“Real tarix və “Böyük
Ermənistan” uydurması” kitabı Almaniyada
çapdan çıxıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı Almaniyada rus dilində çap olunub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, kitab 2016-cı ildə Almaniyanın Saarbrüken şəhərində fəaliyyət göstərən “Palmarium Academic Publishing” nəşriyyat evi tərəfindən çapdan buraxılıb. Dövlətimizin başçısının tövsiyəsi ilə nəşr olunan kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev, tərcüməçisi tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə, dizayneri və texniki redaktoru isə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.
Nəşrdə ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigayılılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. Sübut edilir ki, müasir ermənilər (haylar) “Armeniya”, “armyane”, “erməni” adlarına sonradan – Şərqi Anadoluya köçüb gəldikdən sonra sahib çıxıblar. Tarixdə heç zaman “Böyük Ermənistan” adlanan dövlət qurumu olmayıb. “Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulub.
Əsərin birinci bölməsi “Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər” adlanır və bu bölmə ermənilərin qədim Urartu irsinə sahib çıxmaq iddialarına qarşı kəskin cavabdır. Kitabda uydurma “Erməni yaylası” coğrafi anlayışına ayrıca bölmə həsr olunub. Bu bölmədə müəllif yazır ki, tarixi saxtalaşdıranlar XIX əsrin sonundan etibarən elmi dövriyyəyə daha bir uydurma termin – “Erməni yaylası” (“Armyanskoye naqorye”) coğrafi anlayışını da daxil ediblər. Əsərin son bölməsi isə tarixdə heç vaxt “Böyük Ermənistan” adlanan dövlətin olmadığının isbatına həsr edilib.
“Real tarix
və “Böyük Ermənistan”
uydurması” kitabı Azərbaycan, ingilis
və ispan dillərində də nəşr
olunub.
Azərbyacan.- 2016.- 18 iyun.- S. 8.