“Formula-1” təkcə
yarış deyil, həm də maraqlı
istirahətdir
Möhtəşəm yarış keçirən Bakı turistləri valeh edir
Həmişə olduğu kimi, ölkəmiz yenə də möhtəşəm idman tədbiri - “Formula-1” Avropa Qran-pri yarışlarını yüksək səviyyədə keçirməklə dünyanın diqqət mərkəzindədir.
Nadir xüsusiyyətlərə malik Bakı Şəhər Halqası elə təşkil olunub ki, yarış zamanı azarkeşlər və tamaşaçılar, sürətli avtomobillərlə yanaşı, həm də UNESCO-nun Ümumdünya irs siyahısına daxil olan İçərişəhər Tarixi-Memarlıq Qoruğunu, Bakının müasir tikililərini və Xəzərin sahilindəki Milli Parkı seyr edəcəklər.
Paytaxtda iyunun 16-dan başlayan dördgünlük bayram əhval-ruhiyyəsi davam edir. Yarışlarda iştirak edəcək planetin ən məşhur 11 komandasının 22 pilotu mübarizəyə qoşulub.
Srağagün bütün Dənizkənarı bulvarboyu uzanan əyləncə zonaları fəaliyyətə başlamışdır. Bundan əlavə, “Ferrari”, “Mercedes”, “Red Bull” və “Toro Rosso” komandalarının məşhur pilotlarının ilk avtoqraf sessiyaları keçirilmişdir. Dünən sessiya digər komandaların pilotlarının iştirakı ilə davam etmişdir.
Azarkeşlər üçün təşkil olunmuş Pit Yolu Gəzintisi zamanı “Formula-1” aləmi ilə daha da yaxından tanış olmaq mümkündür.
Əyləncə məkanlarında müxtəlif tamaşalar və rəqslər göstərilir, konkisürənlər və skeytbordçular öz məharətlərini nümayiş etdirir, fotoqalereya və sərgi salonları fəaliyyət göstərir.
Dünya musiqisinin ən tanınmış simalarından olan Kris Braun, Enriki İqlesias və Farel Uilyams möhtəşəm musiqi proqramları ilə “Formula-1” yarışlarının azarkeşlərini sevindirəcəklər.
Ümumilikdə, yarışların tarixində ilk dəfə keçirilən Bakı-2016 “Formula-1” Avropa Qran-prisinin zəngin əyləncə proqramı barədə məlumat verərkən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov demişdir: “Biz hər bir qonaq üçün elə unikal və görünməmiş əyləncəli istirahət proqramı hazırlamışıq ki, onun bir dəqiqə belə darıxmağa imkanı olmasın. Əminəm ki, “Formula-1” Avropa Qran-prisi və GP2 Dəstək yarışları ilə yanaşı, Xəzər dənizi sahilindəki göz oxşayan Dənizkənarı Parkda təşkil edilmiş fərqli əyləncələr hər bir pərəstişkarda xoş təəssüratlar oyadacaq və şübhəsiz, bu, avtomobil bayramını unudulmaz edəcək”.
Yarış rəsmisinin dedikləri, həqiqətən, öz təsdiqini tapmaqdadır. Artıq minlərlə əcnəbi turist Bakıya gələrək möhtəşəm avtomobil yarışlarını canlı izləməklə yanaşı, gözəlliliyi ilə bütün dünyaya səs salmış Bakını da seyr etmək imkanı qazanmışlar.
İrlandiyalı Dara Doyl Bakıya həyat yoldaşı, rusiyalı Vera Doylla təşrif buyurub. İçərişəhərin qədim memarlıq abidələri ilə tanış olan Dara həm də “Formula-1” Avropa Qran-pri yarışlarında iştirak edən “Uilyams” komandasının mexanikidir: “Pilotlar üçün çox gözəl şərait yaradılmışdır. Yollara isə söz ola bilməz. İnanıram ki, pilotlarımız Bakıda uğurla çıxış edəcək. Braziliyalı idmançımız Felipe Massa indiyədək 230 yarışda iştirak edib və bunların 11-də qalib olub. Finlandiyalı pilotumuz Valteri Bottas isə iki dəfə yarışlarda ikinci yeri tutub. Rəqabət çox güclü olsa da, “Uilyams”ın uğuruna inanıram”.
Vera da doğma komandalarının zəfər qazanacağına inanır və Bakıda sanki nağıllar aləminə düşdüyünü deyir. “İlk dəfədir Azərbaycandayam. Unudulmaz təəssüratlar yaşayıram. Çox dadlı mətbəxiniz var. İnsanlarınız da çox qonaqpərvərdir”, - deyə Vera təəssüratlarını bölüşür.
Harald Larsen və Helgi Qrönvold isə Norveçdən gəliblər. Hər ikisi təqaüdçüdür. Haraldın dediyinə görə, o, “Formula-1” yarışları azarkeşidir və turnirin harada keçirilməsindən asılı olmayaraq, həmin ölkədə canlı izləyir. Hər iki təqaüdçünün favorit komandası da var. Norveçli turistlər “McLaren Honda” komandasına azarkeşlik edirlər. Helginin dediyinə görə, komandanın pilotu Fernando Alonso onun ən sevimli idmançısıdır. İndiyədək 254 yarışda iştirak edən ispaniyalı pilot müxtəlif konstruksiyalı bolidlərdə 32 yarışın qalibi olmuşdur.
