Baş nazirin müavini:
Avropa qaçqın probleminin
həllində Azərbaycanın təcrübəsindən faydalana bilər
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 iyun - Ümumdünya Qaçqınlar Gününə həsr olunan beynəlxalq tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri iştirak ediblər.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəsi Daq Siqurdson Ümumdünya Qaçqınlar Gününün qeyd edilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandinin Ümumdünya Qaçqınlar Günü ilə bağlı videomüraciəti səsləndirilib. Müraciətdə bildirilib ki, BMT QAK hər il iyunun 20-də Ümumdünya Qaçqınlar Gününü qeyd edir, müharibə və ya təqiblərə görə doğma yurdlarını tərk etməyə məcbur olmuş ailələrin şəraitini diqqətə çatdırır. BMT QAK qaçqınların yaşadıqları mənəvi əziyyətlərin aradan qalxmasına kömək etmək üçün beynəlxalq ictimaiyyətin həll yolları axtardığını göstərən ümid qığılcımları tapmağa çalışır. Hər gün mediada qaçqınlar barədə məlumatlar yayılır, zorakılıqdan qurtulmaq üçün ümidsizcəsinə cəhdlər edən uşaqlar, analar və atalar həyatlarını itirirlər. BMT QAK 2016-cı ilə qaçqınların problemlərinin həlli ilə bağlı fəaliyyətlərdə dönüş ili kimi baxır. Bu il insanları yurdlarını tərk etməyə məcbur edən münaqişələrə son qoymaq, milyonlarla insana kömək etmək üçün kollektiv məsuliyyətin qəbul edilməsi ili olmalıdır.
Müraciətdə qeyd edilib ki, dünya liderləri bundan sonra passiv müşahidəçi kimi qalmamalıdırlar, çünki çoxlu sayda insanın həyatı əbəs yerə itirilib. Qaçqınlara kömək etmək üçün həll yolları tapmaq işi üzərində ciddi şəkildə düşünülməlidir.
Daha sonra Ümumdünya Qaçqınlar Günü ilə bağlı BMT QAK-ın xoşməramlı səfiri xanım Keyt Blanşetin çəkildiyi qısametrajlı videomaterial və Azərbaycanda olan qaçqın, məcburi köçkün, sığınacaq axtaran şəxslərə son 20 ildə dövlətimiz, donor ölkələr və beynəlxalq humanitar təşkilatlar tərəfindən göstərilən qayğıya həsr edilən film nümayiş etdirilib.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək bu gün dünyada qaçqın probleminin çox kritik bir həddə gəlib çatdığını bildirib. Qeyd edib ki, Avropada bununla bağlı vəziyyət çox gərgindir, bunu kütləvi informasiya vasitələrindən də açıq-aydın görürük. Ümumiyyətlə, bu problem bu gün dünyada demək olar ki, kulminasiya nöqtəsinə qalxıb. Azərbaycan dövləti qaçqın və məcburi köçkün problemini idarə etmək üçün xüsusi sistem, mexanizm qurub. Yəni, bu problem elə-belə idarə olunmayıb. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev son 24 ildə ölkəmizdə qaçqın və məcburi köçkün probleminin həlli istiqamətində böyük işlər görüblər. Əgər Avropa istəyərsə, bu təcrübədən, bu nümunədən istifadə edə bilər.
Bildirilib ki, qaçqın, miqrant, məcburi köçkün problemi dünyada həmişə olub. Nə qədər insan cəmiyyəti var, bütün dövrlərdə bu problem mövcud olub. Ancaq bu problem İkinci Dünya müharibəsindən sonra şiddətlənməyə başladı. Yəni, İkinci Dünya müharibəsindən sonra münaqişələrin sayı artdı. Buna görə də Birləşmiş Millətlər Təşkilatı 1951-ci ildə Qaçqınların statusu haqqında Konvensiyanı qəbul etdi və bununla, dünya liderlərinə, aparıcı dövlətlərə göstərmək istədi ki, artıq bu problem şiddətlənir. Ondan sonra da münaqişələrin sayı get-gedə artdı. Elə münaqişələr yarandı ki, elə o dövrlərdən, 1950-1960-cı illərdən bu günədək həmin münaqişələr həllini tapmayıb. Münaqişələrin sayı artdıqca qaçqın və miqrantların sayı da get-gedə artmağa başladı. SSRİ dağılandan sonra yeni münaqişələr meydana çıxdı. Sosialist bloku dağılandan sonra dünyada münaqişələrin sayı ikiqat artdı. O dövrə qədər məcburi köçkün problemi var idi, amma qaçqın, miqrant problemi qədər şiddətli deyildi. Məcburi köçkün problemi son 30 ildə şiddətli bir vəziyyətə gəlib çıxdı, xüsusən SSRİ dağılandan sonra. BMT 1992-ci ildə dünyada məcburi köçkünlərlə bağlı məsələləri idarə etmək üçün qaydalar qəbul etdi. Bu gün dünyanın 42 ölkəsində münaqişələr mövcuddur, 60 milyondan çox qaçqın, məcburi köçkün var və onların 40 milyonunu məcburi köçkünlər təşkil edir. Biz BMT-nin bütün tədbirlərində dəfələrlə bu məsələni qaldırmışıq. Əgər bu gün dünyada məcburi köçkünlərin sayı 40 milyonu keçibsə, onları da idarə etmək üçün Konvensiyanın qəbul olunmasına ehtiyac var. İdarəetmə üçün müəyyən sənədlər olsa da bu, kifayət deyil.
