Prezident İlham Əliyev Fransada
Azərbaycanın Dostları Assosiasiyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Manselin başçılığı ilə fransalı deputatların yeni qrupunun Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi və qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün səfərin yaxşı imkan yaratdığını dedi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev parlamentlərarası əməkdaşlığın bu münasibətlərin genişləndirilməsindəki müsbət rolunu qeyd etdi. Fransa prezidentlərinin Azərbaycana, özünün isə Fransaya səfərlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, nəqliyyat, yüksək texnologiyalar, ticarət, təhsil və digər sahələrdə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Dövlətlərarası əlaqələrin səviyyəsinin razılıq doğurduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, indi əsas vəzifə Fransa ictimaiyyətini Azərbaycan reallıqları, ölkəmizdə gedən inkişaf prosesləri ilə bağlı daha geniş məlumatlarla tanış etməkdir. Bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən dövlətimizin başçısı Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətinin respublikamıza səfərinin xalqlarımızın və ölkələrimizin bir-birinə daha da yaxınlaşması işinə xidmət edəcəyini vurğuladı.
Fransada Azərbaycanın
Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan
Fransua Mansel nümayəndə
heyəti üzvlərinin Azərbaycana ilk
dəfə səfər etdiklərini dedi.
O, heyət üzvlərinin Azərbaycanla
bağlı xoşa gəlməyən təşəbbüslərin
qarşısını almaq üçün Milli Assambleyada səfərbər olduqlarını
və artıq onların Azərbaycana olan
dostluq hisslərini sübuta
yetirdiklərini vurğuladı. Ölkəmizə səfərləri
çərçivəsində “Azərbaycanı özün üçün
kəşf et” proqramı
hazırladıqlarını deyən Jan Fransua Mansel
respublikamızda gedən inkişaf prosesləri
ilə yaxından tanış olmaq üçün bunun
önəmini qeyd etdi.
Jan Fransua Mansel Bakıda keçirilən Formula-1
yarışlarına onların böyük
maraq göstərdiklərini dedi. O, bu cür
beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın
zəngin təcrübəyə malik
olmasının önəmini qeyd etdi.
Azərbaycan.- 2016.-
18 iyun.- S. 1.