Azərbaycan dilinin
qorunmasına həmişə diqqət yetirilib
Ulu öndərin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərman Azərbaycan dilinin inkişafında mühüm rol oynamışdır
Hər bir xalqın ana dili onun milli varlığını, tarixi kökünü və kimliyini müəyyənləşdirir. Dilin dünya xalqları arasında tanınması, yad ünsürlərdən qorunması və inkişaf etdirilməsi əsas məsələlərdən biri olaraq daim diqqətdə dayanır. Dilin maddi bazası mənalı hərflərdir. Bu hərfləri özündə ehtiva edən əlifba, sadəcə olaraq, hərflərin sırası deyil, xalqın kodlaşmış yaddaşıdır.
Azərbaycan xalqı kimi heç bir xalqın, heç bir millətin bir əsr (XX əsr nəzərdə tutulur - red) boyunca üç dəfə əlifbası dəyişdirilməyib: 1929-cu ildə I Türkoloji Qurultaydan sonra ərəbdən latına, repressiya illərində, 1939-cu ildə latından kirilə, sovet imperiyasının çöküşü ərəfəsində yenidən kirildən latına! Bu dəyişiklik Azərbaycanın milli-mədəni, elmi sərvətinə böyük zərbə vurub və bir-birinin yazısını oxuya bilməyən nəsillər arasında uçurumun yaranmasına səbəb olub...
Bununla belə, Azərbaycan xalqı ana dilinin özünəməxsusluğunu qoruyub saxlaya bilib və onun zaman-zaman inkişaf etdirərək bölgədə aparıcı dillərdən birinə çevirib. Bu, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə özünü daha qabarıq büruzə verib. Təbii ki, müasir dövrümüzdə sivil dünyaya inteqrasiya olunduğumuz zamanda ana dilinin qorunmasına daha böyük ehtiyac duyulur. Xarici ölkələrlə mədəni, iqtisadi əlaqələr genişləndikcə, informasiya texnologiyalarının sürətli inkişafı dildə yeni sözlərin əmələ gəlməsinə şərait yaradır. Odur ki, ana dilinin saflığının qorunması ciddi məsələ olduğundan Azərbaycan dövlətinin və ziyalıların, xüsusilə dilimizin memarı adlandırılan yazıçı və şairlərin, dilçi mütəxəssislərin diqqətindədir. Tərəddüdsüz olaraq demək lazımdır ki, respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi olaraq beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, müstəqil Azərbaycanın 1995-ci il Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, eləcə də, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanlar Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişafına böyük təkan olmuşdur.
Ulu öndərin dil siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamları əsasında latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklər, elmi əsərlər, lüğətlər və bədii ədəbiyyat nümunələri çap olunaraq istifadəyə verilmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” sərəncamı ölkədə dil siyasətinin uğurla həyata keçirilməsinə münbit şərait yaratmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan 2013-cü il 9 aprel tarixli sərəncam da ölkəmizdə dil siyasətinin uğurla həyata keçirildiyinin göstəricisidir. Bu sərəncama əsasən, icrası yüksək səviyyədə davam etdirilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını təmin etməkdir.
Dövlət Proqramında Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin inkişaf etdirilməsi mexanizminin yaradılması əsas vəzifə olaraq qarşıya qoyulur. Dilçilik sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının təkmilləşdirilməsi, dünya dilçilik elminin müasir inkişaf meyillərini nəzərə almaqla elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi kimi məsələlər Azərbaycan dilinin qorunmasında mühüm rol oynayır. Dünyaya inteqrasiya olunduğumuz bir zamanda bir çox ölkələrin aparıcı elmi mərkəzləri ilə əməkdaşlıq dövrün tələbinə çevrilib. Bu baxımdan ən nüfuzlu aparıcı mərkəzlərlə beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi, dilçiliyin aktuallıq kəsb edən müxtəlif problemlərinə dair birgə tədbirlərin həyata keçirilməsi marağı daha da artırıb. Dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi, dil və nitq mədəniyyətinin yüksəldilməsi, Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi kimi məsələlər Dövlət Proqramından irəli gələn əsas məsələlərdən biri kimi qarşıya qoyulub.
Dünya dilçilik elminin müasir inkişaf meyilləri nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyasında və respublikanın digər elmi müəssisələrində, ali məktəblərində aparılan fundamental və tətbiqi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi Dövlət Proqramında öz əksini tapıb. Bu baxımdan Azərbaycan dilinin və dilçilik elminin inkişafı ilə bağlı qısamüddətli və uzunmüddətli kompleks elmi proqramlar işlənilib həyata keçirilir. Azərbaycan dilinin dövlət dili kimi inkişafı, tədrisi, lüğət ehtiyatının zənginləşdirilməsi, qrammatik quruluşunun qorunması, söz yaradıcılığı prosesinə nəzarətin gücləndirilməsi və nitq mədəniyyəti sahəsində kompleks tədbirlərin həyata keçirilməsi də diqqətdən kənarda qalmamışdır.
Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı ümumi informasiya bazasının yaradılmasına, ana dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanmasına start verilib. Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsi, AMEA Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalardan istifadəni asanlaşdırmaq məqsədilə “Əlyazmaların elektron kitabxanası”nın və internet portalının yaradılması məsələləri gündəmdədir. Beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin və Azərbaycan dilində antiplagiat sistemin yaradılması, Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün internet texnologiyalarının, maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi linqvistik texnologiyaların yaradılması və inkişafına zəmin yaradılıb.
KİV-də dövlət dilinin təbliğinin gücləndirilməsi, televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və KİV sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsi, həmçinin teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuralar fəaliyyətdədir. Həmçinin QHT-lərin, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə seminarlar, “dəyirmi masa”lar, konfranslar, televiziya və radio verilişləri təşkil edilir.
R.SALMANLI,
Azərbaycan.- 2016.- 18 iyun.- S. 5.