Bakıda keçirilən
Formula-1 Avropa Qran-prisi
uğurla başa
çatdı Azərbaycan Prezidenti İlham Əliyev Qran-prinin
açılış mərasiminə və final
yarışına baxıb
Azərbaycanın paytaxtı Bakı növbəti dəfə dünya əhəmiyyətli mötəbər idman yarışına ev sahibliyi edib. Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula-1 Avropa Qran-prisi keçirilib.
İyunun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Formula-1 Avropa Qran-prisinin açılış mərasiminə və final yarışına baxıblar.
Odlar Yurdunun paytaxtı Bakı öz tarixində daha bir mötəbər beynəlxalq idman yarışına ev sahibliyi etdi. Növbəti dəfə bütün Avropanın idman nəbzi Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyündü.
Formula-1 Avropa Qran-prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anlarla yadda qaldı. Bu anlar təsdiqlədi ki, dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula-1 yarışının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirdi. Birinci Avropa Oyunlarından sonra Formula-1 kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Təsadüfi deyil ki, gələn il Azərbaycan IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bütün bunlar ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır.
Karnaval üslubunda hazırlanan açılış mərasimində Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və ən əsası da xalqımızın əsrlərdir qoruyub saxladığı simvollar dünya tamaşaçılarına canlı yayımda nümayiş etdirildi. Beynəlxalq idman aləmi müstəqillik yolu ilə uğurla addımlayan Azərbaycanı bir daha tanıdı. Qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmizin güclü potensialına bələd oldu. Dünya qarşıya qoyulan hər bir məqsədin, niyyətin sürətli inkişafı ilə örnək olan Azərbaycanda necə uğurla reallaşmasına şahidlik etdi. Milli mədəniyyətimizi Formula-1 dəyərləri ilə birləşdirən açılış mərasimində alov, su, külək, irəli və birlikdə rəmz və modellərinin vəhdəti könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət tərəfindən təqdim edildi.
Açılış mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yarışın idarəetmə mərkəzində yaradılan şəraitlə tanış oldular.
“Formula One Management”in prezidenti Berni Ekklstoun məlumat verdi ki, böyük bir ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula-1 rəhbərliyinin ofisləri, eləcə də 22 iştirakçının hər biri üçün 2 ədəd olmaqla 44 dayanacaq tikilib. İkinci mərtəbə Paddok klubun üzvləri üçün nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını da rahatlıqla izləyirlər. Yarışın startı və finişi məhz bu ərazidə yerləşir.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 40 nəfərdən ibarət kollektivi tərəfindən dövlət himnimiz ifa olundu.
Sonra
Formula-1 Avropa Qran-prisinin
final mərhələsinə start verildi. Bir gün əvvəl
keçirilən sıralama
yürüşünün nəticəsinə əsasən,
start xəttinə ən
yaxın məsafədə
“Mercedes”in pilotu Niko Rosberq dayandı.
Onun ardınca isə “Red Bull Racing”in sürücüsü Daniel Rikkardo
və “Ferrari”nin pilotu Sebastian Fettel yer aldılar.
Beləliklə, 22 pilot qalib
adı uğrunda mübarizəyə qatıldı.
Bakı Qran-prisində trekin uzunluğu 6 kilometrdir. Pilotlar 20 çətin
döngəsi olan trekdə 51 dövrə vurur. Yarışlar zamanı təhlükəsizlik
də ən yüksək səviyyədə
təmin olunub. Turnirdə orta sürət saatda 210, maksimum sürət isə 340 kilometrdir. Bu da ən sürətli
yarışlar kateqoriyasına
daxildir. Trek Bakının
tarixi məkanlarından,
dəniz sahilindən keçməklə azarkeşlərdə
xoş ovqat yaradır. Yarışları 30 mindən artıq
tamaşaçının izləməsi
üçün tras boyunca hər cür şərait yaradılıb.
Xatırladaq ki, Bakıda Formula-1 Avropa Qran-prisinə iyunun 17-də start verildi. Yarışın
ilk günündə əvvəlcə
hər biri iki pilotdan ibarət
11 komanda birinci test yürüşünə qatıldı.
Pilotlar öz bolidləri ilə 6 kilometrlik Bakı trekində yarışdılar. İlk test yürüşündə
“Mercedes”in sürücüsü
Luis Hamilton 1 dəqiqə 46 saniyə ilə birinci oldu. Onun komanda yoldaşı Niko Rosberq mübarizəni
ikinci, Valtteri Bottas üçüncü,
Avropa Qran-prisinin rəsmi elçisi Fernando
Alonso isə dördüncü
yerdə başa vurdu. İyunun 17-də
keçirilən ikinci
test yürüşündə də “Mercedes”in pilotu Luis Hamilton birincilik qazandı.