Komandanın digər pilotu Censon Batndan da qələbə gözləmək olar. Britaniyalı idmançı iştirak etdiyi 287 yarışın
15-də qələbə qazanıb.
Norveçli təqaüdçülər hesab edirlər ki, Bakı Şəhər
Halqası onların sevimli komandası üçün düşərli
olacaq.
Qeyd edək
ki, uzunluğuna görə Bakı Şəhər Halqası
dünyada ikincidir. Bakı treki
həm də mürəkkəbliyinə görə
digərlərindən fərqlənir.
Bakı-2016 “Formula-1” Avropa Qran-prisi digər idman növləri ilə peşəkarcasına
məşğul olan əcnəbilərin də
diqqətini çəkir. Amerikalı
boks məşqçisi
Coy Quzman yarışları
izləməklə yanaşı,
Bakının qədim
memarlıq abidələri
ilə tanış olur. İçərişəhərdə böyük maraqla
var-gəl edən
veteran boksçu Koloradodan
Azərbaycanadək uzun
yol qət etməsindən heç də peşman deyil. “Burada
hər şey mənim xoşuma gəlir. Xəzər
dənizi, Dənizkənarı
bulvar, qədim İçərişəhər, yeni üslubda tikilmiş göydələnlər,
dadlı yeməkləriniz
və gözəl insanlarınız...”
ABŞ-dan ölkəmizə
təşrif buyurmuş
daha bir veteran boksçu Bob Skinyer də paytaxtımızda gördüklərindən çox
razıdır. “Açığı
o qədər xoş təəssüratlarım var
ki, bilmirəm hansından başlayam.
Bura gələrkən Bakının
dünyanın ən müasir şəhərlərindən
biri olduğunu düşünmürdüm. İndi isə çalışacağam
heç olmasa ildə bir dəfə
gözəl ölkənizə
səfər edim.
Burada insanların yaşaması və istirahət etməsi üçün hər cür şərait yaradılmışdır”, - deyə
Bob vurğulayır.
Qız qalasının yaxınlığında
İçərişəhərin arxitekturasından heyranlıqla
danışan isveçrəli
turistlərin rəhbəri
Erih Hizlinq dörd il
öncə də Bakıda olub. Lakin bu qısa müddətdə
paytaxtda baş vermiş dəyişikliklər
onu çox heyrətləndirir. “Səyahət etməyi çox sevirəm. Dünyanın bir çox ölkəsini gəzmişəm və ziyarət etdiyim şəhərlərdə görməli
yerlərlə yaxından
tanış oluram. Dörd il bundan
əvvəl Bakıda
olmuşdum. Srağagün Tiflisdən paytaxtınıza
gəldik və böyük dəyişikliklərin
şahidi olduq. Şəhəriniz daha təmiz
və abaddır.
Müxtəlif üslublarda inşa
edilmiş göydələnlər
Bakıya gözəllik
verir. Qız qalasının yanında
dayanıb Alov qülləsini seyr edəndə qədimliklə
müasirliyin fərqliliyini,
eyni zamanda, vəhdətini görürsən.
Ümumilikdə Bakının aurası
mənə çox müsbət təsir edir”, - deyə qocaman turist bildirir.
Rusiyalı turistlər Tatyana Votyakova
və Yekaterina Vinokurova Novosibirskdən Bakıya - “Formula-1” Avropa Qran-pri yarışını
canlı izləməyə
və “Scuderia Toro Rosso” komandasının rusiyalı pilotu Daniil Kvyata azarkeşlik
etməyə gəlmişlər.
“Bizim favoritimiz
Daniildir. Düzdür, onun indiyədək ən böyük uğuru yarışların
birində ikinci yeri tutmasıdır.
Lakin bu dəfə sevimli idmançımızdan
qələbə gözləyirik”,
- deyə Yekaterina bildirir. Rusiyalı turistin dediyinə
görə, onlar vətənlərində olarkən
internet vasitəsilə həm
bilet, həm də kirayə mənzil sifariş etmişlər.
“Mənzilimiz dəniz
kənarındadır. Oradan yarışları
izləmək çox
rahatdır. Şəhərinizə gəldikdə isə, açığı, biz heyrət
içindəyik. Bu cür gözəl arxitekturalı şəhər
hələ görməmişik.
Novosibirskdən Moskvaya,
oradan isə Bakıya uçmuşuq. Moskvada hava limanında olarkən azərbaycanlılar
paytaxtınızı bizə
çox tərifləmişdilər.
Düzü, inanmırdıq ki, Bakı, həqiqətən, bu cür təriflərə
layiqdir. Lakin burada gördüklərimiz
- möhtəşəm memarlıq
abidələri, dünya
standartlarına uyğun
idman qurğuları, Bakı bulvarı, çimərliklər, ləzzətli
xörəkləriniz və
ən başlıcası,
qonaqpərvər və
xoşməramlı insanlarınız
bizi valeh etdi”, - deyə Tatyana heyrətini gizlədə bilmir...
Bakıda keçirilən “Formula-1” Avropa
Qran-pri yarışları
bir daha sübut edir ki, bu, sadəcə,
idman turniri deyil, eyni zamanda,
bir həyat tərzi, bütün insanlar üçün parlaq, unudulmaz istirahət və əyləncədir. Azərbaycanın paytaxtında bayram
əhval-ruhiyyəsi davam
edir.
Rizvan HİLALOĞLU,
Fərman BAĞIROV (foto),
Azərbaycan.- 2016.- 18 iyun.- S. 3.