. Mən xoşbəxtəm. Uğurlarım üçün sevinirəm. Əlbəttə ki, rəqiblərimin mövsümə uğursuz başlamalarından faydalana bilmişəm. Yeni mədəniyyətlər haqqında məlumat almağı çox sevirəm, insanların necə yaşadıqları haqqında maraqlanıram. Bakı möhtəşəm şəhərdir. Yarışın burada keçirilməsindən çox məmnunam. Bu inanılmaz yarışı öz gözlərinizlə görməyiniz üçün hər kəsi ora dəvət edirəm. Əminəm ki, hər şey yüksək səviyyədə keçəcək”.

Pilot 2016 Avropa Qran-prisini mövsümün ən maraqlı yarışı, həyəcanlı və yeni sınaq kimi qiymətləndirib.

 

Bakıda ötmələrin sayı daha çox olacaq

 

“Uilyams” komandasının pilotu Felipe Massanın fikrincə, “Formula-1” Avropa Qran-prisinin keçiriləcəyi Bakı şəhər trası başqa şəhər traslarından fərqli olacaq.

Felipe Massa deyib ki, Azərbaycanda ilk dəfə olacaq. Bu ölkədən nə gözlədiyini hələlik bilmir: “Güman edirəm ki, yaxşı bir ölkə, mehriban insanlar və şəhərin mərkəzində yürüş trası ilə tanış olacağam. Bu trasın Monako trasına oxşar, yoxsa Monako ilə Sinqapur arasında ortaq bir tras olacağını hələ bilmirəm. Sağlıq olsun, görərik. Eşitdiyimə görə, bu trasın düz hissələri daha uzundur, başqa şəhər trasları ilə müqayisədə orada ötmələrin sayı daha çox ola bilər. Bakıdan yaxşı nəticə ilə qayıtmağa ümid edirəm”.

 

Valtteri Bottas: “Bakı trası xoşagələn və sürətlidir”

 

“Uilyams” komandasının yürüşçüsü Valtteri Bottasın fikrincə, “Formula-1” Avropa Qran-prisinin keçiriləcəyi Bakı şəhər trası sürət trası olmalıdır.

 Bottas deyib: “Əvvəllər heç vaxt Azərbaycanda olmamışam. Ümumiyyətlə, bu yürüş məndən ötrü bir qədər məchul məsələdir. Gördüklərim belə deməyə əsas verir ki, Bakı trası xoşagələn və sürətlidir. Təzə yerlərə getməyi, yeni mədəniyyətlərlə tanış olmağı, yeni şəhərləri görməyi xoşlayıram. Bu ölkə, bu şəhər barədə, xüsusən tras barədə çox şey öyrənmək imkanını səbirsizliklə gözləyirəm”.

 

Fransalı pilot: “Bu, adət etdiyimiz traslardan fərqlənir”

 

Fransalı pilot Roman Qrojan “Əvvəllər heç vaxt olmadığınız trasda yürüşə necə hazırlaşırsınız?” sualına belə cavab verib: “Biz simulyatorda işləyirik. Başqa heç nə edə bilmərik. Simulyatorları daim təkmilləşdirsələr də, hər halda yürüş maşını deyil. Bununla belə, simulyator vasitəsilə çox şey öyrənmək olar. Siz simulyatorda xeyli iş görə bilərsiniz, bu da çox yaxşıdır. Amma trasdakı maşını heç nə əvəzləyə bilməz. Simulyatorda hansı istiqamətdə hərəkət edəcəyini başa düşmək üçün müxtəlif variantları sınamaq imkanı var, burada yenilikləri maşına tətbiq etməmişdən qabaq sınaqdan keçirmək olar. Komandanın təcrübəsi çox olduqca o, yeni traslara daha çevik hazırlaşa bilir. Eyni zamanda, Bakıdan nə gözləyəcəyini heç kəs bilmir. Bu da bizə əl verir. Bu tras adət etdiyimiz traslardan fərqlənir. Baxaq görək, bütün bunlar reallıqda necə görünəcək. Orada çox uzun düz yollar və çoxlu 90 dərəcəli asta döngələr var. Qala tərəfdə çox ciddi yoxuş, sonra sonuncu döngəyə doğru eniş var. Bu da çox maraqlıdır”.

 

Hazırladı: Elgün MƏNSİMOV,

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2016.- 17 iyun.- S. 8.