“Formula-1” mövsümünün
ən maraqlı tədbiri - Avropa Qran-prisi başa
çatdı
Azərbaycanın paytaxtı Bakı şəhərində möhtəşəm “Formula-1” Avropa Qran-pri yarışları başa çatmışdır. İyunun 19-da keçirilmiş əsas yarışda 11 komandanın 22 pilotu qələbə uğrunda mübarizəyə qatılmışdı. Təxminən saat yarım davam edən yarışda bolidlər 6 kilometr məsafədə 51 dövrə vurmuşlar. “Mersedes” komandasının almaniyalı pilotu Niko Rosberq 1 dəqiqə 48,942 saniyə nəticə ilə qələbə qazanmışdır. İkinci yerə daha bir almaniyalı pilot, “Ferrari” komandasının üzvü Sebastyan Fettel çıxmışdır. Üçüncü yeri isə “Force İndia”nın meksikalı pilotu Serxio Peres tutmuşdur.
Dörd pilot - rusiyalı Daniil Kvyat və onun komanda yoldaşı Karlos Saynz (“Scuderia Toro Rosso”), habelə məşhur idmançı, dəfələrlə “Formula-1” yarışlarının qalibi olmuş ispaniyalı Fernando Alonso (“McLaren Honda”) və “Manor Racing” komandasının almaniyalı pilotu Paskal Verlayn avtomobillərindəki texniki nasazlıq üzündən yarışı başa çatdıra bilməmişlər.
Finiş xəttini keçdikdən sonra Niko Rosberq jurnalistlərə Bakıya məhz qələbə üçün gəldiyini bildirmişdir: “İnanılmaz bir gündür. Bakıya bu cür qonaqpərvərliyə görə təşəkkür edirəm. Siz əla tras inşa etmisiniz və burada yarışmaq maraqlı idi. Mənim üçün hər şey əla alındı. İndi qələbəmdən çox məmnunam. Məhz bunun üçün mən Bakıya gəlmişdim və istəyimə nail oldum”.
Yarışların startından əvvəl pilotlar avtomobillərində parad düzənləmişlər. Sonra Avropa Qran-prisinin açılış mərasimi başlamışdır. Möhtəşəm tədbirdə xalqımızın mübariz ruhu ilə birlikdə onun zəngin irsi dünyaya nümayiş etdirilmiş, Alov və ehtiras, Su və qıvraqlıq, Külək və sürət, İrəli və qələbə əzmi, habelə Birlikdə və ölkələrin birliyi adlı beş rəmz və modeldən ibarət süjet xəttində birləşmiş tamaşa göstərilmişdir. Tamaşada könüllülər, incəsənət xadimləri, musiqi qrupları və xarici ifaçılardan ibarət 626 nəfərlik heyət yer almışdır.
Sonra Azərbaycanın bayrağı meydana gətirilmiş, Dövlət Uşaq Filarmoniyasının kollektivi himnimizi ifa etmişdir.
Açılış mərasimini və yarışları Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, “Formula One Management”in prezidenti Berni Ekklstoun və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod izləmişlər.
Həlledici yürüş başa çatdıqdan sonra dövlət başçısı Avropa Qran-prinin qalibi Niko Rosberqi yarışların kuboku ilə mükafatlandırmışdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Mersedes” komandasının nümayəndəsinə Mühəndislər kubokunu təqdim etmişdir. Gənclər və idman naziri Azad Rəhimov ikinci yerin sahibi Sebastyan Fetteli mükafatlandırmışdır. Üçüncü yeri tutmuş Serxio Peresin mükafatı isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov tərəfindən təqdim edilmişdir.
Bu qələbədən sonra Niko Rosberq
“Formula-1” çempionatında liderliyini davam etdirir (141 xal). Bu zəfər
almaniyalı pilotun cari
mövsümdə 5-ci, karyerası boyunca
isə 19-cu qələbəsi idi.
Ümumilikdə isə Avropa Qran-prinin nəticəsinə görə, pilotlar aşağıdakı yerləri tutmuşlar: 1. Niko Rosberq (“Mersedes”), 2. Sebastyan Fettel (“Ferrari”), 3. Serxio Peres (“Force İndia”), 4. Kimi Raykkonen (“Ferrari”), 5. Luis Hamilton (“Mersedes”), 6. Valteri Bottas (“Williams”), 7. Daniel Rikkardo (“Red Bull Racing”), 8. Maks
Ferstappen (“Toro Rosso”),
9. Niko Nulkenberq (“Force İndia”),
10. Felipe Massa (“Williams”), 11. Censon Batton (“McLaren”), Felipe Nasr (“Sauber”),
13. Romain Qrojan (“Haas”),
14. Kevinq Maqnussen
(“Renault”), 15. Colion Palmer (“Renault”), 16. Esteban Qutierez
(“Haas”), 17. Marjus Erikson (“Sauber”),
18. Rio Haryanto (“Manor Racing”).
Xatırladaq ki, bir gün
əvvəl keçirilmiş
GP2 iştirakçılarının test yürüşündə ilk yarışda
olduğu kimi, yenə də “Prema Racing” komandasının
italiyalı pilotu
Antonio Covinatsi qalib gəlmişdir. Onun komanda yoldaşı
Pyer Qasli ikinci, “ART Grand Prix” klubunun
pilotu rusiyalı Sergey
Sirotkin isə üçüncü yeri
tutmuşlar. Birinci yürüşdə
isə Sirotkin ikinci, “Rusian Time” komandasının pilotu
Rafael Marçello isə
üçüncü olmuşlar.
