Qazaxda möhtəşəm bayram tədbiri

 

Azərbaycan xalqının taleyində özünə əbədi yer tapmış 15 iyun həm də müstəqilliyimizin dönüş nöqtəsi oldu. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsi respublikamızı məhv olmaq təhlükəsindən qurtardı. Məhz buna görə xalqımız o tarixi hadisəni heç vaxt unutmur, hər il minnətdarlıq hissi ilə qeyd edir.

Respublikamızın hər yerində olduğu kimi15 iyun - Milli Qurtuluş günü Qazax rayonunda da əsl bayram təntənəsi ilə qeyd edilmişdir. Rayon rəhbərliyinin, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və Milli Məclis üzvlərinin, veteran və gənclər təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən möhtəşəm bayram tədbiri ulu öndərin adını daşıyan parkda ucaldılmış abidəsinin ziyarəti ilə başlamışdır. Sonra Mədəniyyət mərkəzinin qarşısında kitablardan və məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.

Bayram tədbirini Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq əziz gün münasibətilə rayon sakinlərini təbrik etmiş, 15 iyun tarixini Azərbaycan üçün taleyüklü sınaq məqamı və inkişafımızın başlanğıcı olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, həmin dövrdə ölkə daxilində gedən hakimiyyət davası torpaqlarımızın 20 faiz işğalına şərait yaratmış, ölkəni vətəndaş müharibəsi vəziyyətinə gətirib çıxarmışdı. Belə bir vaxtda dahi rəhbər, görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələrək xalqı bu ağır bəladan xilas etdi. Vətənə, xalqa, torpağa sonsuz məhəbbət, qurub-yaratmaq həvəsi ilə yaşayan ulu öndər qısa vaxt ərzində nəinki Azərbaycanı bu bəlalardan qorudu, eyni zamanda onu inkişaf yoluna çıxardı. Siyasi yenilməzliyi və qətiyyəti ilə yenicə müstəqillik qazanmış Azərbaycanı faciələrdən xilas etdi. Milli dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qalan Azərbaycan Heydər Əliyevin müdrik siyasəti ilə müstəqilliyini daimi və əbədi etdi. Xalq öz böyük, sınanmış liderinin uzaqgörən siyasəti nəticəsində Milli Qurtuluşa nail oldu. Ən böyük xoşbəxtlik isə ümummilli liderin müəyyən etdiyi dövlət idarəçiliyi strategiyasının bu gün onun ideyalarına sadiq olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Ulu öndərin vaxtilə dediyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirləri öz təsdiqini tapdı.

Bayram tədbirində diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyev fəaliyyəti dövründə 7 dəfə Qazax rayonuna səfər etmişdir. Son illər rayonda inşa edilərək istifadəyə verilən Heydər Əliyev Mərkəzinin, müalicə diaqnostika mərkəzinin, Olimpiya İdman Kompleksinin, konserv zavodunun, sement zavodunun, Gənclər mərkəzinin, Şahmat mərkəzinin, Ədəbiyyat muzeyinin və digər obyektlərin açılışında iştirak etmişdir. Qazaxlılar bütün bunları dövlət başçısı tərəfindən onlara göstərilən diqqət və qayğı kimi dəyərləndirirlər.

Sonra tanınmış incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti olmuşdur.

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2016.- 17 iyun.- S. 12.