Ağ xalatlı xeyirxahlar
18 iyun səhiyyə işçiləri
günüdür
Xalqın bir nömrəli xidmətçisi olduğunu qürurla bəyan edən Prezident İlham Əliyevin yeritdiyi uğurlu siyasətdə sosial istiqamətlər mühüm əhəmiyyət kəsb edir. Xalqın həyat şəraitini, güzəranını yaxşılaşdırmaq, sağlamlığının qeydinə qalmaq üçün dövlət başçısı səviyyəsində görülən tədbirlər hər bir ölkə vətəndaşı tərəfindən minnətdarlıqla qarşılanır. Prezidentin təşəbbüsü ilə ölkə əhalisinin hər il ödənişsiz qaydada tibbi müayinələrdən keçirilməsi artıq ənənəyə çevrilmişdir.
Dövlətin davamlı qayğısı ilə nəinki paytaxt Bakıda, eyni zamanda, mərkəzdən uzaq bölgələrdə müasir tələblərə cavab verən, güclü maddi-texniki bazaya malik yeni səhiyyə müəssisələri yaradılmışdır.
Belə səhiyyə ocaqlarından biri də əhaliyə nümunəvi tibbi xidməti ilə Qarabağ bölgəsində böyük söhrət qazanmış Bərdə Müalicə-Diaqnostika Mərkəzidir. 2008-ci ildən fəaliyyət göstərən regional müalicə-diaqnostika mərkəzi müasir tələblərə cavab verən tibbi kabinetlər, cərrahiyyə, intensiv terapiya, həkim və prosedur otaqları, avadanlıq və mebellərlə təchiz edilmişdir. Mərkəzə tibb elmi üzrə fəlsəfə doktoru Həsən Hüseynov rəhbərlik edir. Baş həkim bizimlə söhbətində fəaliyyətində əldə etdikləri nailiyyətlərdən söz açdı:
- Bərdə Müalicə-Diaqnostika Mərkəzi Prezident İlham Əliyevin Qarabağ bölgəsinə xüsusi qayğısının ifadəsi olaraq araya-ərsəyə gəlmişdir. Dövlət başçısı mərkəzin açılışında iştirak etmiş, mərkəzin kollektivinə faydalı məsləhətlər vermişdir. Bütün bunlar bizim üçün böyük məsuliyyətdir. Qüvvəmizi səfərbər edərək çalışırıq ki, öz nümunəvi xidmətimizlə bölgə əhalisini razı salaq, öz sağlamlıqlarını bizə etibar edən insanların etimadını qazanaq. Fərəhlə deyə bilərəm ki, bu etimad ildən-ilə artmaqdadır. Bu, özünü rəqəmlərdə də göstərir. Mərkəzdə 2013-cü ildə 734, 2014-cü ildə 1110, 2015-ci ildə isə 1358 müxtəlif cərrahiyyə əməliyyatları aparılmışdır. Mərkəzin ayrı-ayrı şöbələrində xəstə qəbulu əvvəlki illərlə müqayisədə 4-5 dəfə artmışdır. Bu, heç də əhali arasında xəstəliyin artması anlamına gəlmir. Əslində bu, paytaxt Bakıya, Gəncəyə, Mingəçevirə, eləcə də qonşu İrana gedən xəstələrin bizim mərkəzə üz tutması, bizə etimad göstərməsidir. Mərkəzdə fəaliyyət göstərən poliklinika şüa-diaqnostika, hemodializ, laboratoriya, intensiv terapiya, əməliyyatxana şöbələrində nümunəvi şərait mövcuddur. Bütün şöbələr ən müasir avadanlıqlarla təmin olunmuşdur. Dövlətin davamlı qayğısından bəhrələnərək çalışırıq ki, əhalinin sağlamlığı keşiyində məsuliyyətlə dayanaq.