SSRİ-nin dağılmasından sonra müstəqillik əldə edən dövlətlərin içərisində də münaqişələr yarandı - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Gürcüstanda, Moldovada, Orta Asiyada münaqişələr baş verdi. Bu da kifayətlənmədi, XXI əsrin birinci onilliyinin sonunda, ikinci onilliyinin başlanğıcında daha şiddətli münaqişələr başladı, xüsusən ərəb ölkələrində, İraqda, Liviyada, Misirdə, Tunisdə və digər ölkələrdə. Beləliklə, münaqişə baş verən ölkələrin sayı daha da artdı. Təkcə Suriya problemi nəticəsində yaranan qaçqınların sayı altı milyondan çoxdur. Bu problem çox kritik həddə çatıb. Dünyanın aparıcı dövlətləri bu problemi həll etmək üçün müxtəlif yollar axtarırlar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Əli Həsənov bu problemin 1988-ci ildə başladığını, həmin il Ermənistanda yaşayan son 250 min azərbaycanlının erməni şovinistləri tərəfindən qovulduğunu və bununla da Azərbaycanda yeni qaçqın prosesinin başlandığını diqqətə çatdırıb. Vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bu gün bizim 1 milyon 200 min qaçqın və məcburi köçkünümüz var. ATƏT-in Minsk qrupu yarandığı vaxtdan indiyədək bu problemi həll etmək üçün heç bir konkret addım atmayıb. Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə deyib ki, Ermənistandakı faşist rejimi düz yola gəlməyəcəyi təqdirdə Azərbaycan məcburiyyət qarşısında qalaraq beynəlxalq hüquqa söykənərək öz torpaqlarını istənilən yolla azad edəcək. Münaqişənin həll edilməməsinin yeganə səbəbi Ermənistan rejiminin konstruktiv mövqe tutmamasıdır, çünki onlar bu münaqişə üzərindən hakimiyyətə gəliblər.
Qeyd edilib ki, münaqişə ilə bağlı mövcud status-kvo yolverilməzdir. Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri də mövcud status-kvonun qəbuledilməz olduğunu bəyan ediblər. Bu il aprelin 2-5-də Ermənistan ordusunun qoşunların təmas xəttində törətdiyi təxribatın qarşısının Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınması Azərbaycan Prezidentinin də bildirdiyi kimi, işğal altındakı torpaqlarımızı geri qaytarmaq iqtidarında olduğumuzu bir daha göstərdi.
Diqqətə çatdırılıb ki, Ermənistan rejimi satqın və xəyanətkardır. Son vaxtlar Rusiyanın münaqişənin həlli ilə bağlı obyektiv mövqeyinə görə Ermənistanda bu ölkənin əleyhinə çıxışların başlanması da bunu sübut edir. İrəvanda İkinci Dünya müharibəsində faşist rejiminə xidmət etmiş bir erməninin heykəli ucaldılıb. Bu, Ermənistan rejiminin iç üzünü bir daha ortaya qoydu.
Qeyd edilib ki, bu gün Rusiya Prezidentinin iştirakı ilə Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilir. Ümid edirik ki, bu görüşdə müəyyən irəliləyiş olacaq. Haqq-ədalət gec-tez öz yerini tutur, biz bu problemin obyektiv həllinin tərəfdarıyıq. Azərbaycan Prezidenti bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Dövlətimizin başçısı deyib ki, biz istəmirik ana-bacılarımız bir daha gözü yaşlı qalsınlar, hətta istəmirik erməni analarının da gözü yaşlı qalsın. Baxın, budur Azərbaycan Prezidentinin mövqeyi. Amma baxın Ermənistan Prezidentinə mövqeyinə. Serj Sarkisyan bir neçə il əvvəl erməni gəncləri ilə görüşdə deyib ki, Dağlıq Qarabağı aldıq, siz gənclər də Ağrı dağını alarsınız. Buna nə ad vermək olar?!
Əli Həsənov Azərbaycanda qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərən beynəlxalq təşkilatların fəaliyyətini yüksək qiymətləndirib və onlara minnətdarlıq edib. Vurğulayıb ki, 1990-cı illərin əvvəllərində ağır vəziyyətlə üzləşmiş Azərbaycanda beynəlxalq humanitar təşkilatların göstərdikləri həmin yardımlar çox vacib idi.
Baş nazirin müavini diqqətə çatdırıb ki, Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin sosial problemlərinin həlli üçün 2,5 milyard manat büdcə vəsaiti sərf edilib. Dövlət Neft Fondundan 1,9 milyard manat vəsait sərf edilib və məcburi köçkünlər üçün 94 müasir qəsəbə həmin vəsait hesabına tikilib. Beynəlxalq humanitar təşkilatlar isə Azərbaycana 1,4 milyard dollar vəsait ayırıblar. Bu təşkilatlar Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq ediblər, Azərbaycan dövlətinin qanunvericiliyinə ciddi riayət ediblər.
Əli Həsənov qaçqın və məcburi köçkün problemini yaradan səbəblərin aradan qaldırılması üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.
BMT-nin Qaçqınlar
üzrə Ali
Komissarlığının Azərbaycanda səlahiyyət
müddəti başa çatan
nümayəndəsi Daq Siqurdson
bildirib ki, problemləri
həmrəylik, ksenofobiyaya qarşı
mübarizə və birgə səylərlə həll etmək
mümkündür. O, kütləvi informasiya vasitələrinin qaçqın və
məcburi köçkün problemlərinə
daha çox diqqət
ayırmasının önəmini qeyd edib. D.Siqurdson
qaçqın probleminin həlli məsələsində
digər ölkələrin Azərbaycanın təcrübəsindən
faydalana biləcəyini qeyd
edib. Vurğulayıb ki,
Azərbaycan bu problemlərin öhdəsindən
təkbaşına gəlir. Vaxtilə Azərbaycana gələn
qaçqınlar indi cəmiyyətə inteqrasiya olunublar.
Azərbaycan.- 2016.- 21 iyun.- S. 4.