Rusiyadakı azərbaycanlıların
vətən sevgisi
Nəsib NƏBİOĞLU: “Zəngin mənəviyyata malik soydaşlarımız milli hisslərlə, bəşəri düşüncələrlə yaşayırlar”
Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndəsi, Ümumrusiya Azərbaycanlıları Konqresində mədəniyyət məsələləri üzrə müşavir, Azərbaycan Yazıçılar Birliyi Rusiya bölməsinin katibi, dosent Nəsib Nəbioğlunun vətən sevgisi ulu öndər Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində gənclərimizə göstərdiyi diqqət və qayğını öz üzərində hiss etdiyi günlərdən birə-on artıb.
Şair-filoloq deyir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev ilk qurultayda dövlətimizin qarşısında duran vəzifəni bildirməklə bizim də üzərimizə hansı öhdəliklərin düşdüyünü anlatmış oldu: “Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək indi müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar. Bunlar hamısı dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir”.
Bu müraciətdən ötən müddət ərzində müstəqil Azərbaycanın keçdiyi çətin inkişaf yolu onu nəinki yerləşdiyi coğrafi məkanda, hətta dünyada söz sahibinə çevirib. Dövlətimiz bir sıra beynəlxalq nüfuzlu təşkilatlara üzv seçilib. Dünya azərbaycanlılarının növbəti, IV qurultayında səslənən fikirlər də bilavasitə ulu öndər Heydər Əliyevin on beş il öncə söylədiyi məzmunlu və tarixi nitqinə əsaslanırdı.
Özünü ümummilli liderin qayğısından bəhrələnən sayan, Azərbaycanla qonşu Rusiyanın bütün sahələrdəki dostluq və əməkdaşlıq əlaqələrinin genişliyindən ürək dolusu söz açan Nəsib Nəbioğlunun Dünya Azərbaycanlılarının IV Qurultayı haqqında da təəssüratları zəngindir: “Qurultaya dünyanın 49 dövlətindən 500-dən artıq azərbaycanlı gəlmişdi ki, onlardan 136 nəfəri qonşu Rusiya vətəndaşı idi. Təbii ki, bunun da səbəbləri var. İlk növbədə səbəblərdən biri orada məskunlaşmış azərbaycanlıların sayının digər ölkələrdəkindən qat-qat artıq olmasıdır. Bu gün xaricdə diaspor təşkilatlarının yaradılması və onlarla sıx əməkdaşlıq çox vacib məsələdir. Söhbət xalqımızı kənarda necə təmsil etməkdən gedir. Belə vacib amilləri nəzərə alan Azərbaycan Prezidenti cənab İlham Əliyev də məhz buna görə vətəndən kənarda yaşayan azərbaycanlıların sıx birliyini və həmrəyliyini istəyir. Ona görə də dövlətin həmin təşkilatlara lazımi dəstək verdiyini xüsusi olaraq vurğuladı.
Bildiyimiz kimi, hər bir dövlətdə milli mədəni müxtəliflik, tolerantlıq kimi məsələlər son illər daha da aktuallaşıb. Təəssüf ki, Azərbaycan istisna olmaqla, dünyada bu məsələdə problem yaşanmaqdadır. Ona görə də müxtəlif təşkilatlar yaradılır. Rusiyada da dövlət tərəfindən maliyyələşən belə təşkilatlar az deyil. Bir məqama diqqət yetirək: Rusiya Federasiyasında müxtəlif kateqoriyalı azərbaycanlılar ya məskunlaşıb, ya da daimi qeydiyyatla yaşayırlar. Müvəqqəti işləmək üçün ora üz tutanlar da var, Azərbaycan Respublikasının, hətta deyərdim ki, keçmiş sovet pasportu ilə yaşayanlar da. Elə azərbaycanlılar var ki, 1945-ci ildən Azərbaycana qayıtmayıb, Rusiyada yaşayırlar. Ümumrusiya Azərbaycanlıları Konqresinin müşaviri vəzifəsində çalışdığım vaxt ərzində ürəkaçan faktlarla qarşılaşmışam. Bu, ilk növbədə hər iki qonşu dövlətin xalqları arasındakı mövcud tarixi, ənənəvi dostluq münasibətlərinin qorunub saxlanması ilə yanaşı, orada fəaliyyət göstərən diaspor təşkilatlarının vahid məqsədə yönələn xidmətlərinin nəticəsidir. Bu istiqamətdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin fəaliyyətinin yüksək qiymətləndirilməsi belə faktlardandır. Təbii ki, bəzi istisnaları da unuda bilmərik. Çünki həmin istisnaları aradan qaldırmalıyıq ki, xalqımızı olduğu kimi təqdim edə bilək.