Aprel ayının əvvəllərində cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar nəticəsində Ağdam və Tərtər rayonlarının bir çox kəndlərində çox sayda yaşayış evləri dağılmış, mülki əhali arasında yaralananlar olmuşdu. Bərdə Müalicə-Diaqnostika Mərkəzi həmin günlərdə gücləndirilmiş rejimlə çalışır, yaralılara nümunəvi qulluq göstərirdi. Mayın 1-də bölgəyə səfər edən Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə olunan Ağdam rayonunun Çəmənli və Qaradağlı kəndlərindən olan Zahid Rəhimova, Elgiz Qarayevə və Anar Abdullayevə də baş çəkdilər. Bu səmimi görüş zamanı söhbətdən bir hissəni olduğu kimi xatırladırıq:
“Prezident İlham Əliyev:
- Həkimlər sizə yaxşı baxırlar. Gözəl şərait yaradılıb. Bərdə Müalicə-Diaqnostika Mərkəzi 2008-ci ildə istifadəyə verilib. Ölkədə ilk tikilən diaqnostika mərkəzlərindən biridir. Burada şərait yaxşıdır. Həkimlər də sizə yaxşı baxırlar. Tezliklə sağalacaqsınız, evlərinizə qayıdacaqsınız.
Yaralı:
- İnşallah. Sağ olun. Allah Sizi, bütün əsgərlərimizi qorusun”.
Bu dialoqda Prezident İlham Əliyevin Bərdə Müalicə-Diaqnostika Mərkəzinin fəaliyyətinə verdiyi yüksək qiymət diqqət çəkir. Bu, reallıqdır, böyük bir tibb ocağında çalışan bütün kollektivin əlbir əməyinin, gerçək fədakarlığının məntiqi nəticəsidir. Baş həkim Həsən Hüseynov söhbətində vurğuladı ki, Səhiyyə Nazirliyinin qayğısı sayəsində fəaliyyətimizi ildən-ilə genişləndiririk. Əhalinin daha çox ehtiyac duyduğu hemodializ şöbəsinin işində son illər yaxşıya doğru əsaslı dəyişikliklər olmuşdur. 2012-ci ildə 12 dializ aparatı ilə işə başlayan şöbədə indi 25 süni böyrək aparatı fəaliyyət göstərir. Səhiyyə Nazirliyinin bölgüsünə əsasən, şöbə Bərdə, Tərtər və Ağdam rayonlarından olan dializ xəstələrinə xidmət göstərir. Ümumilikdə mərkəzə üz tutan xəstələrin coğrafi dairəsi xeyli genişdir. Mərkəzdə Bərdə, Ağdam, Tərtər, Yevlax, Ağcabədi, Goranboy və başqa rayonlardan olan xəstələrə tez-tez təsadüf olunur. Mərkəzin maddi-texniki bazası kifayət qədər güclüdür. Burada müasir tələblərə cavab verən rentgen, kompüter-tomoqrafiya kabinetlərinin xidmətindən işi düşən hər kəs minnətdarlıqla danışır. Bütövlükdə bu müasir şəfa ocağında 50-yə yaxın həkim, 100-dən çox tibb bacısı əhalinin sağlamlığı keşiyində dayanır. Həkimlərdən üçü tibb elmi üzrə fəlsəfə doktorudur. Həkimlərin əksəriyyəti qardaş Türkiyədə, Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində təkmilləşmə kurslarından keçmişdir.
Mərkəzin stasionar şöbəsində yaradılmış nümunəvi şərait xüsusilə diqqət çəkir. Burada müalicə olunan xəstələrin dərman təminatı tamamilə dövlət tərəfindən ödənilir. Xəstələr üçün evdən yemək, müxtəlif ərzaqlar gətirilməsi ənənəsinə birdəfəlik son qoyulmuşdur. Mərkəzdə müalicə olunan Azər Hümbətovun dedikləri:
- Böyrək daşından əməliyyat edilmişəm. İndi özümü yaxşı hiss edirəm. Burada baş həkimdən tutmuş tibb işçisinədək hər kəsə minnətdaram. Hərtərəfli qayğı ilə əhatə olunmuşuq. Belə şəraiti filmlərdə görüb həsəd aparırdıq. İndi dövlətimizin, Prezident İlham Əliyevin qayğısı sayəsində mərkəzdən uzaq bir əyalətdə də belə əlverişli şərait yaradılıb.
Bu səmimi sözlər öz peşə bayramlarını qeyd edən həkimlər üçün ən gözəl təbrikdir. Ömrünü insanların sağlamlığı yolunda şam kimi əridən ağ xalatlı, xoş niyyətli, xeyirxah və qayğıkeş həkimlərin əməyi böyük alqışa layiqdir.
Lazım
QULİYEV,
Azərbaycan.-2016.- 17 iyun.- S. 9.