“Formula-1” Avropa Qran-prisinin sıralama yürüşündə
Niko Rosberq birinci olub
İyunun 18-də “Formula-1” azarkeşləri
Avropa Qran-prisinin ikinci günündə də maraqlı idman mübarizəsinin şahidi olublar.
AZƏRTAC
xəbər verir ki, saat 14:00-da start götürən üçüncü
test yürüşünə hər biri iki
pilotdan ibarət 11 komanda qoşulub. “Mercedes” komandasının heyətində
Luis Hamilton və Niko Rosberq, “Ferrari”də
Sebastian Fettel, Kimi Raykonnen, “Uilyams”ın heyətində Felipe Massa və
Valtteri Bottas yürüşə qatılıblar.
“Red Bull Racing” komandasında Daniel Rikkardo, Daniil Kvyat, “Force İndia”da Niko Hulkenberq və Serxio Peres, “Renault”da isə Kevin Maqnussen ilə Colion Palmer mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Maks Ferstappen və Karlos Sayns, “Sauber”də Markus Erikson, Felipe Nasr, “McLaren”də Fernando Alonso və
Censon Batton yürüşdə iştirak
edirlər. Pilotlar Paskal Verlyayn
və Rio Haryanto
“Manor”, Roman Qrojan və
Estabean Qutyerres isə “Haas” komandalarının
idman şərəfini
qoruyurlar.
Pilotlar öz bolidləri ilə 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Yürüşün başa çatmasına yaxın “Force İndia” komandasının pilotu Serxio Peres qəzaya uğrayıb. Pilot bolidini
14-cü döngədə trekin
ətrafındakı təhlükəsizlik
hasarına vurub. Lakin S.Peres xəsarət almayıb.
“Mercedes” komandasının britaniyalı pilotu, üçqat dünya çempionu Luis Hamilton bu yarışı da birinci pillədə başa vurub. Yürüşün
trek üzrə ən
yaxşı göstəricisi
1 dəqiqə 44,352 saniyə
olub. L.Hamiltonun komanda yoldaşı
Niko Rosberq yarışı ikinci,
“Force İndia” komandasının
pilotu Niko Hulkenberq isə üçüncü pillədə
başa vurublar.
Saat
17:00-da isə sıralama
yürüşünə start verilib. “Mercedes” komandasının
pilotu Niko Rosberq rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatıb. Onun göstəricisi
1 dəqiqə 42,758 saniyə
olub. “Force İndia” komandasının
pilotu Serxio Peres 1 dəqiqə 43,515 saniyəlik
nəticə ilə ikinci olub. Üçüncü yerdə
1 dəqiqə 43,966 saniyəlik
göstərici ilə
“Red Bull Racing” komandasından sürücüsü Daniel Rikkardo
qərarlaşıb.
Beləliklə, iyunun 19-da Avropa
Qran-prisində pilotların
düzülüşü aşağıdakı
qaydada olacaq:
Niko Rosberq (“Mercedes”), Serxio
Peres (“Force İndia”), Daniel Rikkardo (“Red Bull Racing”), Sebastian Fettel
(“Ferrari”), Kimi Raykonnen
(“Ferrari”), Felipe Massa (“Uilyams”), Daniil Kvyat (“Red Bull Racing”),
Valtteri Bottas (“Uilyams”), Maks Ferstappen (“Toro Rosso”), Luis
Hamilton (“Mercedes”), Roman Qrojan (“Haas”), Niko Hulkenberq (“Force İndia”), Karlos Sayns (“Toro Rosso”), Fernando
Alonso (“McLaren”), Estabean Qutyerres
(“Haas”), Felipe Nasr (“Sauber”), Rio Haryanto (“Manor”), Paskal Verlyayn (“Manor”), Censon Batton (“McLaren”), Markus Erikson (“Sauber”),
Kevin Maqnussen (“Renault”) və
Colion Palmer (“Renault”).
Yarışın ikinci günündə
“Formula-1” ilə yanaşı,
GP2 seriyası üzrə
də mübarizə aparılıb. Bu yarışda “Prema
Racing” komandasının pilotu
Antonio Covinatsi birinci olub. Onun trek üzrə ən yaxşı göstəricisi
1 dəqiqə 57,944 saniyə
olub. Rusiyalı pilot Sergey Sirotkin (“ART Grand Prix”)
ikinci, italiyalı
Rafael Marçello (“Russian Time”) üçüncü olublar.
İyunun
19-da saat 14:00-da GP2 seriyası
üzrə ikinci yarış keçiriləcək.
Saat 17:00-da isə
“Formula-1” Avropa Qran-prisinə
start veriləcək.
Azərbaycan.-
2016.- 19 iyun.- S. 5.