Şərqin Dan
ulduzu
“Formula-1” Qran-pri yarışmasının sonu Bakı bulvarında atəşfəşanlıqla başa çatdı. Bakının səmasında müxtəlif rənglərdə və formalarda alışan, bərq vuraraq sönən atəşfəşanlığı minlərlə turist və şəhərin sakinləri Dənizkənarı parkda, telekanallarda və internet resurslarında maraq, həyəcan və sevgi ilə izlədilər. Bu atəşfəşanlıq həm də Azərbaycanın möhtəşəm və unudulmaz idman tədbirinə yüksək səviyyədə evsahibliyi etməsini təsdiqləyən növbəti, rəmzi vida mərasimi idi.
Azərbaycan yeni qurulan bir dövlət olsa da, düşmənlə tez-tez pozulan atəşkəs rejimində yaşasa da dünyada sülhə, əmin-amanlığa sədaqətli olduğunu bir daha sübut etdi. Ölkəmiz planetdə ümumbəşəri dəyərlərin, sülhün və əmin-amanlığın qorunması üçün çoxsaylı mühüm tədbirlərə evsahibliyi edən nadir dövlətlərdən biridir. Atəşfəşanlığın söndüyü səmaların dərinliyində Azərbaycanın gördüyü böyük işlər, sülhə verdiyi töhfələr onu səmada parlaq yanan Dan ulduzuna çevirir.
Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi iftar süfrəsində məhz belə bir rakursdan ölkəmizin nailiyyətlərini dəyərləndirib: “Bu gün Azərbaycan o ölkələrdəndir ki, bütün sahələrdə çox böyük inkişaf yolu keçib, uğur qazanıb. Xüsusilə indiki şəraitdə ki, dünyanın müxtəlif yerlərində yeni münaqişə ocaqları yaradılır. Yaxın Şərqdə artıq bir neçə ölkə idarəedilməz vəziyyətə düşüb. Qeyd etdiyim kimi, Yaxın Şərqdə, əfsuslar olsun ki, müharibələr alovlanır. Avropada miqrantlarla bağlı dərin böhran yaşanır. Bu, eyni zamanda, dəyərlər böhranıdır. İstər-istəməz miqrantlar böhranı Avropada islamofobiya meyillərini gücləndirir. Bu, həm müsəlmanlar, həm Avropa üçün çox böyük təhlükədir. Belə bir vəziyyətdə Azərbaycan öz yolu ilə gedir. Əslində bizim siyasətimizdə heç bir dəyişiklik olmamışdır. Sadəcə olaraq, biz həmişə çalışmışıq ki, ölkəmizi mümkün olan bütün risklərdən, mənfi kənar təsirdən qoruyaq və buna müvəffəq olmuşuq”.
“Formula-1”in Bakıda keçirildiyi günlərdə söhbət etdiyimiz, rəyini öyrəndiyimiz əcnəbi qonaqların əksəriyyəti ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu, azərbaycanlıları sülhsevər və tolerant xalq kimi tanıdıqlarını qeyd etdilər. Müsəlman dövlətlərindən Bakıya qonaq gələn əcnəbilər isə artıq Azərbaycanı planetdə sabitlik və dinclik adası kimi tanıdıqlarını vurğuladılar.
İraqdan ölkəmizə ailəsi ilə qonaq gələn Zühel SALMAN bizə müsahibəsində vətəninin qan içində boğulduğunu, sülhün isə artıq əfsanəyə çevrildiyini deyir: - Müasir dünya düzənində ölkənizin qazandığı uğurlar sevindiricidir. Azərbaycanı dinc yaşayan, uğurla inkişaf edən, güclü dövlət kimi gördüyümüzə görə sevinirik və özümüzü xoşbəxt sayırıq. Bakını gəzərkən, şəhərin məşhur abidələrini ziyarət edərkən ərəb mənşəli Zaha Hadidin memarı olduğu Heydər Əliyev Mərkəzini gördük. Buna hədsiz dərəcədə sevindik. Nailiyyətləriniz, uğurlarınız bütün müsəlman ölkələri üçün bir örnək və həm də qürur mənbəyidir. Siz də gərək bugünə qədər qazandıqlarınızı göz bəbəyi kimi qoruyasınız. Ona görə ki, sülh xaosun qarşısını alır, gələcək hədəfləri görməyə və onlara nail olmağa zəmanət verir. Seçdiyiniz sülh yolu tərəqqi və inkişaf yoludur.
