Nobel Sülh Mükafatı laureatı “ADA” Universitetində
mühazirə oxuyub
Ölkəmizdə səfərdə olan,
Nobel Sülh Mükafatı
laureatı Məhəmməd
Yunus iyunun 20-də
“ADA” Universitetində “Biznesin
sosial məsuliyyəti”
mövzusunda mühazirə
oxuyub.
AZƏRTAC
xəbər verir ki, “ADA” Universitetinin rektoru Hafiz Paşayev Məhəmməd
Yunus kimi önəmli bir şəxsin rəhbərlik
etdiyi ali məktəbə gəlişindən
məmnunluğunu ifadə
edib. Vurğulanıb ki, Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun
“ADA” Universitetində günümüzün
aktual mövzularından
olan biznes və onun sosial
məsuliyyəti haqqında
mühazirə oxuması
tələbələr, gənc
tədqiqatçılar və
bu sahəyə maraq göstərənlər
üçün əvəzsiz
imkandır. M.Yunus həmin mövzunun
uğurlu tədqiqinə
görə önəmli
nailiyyətlər əldə
edib. Onun bu mövzuya
şəxsi yanaşması
tədqiqatının uğurunun
əsas elementidir.
M.Yunusun
fəaliyyətindən və
uğurlarından bəhs
edən H.Paşayev bildirib ki, o, ABŞ-ın “Foreign Policy” jurnalı
tərəfindən seçilmiş
“Top 100 intellektual şəxslər”
siyahısında dünyanın
ikinci ən intellektual adamı seçilib, bir çox önəmli mükafatlara layiq görülüb. Rektor qeyd
edib ki, seçdikləri istiqamətlər
üzrə gələcək
yollarını müəyyənləşdirmək
baxımından M.Yunus
kimi şəxslərin
“ADA” Universitetində tələbələrlə
fikirlərini bölüşməsi
çox faydalı olacaq.
Nüfuzlu ictimai xadim, sosial biznes və
mikrokreditin atası adlandırılan Məhəmməd
Yunus “ADA” Universiteti ilə tanışlıqdan
və təcrübələrini
mühazirənin iştirakçıları
ilə bölüşməkdən
məmnunluğunu bildirib. Müəllim kimi fəaliyyətindən
bəhs edən M.Yunus gənclərin ondan yeni məlumatlar
öyrənmələrindən şad olduğunu söyləyib. Qonaq deyib
ki, Banqladeşdə uzun illər hökm sürən iqtisadi gərginlik onu məhz iqtisadiyyatın
sferaları ilə dərindən maraqlanmağa
sövq edib.
M.Yunus gördüyü
işlərin yüksək
dəyərləndirilməsindən, həyata keçirdiyi layihələrin, irəli
sürdüyü ideyaların
çoxluq tərəfindən
qəbul edilməsindən
və cəmiyyətə
faydalı olmasından
məmnunluğunu bildirib. Bank sisteminin, maliyyə qurumlarının fəaliyyəti
və bankçılıq
sahəsinin incəliklərinə
toxunan M.Yunus ölkəsində müvafiq
sektorların cari vəziyyəti və inkişaf perspektivlərindən
söz açıb.
Nobel Sülh Mükafatı
laureatı gələcək
maliyyəçilər üçün
qeyd olunan sahələrin müxtəlif
aspektlərini sadə
dillə təhlil edib və təcrübələrinin
gənclər üçün
səmərəli olacağına
əminliyini bildirib.
Sonda qonaq tədbir iştirakçılarının
suallarını cavablandırıb,
mövzu ətrafında
müzakirələr aparılıb.
Qeyd edək
ki, Məhəmməd
Yunus Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşəbbüsü,
“ADA” və Dövlət
İqtisad universitetlərinin
birgə təşkilatçılığı
ilə iyunun 21-dək
Bakıda səfərdə
olacaq.
Azərbaycan.- 2016.- 21 iyun.- S. 3.