İyunun 17-də keçirilmiş ilk təsnifat
yürüşündə “Mersedes” komandasının britaniyalı pilotu üçqat dünya çempionu Luis Hamilton qələbə
qazanmışdır. Onun komanda
yoldaşı Niko Rosberq ikinci yerdə qərarlaşmış,
Valteri Bottas isə (“Williams”) üçüncü
yerə sahib çıxmışdır.
Həmin gün keçirilmiş ikinci
test yürüşü də
Hamiltonun qələbəsi
ilə başa çatmışdır.
İyunun 18-də azarkeşlər daha bir maraqlı təsnifat yürüşünə
şahidlik etmişlər. Əvvəlki
iki yarışda olduğu kimi, yenə də Hamilton birinci yeri tutmuş,
Niko Rosberq ikinci yerə çıxmış, Niko
Nulkenberq isə (“Force
İndia”) üçüncü
yerdə qərarlaşmışdır.
Sürət, Çağırış və
Cazibə sözləri
ilə simvolizə olunan Bakı Şəhər Halqası
“Formula-1” yarışlarının ən yeni turniri
idi. İndiyədək olduğu bütün
yarışlardakı kimi,
bu dəfə də ölkəmizdə ən yüksək səviyyədə keçirilmiş
“Formula-1” Avropa Qran-prisi
bütün dünyada
əks-səda vermiş
və 500 milyon tamaşaçı tərəfindən
izlənmişdir.
Bakıya gəlmiş hər bir qonağa yarışları izləmək
və gözəl istirahət etmək üçün geniş şərait yaradılmışdır. Belə ki,
Azərbaycana təşrif
buyurmuş turistlər
bənzərsiz əyləncə
proqramının da şahidi olmuşlar.
Avtoqraf sessiyalarında tamaşaçılar
sevimli komandalarının
pilotları ilə görüşmək imkanı
qazanmışlar. Pit Yolu
Gəzintisi də
“Formula-1” aləminə maraqlı
səyahət olmuşdur.
Bu günlərdə dünya
musiqisinin ən məşhur ulduzları -
Kris Braun, Enrike İqlesias
və Farel Uilyams möhtəşəm
çıxışları ilə tamaşaçıların
zövqlərini oxşamışlar.
Paytaxtımızın hər bir qonağı Azərbaycanın mədəniyyəti
ilə tanış
olmaq imkanı əldə etmişdir. Azərbaycan Mədəniyyəti
Guşəsində tarixi
sənətkarlıq və
ticarət ənənələrinin
sirləri, o cümlədən
xalçaçılıq, şüşə üzərində
nəqqaşlıq, kəlağayı
boyama, dulusçuluq, şəbəkə, taxta
üzərində oyma,
miniatür musiqi alətlərinin hazırlanması
və s. ilə tanış olmuşlar. Milli parkda quraşdırılmış
xüsusi qalereyada
“Formula-1” Qran-pri yarışlarının
60 ildən çox tarixini əks etdirən 100 şəkil nümayiş etdirilmişdir.
Yarış günlərində uşaqlar da tədbir təşkilatçılarının diqqətindən kənarda qalmamışlar. Onlar üçün kiçik sürücülük məktəbi təşkil edilmiş, orada uşaqlar yol hərəkəti qaydalarını əyləncə və sərbəst mühitdə öyrənmişlər. Uşaqlar həm də kiçik kartinqlərdə yarışmışlar.
Avropa Qran-prisinin hər bir qonağı xüsusi simulyatorlarda gücünü sınamaq, özünü “Formula-1” pilotu kimi hiss etmək imkanı da qazanmışdır. Fəal istirahəti sevənlər isə hava turbini, dırmanma divarı və batut attraksionlarında əylənmiş, eyni zamanda peşəkar idmançıların məharətli çıxışlarını izləmişlər.
Bakı dünya səviyyəli daha bir idman yarışına layiqincə evsahibliyi etdi. Ölkəmizin qonaqları bir daha tariximiz, mədəniyyətimiz, mətbəximiz, qonaqpərvərliyimizlə yaxından tanış oldu və xoş təəssüratlarla vətənlərinə yola düşdülər. Lakin bu ayrılıq uzun çəkməyəcək. Paytaxtımızı yeni möhtəşəm tədbirlər və idman yarışları gözləyir.
Rizvan HİLALOĞLU,
Azərbaycan.- 2016.- 21 iyun.- S. 6.