Uzun sürən müharibələr dövlətlərin iqtisadiyyatını çökdürür, onları iqtisadi böhranın, xaosun girdabına yuvarlayır. Regionda Ermənistan özünü qalib kimi təqdim etməyə çalışsa da, Azərbaycana münasibətdə biabırçı məğlubiyyətlə üzləşib. Ölkəmizin əldə etdiyi iqtisadi və mənəvi üstünlüklər faşist ideologiyası ilə silahlanan Ermənistanı bir dövlət kimi süquta uğratmaqda davam edir. Ermənistan ilə Azərbaycan arasında bütün sahələrdə fərq daha da kəskin surətdə böyüyəcək. Azərbaycanın gələcəyə çox dəqiq və aydın baxışları, proqramları var. Ermənistan isə bir yandan faşist duruşunda sülhə hədə gəlməkdən əl çəkmir, digər tərəfdən isə onu üzən, dilənçi gününə qoyan uğursuz müharibədən çat verən iqtisadiyyatını pinələmək üçün papaq açıb xarici ianə, dəstək axtarır. Azərbaycan öz gücünə, xalqla iqtidarın qırılmaz bağlılığına, Ermənistanın faşist ideoloqları isə “əzabkeş erməni” obrazının yenidən dirilərək ayaq tutub yeriməsinə arxalanır.
Azərbaycan Prezidenti İlham Əliyev avtoidmanın “Şah yarışması” sayılan “Formula-1”in Bakı mərhələsinin ölkə üçün hansı siyasi məna kəsb etdiyini iftar süfrəsindəki çıxışında məxsusi olaraq qeyd edib: “Mən hesab edirəm ki, dünya bizi daha da yaxşı tanımalıdır. Özümüzü tanıtmaq üçün biz, əlbəttə ki, təşəbbüslər irəli sürürük. Artıq bir neçə ildir ki, Azərbaycan dünya ictimaiyyətinin diqqətini çəkən tədbirlər keçirir. Bu tədbirlər həm qitə, həm dünya miqyaslı tədbirlərdir. Bu gün dünyanın ən mötəbər idman yarışlarından biri olan “Formula-1” Bakı küçələrində keçirilir. Bu yarışın auditoriyası dünyada yarım milyard insandır. Bu yarım milyard insan görəcək ki, dünyada belə bir gözəl ölkə, gözəl memarlıq abidələri olan, səliqəli, müasir bir şəhər var - Bakı şəhəri”.
Dövlət başçısının dediklərindəki böyük həqiqət ondan ibarətdir ki, son illər ərzində müxtəlif beyin və güc mərkəzləri tərəfindən ölkəmizə qarşı aparılan qarayaxmalar, təxribatlar bu əməllərin məkrli müəlliflərinə məğlubiyyətdən və biabırçılıqdan ayrı dividend gətirmir. Biz Bakıya gələn neçə-neçə qonaqla görüşdük. Onlar üçün müxtəlif KİV-də dərc edilən qərəzli yazılardan, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışan böhtanlardan gördükləri reallıqlar daha üstün, daha qiymətlidir.
Yaponiyadan gəlib paytaxtı dolaşan xanım Yu KO üçün bura ekzotik Şərq şəhəridir. Hər şeyin maraqlı və gözəl olduğunu, bu şəhərdən xatirələri ürəyində və ağlında Yaponiyaya aparacağını bizə bildirir, ingilis dilini yaxşı bilmədiyi üçün fikirlərini tam ifadə edə bilmir, sadəcə, iki yumruğunu irəli uzadıb baş barmaqlarını göyə qaldırır və sadə sözlərlə deyir:
- Yaxşı insanlarsınız, siz yaponlar kimi sülhü və göyərçinləri sevirsiniz!
Türkiyədən Ercan BAKIŞ iki gündür ki, həyat yoldaşı ilə şəhərimizin qonağıdır. “Şah yarışması”namı gəlmisiniz sualına gülümsəyib belə cavab verir:
- Bu yarışlar ötüb keçəcək, başqaları onu əvəz edəcək. Azərbaycanın beynəlxalq tədbirləri keçirməkdə artıq böyük təcrübəsi var. Biz Bakını sevdiyimiz üçün paytaxtımıza qonaq gəldik. Bura bizə vətən kimi doğmadır, eyni dilin, dinin və mədəniyyətin sahibiyik. Dərdlərimiz və problemimiz də eynidir. Qarabağ bizim ortaq problemimizdir. Əminəm ki, həlli tapılacaq. Bir fikir verin, siz məni xarici bilib rusca soruşdunuz. İngiliscə danışanda aydın oldu ki, tərcüməçisiz də danışa bilərik. Yəni anlayırıq bir-birimizi. Bu, bizim üçün daha önəmlidir. Eyni dilin, dinin və mədəniyyətin sahibləriyik. Bakıya görə gəldik, ancaq avtopilotların yürüşünə baxmaq fürsətini də əldən vermədik, seyrçi kimi yüksək zövq aldıq.