Dünya azərbaycanlılarının indiyə kimi keçirilən dörd qurultayının hamısına nümayəndə seçilmişəm. İlk qurultayda ulu öndər Heydər Əliyevin nitqinə heyran qalan bir dilçi, ədəbiyyatçı kimi deyirəm: ümummilli lider müasir, yeni Azərbaycanın memarı və qurucusu olmaqla yanaşı, xalqımızın da gələcəyini düşünür, dünyanın hər tərəfinə səpələnən soydaşlarımızı vahid amal uğrunda birliyə səsləyir və bu arzusunu gerçəkləşdirmək üçün gecə-gündüz mübarizə aparırdı. Bu gün Azərbaycan Prezident İlham Əliyevin uğurlu siyasəti ilə dünyanın ən aparıcı, regionun isə lider dövləti kimi tanınır. Bütün istiqamətlərdə qazanılan nailiyyətlər, sürətli iqtisadi inkişaf həm də xalqımızın dövlətçilik tarixinin qədim mədəniyyətinin zənginliyini təsdiqləyir. Ulu öndərin niyyəti aydın, fikri rəvan idi. Qarşıya qoyduğu məqsədə yetmək üçün mübarizənin ən optimal üsullarından istifadəni mühüm sayırdı. Bu gün də məqsəd dünyadakı azərbaycanlıları vahid amalda birləşdirmək, onların problemlərini öyrənmək, yaşadıqları ölkələrdə əmin-amanlıqlarını təmin etməkdir. Eyni zamanda Azərbaycanı layiqincə təmsil etməyi onlara aşılamaqdır.
Azərbaycan Prezidentinin Dünya Azərbaycanlılarının IV Qurultayında vurğuladığı kimi, xalqları dil, milli-mənəvi ənənələr, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Ona görə də dövlət başçısı bu amildən səmərəli şəkildə istifadəni unutmamağı tövsiyə etdi: “Biz bu vasitədən daim istifadə etməliyik. Xüsusən başqa ölkələrdə yaşayan azərbaycanlılar. Ona görə də mən arzu edərdim ki, hər bir ölkədə Azərbaycan icmasında azərbaycanlılar həmrəy olsunlar, bir-birinə dayaq olsunlar, bir-birinə yardım etsinlər, bir-birinin dərdinə yansınlar və bizim milli adət-ənənələrimizi, milli dəyərlərimizi birlikdə gözləsinlər, milli bayramlarımızı qeyd etsinlər... Azərbaycan dilini yeni nəslə, uşaqlara çatdırmaq üçün müəyyən tədris imkanları yaratsınlar. Biz bu barədə kömək edəcəyik ki, bizdən sonra gələn nəsillər, sizin övladlarınız, bizim övladlarımız azərbaycançılığı daha da yüksəklərə qaldırsınlar, Azərbaycan dilini, milli-mənəvi dəyərlərimizi daim yaşatsınlar”.
Nəsib müəllim fikrinin davamında onu da söylədi ki, müstəqil Azərbaycan həmişə dünyadakı azərbaycanlıların dayağı, pənah gətirəcəkləri yer olacaq: “Dövlət başçısı vurğuladı ki, ölkəmizdə biz də onları yaşadıqları məkanlarda özümüzün elçiləri hesab edir, ümidlər bəsləyir və arxalanırıq. Sizi özümüzə dayaq hesab edirik. Rusiyada təxminən 2-3 milyon azərbaycanlı yaşayır (müvəqqəti iş üçün orada məskunlaşanları demirəm). Diaspor təşkilatlarımızın da sayı kifayət qədərdir. Amma həm də təəssüf ki, hələ Rusiya Federasiyasının Dumasında xalqımızı təmsil edəcək deputatımız yoxdur. Bax məsələ bundadır. Cənab Prezident də məhz bu kimi faktları əsas gətirərək xaricdə yaşayan azərbaycanlıları birliyə dəvət edib deyir ki, vahid məqsəd, bir amal uğrunda birləşmək vətənimizi daha yüksək, layiq olduğu səviyyədə təqdim etmək deməkdir. Çünki zəngin mənəviyyata malik, vətənini canı qədər sevən azərbaycanlılar milli hisslərlə, bəşəri düşüncələrlə yaşayırlar”.
M.NƏRİMANOĞLU,
Azərbaycan.- 2016.- 18 iyun.-. S. 5.