İyunun 18-də
Formula-1 azarkeşləri Avropa
Qran-prisinin ikinci günündə də maraqlı idman mübarizəsinin şahidi
oldular. Üçüncü
test yürüşünə də hər biri iki pilotdan
ibarət 11 komanda qoşuldu. Bu mərhələni
“Mercedes” komandasının britaniyalı
pilotu, üçqat dünya çempionu Luis
Hamilton birinci, onun komanda yoldaşı Niko Rosberq ikinci,
“Force İndia” komandasının
pilotu Niko Hulkenberq isə üçüncü pillədə
başa vurdular. Həmin gün baş tutan sıralama yürüşündə isə
“Mercedes” komandasının pilotu
Niko Rosberq rəqiblərini qabaqlayaraq
finiş xəttinə
birinci çatdı.
Bununla da Avropa Qran-prisinin
iyunun 19-da keçiriləcək
final mərhələsində pilotların düzülüşü
müəyyən olundu.
Qeyd edək
ki, Formula-1 birnəfərlik,
açıq təkərli
avtomobil yarışları
üzrə dünya çempionatıdır. Bu yarışlar 1950-ci ildən
etibarən müntəzəm
olaraq keçirilir.
Qeyri-rəsmi olaraq Formula-1 sürücüləri
pilot, avtomobillər isə
bolid adlandırılır.
Formula-1 yarışları Beynəlxalq Avtomobil Federasiyasının müəyyən
etdiyi qaydalara əsasən təşkil
olunur. Yarışlar
il ərzində
müxtəlif ölkələrdə
keçirilən mərhələlərdən
ibarət olur. Hər mərhələyə Qran-pri
adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan
xalların əsasında
pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır. Formula-1 yarışları dünyada ən çox televiziya izləyicisi toplamış
yarışlardan biridir.
1950-ci ildə keçirilən ilk yarışda
“Alfa Romeo” komandası və
onun italiyalı pilotu Cüzeppe Farina birinci olub. Sonuncu çempion “Mercedes”
komandası ilə britaniyalı pilot Luis Hamiltondur.
Ən çox çempion adını “Ferrari” komandasının
əfsanəvi alman pilotu Mixael Şumaxer
qazanıb, düz 7 dəfə. Bakı Qran-prisi
isə cari çempionatın səkkizinci
mərhələsidir.
Formula-1 Avropa Qran-pri
yarışlarının Bakı
mərhələsi dünyada
böyük maraq doğurdu. Almaniyalı Herman Tilke tərəfindən
layihələndirilən şəhər
treki nadirliyi ilə seçildi. Ona görə ki, Monte-Karlo, Melburn, Monako və Sinqapur kimi, Bakı Qran-prisi də şəhər trasına
ev sahibliyi
edirdi. Belə ki, Bakıda
keçirilən yarış
zamanı avtomobillər
dənizkənarı bulvar
boyunca hərəkət
edir, şəhərin
ən qədim hissəsi olan və UNESCO-nun dünya irsi siyahısına daxil edilən İçərişəhər Tarix-Memarlıq Qoruğunun
ətrafında dövr
edirdilər. Beləliklə, yarışı izləyən
televiziya tamaşaçıları
və qonaqlar şəhərin tam simasını
görmək imkanı
qazanmışdılar.
Gərgin idman mübarizəsi şəraitində keçən
Avropa Qran-prisinin qalibi “Mersedes” komandasının üzvü
Niko Rozberq oldu. Almaniyalı pilot məsafəni
1 saat 32 dəqiqə
52 saniyəyə qət
etdi. İkinci yerə “Ferrari” komandasının
almaniyalı pilotu
Sebastian Fettel çıxdı.
Üçüncü yerdə isə
“Force İndia” komandasının
meksikalı pilotu Serxio Perez qərarlaşdı.
Xatırladaq ki, bu, Niko Rosberqin mövsümdə 5-ci, karyerasında isə 19-cu qələbəsidir. Hesabına 25 xal əlavə edən Niko Rosberq ümumi sıralamada liderlik mövqeyini bir qədər də möhkəmləndirdi. Hazırda onun hesabında 141 xal var. Niko Robberqin komanda yoldaşı, britaniyalı Luis Hamilton 117 xalla ikinci yerdə qərarlaşıb. Ümumi hesabda ilk üçlüyü 96 xalla Sebastian Fettel tamamladı.
Niko Rosberqə kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva isə mühəndislər kubokunu “Mercedes” komandasının nümayəndəsinə təqdim etdi.
Kuboklar ikinci yerin sahibi Sebastian Fettelə gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan Serxio Peresə isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov tərəfindən təqdim olundu.
Bununla da Formula-1 üzrə dünya çempionatının 8-ci mərhələsi olan Bakı Avropa Qran-prisi başa çatdı.
AZƏRTAC
Azərbaycan.- 2016.- 21 iyun.- S. 3.