Lev MAQNAT artıq üçüncü dəfədir ki, Moskvadan Bakıya gəlir. Zahirən sakit, azdanışandır, lakin müsahibə verməyə etiraz etmir. Bakıya xüsusi rəğbət bəslədiyini deyir. Soruşuruq ki, Bakıda eyni zamanda Rusiya ilə də bağlı abidələr var, məsələn, xristian kilsəsi. Lev üzündəki sakit dolaşan təbəssümü dəyişmədən sualımıza cavab verir:
- Xeyr, görməmişəm.
Mən Bakıya, bir Şərq şəhərinə
gəlmişəm. Bu, mənim üçün
daha vacibdir. Xristianlığa gəldikdə isə, mənim dini baxışlarıma uyğun
deyil. Azərbaycanla bağlı həmişə
zəngin təəssüratlarım
olub. Azərbaycan bir Şərq
şəhəri kimi mənim üçün daha maraqlı və cazibədardır.
Sakit, gözəl və mehriban insanları olan bir şəhərdir.
Maraqlısı odur ki, Bakı
“Formula-1” yarışının iştirakçılarının da qəlbini fəth edib. Birinci yerə çıxan Niko ROSBERQ Bakı qələbəsinə görə
özünü xoşbəxt
elan edib: “Maşın heyrətamiz dərəcədə iti və cəld idi. Komandaya minnətdaram. Bakıya unudulmaz uik-endə görə minnətdaram! İndi səbirsizliklə Avstriya Qran-prisini gözləyəcəyəm!”
Rusiyalı avtopilot Daniil KVYAT üçün Bakı yarışması uğursuz olsa da, mətbuata açıqlamasında bir çox məqamlarda Bakıdan nikbinliklə ayrıldığını ifadə edib: “Məni nə iləsə ruhdan salmaq çətindir. İstədiyimiz kimi yarışa bilməsək də başa düşürük ki, həyat elədir ki, belə hadisələr hərdən olur. Maşın bir az nəzarətdən çıxırdı, trasın düz hissələrində biz o qədər də raqabətqabiliyyətli deyildik, buna görə kompromislərə getməyə, döngələrdə irəli çıxmağa çalışırdıq. Mən gözləmirəm ki, sonrakı yarışlarda bizə asan olacaq. Əksinə, Bakıdakı çağırışlar komandamızı güclü edir”.
“Formula-1” Bakı trası haqqında Daniil deyib ki, “əgər ciddi desək, pilota belə traslarda cəsarət lazımdır və çox əladır ki, maksimum həddə hücuma keçmək zərurəti doğuran belə tras yaranmışdır. Bu trasda səhv buraxmağınız sizə baha başa gələ bilər. Çempionatda belə trasları çox görmək istərdik. Zandfort Mdcello və İmola kimi traslarda da böyük təhlükəsizlik zonası yoxdur”.
Avtopilot
Conson BATTON: “Bakı trası heyrətamiz dərəcədə sürətli
tras idi. Mənim yarışdan xoşum gəldi və maşınımı bacardığım
qədər sürətlə
qovdum. Bu şəraitdə mümkün
olan maksimumu etdim. Çıxışımdan razıyam. Optimal
taktika seçmək
o qədər də asan deyildi. Bu yarışda istənilən
avtopilotla mübarizə
etmək xoş idi. Trasda ötüb keçmək
çətin olsa da, düz yolun
sonunda və 3-cü döngədə bu mümkün idi. Bakıda asan olmadı, başa düşdük ki, növbəti traslarda daha çox rəqabətqabiliyyətli
olmalıyıq. Bakı trası
heyrətamiz dərəcədə
sürətli idi.
Yüksək sürətdə
üçüncü döngəyə
yaxınlaşmaq, rəqibi
ötməyə cəhd
göstərmək! Bu yarışdan zövq aldıq”.
Bir sözlə,
Azərbaycan beynəlxalq
idman tədbirində hamını mehriban qarşıladı, səmimiyyət
və ləyaqətlə
yola saldı.
Bahadur İMANQULİYEV,
Ağaəli MƏMMƏDOV (foto),
Azərbaycan.- 2016.- 21 iyun.- S. 7.