“Formula-1” həyəcanı
başladı
Dünya ölkəmizin inkişafının, xalqımızın qonaqpərvərliyinin və zəngin mədəniyyətinin növbəti dəfə şahidi oldu
Dünyada avtomobil həvəskarlarının əsas bayramı hesab edilən “Formula-1” Avropa Qran-prisinə ölkəmizin evsahibliyi etməsinin qürur və sevincini yaşamaqdayıq. Belə bir möhtəşəm yarışın Azərbaycanda keçirilməsi dünyaya növbəti dəfə azərbaycanlıların mehribanlığı, qonaqpərvərliyi, qədim tarixi, füsunkar təbiəti, mentaliteti, sürətlə inkişaf edən müasir ölkə ilə tanışlıq fürsəti verib.
Çoxlu sayda siyasi, mədəni, idman və digər səpkili tədbirlərin ən mötəbər ünvanına çevrilən respublikamız növbəti beynəlxalq tədbirə layiqincə evsahibliyi etməklə dünyanın diqqətini Bakıya cəlb edib. “Formula-1” Avropa Qran-prisi ilə bağlı Bakıya gələn hər kəs Azərbaycanın inkişafını, xalqımızın qonaqpərvərliyini, zəngin mədəniyyətini öz gözləri ilə gördü. Bütövlükdə bu mötəbər tədbir Azərbaycanı növbəti dəfə beynəlxalq aləmə daha yaxından tanıtdı.
Hər kəs Azərbaycanda keçirilən sürət yarışına hazırlıq işlərinin çox yüksək səviyyədə aparıldığının şahidinə çevrildi. Bunu iyunun 17-də start verilən ilk yarış günündə aydın şəkildə görmək olurdu. İlk növbədə, Azneft dairəsindən Dəniz Vağzalına kimi qurulan bütün əyləncə zonaları, “F1” Şəhərciyi bütün bilet sahiblərinin üzünə qapılarını açıb. Dünəndən etibarən tamaşaçılar onlar üçün qurulmuş möhtəşəm əyləncə məkanlarından istifadə edə bilirlər.
Tədbirlər isə hər kəs üçün inanılmaz dərəcədə maraqlı və unudulmayacaq məqamlarla yadda qalıb. Üç günlük tribuna biletlərinin sahibləri günorta saatlarında Pitleyn yürüşü edərək, “Formula-1” həyatını daha yaxından izləmək şansına malik oldular. Tamaşaçılar komandaların qarajlarında dünyanın ən innovativ yarış avtomobillərinin mühəndis və mexaniklər tərəfindən necə sazlanması prosesini yaxından izləmək imkanını əldə etdilər.
Avtoqraf sessiyalarda Bakı bulvarının əsas səhnəsində sürətsevərlər öz qəhrəmanları - “Mercedes AMG Petronas”, “Red Bull Racing”, “Toro Rosso” və “Scuderia Ferrari” pilotları ilə avtoqraf sessiyalarında görüşdülər. Bu isə azarkeşlər üçün əsl hədiyyə oldu. Günün sonunda isə tanınmış müğənni Kris Braun konsert proqramı ilə çıxış etdi. Onun ifasında səslənən mahnılar tamaşaçılarda əsl bayram ovqatı yaratdı.
“Formula-1”in Azərbaycan nümunəsi yüksək səviyyədə hazırlıq, qonaqpərvərlik ilə dünyanı heyran etməklə yanaşı, paytaxtımızda yarışan ən məşhur pilotların qəlbində dostluq, anlaşma, sevgi məşəli yandırıb.
Bunlardan biri də “McLaren Honda” komandasının ispaniyalı
üzvü Fernando Alonsodur. İkiqat
dünya çempionu qeyd edib ki,
azarkeşləri ən
nadir sürət yarışlarından
biri gözləyir: “Burada olan azarkeşlər
“Formula-1” haqqında çox
məlumatlıdırlar və
yarışı səbirsizliklə
gözləyirlər. Yarış üçün
artıq hər şey hazırdır.
Bu trekdə unikal
məqam böyük uzunluğa malik sürətlənmə xəttidir
ki, burada sürət çox yüksək həddə olacaq və şəhər treklərində
belə sürət
nadir hallarda müşahidə
olunur. İndi isə dar döngələri, küləkli
küçələri və
sürətin son həddini
özündə birləşdirən
treki sınamaq üçün yarış
gününü səbirsizliklə
gözləyirəm”.
“Uilyams” komandasının pilotu Valtteri Bottas da Bakı
treki haqqında oxşar təəssüratlara
malikdir: “İnanmıram
ki, Bakı Şəhər Halqası
bizim üçün
çox çətin
olsun. Bununla yanaşı, ondan
sonra gələn üç yarış üçün də eyni fikirdəyəm.
Tam əminəm ki, biz yenə də yaxşı həftəsonu yaşayacağıq.
Əgər bolidi daha da yaxşılaşdırmağa
çalışsaq, biz podiuma
çıxa bilərik
və bu məhz bizim komanda olaraq hədəfimizdir”.
“Sahara
Force İndia” komandasının
pilotu Niko Hulkenberq isə deyib ki, bu
yeni trek bütün sürücülərdən daha
yüksək səviyyədə
mübarizə tələb
edir: “Bu yeni bir trekdir. Bu
haqda heç bir fakt və
məlumat yoxdur, pilotlar da indiyədək
bu trekdə dövrə vurmayıblar.
Buna görə də hamı sıfırdan başlayacaq
və bu olduqca maraqlı olacaq. Sözsüz ki, trek həyəcanverici
görünür və
biz artıq buna şahid olmuşuq!”
Məlumat üçün qeyd
edək ki, reqlamentə əsasən pilotlar iyunun 17-də hər biri 1,5
saat olan iki sərbəst yürüşdə trasla
tanış olub, maşınları qarşıdakı
sıralanma turu və yarışa sazlayıblar. Bu gün
isə səhər sürücülər bir
saatlıq məşq
keçəcəklər. Nahardan sonra sıralanma turu və ya
təsnifat mərhələsi
keçiriləcək. Bu turun yekun nəticəsinə
görə sürücülərin
bazar günü keçiriləcək yarışda
start düzümü formalaşacaq.
Beləliklə, ölkəmizə gələn
turistlər, dünyanın
aparıcı pilotları,
avtomobil mütəxəssisləri
Azərbaycanla daha yaxından tanış
oldular, onun inkişafını gözləri
ilə gördülər.
Azərbaycan bu yarışa
yüksək səviyyədə
evsahibliyi etməklə
bir daha sübut edir ki, beynəlxalq tədbirlərin keçirilməsi
üçün əsas
ünvanlardan biridir.
Elçin CƏFƏROV,
Azərbaycan.- 2016.- 18
iyun.- S. 1.